Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-17/2024 09.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Pirallahı rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 yanvar 2023-cü il tarixdə "xxxx" ASC Pirallahı Rayon Sukanal İdarəsinin xəbərdarlıq məktubuna əsasən üzərinə yazılmış 2253,0 manat cərimənin heç bir hüquqi əsası olmadığını nəzərə alıb ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Pirallahı rayon Sukanal İdarəsi əsl Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Pirallahı rayon Sukanal İdarəsindən xəbərdarlıq məktubu aldıqdan sonra idarənin abonentlərlə iş şöbəsinin rəisi Nümayəndə1 qəbulunda olmuşdur. Aydınlaşdırmaq istəmişdir ki, xəbərdarlıq məktubunda qeyd edirsiniz ki, "Su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir. Əks-təqdirdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir". Aralarında heç bir qaimə, qəbz və digər xəbərdarlıq yazı-pozusu olmur, smart-karta nə vaxt nə qədər pul köçürürsə, o qədər də sudan istifadə edir. Aralarında yaranmış anlaşılmazlığı heç bir dəlil-sübut təqdim etmədən süni surətdə yaradılmış 2253,0 manat su pulunu onun üzərinə niyə zorla yükləmək istəyirsiniz? Su borcu necə yarana bilər ki, sayğac smart-kart tiplidir, pul yükləməsə su buraxmır. Necə ola bilər ki, sayğac 1142 kubmetr su buraxsın?! İstifadə etmədiyi halda 1142 kubmetr su sərfinin üzərinə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən su təchizatının tarifi qeyri-əhali abonentləri üçün 1 kubmetr 1 Azn, tullantı sularının axıdılması xidmətinə görə isə 1 kubmetr 1 Azn, yəni bir o qədər də əlavə edərək həmin suyun həcmi qədər pul hesablanaraq, beləliklə 2253,0 manat onların ifadə forması ilə desək "son ödəmə tarixi keçmiş ödənilməmiş borcum yaranmışdır". Qarşı tərəfin nümayəndəsindən xahiş edirəm soruşun: "son ödəmə tarixi keçmiş ödənilməmiş borc yaranmışdır"-dedikdə hansı ilin, hansı ayı nəzərdə tutulur? Axı yuxanda dedim, sayğac smart-kart tiplidir, karta pul yükləməsən sayğac su buraxmır. Niyə qeyri-qanuni əməllərini zorla həyata keçirmək istəyirlər? 20 fevral 2020-ci il və 03 noyabr 2022-ci il tarixlərində məhz onların təşəbbüsü ilə 2 dəfə sayğac çıxarılaraq "xxxx"ASC X4 İdarəsi "X1 Laboratoriyasına təmir üçün təhvil verilmişdir. Təmir haqqını özü ödədikdən sonra Pirallahı Rayon Sukanal İdarəsi tərəfindən yerinə qoyulmuşdur. Sayğacın təmir vaxtı belə su sərfiyyatı işlənmiş elektrik enerjisinin miqdarı ilə hesablansa 70-80 qəpik arasındadır. Elektrik enerjisi sərfi haqqında qaimə Cavabdeh2 ASC-nin vitse-prezidenti Köçərli Həsənova yazdığı ərizəyə əlavə etmişdir. Bu kimi qeyri-qanuni əməllərin sahibləri Pirallahı rayon Sukanal İdarəsində hələ də çalışr, abonentlərin başına qəribə oyunlar açırlar. Belə ki, vaxtilə rəis işləmiş Əli Kərimovun kürəkəninin qardaşı kimi işə götürülmüş Şaiq adlı şəxs 2014və ya 2015-ci illər idi, ona mənzilində istifadə etdikləri suya görə 10000 manata yaxın məbləğdə abonent haqqı yazmışdı. Dedikləri nəzarətçi Larisa Rasulova da təsdiq edə bilər. 15 avqust 2018-ci ildə nəzarətçi Marqarita Həbibullayevə 89 manat 60 qəpik yazılmş hesab-faktura təqdim edir, bir gün sonra, yəni 16 avqust 2018-ci il tarixdə eyni adam, eyni nəzarətçi Marqarita Həbibullayevə 70 manat 70 qəpik hesablanmış ikinci hesab-faktura təqdim edir. Bunun adını necə adlandıraq? "xxxx" ASC-yə yazdığı şikayət ərizəsinə görün necə başdansovdu baxılaraq qeyri-dəqiq faktlardan istifadə edirlər: Avtoyuma yeri bələdiyyə tərəfindən xx.xx.2017-ci il tarixdə verildiyi; Elektrik enerjisi "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə çəkildiyi; Avtoyuma avadanlıqları xx.xx.2017-ci il tarixdə alındığı və Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi onunla müqavilə bağlandığı halda, "xxxx" ASC elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili 12 iyun 2023-cü il tarixdə ona yazdığı cavab məktubunda səhvən bildirir ki, "sözü gedən obyektin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı xx.xx.2015-ci il tarixdə quraşdırılan ALFASU-50 markalı, 49771210 nömrəli smart-kart tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır". X5 vaxtı qabaqlayaraq yenə də anlaşılmazlıq yaradaraq kobud səhvə yol verir. Belə ki, yenə də həmin cavab məktubunda 2-ci səhifədə "Suölçən cihazın çıxarıldığı xx.xx.2023-cü il tarixindən təkrar quraşdırıldığı xx.xx.2023-cü il tarixinə qədər birbaşa qoşulma müddətində (28 gün) sərf olunan suyun miqdarı əvvəlki 12 aylıq dövrdə istifadə olunan orta istehlak normasına əsasən 46,9 kubmetr olmalı idi"-yazır. Baxmayaraq ki, "xxxx" ASC-nin nümayəndəsi məktubunun axırında yaranmış borcun ödənilməsini ondan xahiş edir və sudan istifadə qaydalarının 8.1.8-ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir,-qeyd edir. Artıq cari ilin iyul ayından, daha dəqiq desək 10 iyul tarixdə eManat vasitəsilə smart-kartına 10 manat yükləməyinə baxmayaraq, hələ bilinmir kim haqlıdır, kim nahaq, terminal yazır ki, "ödənilən məbləğ kartınıza deyil, hesabınıza yükləndi". Artıq sayğac su buraxmır, karta pul yükləyən kimi pul hesabına deyil, üzərimə qeyri-qanuni yüklənmiş cəriməyə çıxılır. Narazılığını yazılı və şifahi şəkildə bildirməyinə baxmayaraq, bu, istər "xxxx" ASC-nin vitse-prezidenti Köçərli Həsənov olsun, istərsə "xxxx" ASC-nin Apelyasiya Şurası olsun, istərsə "xxxx" ASC-nin birinci vitse-prezidenti Teyyub Cabbarov olsun cavab vermir, ölkə Qanunlarına məhəl qoymurlar. Acınacaqlı hal burasıdır ki, cavab almadığı təqdirdə internet vasitəsilə qəbul gününün vaxtını öyrənib yazılı ərizə ilə 1-ci vitse- prezident Teyyub Cabbarovun iyun ayının 1-ci həftəsində vaxtından əvvəl qəbulda olub narazılığını bildirmək istəmişdir. X2 köməkçisinə zəng vurub qeydə alınmağı məsləhət gördülər. Köməkçi onu qəbula yazmaqdan imtina etdi. "xxxx" ASC-nin Apelyasiya Şurasından zəng vurub özünü təqdim etmədən fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin olub-olmamasını soruşurlar. Deyirəm var. Soruşurlar fəaliyyət göstərirsən? Deyirəm müvəqqəti olaraq fəaliyyətimi dayandırmışam. Deyir onda biz Apelyasiya şurasında qaldırdığınız məsələyə baxa bilmərik. Deyirəm niyə, suyu işləyə-işləyə yazmamısınız ki? Mütləq gərək işləyəm? Ona təqdim edilən Xəbərdarlıq məktubunda qeyd edilir ki, "3 iş günü müddətində borcunuzun ödənilməsi tələb olunur. Əks-təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir". Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçı ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Sayğac 2015-ci ildə qoşulub. 2020-ci ildə bir dəfə klapana görə sayğac müayinə olunub. Klapan saxlamayanda su axmağa davam edir, kartda ödəniş bitsə də su gedir və borc yazılır. 2022-ci ilin noyabrında iddiaçının sayğacının elektron hissəsində nasazlıq oldu və bu, vətəndaşa bildirildi. Abonent qeyri-əhali idi deyə təmirquraşdırılmanı özü etməli idi. Vətəndaşın müraciəti əsasında sayğacı çıxarılıb yoxlanılmışdır. Borcun yaranmasının səbəbi odur ki, sayğacın elektron hissəsi işləməyəndə mexaniki hissə ilə əlaqə kəsilir, nəticədə abonent karta yüklədiyindən artıq su işlədir. Amma işlətdiyi suyun miqdarı mexaniki hissədə qeyd olunur. 28 gün sonra yoxlama üçün çıxarılmış sayğacı geri quraşdırmışlar. Sayğac olmayan günlər üçün vətəndaş qol çəkmişdir ki, ona birbaşa quraşdırılma verilib. Mexaniki hissədə 1937 kub su işlədildiyi göstərir. Bunun 842 kubunu abonent kartla alıb. Qalan 1142 kub su isə cərimə deyil, işlədilmiş və ödənilməmiş suyun puludur. Sayğacın işlədiyi dövrdə elektron hissə ilə mexanikinin göstəricisi eyni olur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 411A ünvanında yerləşən təyinatı yuyucu olan əmlaka dair qeyri-əhali istehlakçı ilə xx.xx.2020-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmışdır. İş materiallarına Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən avtoyuyucuya dair İddiaçı ünvanlanmış elektrik enerjisindən istifadəyə dair bildirişlər əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC X4 İdarəsi “X1 Laboratoriyası”nın xx.xx.2020-ci il tarixli 71210/0053716 saylı rəyindən görünür ki, sayğacın laborator avadanlıq üzrə yoxlaması nəticəsində əsasən kipliyə davamlığı pozulmuşdur. Sayğacın elektron platası işləmir, qapaqaltı platform hissəsi çatlaqdır, quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Batareya işlək deyil, sayğac təmirə və istismara yararsızdır. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, abonent X3 xx.xx.2023-cü il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh2 ASC-yə olan 2253,0 manat ödənilməmiş borcuna dair xəbərdar edilmişdir. İş materiallarına İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən əmlaka dair vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surəti əlavə edilmişdir. İşdə olan 13 Smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə Cavabdeh2 ASC-nin xx.xx.2020-ci il tarixli aktından görülür ki, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 411A ünvanında yerləşən su sayğacının elektron hissəsi işlək deyil, su sayğacının yerində təmiri mümkün deyil. Sayğac xx.xx.2020-ci il tarixdə xətt üzərindən çıxarılaraq laboratoriyaya göndərilmiş, xəttə birbaşa qoşulma verilmişdir. İşdə olan Azərsu” ASC X4 İdarəsi “X1 Laboratoriyası”nın xx.xx.2020-ci il tarixli 71210/0053997 saylı rəyindən görünür ki, sayğacın ilkin rəyində qeyd olunan qüsurlar aradan qaldırılmışdır. Yoxlamanın sonunda sayğacın mexaniki sərfiyyat göstəricisi 00761, elektrik sərfiyyat göstəricisi 761,40 kub metr olmuşdur. İşdə olan Azərsu” ASC X4 İdarəsi “X1 Laboratoriyası”nın xx.xx.2020-ci il tarixli 71210/0223490 saylı rəyindən görünür ki, suölçən cihaz istismara yararsızdır. Yoxlamanın sonunda sayğacın mexaniki sərfiyyat göstəricisi 01937 kub metrdir, ekran işləmir. İşdə olan Cavabdeh2 ASC X4 İdarəsi “X1 Laboratoriyası”nın xx.xx.2020-ci il tarixli 71210/0223512 saylı rəyindən görünür ki, suölçən cihaz istismara yararlıdır. Yoxlamanın sonunda sayğacın mexaniki sərfiyyat göstəricisi 01938, elektrik sərfiyyat göstəricisi 1938,10 kub metr olmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (avtoyuyucu) (abonent kodu:220014) Cavabdeh2 ASC tərəfindən su təchizatı və kanalizasiya xidmətləri ilə təmin edilir. İstehlakçının müraciəti əsasında mübahisəli ünvanda yerləşən suölçən cihaz sayğac nasazlıq səbəbindən Cavabdeh2 ASC-nin əməkdaşları tərəfindən çıxarılaraq laboratoriya yoxlamasına göndərilmiş, abonentə birbaşa qoşulma verilmişdir. Sayğacın laboratoriya yoxlamasından sonra mexaniki sərfiyyat göstəricisi 01937 kub metr müəyyən edilmişdir. Hazırda Cavabdeh2 ASC suölçən cihazın çıxarıldığı xx.xx.2023-cü il tarixdən təkrar quraşdırıldığı xx.xx.2023-cü il tarixədək birbaşa qoşulma müddətində, yəni 28 gün ərzində sayğac üzərindəki mexaniki göstəriciyə əsasən 1937 kub metr sudan istifadə olunduğu, su sayğacının ilk dəfə 762 kub metr göstərici ilə quraşdırıldığı və karta yüklənən su miqdarının 80 kub metr olduğunu əsas gətirərək, dəyəri ödənilməmiş 1142 kub metr (1984-762-80) suyun dəyərini istehlakçı olan iddiaçıdan tələb edir. İddiaçı isə həmin borcun əsassız hesablandığını irəli sürərək, silinməsini tələb edir. Məhkəmə iddiaya münasibətdə ilk növbədə onu qeyd edir ki, Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən, STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin Qaydaların 6.10-cu bəndinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla cavabdehə maddi zərər vurulması ilə iddiaçının hərəkətləri arasında səbəbli əlaqə, müvafiq rəydə qeyd olunan itirilmiş su göstəricisinin yaranmasında iddiaçının təqsiri sübuta yetirilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən suyun istehlakına görə hər ay az məbləğdə su sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, su sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2253,0 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan mühakimə hesab etmir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən, Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsində quraşdırılmış su sayğacının göstəricilərinə əsasən suyun dəyəri düzgün hesablanmadığından, suyun hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş suya görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan suyun pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, su sərfinə görə iddiaçıya hesablanmış 2253,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 42,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (ünvan 3 ünvanında abonent kodu: 220014 olan sayğaca) hesablanmış 2253,0 manat məbləğində borc silinsin. 42,53 manat məbləğində dövlət rüsumu Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-17/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-17/2024
09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver