Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1100/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2023-cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 15000 manatlıq qızıl aldım”, ##.##.2023-cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 32000 manatlıq qızıl aldım”, ##.##.2024-cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 33000 manatlıq qızıl aldım”, ##.##.2023-cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 25000 manatlıq qızıl aldım”, ##.##.2021-ci il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 6000 manatlıq qızıl aldım”, ##.##.2023cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 6000 manatlıq qızıl aldım”, ##.##.2024-cü il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 35000 manatlıq qızıl aldım”, ##.##.2021-ci il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 3300 manatlıq qızıl aldım”, ##.##.2022-ci il tarixli qəbzdə “Mən Cavabdeh İddiaçı 3400 manatlıq qızıl aldım” yazılaraq imzalanmışdır.
2. ##.##.2024-cü il tarixli iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Polis Idarəsinə verdiyi izahatında bildirmişdir ki, cavabdehlə qohumluq əlaqəsi olsa da, onu 2015-ci ildən tanımışdır. O, 15 ildir ki, fərdi qaydada qızıl alış-verişi ilə məşğul olur. Cavabdeh 2015-ci ildə onunla görüşərək qızıl-zinət əşyası almaq istədiyini bildirmiş və o, razılaşmışdır. Bununla da, 2015- 2019-cu illərdə cavabdeh ondan 100000 manat dəyərindən çox olmaqla qızıl-zinət əşyası almışdır. O, qızıl zinət əşyası satılan mağazadan qızıl alaraq aldığı qızılın üzərinə dəyərinin 30%-i əlavə edərək nisyə satır. Cavabdeh 100000 manat dəyərindən çox məbləğdən 20000 manat geri qaytarmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 158700 manat pulun və ödənilmiş 448,7 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında qızıl əşyalarının nisyə alğı-satqısına dair razılaşma olmuş, həmin razılaşma əsasında özünə və anasına məxsus olan şəxsi qızıl əşyalarını 2017-2024-cü illərdə müxtəlif vaxtlarda 178700 manata cavabdehə satmışdır. Anasının səhhətində yaranan xəstəliklər getdikcə ağırlaşmış və onun müalicəsi daha çox pul tələb edirdi, bununla yanaşı evi dolandıran yeganə şəxs o olduğundan anasının müalicəsi və evin saxlanılmasını təmin edə bilməyib. Bu səbəbdən evdə olan özlərinə məxsus qızıl-zinyət əşyalarının satılması ilə pula olan ehtiyaclarının ödənilməsi qərarına gəlib. Bu məqsədlə qızıl alış-verişi ilə məşğul olan yerlərə gedib, lakin ona həmin qızılların dəyərindən qat-qat az olan külçə qiymətləri ilə hesablanaraq pul təklif edilib. Belə bir vəziyyətdə hazırki iş üzrə cavabdeh onun ehtiyac üzündən qızıllarını satmasını eşidib və həmin qızılları almaq istədiyini, lakin nağd pulunun olmadığını bildirib. Onlar razılaşıblar ki, həmin qızılları nisiyə alsın və aylıq pulu vaxtında ödəsin. Bundan sonra borcdan cəmi 20000 manat ödəsə də sonradan yerdə qalan 158700 manatı ödəməkdən boyun qaçırdı. Cavabdeh əvvəlcə çox mehriban münasibət göstərirdi, lakin qızılları alandan sonra pulun ödənişi vaxtı gələndə isə yayınmağa başladı və pulu istəməsin deyə onu şantaj edib.
5. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin rədd edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ona hədə-qorxu gələrək vəsaitlərini ələ keçirib. Bu barədə Binəqədi Rayon Polis Idarəsinə şikayət edib və nəticədə iddiaçı barəsində cinayət işi başlanmış və o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Iddiaçı ilə aralarında qızıl alğı-satqısı olmayıb, təqdim etdiyi sənədlər ona məxsus deyil. Iddiaçının iddia etdiyi qədər qızıl alğı-satqısı olsaydı, o zaman aralarında müqavilə bağlanardı. Lakin iddiaçı heç bir əsaslı sübut təqdim edə bilmir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, iddiaçı ilə heç bir düşmənçiliyi yoxdur. Cavabdehlə rəfiqədirlər. Cavabdeh ona danışıb ki, pul lazım olduğu üçün iddiaçıdan pul alıb, lakin qəbzə aldığı məbləğdən fərqli yazıb, belə ki, 300 manat aldığı halda 3000 - 4000 manat almış kimi qeyd edib. Səbəbini soruşduqda isə bunun heç bir önəminin olmadığını, sadəcə aldığı pulu qaytaracağını bildirib. O, cavabdehə dəfələrlə xəbərdarlıq edib ki, belə etməsin. Bir gün cavabdeh onun yanına gələrək ağlayıb və bildirib ki, iddiaçı pulu ödəməli olduğunu deyib, əgər saat 2 tamama kimi ödəməzsə, əsas məbləğin üzərinə faiz gələcəyini bildirib. Tərəflər onun yanında danışıblar. Cavabdeh 350 manat gətirə biləcəyini deyib, lakin iddiaçı razılaşmayaraq həmin gün 2000 manat çatdırmalı olduğunu bildirib. Hətta o, şahiddir ki, borcu vermək üçün cavabdeh 1000 manata aldığı paltaryuyan maşınını 300 manata satıb. Həmin 300 manatı o, iddiaçıya aparıb və deyib ki, cavabdehin vəziyyəti yaxşı deyil, onu bu qədər sıxmasın, faizləri dayandırsın, əsas pulu ödəsin. Lakin iddiaçı məhəl qoymayaraq bildirib ki, bu məsələ cavabdehlə öz aralarındadır, o qarışmasın.
7. Füzuli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim E.Hüseynov).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd etibarlılıq şərtlərinə uyğun olmadığına görə etibarsız hesab edilməlidir. Yazışmalarda qızıl-zinət əşyalarının satılması ilə bağlı hər hansı fakt müəyyən edilmir. Tərəflər arasındakı mülki münasibətlər qəbzlərdə göstərildiyi kimi 35000, 25000 və digər yüksək məbləğlərlə dəyərləndirilən qızıl-zinət əşyaları ilə deyil, az məbləğli (130, 175 və 200 manat) borc münasibətlərilə həyata keçirilmişdir. Sadəcə olaraq cavabdehdə alınmış borc pula münasibətdə məsuliyyət formalaşdırmaq məqsədilə yüksək məbləğlərlə qızıl alması ilə rəsmiləşdirərək yüksək olmayan məbləğlərdə faizlə borca pul vermişdir. “Flash card”da öz əksini tapmış Şəhla adlı şəxslə cavabdeh arasında gedən dialoqdan da müəyyən olunur ki, iddiaçı başqa şəxslərə də yüksək məbləğdə qızıl yazdıraraq əvəzində az məbləğli pulu yüksək faizlə borca vermişdir. Həmçinin iddiaçı pul aldığı adamın, cavabdeh tərəfindən pulun ödənilməsi gecikdirildiyi üçün, onu incitdiyini bildirir. Bu hal bir daha onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında qızılın deyil, məhz faizlə pul məbləğinin borc verilməsi ilə bağlı razılaşma olmuşdur.
9. Məhkəmə daha sonra qeyd etmişdir ki, qəbzlərdə öz əksini tapmış “Faiz deyildir” ifadəsinin yazılması bir daha həmin qəbzlərin etibarlılıq şərtlərini şübhə altına alır. Bununla yanaşı, məhkəmə iddiaçının AR DIN Binəqədi Rayon Polis Idarəsinə verdiyi izahatla məhkəmə iclasında verdiyi izahat arasında ziddiyyətlər müəyyən etmişdir. Belə ki, iddiaçının AR DIN Binəqədi Rayon Polis Idarəsinə verdiyi izahatda qızıl-zinət əşyası satılan mağazadan qızıl alaraq aldığı qızılın üzərinə dəyərinin 30%-i əlavə edərək nisyə satdığını, bu qayda ilə cavabdehə 2015-ci il tarixdən 2019-cu il tarixədək ümumilikdə 100000 manatdan yüksək dəyərdə qızıl satdığını və həmin məbləğdən 20000 manat ödənildiyini bildirsə də, məhkəmə iclasında maddi vəziyyətinin yaxşı olmaması səbəbilə özünə və anasına məxsus qızıl əşyalarını satmaq qərarına gəldiyini və cavabdehə 2016-cı il tarixdən başlayaraq cəmi 178700 manat məbləğində qızıl satdığını bildirmişdir. Iddiaçı iddia tələbini qanuni əsaslarla sübuta yetirə bilməmişdir. Cavabdehin ödəməli olduğu 2000 manat borcu etiraf etməsi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2000 manat pul tutulmalıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2.1, 16.1, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 338, 339.1, 339.5, 339.6, 560.1, 560.2, 739.1, 739.2, 740.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** saylı, ##.##.2022-ci il tarixli qərardadının 14, 17, 18-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 78.1, 80, 81, 106.3, 217.4, 107, 119.1-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə cavabdeh Cavabdeh ondan nisyə qızıl alaraq nə qədər borcunun olmasına dair öz xətti ilə yazdığı yazılı sənədlərin əslini təqdim etməsinə baxmayaraq məhkəmə heç bir əsas olmadan qərəzli olaraq bu sübutları qiymətləndirməmiş, etibarsız müqavilə adlandırmışdır. Məgər hər qızıl alan adam müqavilə bağlamaq məcburiyyətindədir, hər dəfə hansısa əşyanı alan adam notariusa gedib notarial müqavilə bağlayır, cavabdeh Cavabdeh öz xətti ilə yazdığı yazılı sənəd sübut deyil, məhkəmə necə bunu etibarsız hesab edə bilər. Iş materiallarından görünür ki, cavabdeh özü də etiraf edir ki, bu yazını özü şəxsən yazıb, əgər həmin yazılar şübhə doğururdusa onda məhkəmə ekspertiza təyin edərdi. Cavabdehin etirafından məlum olur ki, həmin sadə yazılı müqaviləni cavabdeh Cavabdeh özü yazıb. Belə olan halda necə məhkəmə həmin yazılı sənədləri etibarsız hesab edə bilər və cavabdehin özünün məhkəməyə təqdim etdiyi şahidin dedikləri ilə onun əsaslı iddiasını etibarsız hesab edə bilər. Bundan əlavə şahidin bildirdiklərinə də nəzər salınsa, cavabdeh Cavabdeh ona dediklərini bildirir, özü heç bir şeyin şahidi olmayıb. Buradan görünür ki, nəyə şahidlik edir cavabdeh ona belə deyib, bu cür şahidlik özü etibarsız hesab edilməli idi. Qeyd olunanlar onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ədalətli məhkəmə araşdırması aparmamışdır.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Füzuli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməklə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, cavabdeh Cavabdeh 138.700 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, 390 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissənin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakimlər – A.Novruzova (məruzəçi), M.Sadıqov və M.Əsədli).
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Cavabdeh işdə olan qəbzləri və həmin qəbzlərdəki imzaların özünə məxsus olmasını nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında mübahisələndirməmiş, əksinə apellyasiya baxışı zamanı verdiyi izahatında qəbzlərin onun tərəfindən yazıldığını, ali təhsilli olduğunu və bu sənədlərin tərtib edilməsi zamanı hər hansı məcburiyyətin olmadığını açıq şəkildə bəyan etmişdir. Belə olan halda, qəbzlərin mövcudluğu, onların cavabdeh tərəfindən tərtib edilməsi və imzalanması iş üzrə mübahisəsiz halı kimi qəbul edilməlidir.
15. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qəbzlərin məzmununun araşdırılması göstərir ki, müxtəlif tarixlərdə cavabdeh tərəfindən qızıl-zinət əşyalarının alındığını təsdiq edən və ümumilikdə 158.700 manat məbləği əhatə edən yazılı sübutlar mövcuddur. Iddiaçı iddia ərizəsində tərəflər arasında münasibətlərin ümumi məbləğinin 178.700 manat olduğunu bildirsə də, məhkəmə yalnız iş materiallarında mövcud olan qəbzlərlə sübuta yetirilmiş 158.700 manat məbləği etibarlı sübut kimi qəbul edə bilər. Məhz bu məbləğ iş üzrə sübut olunmuş borc öhdəliyinin həddi hesab edilməlidir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatlarından, o cümlədən iddiaçının iddia ərizəsində verdiyi açıqlamadan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 20.000 manat məbləğində ödəniş edilmişdir. Iddiaçının bu halı açıq şəkildə etiraf etməsi həmin məbləğ üzrə öhdəliyin icra edildiyini təsdiq edən sübut kimi qəbul edilməlidir. Bu baxımdan, 20.000 manat məbləğində ödəniş faktının iddiaçının öz bəyanatı ilə təsdiqlənməsi cavabdehi həmin məbləğ üzrə sübutetmə yükündən azad edir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 427, 567, 569, 600-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri
19. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsini qismən, iddia tələbinin təmin olunmayan (20000 manat) hissəsində ləğv edib, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmamış, ədalətli məhkəmə araşdırması aparmamışdır və bununla da, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüququnu pozmuşdur. Məhkəmə iddia tələbini heç bir əsas olmadan 20000 manat az təmin etməklə, Mülki Məcəllənin 21-ci maddəsinin tələbini pozmuşdur.
21. Cavabdeh (vəkil vəkil1 Bəhram oğlu) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir. Bununla da, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Iddiaçı polis şöbəsində verdiyi izahatında qızılları “Moskva” univermağından alaraq üzərinə 30% məbləğ qoymaqla cavabdehə satdığını, cavabdehlə alqısatqının 2015-ci il tarixdən 2019-cu il tarixədək davam etdiyini, cavabdehə 100000 manat dəyərində qızıl verdiyini və ondan 20000 manatını aldığını bildirmiş, məhkəmə iclasında isə qızılların anasına məxsus olduğunu, cavabdehə 2021-ci ildən başlayaraq qızıllar satdığını demiş, cavabdehə 100000 manat dəyərində qızıl verdiyini və onun 20000 manatını aldığını, 80000 manat borc qaldığı halda ondan 158700 tələb etməsini, “WhatsApp” yazışmalarında qızıllarla bağlı hər hansı yazışma göstərilməməsini, yalnız kimdənsə 200 manat və daha az məbləğdə pul alaraq cavabdehə faizə verməsini əsaslandıra bilməmişdir.
a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 427.1 Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
27. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
29. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsindən, cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
42. Bu baxımdan işin hallarına nəzər saldıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən dəlillərə apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət verilmişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası ayrıca qeyd edir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.