Məhkəmə qərarları › İş №2(094)-39/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-39/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-39/2024 20.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İmanov Səttar (Sərdar) Həsən oğlunun ölümündən sonra qalmış mirasın (Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin) Ərizəçi tərəfindən mirasın qəbul edilməsi üçün gecikdirilmiş müddətin üzrlü sayılması ilə uzadılmış hesab olunmaqla qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri Füzuli rayon Horadiz şəhəri olaraq müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1960-cı ildə Füzuli rayonu Horadiz qəsəbəsində (hazırda Horadiz şəhəri) anadan olmuşdur. Həmin vaxtdan etibarən 1955-ci ildə inşa edilmiş Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsində yerləşən 42 saylı fərdi yaşayış evində atası və anası ilə birlikdə qeydiyyata düşməklə yaşamışlar və hal-hazıradək həmin evdə daimi qeydiyyatdadır. Sözügedən evə dair yeganə təsdiqedici sənəd o vaxt atası İmanov Səttarın adına olan təsərrüfatbaşına uçot kitabçası (“domovoy knika”) olmuşdur və o kitabın əsasında kommunal və digər ödənişləri yerinə yetirilib. Məlum olduğu kimi 1993-cü ilin avqust ayında Füzuli rayonu, o cümlədən Horadiz qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən sözügedən evi atası, anası və ailəsilə birlikdə tərk etmək məcburiyyətində qalaraq Bakıya köç etmişlər və Bakı şəhəri, Pirallahı rayonu, ünvan 1 ünvanında məskunlaşmaqla yaşamağa başlamışlar. Həmin vaxtdan məcburi köçkün kimi sözügedən ünvana müəvəqqəti qeydiyyata alınmışlar və hal-hazıradək məcburi köçkün kimi həmin evdə müvəqqəti qeydiyyatdadır. 1994-cü ilin yanvar ayında Füzuli rayonun bir çox kəndləri, o cümlədən Horadiz qəsəbəsi erməni işğalçılarından geri alınaraq azad edildi. Horadiz işğaldan azad olunandan bir müddət sonra Füzuli rayonuna ata evinə baş çəkmək üçün Horadiz qəsəbəsinə getmiş və digər ətraf evlərlə yanaşı onların Horadiz qəsəbəsi, Nəsimi küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinin də demək olar ki, (evə dair sənədlərlə o cümlədən təsərrüfatbaşına uçot kitabçası ("domovoy knika") ilə birlikdə) tamamilə ermənilər tərəfindən yandırıldığını görmüşdür. Daha sonra 1994-cü ilin aprel-may aylarında atəşkəs elan olunsa da hamıya bəlli idi ki, erməni işğalçıları mütəmadi olaraq atəşkəsi pozmuşlar və digər sərhəd rayonlarında olduğu kimi, o cümlədən Füzuli rayonunu da silah atəşlərinə məruz qoyurdular. Erməni işğalçılarından azad olunan Füzuli rayonunun kəndlərində, o cümlədən Horadiz qəsəbəsində ermənilər tərəfindən basdırılmış mina və atəşkəs pozulması təhlükəsi, eləcə də evlərinin yanaraq məhv olması səbəbindən Horadiz qəsəbəsini tərk edərək Pirallahıdakı evlərinə qayıtmışdır. 1997-ci ilin noyabr ayının 21-də onlarla birgə Pirallahı qəsəbəsindəki evlərində yaşayan atası İmanov Səttar xəstəlik səbəbindən vəfat etmişdir. Atasının vəfatı ona pis təsir etmişdir, çünki atası doğma yurdundan məcburi köçdüyü vaxtdan vəfat etdiyi dövrə qədər çox qayğılı görsənirdi, doğma yurdunun fikrini və həsrətini çəkirdi və bir gün öz dədəbaba torpağına qayıdacağı ümidi ilə yaşayırdı. Atasının sağlığında təsərrüfatbaşı uçot kitabı (“domovoy knika”) əsasında ona məxsus yeganə əmlak Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi olmuşdur. Həmin evin ermənilər tərəfindən yandırıldığını və həmin vaxt bərpa edilmədiyini, eləcə də həmin evə ondan və ailəsindən başqa heç kimin (qardaş və bacılarının) qeydiyyatının olmadığını, eyni zamanda evin mülkiyyət sənədinin olmadığını əsas götürərək atasından qalan həmin miras əmlakın qəbul edilməsi üçün hər hansı hüquqi prosedur qaydalarının olduğunu bilmirdi, elə zənn edirdi ki, bu cür hallarda harasa müraciət edilmir və əmlak avtomatik qeydiyyatda olan şəxsin mülkiyyətinə keçir. Axı həmin vaxt və hal-hazırda da onun daimi qeydiyyatı həmin evədir. Daha sonra atasının vəfatından bir neçə il sonra müvafiq icra hakimiyyətinin (Füzuli rayon icra hakimiyyətinin) səlahiyyətli nümayəndəsi tərəfindən ona sözügedən evin dövlətin dəstəyi ilə tikilməsi təklif edilmişdir. O da ərizə vermiş və ev dövlətin dəstəyi ilə yenidən tikilərək təxminən 2013-cü ildə bərpa olunmuşdur. Bununla bağlı evin tikinti-bərpası barədə təhvil-qəbul aktına imza etmiş və həmin akt da hal-hazırda müvafiq icra hakimiyyəti orqanında saxlanılır, məhkəmə sorğusu əsasında aktı əldə etmək olar. Bakı şəhərində işlədiyindən, o cümlədən ailəsi, övladları da Bakı şəhərində yaşamaqla işlədiklərindən Horadizdəki bərpa edilmiş evində yaşamaqları mümkün olmasa da, ata evinin işığının daima yanması üçün evin bərpa edildiyi 2013-cü il tarixindən həyat yoldaşının yaxın qohumunu atasından miras qalmış həmin evdə yaşaması üçün şərait yaratmış və qeyd edilən tarixdən həmin şəxs ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Ondan və ailəsindən başqa sözügedən mübahisəli evə heç kim, nə qardaşları nə də bacıları qeydiyyatda deyil, özü də onlar Füzuli rayonu işğal olunmamışdan əvvəl Bakıda yaşamışlar başqa sözlə məcburi köçkün deyillər. Bundan savayı həm qardaşları, həm də bacıları qanun üzrə vərəsələr kimi tərəfindən mirasın qəbul edilməsinə razıdırlar, öz paylarından imtina etmək niyyətində olduqlarını bəyan etmişlər. Belə olan halda atasının qanuni vərəsəsi kimi, eyni zamanda o evin potensial mülkiyyətçisi kimi əmlaka faktiki sahiblik etdiyi və əmlakı idarə etdiyi, eləcə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyi açıqaşkardır. Bu hal həm də Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş təsərrüfatbaşına uçot kitabından çıxarışla da öz təsdiqini tapır. Sahiblik etdiyi miras əmlaka dair mülkiyyət hüquqlarının təsdiqi barədə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət etmiş və ondan ilk öncə sözügedən miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamə təqdim edilməsi tələb olunmuşdur. Bununla bağlı 6 saylı Bakı “Asan xidmət" mərkəzində Notariat Ofisinə müraciət etsə də, notariat ofisi müraciətinə cavab olaraq bildirmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbul faktını təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, həm işin hallarından həm də yuxarıda sadalanan qanunvericilik normalarından məlum olur ki, əvvəla atası İmanov Səttar (Sərdar) Həsən oğlunun ölümü ilə mirasın açılması baş vermişdir, əgər miras açılmışdırsa deməli onun vərəsəlik hüququ da yaranmışdır. Buna baxmayaraq, vərəsəlik hüququnun realizəsi üçün yuxarıda qeyd olunan üzürlü səbəblərdən müraciət edə bilməmiş və vərəsəlik hüququndan irəli gələn sözügedən mirasın (əmlakın) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddəti yuxarıda geyd olunan üzrlü səbəblərdən ötürmüş, bu səbəbdən qeyd edilən məsələ (mirasın qəbulu) məhkəmə qaydasında həll olunmalı, artıq açılmış mirasın qəbul edilməsi (müddəti üzürlü səbəblərdən buraxılmış hesab edilməklə) faktı təsdiq edilməlidir. Əks təqdirdə mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat gaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb ola bilər. Digər tərəfdən ganunvericilik norması mirasın gəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hügugunun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Həmçinin bu müddət iddia müddətlərinə də aid edilə bilməz. Bundan başga məhkəmə mirasın açıldığı yeri də müəyyən etməlidir. Bununla bağlı qeyd edir ki, miras qoyan kimi atası İmanov Səttar (Sərdar) Həsən oğlu sonuncu yaşayış yeri məcburi köçkün kimi Pirallahı rayonu, Pirallahı gəsəbəsi olsa da, miras əmlak isə Füzuli rayonu Horadiz şəhərində yerləşir. Məhkəmə iclasında çıxış edən Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoru və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında arayışın surətindən görünür ki, xx.xx.1960-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş Ərizəçi atası X9, anası X1r. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 xx.xx.2002-ci ildə, X11 xx.xx.1997-ci ildə, X5 xx.xx.1995-ci ildə ölmüşdür. İşdə olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X6 məcburi köçkün kimi Pirallahı rayonunda məskunlaşmışdır. İşə əlavə edilmiş Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilən təsərrüfatbaşına uçot kitabından çıxarışdan görünür ki, Ərizəçi atası X7 məxsus ünvan 2-də yerləşən fərdi yaşayış evi 1955-ci ildə inşa edilmiş, 1 mərtəbəli, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 kv.m. və 0,05 ha mülkiyyətində olan torpaq sahəsi onun istifadəsindədir. İşdə olan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığından Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırkı iddia üzrə ərizəçi miras əmlakı uzun müddətdir faktiki olaraq qəbul edərək istifadə etdiyi üçün miras payının qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi ünvan 2-də yerləşən fərdi yaşayış evi X4 mülkiyyəti olmuş olduğundan, mübahisəli ev miras əmlakı kütləsidir. Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı evin mülkiyyətçisi X11 xx.xx.1997-ci ildə vəfat etmiş, vəfat edərkən mübahisəli evi heç kəsə vəsiyyət etməmişdir. Ərizəçi, atası vəfat etdikdən sonra, sonuncuya məxsus Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı evin bərpası üçün müvafiq orqanlara müraciət etmiş, ev bərpa olunduqdan sonra ona sahiblik edib yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə hesab edir ki, Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı evi miras qoyan X4 ölüm məqamı mülkiyyətində olduğundan, ərizəçi miras qoyan X4 oğlu olduğundan, Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı ev miras əmlakı kütləsinə daxil olduğundan, ərizəçi miras qoyanın vəfatından sonra mirası qanun üzrə qəbul etmək üçün 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə mirası qanun üzrə qəbul etdiyindən, ərizə əsaslıdır. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, ərizəçi miras qoyanın oğlu olduğundan, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədir. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10 və 10.1-ci bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İş materiallarından məlum olur ki, X11 xx.xx.1997-ci ildə vəfat etdikdən sonra onun mirası olan Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı evi heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhumun mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlak Ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Belə ki, işin hallarından görünür ki, mübahisəli miras əmlak işğaldan azad olunmuş Füzuli rayonunun ərazisində yerləşir və X11 xx.xx.1997-ci ildə vəfat edərkən yararsız vəziyyətdə olmuş, onun təmir-bərpa edilməsi üçün ərizəçi tərəfindən müraciətlər edilmiş, ev bərpa edildikdən sonra qanun üzrə vərəsə olan Ərizəçi miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin miras qoyan X3 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, ərizəçinin miras qoyan X3 miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, ərizəçi buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, X3 miras qalmış Füzuli rayonu, Horadiz şəhəri, Nəsimi küçəsi, 42 saylı evin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t di : Ərizə təmin edilsin. 21 noyabr 1997-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən evin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. 21 noyabr 1997-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəliyin açılma yeri Füzuli rayon Horadiz şəhəri olaraq müəyyən edilsin. Bu qətnamə notariat orqanı tərəfindən müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar