Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1064/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Musayev Fərhad Oruc oğlu, cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər Musayev Fərhad Oruc oğluna, cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı “istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdehlər Musayev Fərhad Oruc oğluna, cavabdeh2, cavabdeh1, cavabdeh3 qarşı iddia qaldıraraq Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, mülkiyyətində olan evdən cavabdehlərin istifadə hüququna 12000 manat kompensasiya ödənilməsi ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir.
2. Qaradağ rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim- Hüseynov Fuad).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh Musayev Fərhad Oruc oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi MK-nın *(***)-****/**** nömrəli # ### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Isgəndərov Akif (sədrlik edən və məruzəçi), Səlimova Səadət və Rüstəmli Məhəmməddən ibarət tərkibdə) cavabdeh Musayev Fərhad Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən cavabdeh Musayev Fərhad Oruc oğlu ## #### 2025-ci il tarixdə kassasiya şikayəti vermiş, lakin həmin kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır.
6. Digər cavabdeh cavabdeh1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir.
7. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, həmin qətnaməni mübahisələndirməmişdir. Iş üzrə apellyasiya şikayəti yalnız onun atası tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsi işə həmin şikayət əsasında baxaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən onun hüquqlarını pozan yeni qərar qəbul edilməmişdir. Buna baxmayaraq, o, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədən birbaşa apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Iş üzrə apellyasiya baxışı yalnız digər şəxs tərəfindən verilmiş şikayət əsasında aparılmış və nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu baxımdan apellyasiya instansiyası tərəfindən onun hüquqlarını pozan yeni bir qərar qəbul edilməmişdir.
10. Kollegiya qeyd etmişdir ki, bu şəraitdə cavabdehin birbaşa apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qanunvericiliyə əsasən kassasiya şikayəti vermək hüququ yalnız müəyyən edilmiş subyektlərə və şərtlər daxilində tanınır və həmin şərtlər bu halda mövcud olmamışdır. Kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə də baxıla bilməz.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, cavabdeh cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılan müddətdə məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla nəzərdə tutulmuş qaydada rəsmi bildiriş verilməmiş, nəticədə onun məhkəmə icraatında iştirakı təmin edilməmişdir. Bu hal mülki prosessual qanunvericiliyin tərəflərin bərabərliyi, çəkişmə prinsipi və ədalətli məhkəmə araşdırması hüququna dair tələblərinin pozulması kimi qiymətləndirilməli, qəbul edilmiş məhkəmə aktlarının hüquqi qüvvəsinə şübhə yaradan mühüm prosessual pozuntu hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini formal əsaslarla geri qaytarmaqla işin faktiki hallarını və hüquqi vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, o, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsini onun məlumatlandırılmaması və məhkəmə prosesindən kənarda qalması ilə izah edir. Bu səbəbdən, kassasiya instansiyasına müraciət etməsi onun pozulmuş hüquqlarının bərpasına yönəlmiş yeganə effektiv hüquqi vasitə kimi qiymətləndirilməlidir və bu hüququnun məhdudlaşdırılması qanunvericiliyin məqsəd və mahiyyətinə ziddir.
13. Kassator həmçinin vurğulayır ki, apellyasiya məhkəməsi tərəfindən prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması zamanı iş üzrə əhəmiyyətli hallar, o cümlədən onun faktiki yaşayış ünvanı, məcburi köçkün statuslu ailə üzvü ilə birlikdə yaşaması və məhkəmə sənədlərinin ona çatdırılmaması kimi mühüm faktlar nəzərə alınmamışdır. Bu isə məhkəmənin formal yanaşma sərgilədiyini və nəticədə qəbul olunmuş qərardadın qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyini göstərir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 403.1- Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı” qərardadının 41 və 44-cü bəndinə əsasən, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Ibrahimovanın şikayəti üzrə 2017-ci il ## #### tarixli Qərarı).
20. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardaddakı hüquqi mövqeyinə görə, cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən həmin qətnamə onun marağına toxunmadığı üçün qətnamədən kassasiya şikayəti verə bilməz.
21. Işdən görünür ki, cavabdeh cavabdeh1 bundan sonra Qaradağ rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, Qaradağ rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**** saylı qərardadı ilə ərizə təmin edilməmiş, bu qərardad Bakı Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2025-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız biri tərəfindən mübahisələndirilsə də, cavabdehlər bir ailə üzvü olduqları və mübahisə predmeti tam yoxlanıldığı üçün təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Kollegiya kassasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərin yalnız biri tərəfindən apellyasiya şikayəti verilsə də tələbin bölünməz olduğu qəbul edilərək qətnamə tam yoxlanıldığından digər cavabdehlərin, o cümlədən cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olduğu müəyyən olunur. Buna görə də apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəyə baxaraq müddətin bərpası üçün əsasların olub-olmadığına qiymət verməli idi.
23. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı halda cavabdeh1 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmadığına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi prosessual qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə uyğun olmadığından kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.
24. Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ləğv edilsin. Iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.