Məhkəmə qərarları › İş №2(094)-2/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-2/2024

13.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-2/2024 13.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında, potensial təhlükəli ərazidə inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəməiclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında, potensial təhlükəli ərazidə inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı (İB) “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn, xx.xx.1986-cı il tarixdə istismara verilmiş DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin Pirallahı rayonu Gürgan qəsəbəsindən keçən 10-cu km-də, kəmərlərə paralel - bir istiqamətdən kəmərlərdən 3 metr aralı, digər istiqamətdən isə təxminən 7 metr aralı məsafədə kəmərlərin mühafizə zonasında xx.xx.2021-ci il tarixində vətəndaş Cavabdeh tərəfindən təxminən 1 metr hündürlüyündə hasar tikildiyi aşkar edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarının 4.1-ci bəndinə əsasən “Neft boru kəmərləri marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “28 May” Neft və Qazçıxarma İdarəsinin Dübəndi Neftyığım məntəqəsinə gələn DŞ 377 və 530 mm-lik magistral neft kəmərlərinin mühafizə zonasında tikinti işləri aparmaqla vətəndaş həmin qərarın tələblərini pozmuşdur. Belə ki, sözügedən DŞ 377 və 530 mm-lik yüksək təzyiqli magistral neft kəmərləri xx.xx.1986-cı il tarixdə istismara verilmiş və həmin kəmərin mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilmiş, sözügedən ərazidən yüksək təzyiqli magistral neft kəmərlərinin keçməsi yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması ona başa salınmış və əlavə işlərin aparılmamasına dair şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqi təsdiqedici sənədin (27.11,2014-cü il tarixli, RX ******* nömrəli Çıxarış) olduğunu əsas gətirərək tikinti işlərini davam etdirəcəyini bildirmiş və davam etdirir. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə SOCAR-ın İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baki Şəhər Baş Polis İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis şöbəsinə rəsmi qaydada müraciətlər edilmişdir. İş üzrə maraqlı şəxs Cavabdeh hüquqlarını mübahisəli torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla qanunun tələblərini pozmuşdur. Odur ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Pirallahı rayonu Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində yerləşən 0.12 ha torpaq sahəsində potensial təhlükəli ərazidə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd olunmasını xahiş etdi. İzahatında bildirdi ki, mübahisə predmeti olan əmlak ona məxsusdur. O özü müharibə veteranı, keçmiş idmançıdır, dünya çempionu olmuş və medallarla təltif olunmuşdur. Həmin əmlak da dövlətin ona hədiyyəsidir. Dövlət reyestrindən çıxarışı da var. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar eidlsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib təqdim edilmiş sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, işdə olan Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarının surətindən görünür ki, Qarabağ müharibə veteranı, beşqat dünya çempionu Cavabdeh Gürgan-Pirallahı bələdiyyəsi ərazisində Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin cənub-qərb tərəfində 1200 kv.m. ölçüdə torpaq sahəsinin təmənnasız verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rxseriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində 0.12 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına 28 May NQÇİ neft kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin sxemi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azneft İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, neft kəmərinin Pirallahı rayonu Türkan qəsəbəsindən keçən hissəsində, xəttə paralel 1 sırada, kəmərdən 35 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən tikintiyə cəhd aşkarlanaraq dayandırılmışdır. İşdə olan Azneft İB tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 3 saylı qarovulun 1-ci iş növbəsində yeraltı neft kəmərinin 10-cu km-də Cavabdeh məxsus RX ******* nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsində kəmərdən təxminən 4-5 m aralı məsafədə kəmərə paralel 1-ci sırada hasar tikintisi üçün bünövrə qazıntısı aşkar edilmişdir. Pirallahı RİH nümayəndəsi, DİN-in ərazi üzrə sahə müvəkkili əraziyə dəvət olunsa da, torpaq sahəsinin çıxarışı olduğundan hər hansı tədbir görə bilməyəcəklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6822 nömrəli rəyindən aydın olur ki, Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsi, E.Hüseynov küçəsinin qərb hissəsində 0.12 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikilinin həmin ərazidən keçən 28 May NQÇİ-nin Dübəndi Neftyığım məntəqəsinə gələn DŞ 300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunur. Bunu nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “istismar olunan ixrac neft boru kəmərlərinin” mühafizə zonasının müəyyənləşdirilməsi qaydalarının 4-cü bəndinə uyğun olmadığı müəyyən olunur. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, SOCAR-ın İddiaçı Bakı şəhəri Pirallahı rayon Bələdiyyəsinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə “Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə keçirilmiş yığıncağının 18 saylı protokolunun qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********48 3-21-3-30/2-28448/2023 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh ayrılmş torpaq sahəsi xüsusi mülkiyyətdədir. Sözügedən torpaq sahəsi elektron kadastr bazasına əsasən neft kəmərlərinin mühafizə zonasının daxilində yerləşmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı həmin tikilinin istismarında olan neft kəmərinin mühafizə zonasına düşdüyünə görə sökülməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsinin xüsusi mülkiyyətdə olması barədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmiş qeydiyyat mövcuddur, həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (ilkin mətn) 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Beləliklə, məhkəmədə müəyyən edilir ki, mübahisəli əmlak cavabdehin qanuni mülkiyyətində və sahibliyindədir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı mövcud olmaqla hazırda qüvvədədir. Sözügedən qeydiyyatın və o qeydiyyata əsas olmuş qərarın qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, mübahisəli sahə fərdi ev inşa etmək üçün cavabdehin xüsusi mülkiyyəti kimi qeydə alınmış və hal-hazırda qüvvəsindədir. Cavabdeh həmin qeydiyyata güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydə alınmasına əsaslar mübahisələndirilməməklə qüvvədə olduğu halda orada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsaslı hesab edilə bilməməklə hazırkı iddia tələbi bu baxımından da təmin edilə bilməz. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları,ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia rədd edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 227, 233, 357– 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında, potensial təhlükəli ərazidə inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar