Məhkəmə qərarları › İş №2(094)-232/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-232/2024

23.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-232/2024 23.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona yazılan borc 190,72 manat ilə heç razı deyildir. Çünki onun borcu deyildir. O, 1997-ci ildə bu evi orderlə almışdır, lakin 1976-cı ildən köhnə ev sahibinin Alla Bellovanın onun xəbəri olmadan qalan borcları onların üzərinə köçmüşdür. O, 2003-cü ildə 29 məh., ev 15, mənzil 76 ünvanda olan evi öz adına keçirəndə borcdan xəbəri olmayıb, bununla bağlı ona heç bir xəbərdarlıq olunmayıb. Bu ünvanda yaşadığı müddətdə hər ay işığın ödənişini etmişdir. Borc haqqında isə xx.xx.2024-cü ildə xəbər tutmuşdur. O, İİ qrup əlil, X1 İ qrup əlildir. Göstərilənlərə əsasən, 29-cu məhəllə, ev 15, mənzil 76 ünvanında ona aid olmayan 190,72 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, ünvan 1 ünvanına əvvəlki illərə görə 190,72 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 095243 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına 190,72 manat məbləğində borc enerjidən istifadəyə görə hesablanmışdır. Abonentin saldosundan görünür ki, qeyd olunan sayğac üzrə abonent 2000-ci ildən hal-hazırkı vaxtadək elektrik enerjisindən mütaəmadi istifadə etmiş və istifadə etdiyi elektrik enerjisinin borcunu ödəmişdir. Lakin abonentin qeyd olunan saldo üzrə əvvəlki illərə görə 190,72 manat borc qalığı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, sərfiyyata görə abonentə hesablanmış həmin borc 2000-ci ildən əvvəlki dövrü əhatə edir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, abonentə 2000-ci ildən əvvəlki dövrdə hesablanmış 190,72 manat borc müddətin keçməsinə görə abonentdən tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunvericiliyin tələbindən görünür ki, cavabdeh təşkilat abonentə 2000-ci il tarixədək hesablanmış 190,72 manat borcla bağlı vaxtında istər qaydaların tələblərinə əsasən hər hansı bir tədbir görməmiş, istərsə də mülki qanunvericiliyin tələblərinə əsasən həmin dövlər üçün yaranmış borc məbləğini göstərilən müddət ərzində tələb etməmədiyindən həmin tələblərin qüvvəsi itmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 190,72 manat hesablanmış borc üzrə tələbetmə müddətləri keçdiyindən abonentin hesabından silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.2-ci madəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadəsində olan **********50076 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 190,72 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan **********50076 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 190,72 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı istifadəsində olan **********50076 abonent hesabına elektrik enerjisindən istifadəyə görə yazılmış 190,72 (bir yüz doxsan manat yetmiş iki qəpik) manat borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar