Məhkəmə qərarları › İş №2(094)-56/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-56/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-56/2024 06.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Aqamedov Nizami Aqamedoviç cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Pirallahı rayonu, 29-cu məhəllə, Dəmir yol -0010-0330 ünvanında yerləşən fərdi evini qazla təmin etmək üçün Azəriqaz ASC ilə müvafiq müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən evinə qazsayğacı (abonent kodu **********00330) quraşdırılmışdır. Təxminən 2023-cü ilin fevral ayında X1 əməkdaşları tərəfindən təqdim edilən həmin ilin yanvar üzrə borc bildirişlərində onun borcunun 1000,0 (bir min) manatdan çox qeyd edilmişdir. Halbuki orta aylıq qaz sərfiyyatı üzrə orta aylıq borcu 20- 40(iyirmi-qırx) manatdan çox olmamalı idi. Bu borcun yaranmasının səbəbini araşdırmaq məqsədi ilə X2 müraciət etmişdir. Cavab olaraq X3 bir sıra sənədlər təqdim etmişdir. Təqdim edilmiş "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən görünür ki, X1 əməkdaşları onun iştirakı olmadan qaz sayğacını dəyişib yeni qaz sayğacını quraşdırıblar. Akta əsasən yeni qaz sayğacı ona təhvil verilmişdir və əl yazısı ilə qeyd edilmişdir ki, 10 (on) gün ərzində köhnə qaz sayğacının baxışına dəvət olunmuşdur. Lakin həmin aktın alınmasında və yeni sayğacın qəbul edilməsinə dair heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Əlavə olaraq həmin aktda abonent kodu **********3300 kimi qeyd edilmişdir. Halbuki onun abonent kodum **********00330-dur. Qeyd etmək istəyirəm ki, köhnə qaz sayğacının sökülməsi prosesinə o, dəvət edilməmişdir, yeni qaz sayğacı ona təhvil verilməmişdir və köhnə qaz sayğacının baxışında o, iştirak etməmişdir. "Azəriqaz" İB-nin qaz sayğacının yoxlanılması barədə MSK 14-2-2/3-5-685-1 saylı xx.xx.2023cü il tarixli aktına əsasən müəyyən edilmişdir ki, **********81 saylı qaz sayğacında çıxış plastmas borusunun dəyişilməsi müəyyən edilmişdir. Eyni zamanda **********81 kodlu qaz sayğacının ona məxsus olduğunu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Həmin aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu dəyişmişdir əlavə olaraq kamera ilə sayğacın daxilində baxış keçirildi, plastmas boruda deşik aşkar olundu. Əgər hər hansı deşiyi kamera ilə sayğacın daxilində baxış keçirildiyi halda aşkar etmək mümkündürsə bu artıq sayğaca kənar müdaxilənin olmamasını sübut edir. Yuxarıda qeyd olunan akta əsasən X1 əməkdaşları hesab ediblər ki, o, heç bir plomb qırmadan qaz sayğacının çıxış borusunu dəyişmişdir və bunun əsasında ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edərək ondan 8640 m3 həcmində X2 vurulmuş zərərin ödənilməsini tələb ediblər. X1 ******* saylı xx.xx.2023-cü il tarixli aktının tərtib edilməsində o, iştirak etməmişdir. Buna baxmayaraq həmin aktda qeyd olunmuşdur ki, guya o, aktın imzalanmasından imtina etmişdir. Eyni zamanda aktda Ramazanov Əbülfəzin imzası saxtalaşdırılmışdır və həmin Azəriqaz İBnin əməkdaşı bu aktı imzalamamışdır. Qaz sayğacının quraşdırılması X1 əməkdaşları tərəfindən həyata keçirilir və qaz sayğacının təmiri və hər hansı ehtiyat hissəsinin dəyişilməsi ilə bağlı tədbirlər onlar tərəfindən aparılır. X1 əməkdaşları qaz sayğacının işinə müdaxilə edərək çıxış borusunu dəyişirlərsə onların səhvinə görə o hər hansı zərər ödəməməlidir. Eyni zamanda qaz sayğacının plomblarını qırmadan qaz sayğacının çıxış borusunu dəyişmək mümkün deyil. Təqdim edilmiş aktlardan görünür ki, qaz sayğacının plombları qırılmamışdır. Buna əsaslanaraq bir nəticəyə gəlmək olar: Ona heç bir məlumat vermədən sayğacın çıxış borusu Azəriqaz İB-nin əməkdaşı tərəfindən dəyişilmiş və sonra isə sayğaca yeni plomb vurulmuşdur. Sayğacın giriş borusundan fərqli olaraq çıxış borusu qaz sərfiyyatına heç bir təsir göstərmir. Qaz, sayğacın giriş borusuna daxil olaraq hesablanma mexanizmindən keçdikdən sonra çıxış borusuna daxil olur. X3 tərəfindən tərtib edilmiş ******* saylı aktı əsassız hesab edərək abonent kodu **********00330 üzrə hesablanmış 8640 m3 qaz həcmi üzrə hesablanmış ziyanın silinməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona əsassız hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirməyi xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçıya məxsus **********00330 sayla qeydiyyata alınmış ünvanda sayğacın çıxış plastmas borusu deşilib. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00330 sayla qeydiyyata alınmış abonent koduna akt üzrə 1036,80 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin, dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1036,80 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 1036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000,0 manatdan 10.000,0 manatadək olduqda 30,0 manat + 1.000,0 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000,0 manatdan 10.000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00330 olan sayğaca) hesablanmış 1036,80 manat məbləğində borc silinsin. 30,36 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar