Məhkəmə qərarları › İş №2(090)-222/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-222/2022

21.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-222/2022 21.12.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxsn nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı 09 dekabr 1998-ci il tarixdə Şahbuz rayonu, Biçənək kəndində anadan olmuş, Şahbuz rayonu, Biçənək kəndində yaşayan Kətənli Nuranə Qəzənfər qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun olaraq izahatında övladı 09 dekabr 1998-ci il tarixdə Şahbuz rayonu, Biçənək kəndində anadan olmuş Kətənli Nuranə Qəzənfər qızı hazırda tam fəaliyyət qabiliyyətsizdir, daim başqasının qulluğuna ehtiyacı vardır. Nuranə hazırda onun himayəsində yaşayır. Nuranə anadan qüsurlu doğulmuş və uşaqlıqdan "etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79)" diaqnozu ilə 1-ci qrup əlildir. Ona 18 yaşına çatdıqdan sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz 1-ci qrup əlillik təyin olunmuşdur. O, həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar olaraq daim müalicə olunur. Qızı Nuranə özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə də qızı 1-ci qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Bununla bağlı bir neçə yerə müraciət etsə də, sonda məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlibdir, sonda Ərizəçi göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran ərizəçi bildirdi ki, qızı Nuranə Kətənlinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, ona tətin olunan müavinatı ala bilmir, habelə qəyyumu kimi onun adından çıxış edə bilmir. Məhkəmə iclasında iştirak edən Qəyyumluq və Himayə Komissiyasın nümayəndəsi X3 izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İş materiallarında olan Şahbuz rayon ƏSM Mərkəzi tərəfindən 08 may 2007-ci il tarixdə verilmiş 087724 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən Kətənli Nuranə Qəzənfər qızına 31 yanvar 2017-ci il tarixdə müddətsiz 1-ci qrup verilməsi və onun əlil uşaq əlil olması müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, 31 nömrəli müayinə qərarında Kətənli Nuranə Qəzənfər qızı komissiya tərəfindən müayinə olunmuş və ona “etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadan gəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olduğu göstərilmişdir. İş materiallarında olan XX-ЖГ seriyalı, 483007 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Kətənli Nuranə Qəzənfər qızı 09 dekabr 1998-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmiş, ata qrafasında Ərizəçi, ana qrafasında isə X6 yazılmışdır. İş materiallarında olan AZE seriyalı, 14777745 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən Kətənli Nuranə Qəzənfər qızının yaşayış yerinin Şahbuz rayonu, Biçənək kəndi olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X4 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 79 saylı rəyində qeyd edilmişdir ki, Kətənli Nuranə Qəzənfər qızında “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” psixi xəstəliyi var. Kətənli Nuranə Qəzənfər qızı öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyil. Kətənli Nuranə Qəzənfər qızının sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə ərizəçinin izahatına və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Kətənli Nuranə Qəzənfər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Lakin, onun üzərində qəyyum təyin edilməsi məsələsi məhkəmə tərəfindən həll olunmalı olmadığına görə Kətənli Nuranə üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məhkəmə tərəfindən məlumat verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Kətənli Nuranə Qəzənfər qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 dekabr 1998-ci ildə anadan olmuş, Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olan Kətənli Nuranə Qəzənfər qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Kətənli Nuranə Qəzənfər qızı üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar