Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1021/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin verilməsi tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçının oğlu X1 2000-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində vəfat etmiş, ona şəhid statusu verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə son qoyulması və şəhid ailəsi üçün nəzərdə tutulmuş 11.000 manat sığorta məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasınına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad etməklə belə əsaslandırmışdır ki, şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manat sığorta məbləği bu günə qədər ödənilməmişdir. Cavabdehə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, şirkətin elektron informasiya bazasının məlumatına əsasən mərhum hərbi qulluqçu X1 varisinə ##.##.2000-ci il tarixdə şirkət tərəfindən 5.500.000 manat yəni cari ilin ekvivalentinə uyğun olaraq 1.100 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən onun həlak olması ilə əlaqədar varislərinə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Halbuki, iddiaçının oğlu şəhid olduqdan sora evdə İddiaçı və həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qalmışdır. Onlar da heç bir sığorta və ya pul kompensasiyası almamışlar. 2 övladı olub, bir övladı vətən uğrunda şəhid olub, digər övladı qəfil ürəktutmasından dünyasını dəyişmişdir.
4. Iddiaçı izahatında bildirmişdir ki, 2018-ci ildə bilmişdir ki, 1992-1996-cı illərdə şəhid olanlara pul verilir. Elə bilmişdir ki, pul sıra ilə verilir, bu səbəbdən məhkəməyə gec mraciət etmişdir. 11.000 manat bu günədək onlara ödənilməmişdir.
5. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırkı ərizə iddia müddəti pozulmaqla verilmişdir. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkətinin hazırkı mübahisə predmeti üzrə öhdəlikləri müvafiq sığorta müqaviləsi ilə yaranmışdır. Sığorta hadisəsi 2000ci il tarixində baş vermişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hadisənin baş verməsindən 25 ildən çox vaxt keçməsini nəzərə alınsa Mülki Məcəllənin 373-cü maddəsində qeyd olunan iddia müddətləri ötürülmüşdür. Həmçinin, ##.##.2000-ci il tarixdə iddiaçı tərəfə sığorta məbləği nağd qaydada ödənilmişdir. Bir hadisəyə görə 1 dəfə ödəniş olunmalıdır. Ödəniş isə edilmişdir.
6. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: H.Miriyeva).
7. Məhkəmə, iş materiallarında olan elektron informasiya bazasının məlumatını əsas götürərək qeyd etmişdir ki, şəhidin ölümü ilə bağlı ##.##.2000-ci il tarixində cavabdeh tərəfindən 5.500.000 manat sığorta ödənişi edilmişdir.
8. Məhkəmə əlavə etmişdir ki, baxılan iş üzrə sığorta hadisəsinin baş verməsindən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olmasınadək 25 ilə yaxın müddət keçmişdir. Ötən dövr ərzində iddiaçı sığorta şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə heç bir tələb irəli sürməmiş, habelə məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Bu da öz növbəsində mübahisənin həlli üçün tərəflərin təqdim etdikləri sübutların yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. Bununla belə, eyni cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür.
9. Iddiaçı tərəfin, şəhidin ailə üzvlərinə sığorta ödənişinin həyata keçirilməsi barədə məlumatlarının olmaması barədə dəlilinə münasibətdə isə qeyd edilmişdir ki, bunlar ağlabatan və inandırıcı deyildir. 10.Məhkəmə mövqeyini Mülki Məcəllənin 373-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Iddiaçı apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəf ödənişin edilib-edilməməsi, edilibsə kimə edilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Qarşı tərəf buna dair sənədlərin utilizasiya olunduğunu bildirsə də, utilizasiya aktı da məhkəməyə təqdim olunmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Imanov - məruzəçi, M.Məmmədov, F.Talışınski).
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
15. Iddiçı (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri belə olmuşdur: 1) cavabdeh tərəf ödənişin edilibedilməməsi,
16. edilibsə kimə edilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Qarşı tərəf buna dair sənədlərin utilizasiya olunduğunu bildirsə də, utilizasiya aktı da məhkəməyə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi cavabdehin mövqeyinin mötəbər sübutlarla təsdiq olunmaması halına düzgün qiymət verməmişdir 2) şəhid ailəsinə verilən sığorta məbləğinə iddia müddəti şamil olunmamalıdır. Çünki onun təyinatı, şəhid ailəsinin mənəvi zərərinin azaldılmasından ibarətdir. Işə baxan məhkəmə kollegiyası isə bunu nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, elektron informasiya bazasının məlumatına əsasən şəhidin ölümü ilə bağlı ##.##.2000-ci il tarixində cavabdeh tərəfindən 5.500.000 manat sığorta ödənişi edilmişdir. Bundan başqa, sığorta hadisəsinin baş verməsindən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olmasınadək 25 ilə yaxın müddət keçmişdir. Ötən dövr ərzində iddiaçı sığorta şirkətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə heç bir tələb irəli sürməmiş, habelə məhkəmə müdafiəsi hüququndan istifadə etməmişdir. Bu da öz növbəsində mübahisənin həlli üçün tərəflərin təqdim etdikləri sübutların yetərliliyi və mötəbərliliyi baxımından qiymətləndirilməsində çətinlik yaratmışdır. Bununla belə, eyni cavabdeh tərəfindən ödəniş edilməsəydi belə, iddiaçı sözügedən tələblə müraciət edilməsi üçün müddəti ötürmüşdür. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.