Məhkəmə qərarları › İş №2(094)-179/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-179/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-179/2023 19.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarının (Zirə qəsəbəsində 62 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında) X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarı ilə Zirə qəsəbəsində 62 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında mərhum atasının adı, soyadı və ata adı “X10” əvəzinə, X1 göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarı ilə Zirə qəsəbəsində 62 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X3 adı aşkarlanmamış, lakin X4 adına sənəd mövcuddur. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum atasına məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayırlar. Ərizəçinin mərhum atası el arasında Kamil adı ilə tanınsa da, rəsmi sənədlərdə adı Kamal kimi qeyd edilmişdir. Qonşuluqda və kənddə hər kəs məlumatlı idi ki, mərhum Kamilin Zirə qəsəbəsində bağ sahəsi var, həmin torpaq sahəsi qərarla ona ayrılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Mərhum qaynatası el arasında Kamil adı ilə tanınsa da, rəsmi sənədlərdə adı Kamal kimi qeyd edilmişdir. Qonşuluqda və kənddə hər kəs məlumatlı idi ki, mərhum qaynatasının Zirə qəsəbəsində bağ sahəsi var, həmin torpaq sahəsi qərarla ona ayrılıb. Həmçinin, təxminən 15-20 il bundan əvvəl ailədaxili söhbətlərdən eşidirdi ki, mərhum qaynatasının adına ayrılan torpaq sahəsinin sənədində adının bir hərfi səhv qeyd edilib. Sonradan torpaq sahəsini sənədləşdirmək istəyəndə həmin səhv onlara problem yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X10, anası X6r. İşdə olan Azərbaycan Respublikası Əmlak X13 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3/100 nömrəli qərarı ilə Zirə qəsəbəsində 62 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında X17 (sənəddə olduğu kimi) oğlunun adı göstərilmişdir. Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinə dair mərhum X3 adına sənəd idarənin arxivində aşkar edilməmişdir. İş materiallarına X2 (xx.xx.1922-xx.xx.2006) aid qəbir daşının fotoşəkli əlavə edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak X13 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 62 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında X4 (sənəddə olduğu kimi) adı göstərilmişdir. Lakin hazırda istinad edilən mövcud bazaya (baza məhduddur) əsasən ayrılması nəzərdə tutulmuş bağ sahəsinə dair X4 adına hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarının 1-ci və sonuncu səhifələri və 62 nömrəli Zirə bağ-tikinti kooperativi üzvlərinin siyahısı məhkəməyə göndərilmişdir. Qeyd olunan Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988ci il tarixli 195 saylı qərarı və Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 saylı qərarına əsasən, Bakı şəhər İK qərara almışdır ki, bağ-tikinti kooperativinin 60-68 nömrəli personal tərkibi (əlavə olunmuş 1-9 siyahıya uyğun olaraq) təsdiq olunsun və onlara bağ sahələri ayrılsın. Həmin qərara əlavə olunmuş Bakı şəhər XDS İk-nin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarına əlavə olan 62 nömrəli Zirə bağ-tikinti kooperativi üzvlərinin siyahısında 9-cu sırada X4 adı göstərilmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 12-80 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Mövsümi bağlar ünvanında yerləşən mübahisəli bağ sahəsinə dair hal-hazıradək Kamil Əliyev, yaxud Kamal Əliyev tərəfindən hər hansı bir mübahisənin olması barədə Zirə bələdiyyəsində heç bir məlumat yoxdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, araşdırılan hallar Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarına əlavə olan 62 nömrəli Zirə bağ-tikinti kooperativi üzvlərinin siyahısında 9-cu sırada göstərilən X4 ərizəçinin atası X10 olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarına əlavə olan 62 nömrəli Zirə bağ-tikinti kooperativi üzvlərinin siyahısında 9-cu sırada göstərilən X4 ərizəçinin atası X10 olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarının (ona əlavə olan 62 nömrəli Zirə bağ-tikinti kooperativi üzvlərinin siyahısında 9-cu sıranın) X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar