Məhkəmə qərarları › İş №2(094)-99/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-99/2024

11.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-99/2024 11.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X8 xx.xx.2005-ci ildə anadan olmuşdur. Onun barəsində orqanizmin funksiyalarının 90% pozulması müəyyən edilməklə, birinci dərəcəli əlillik təyin edilmişdir. Qızım ağır xəstəliyə düçar olduğundan özünü idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə adir deyildir. Verilən sualları anlamır, hərəkətlərinin mahiyyətini başa düşmür. Onun xəstəlik tarixçəsindən görünür ki, onda spastik tetraplegiya vardır. Bütün ətraflarda əzələ tonusu spastik tipdə yüksək, yuxarı və aşağı ətraflarda bükücü vəziyyət, diz oynaqlarında bükücü kontraktura izlənilir. Əzələlərdə atrofik dəyişiklik qeyd olunur. Əzələ gücü aşağı ətraflarda 1 bal, yuxarı ətraflarda 2 bal qiymətləndirilir. Vətər və p/o reflekslər D=S çox yüksəkdir. O yerimir, oturmur, dirəşmir. Onda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair onda qulluq və müalicə tələb edən əqli gerilik diaqnozu qoyulmuşdur. Göründüyü kimi, sözügedən xəstəliklə bağlı, qızım X3 özünü müstəqil idarə etmək imkanı yoxdur və kənar şəxsin daima köməyinə ehtiyacı vardır. O anadangəlmə qüsurlu olduğu üçün öz mənafeyinə uyğun zəruri qərarlar qəbul etmək iqtidarında deyil, hüquqlarından istifadə edə bilmir, əlilliyi ilə bağlı müavinətlər üzrə müvafiq köçürmələr olsa da, valideynləri olaraq biz həmin müavinətləri onun ehtiyaclarına sərf edə bilmirik. Çünki o nəinki imza edə bilmir, ümumiyyətlə aparılan sənədləşmələrin mənasını, mahiyyətini anlamır, hesablamanı və nəyin lazım olub-olmadığını, pul vəsaitini necə, hansı qaydada xərcləməyi bilmir. Buna görə də qızı X4 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi qaçılmaz zərurətə çevrilmişdir. O cümlədən bildirir ki, əri X5 övladları X1 qəyyumluğunda olmağına razıdır. Göstərilənlərə əsasən, xx.xx.2005-ci il təvəllüdlü qızı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 spastik tetraplegiya, Bütün ətraflarda əzələ tonusu spastik tipdə yüksək, yuxarı və aşağı ətraflarda bükücü vəziyyət, diz oynaqlarında bükücü kontraktura izlənilir. Əzələlərdə atrofik dəyişiklik qeyd olunur. Əzələ gücü aşağı ətraflarda 1 bal, yuxarı ətraflarda 2 bal qiymətləndirilir. Vətər və p/o reflekslər D=S çox yüksəkdir. Xəstə yerimir, oturmur, dirəşmir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, qulluq və müalicə tələb edən əqli gerilik ilə diaqnozu qoyulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 anası Ərizəçi, atası X2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 941 saylı rəyindən görünür ki, X7 “X9 ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” (F72) qeyd olunur. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. xx.xx.2005-ci il təvəllüdlü X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Məhkəmə iclasında müəyyən edildi ki, X8 “X9 ilə əlaqədar ağır dərəcəli əqli gerilikdən (imbesillik dərəcəsində)” (F72) əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 941 saylı rəyinə əsasən X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X8 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X8 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının rəyi ilə və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X8 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar