Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1075/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “əsassız hesablanmış məbləğin hesab kodundan silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı Cavabdeh IB ilə bağlanmış müqavilə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 100317800600830 abonent kodu ilə təbii qazdan istifadə edir.
2. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni istifadə ilə bağlı müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlar əsasında borc tələb edilmişdir.
3. Iddiaçı 2019-cu ildən onun barəsində tərtib edilmiş aktları mübahisələndirərək qazdan sayğacdan kənar istifadə etmədiyini, 2024-cü ilədək tərtib edilmiş aktlar əsasında cavabdeh tərəfindən ondan tələb edilən məbləğin 15567,66 manat olduğunu iddia etmiş, cavabdeh isə iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşularaq qazdan istifadə etdiyini, silinməsi tələb edilən borcun bir hissəsinin iddiaçının qazdan istifadəsi nəticəsində sayğac əsasında hesablanmış borcu olduğunu göstərmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Istehsalat Birliyi tərəfindən əsassız hesablanmış (*************** saylı abonent hesabına) 15567,66 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ödəniş edərkən məlum olmuşdur ki, etdiyi ödənişlərdən tutulmalar aparılır və Cavabdeh IB tərəfindən abonent hesabına 15567,66 manat borc hesablanmışdır. Cavabdeh sayğacdan kənar qeyriqanuni istifadə edildiyini iddia etsə də, sayğac mənzildən kənarda yerləşdiyindən pozuntunun məhz istehlakçı tərəfindən törədilməsini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Iddiaçı bildirir ki, tərtib edilmiş aktlardan xəbəri olmayıb, ona heç bir məlumat verilməyib və aylıq ödənişlərini vaxtında edib.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.
7. Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iş üzrə iddianın təmin edilməsi qət edilmişdir. (hakim Z.Tağıyev)
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh qurum tərəfindən 2022ci ilin sentyabr, 2023-cü ilin mart, aprel, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında tərtib etdiyi aktlara münasibətdə qeyd etmişdir ki, iddiaçıya müayinə barədə rəsmi bildiriş göndərilməyib. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Cavabdeh tərəfin özünün istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, cavabdeh tərəfindən iddiada qeyd edilən və iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tələb edilməsi ağlabatan deyildir.
9. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh IB iddiaçıya hesablanmış 15567,66 manat borcun yaranmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Iddia edilən zərər istifadəçinin sayğacdan kənar xətt çəkərək qazdan qeyri-qanuni istifadəsinə dair akt əsasında hesablansa da, həmin aktın qanuniliyi və doğruluğu sübuta yetirilməmişdir. Prosessual qanunvericiliyə əsasən, bu halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, akt üzrə hesablanmış zərərin iddiaçıdan tələb edilməsi əsaslı hesab edilmir.
10. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin aktlar əsasında iddiaçıya hesabladığı borc qanunsuz və əsassızdır.
11. Bundan əlavə, cavabdehin məhkəməyə 2024-cü ilə aid aktlar təqdim etməsi iddia predmetinə aid deyildir. Belə ki, iddiaçı yalnız 2010–2023-cü illər üzrə borcun silinməsini tələb etmişdir. Bu səbəbdən məhkəmə həmin sənədləri iş üzrə nəzərə almamış və onlara hüquqi qiymət verməmişdir.
12. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5.6, 11.6, 13.8-ci , Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.5-6.7-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Trasoloji ekspertizanın nəticələrini özündə əks etdirən rəy əsassızdır. Çünki, qeyd edilən rəydə hazırkı mövcud durumu (xəttin üzərində hal-hazırda əlavə xətt olmadığına görə) əks etdirir. Bu üzdən mülki iş materiallarına İddiaçı həqiqətən də, sayğacdankənar əlavə xətdən istifadə faktını sübut edən iki ədəd fotoşəkilin surətini Elektron Məhkəmə Portalı vasitəsilə 1-ci instansiyaya təqdim edib.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə).
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hesablanan borcun bir hissəsi 2022-ci ilin may ayına qədər, digər hissəsi isə həmin tarixdən sonrakı dövrə aid aktlar əsasında formalaşdığından, onlara ayrıca hüquqi qiymət verilməlidir. Kollegiya “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanuna istinad edərək göstərmişdir ki, sayğaca müdaxilə aşkar edildikdə qaz paylayıcısı akt tərtib etməli, onu aidiyyəti şəxslərə və müvafiq orqanlara təqdim etməlidir. Istehlakçının qaz talamasında təqsiri yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunduqdan sonra vurulmuş zərər tələb edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci ilin may ayından sonrakı dövr üzrə tərtib edilmiş aktların qanunvericiliyin tələb etdiyi qaydada nə istehlakçıya, nə də aidiyyəti dövlət orqanlarına təqdim olunması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
18. Apellyasiya şikayətində cavabdeh yalnız sayğac saldolarının, aktların, tələbnamələrin və fotoşəkillərin sübut kimi nəzərə alınmadığını göstərmişdir. Lakin məhkəmə hesab etmişdir ki, bu sənədlər iddia tələbinin əsassız olduğunu təsdiqləyən mötəbər sübut sayıla bilməz. Çünki saldo hesablanmış və ödənilmiş borcları, akt yoxlamanın nəticələrini, tələbnamə isə iddia edilən ziyanı əks etdirir. Həmin sənədlərin qanuniliyi isə onsuz da iddiaçı tərəfindən mübahisələndirilmişdir və onların qanuniliyi şübhə altındadır. Bu səbəbdən, həmin sənədlərin mötəbərliyi şübhə doğurduğundan, onlar iddiaçının adına hesablanmış borcun əsaslı olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli Qərarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan), Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.6, 6.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”–nın 6.5-ci maddəsi, Mülki Məcəllənin 21, 1091.2, 157.5-ci maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əslində cavabdehə vurulmuş zərərlə bağlı olsa da, məhkəmə iddia tələbinin böyük hissəsini əsassız olaraq təmin etmişdir. Zərər tərtib olunmuş aktlarla təsdiqlənmiş, lakin buna baxmayaraq, məhkəmələr həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, məhkəmələr saldo aktlarını və fotoşəkilləri nəzərə almamış, nəticədə dəymiş zərərlə bağlı düzgün hüquqi nəticəyə gəlməmişlər. Belə ki, məhkəmə kollegiyası mübahisələndirilən aktları əsaslı saymayaraq Birliyə vurulmuş ziyanın həqiqiliyini tam araşdırmamış və nəticədə iddianın böyük hissəsini təmin etmişdir. Iş materiallarındakı saldo göstəricilərindən abonentin təbii qazdan qanunsuz istifadə etdiyi görünsə də, məhkəmə cavabdehin kənar xətdən istifadə faktını sübut edə bilmədiyini əsas gətirərək iddianı təmin etmişdir.
22. Eyni zamanda, iddiaçı ilə Cavabdeh IB arasında bağlanmış abonent müqaviləsinə əsasən, iddiaçı digər abonentlər kimi sayğacla təchiz edilmişdir. Lakin iddiaçı müqavilə şərtlərini pozaraq təbii qazdan qeyri-qanuni istifadə etmiş, bununla da əsassız varlanma hesabına cavabdehə zərər vurmuşdur. Buna baxmayaraq, məhkəmə iddianı təmin edən qətnamə qəbul etmişdir. Həmçinin iddiaçı Cavabdeh IB-yə məxsus qazı müqavilədə nəzərdə tutulmuş qaydada deyil, qeyri-qanuni şəkildə əldə etmişdir. Bu səbəbdən onun vicdansız sahib kimi qiymətləndirilməsi mümkün olsa da, məhkəmələr bu halı lazımi qaydada araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışdır.
23. Kassasiya şikayətində prosessual hüquq pozuntusu kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77 və 88-ci maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonent saldo məlumatları düzgün və hərtərəfli araşdırılmamışdır. Mülki Məcəllənin 21-ci maddəsinə istinad edilməklə, təqdim olunmuş sübutların obyektiv qiymətləndirilməməsi nəticəsində abonent tərəfindən ödənişlərin edilib-edilmədiyi tam müəyyənləşdirilməmişdir. Bundan əlavə, məhkəmə qətnaməsində aktlara münasibət sübutlara deyil, yalnız məhkəmənin mülahizəsinə əsaslanaraq formalaşdırılmışdır. Eyni zamanda, məhkəməyə təqdim edilmiş aktlar və fotoşəkillər hadisənin həqiqiliyini və zərərin mövcudluğunu əks etdirməsinə baxmayaraq, məhkəmələr bu sübutlara lazımi diqqət yetirməmiş və qətnamə qəbul etmişdir. Qanunvericiliyə əsasən, tərəflər öz tələblərini sübut etməlidirlər, lakin məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də kassator tərəfindən təqdim olunan sübutları hərtərəfli araşdırmışdır. Bu isə qətnamənin kifayət qədər sübuta əsaslanmadan qəbul edilməsi nəticəsinə gətirib çıxarmışdır. Həmçinin təqdim olunmuş ödəniş cədvəli aydın şəkildə vəziyyəti əks etdirsə də, məhkəmə onu nəzərə almamışdır. Bundan əlavə, təqdim edilən fotoşəkillərə hüquqi qiymət verilməmiş və nəticədə iddia tələbi əsassız olaraq təmin edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2025-ci il tarixli qanunla ləğv edilənədək qüvvədə olmuş)
25. Maddə 6-2-ci hissə. 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
26. Maddə 13.4.3. Istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək istehlakçının vəzifəsidir.
27. Maddə 13. 8-1-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.
31. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.4.3-cü maddəsinə əsasən istehlak edilən qazın dəyərini və sabit tarifi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qaz satıcısına ödəmək istehlakçının vəzifəsi olaraq nəzərdə tutulmuşdur. Cavabdehin dəlillərindən biri bundan ibarət olmuşdur ki, iddiaçının silinməsini tələb etdiyi borcun bir hissəsi ona qaz sayğacının göstəriciləri əsasında hesablanmış, özünün istehlak edilən qazının dəyəridir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən aktlar üzrə hesablanmış borcun cəmi 15126,56 manat olduğunu, qalan məbləğin istehlakçının qaz sərfiyyatı borcu olduğunu qeyd etsə də, apellyasiya məhkəməsi qətnamədə bu dəlilə hüquqi qiymət verməmişdir.
32. Kollegiya 2022-ci ilin may ayından sonra cavabdeh tərəfindən tərtib edilmiş aktlarla bağlı apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, həmin tarixədək tərtib edilmiş aktlarla bağlı qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktların mötəbərliyi cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi aktlarla yanaşı eyni zamanda abonent saldosundakı məlumatlar əsasında yoxlanılmalı, sübutlar əlaqəli və müqayisəli şəkildə təhlil edilməklə qiymətləndirilməlidir.
33. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmədiyi və apellyasiya instansiyası mərhələsində təqdim etdiyi sübutların qəbul edilməsi MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda mümkün sayıla bilər.
34. Işdəki abonent saldosunda 2015-ci ilin aprel ayından 2020-ci ilin may ayınadək “Sayğac göstəriciləri” hissəsində hər hansı qeydiyyat olmadığı (mexaniki və elektron göstərici hissəsində) halda işdən məhkəmənin bununla bağlı araşdırma apardığı görünmür. Saldodan görünür ki, 2018-ci il ərzində iddiaçı barəsində iki akt tərtib edilərək həmin aktlar əsasında 1944 manat və 399,60 manat borc hesablanmış, iddiaçı həmin aktlardakı pozuntu ilə razılaşaraq bu məbləğləri ödəmiş, sonrakı aktlar üzrə ödənişləri icra etməmiş, bunun səbəbi ilə bağlı araşdırma aparılmamışdır. Iddiaçı iddia ərizəsində aktların tərtib edildiyi dövrdə qazdan istifadə etmədiyini deyil, istifadə etdiyi qazın dəyərini hər ay mütəmadi ödədiyini göstərərək qanunsuz qoşulmaya yol vermədiyini iddia etdiyi halda, işdə qanunsuz qoşulma ilə bağlı aktların tərtib edildiyi aylar üzrə qazdan istifadəyə görə həyata keçirilmiş ödənişlər barədə sübutlar mövcud deyil. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığından işdə cavabdehin xeyrinə olan hallarla bağlı əks sübutları təqdim etməm yükünün iddiaçının üzərinə düşdüyü məhkəmə tərəfindən nəzərə alınmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etdiyini və zərər yetirdiyini təsdiq edən sübutların təqdim edilmədiyinə, o cümlədən sayğacda və giriş-çıxış borusunda müdaxilə izləri olmadığına dair məhkəmə trasoloji ekspertizasının ##.##.2025-cü il tarixli ekspert rəyinə əsaslanaraq iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, mübahisələndirilən aktların sayğaca müdaxilə faktı ilə bağlı deyil, sayğacdan kənar qanunsuz qoşulma faktı ilə bağlı tərtib edildiyini nəzərə almamışdır.
36. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə məhkəmə qətnaməsinin qanuni və əsaslı olması ilə bağlı MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulmuş şərtə cavab vermədiyindən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.