Məhkəmə qərarları › İş №2(1-8)-1118/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1118/2026

25.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1118/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, müqavilənin aldatma yolu ilə bağlanılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

2. Müqavilədə hüquq sahəsində fərdi fəaliyyət göstərən fiziki şəxs Cavabdeh (VÖEN- №**********, s/ v AA №*******, FİN 4H2M0R0) şəxsind bir tərəfdən (bundan sonra “İcraçı” adlandırılacaq), Şəmkir rayonu, Ağ Alabaşlı kəndində qeydiyyatda olan İddiaçı (s/ v AZE №********, FİN 590598JG) şəxsində (bundan sonra “Sifarişçi” adlandırılacaq) digər tərəfdən, aşağıdakı şərtlərlə razılaşmışlar: - bu müqavilə çərçivəsində İcraçı Sifarişçi tərəfindən təqdim olunmuş sənədlərin öyrənilib araşdırılmasını və Sifarişçiyə problemin həll edilməsi üçün mümkün variantlar haqqında xəbər verilməsini, lazımi sənədlərin tərtib edilməsində, Gəncə İnzibati Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsinə veriləcək (iddia, apellyasiya və kassasiya) şikayət ərizələrinin, inzibati orqanlara təqdim ediləcək ərizələrin tərtib edilməsini Sifarişçi ilə razılaşdırmaqla həyata keçirir və yaxud Sifarişçinin təqdim etdiyi müvafiq sənədləri Sifarişçi adından aid orqanlarda təqdim edib baxılmasına nail olur, işlərin baxılması zamanı Sifarişçinin hüquqlarının müdafiəsi üçün məhkəmə baxışlarında da iştirak etmək, hüquqi izahlar vermək və vəsatətlər qaldırmaq hüququna malikdir; - cavabdeh qismində DSMF-nin struktur bölmələrinə müraciət edildiyi və ya onlara qarşı mübahisə başladıldığı halda müdafiəsi nəzərdə tutulan hüquqi xidmətin dəyəri (Sifarişçi ilə razılaşdırılmaqla) 300 (üç yüz) manat təşkil edir. Əgər mübahisə nəticəsində pensiya təyin edilərsə, bu halda İcraçı xidmət haqqı kimi pensiyanın təyin edilmiş aylıq məbləğinin 30 (otuz) faizini xidmət haqqısı kimi hesablanmasını tələbinə daxildir. - sifarişçi bu müqavilənin 3-cü bəndində göstərilən razılaşmanı pozduğu halda, bununla bağlı İcraçı tərəfindən gələcəkdə bu müqaviləni məhkəmədə mübahisələndirdikdə, Sifarişçi qaldırılacaq iddiaya dair heç bir etiraz etməyəcəyini və iddianın qəbul edilməsi barədə razılığını bildirir. Sifarişçi həmçinin, xidmət haqqının İcraçıya tam həcmdə və daha rahat formada ödənilməsi üçün İcraçının təklif etdiyi qanuni üsulların tətbiqinə razılıq verəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ilə (bundan sonra həmçinin “cavabdeh”) bağladığı ##.##.2024-cü il tarixli “hüquqi xidmətlərin göstərilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq istəmişdir. DSMF bundan imtina etdiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin zaman özünü vəkil kimi təqdim edən cavabdeh iddiaçı ilə ##.##.2024-cü il tarixdə müqavilə bağlamışdır. Hüquqi xidmətlərin göstərilməsi haqqında həmin müqaviləyə əsasən cavabdeh Gəncə İnzibati Məhkəməsinə, Gəncə Apellyasiya Məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizələrin hazırlanması öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh özünü vəkili kimi təqdim etmişdir. Sonradan iddiaçı bilmişdir ki, cavabdeh vəkil deyil, məhkəmələrdə iştirak etmək səlahiyyəti yoxdur, üstəlik, kassasiya şikayəti tərtib etmək səlahiyyətinə də malik deyildir. Müqavilənin şərtlərinə nəzərə salanda hətta iddiaçı üçün vəkillə müqavilə bağlamaq vəzifəsini də cavabdehin üzərinə götürdüyünün şahidi olmuşdur. Doğrudur, cavabdehə etibarnamə vermişdir. Lakin, cavabdehin yönləndirilməsi əsasında verdiyi etibarnamədə iddiaçının əsas məqsədi məhkəmədə cavabdehin onu təmsil etmək olmuşdur. Lakin hazırda müqaviləyə nəzər salanda anlamaq olmur ki, həmin müqavilə hüquqi xidmətlərin göstərilməsi üçün bağlanmışdır, yoxsa vəkillə müqavilə bağlamağı özündə ehtiva edən tapşırıq müqaviləsidir. Onların arasında bağlanan müqavilə “xidmət müqaviləsidir” ki, belə bir müqavilə, ümumiyyətlə, mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. İkincisi, bağlanmış müqavilədə icraçının üzərinə götürdüyü öhdəliklər əslində onun icra edə biləcəyi öhdəliklər deyildir. Bu isə təsdiq edir ki, qeyd olunan müqavilə aldatma ilə bağlanmışdır.

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə bağladıqları xidməti müqavilənin 1-ci bəndində göstərilən əsas xidmətlər sadalanarkən “işə baxılarkən sifarişçinin təqdim etdiyi etibarnamə əsasında inzibati işə bağlı vəkillə sifarişçinin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılması da daxil olmaqla” ifadəsi vardır ki, bu da özünü onu vəkil kimi təqdim etməyini istisna edir. Əgər vəkil idisə, niyə iddiaçı onun hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamağı hazırki iş üzrə iddiaçı ona tapşırmışdır. Etibarnamə verərkən notarius etibarnamə verəndən etibarnamə verdiyini soruşur. İddiaçı istəsəydi belə, notarius vəkillərin reyestrində adı olmayan şəxsə məhkəmədə təmsilçilik etibarnaməsi verə bilməzdir. Hüquqi xidmətlərin göstərildiyi müddətdə vəkil olmadığı üçün iddiaçının hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamaq ehtiyacı yarana bilərdi və belə bir müqaviləni iddiaçının etibarnaməsi əsasında bağlamağı qanunvericiliyə qətiyyən zidd deyildir. İddiaçı onunla müqaviləni bağlamadan öncə guya DSMF-yə müraciət etmiş, imtina aldıqdan sonra onunla müqavilə bağlamışdır. Bu belə deyildir. Belə ki, hazırda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə Gəncə İnzibati Məhkəməsində iddia işinə baxılır. Həmin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdeh qurum ##.##.2024-cü il tarixli. *-**-*/*-H-******/**** saylı məktubu ilə iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. Həmin qurumun göndərdiyi imtina məktubu hazırki iş üzrə cavabdehin yaşadığı məntəqənin poçt şöbəsinə ##.##.2024-ci il tarixdə daxil olmuşdur. Onun tərəfindən iddiaçının adından DSMF-nin müvafiq qurumuna göndərdiyi müraciət həmin quruma ##.##.2025-ci i tarixdə daxil olmuşdur. Həmin imtina məktubu əsasında onun hazırladığı iddia ərizəsi X1 ## ###### 2025-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Aydın olur ki, məlum müqavilə bağlandıqdan sonra DSMF-nin müvafiq qurumuna güzəştli pensiya üçün müraciət edilmişdir.

6. Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Əli İmanov)

7. Birinci instansiya məhkəməsi bildirmişdir ki, ##.##.2024-cü il tarixli müqavilə tərəflərin imzası ilə təsdiq edilmiş və məzmunu aydın şəkildə ifadə olunmuşdur. Müqavilənin 1-ci bəndində göstərilən şərtlərdən görünür ki, cavabdeh (icraçı) hüquqi xidmətlərin göstərilməsi çərçivəsində sifarişçiyə (iddiaçıya) hüquqi sənədlərin hazırlanması, aidiyyəti orqanlara təqdim edilməsi və məhkəmələrdə iştirakla bağlı kömək göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunundan aydın olur ki, icraçının öhdəlikləri sırf hüquqi yardım, məsləhət və sənədlərin tərtibinə yönəlib, yəni bu müqavilə vəkillik fəaliyyəti barədə deyil, hüquqi xidmətlərin göstərilməsinə dair xidmət müqaviləsidir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilənin bağlanması zamanı guya aldadıldığını bildirmiş, lakin bu barədə hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, əqd yalnız o halda aldatma səbəbindən mübahisələndirilə bilər ki, aldatma halları obyektiv dəlillərlə sübuta yetirilsin, yəni əqd digər tərəfin qəsdən yanlış məlumat verməsi və ya vacib hallarda susması nəticəsində bağlansın. Halbuki, iş materiallarından görünür ki, iddiaçı müqaviləni imzalamazdan öncə onun məzmunu ilə tanış olmuş, etibarnaməni də öz iradəsi ilə vermiş, müqavilənin icrasına etiraz etməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının aldanmaya məruz qalması barədə təqdim etdiyi arqumentlər subyektiv xarakter daşıyır və obyektiv sübutlarla təsdiq olunmur. Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtləri təfsir edilərkən tərəflərin həqiqi niyyəti və iradə ifadəsi nəzərə alınmalıdır. Müqavilənin məzmunundan göründüyü kimi, tərəflərin iradəsi hüquqi xidmətlərin göstərilməsinə yönəlmişdir və bu iradə azad, qarşılıqlı razılıq əsasında ifadə edilmişdir.

10. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinin tələblərinə uyğun olaraq müqavilənin etibarsızlığı üçün qanuni əsas olan hallar – yəni iradə azadlığının pozulması, zorakılıq, hədə, aldatma, yanılma və ya qanunla qadağan edilmiş məqsəd – bu işdə sübuta yetirilməmişdir.

11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən göstərilən hallar müqavilənin etibarsız sayılması üçün kifayət deyil. Belə ki, müqavilə azad iradə ilə, qarşılıqlı razılaşma əsasında bağlanmışdır; iddiaçının aldatmaya məruz qalmasına dair heç bir obyektiv dəlil təqdim edilməmişdir; müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri aydın və qanunvericiliyə uyğun müəyyən edilmişdir; müqavilə bağlanarkən iddiaçının hüquq subyektliyi və hərəkət qabiliyyəti tam olmuşdur. Bu səbəblərdən ##.##.2024-cü il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə etibarlıdır, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmışdır və onun etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hüquqi əsaslar mövcud deyildir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 390. 399.1, 407.2, 339.2, 404, 405.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdehə etibarnamə vermişdir, lakin onun yönləndirilməsi əsasında verdiyi etibarnamədə onun əsas məqsədi məhkəmədə onu təmsil etmək olmuşdur. Onların arasında bağlanan müqavilə “xidməti müqavilədir” ki, belə bir müqavilə ümumiyyətlə, mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. İkincisi, bağlanmış müqavilədə icraçının üzərinə götürdüyü öhdəliklər əslində onun icra edə biləcəyi öhdəliklər deyil. Bu isə təsdiq edir ki, iddiaçı qeyd edilən müqaviləni aldatma ilə bağlamışdır. Müqavilənin 4-ci bəndi təsdiq edir ki, iddiaçı insanları aldatmaq və onların savadsızlığından istifadə etmək məqsədi güdmüş, belə ki, qeyd edilən şərt birbaşa olaraq Mülki Məcəllənin tələblərinə ziddir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Pərviz Əhmədov)

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin 1-ci bəndində cavabdehin üzərinə götürdüyü öhdəliklər hüquqi məsləhətlərin verilməsi, sənədlərin hazırlanması, ərizələrin tərtibi və aidiyyəti orqanlara təqdim edilməsi ilə bağlıdır. Bu öhdəliklər hüquqi xidmətlərin göstərilməsinə dair xidmət müqaviləsinə xasdır və özlüyündə vəkillik fəaliyyəti anlamına gəlmir. Bundan əlavə, müqavilənin 2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, DSMF ilə mübahisə zamanı zərurət yarandığı halda iddiaçının hüquqlarının müdafiəsi üçün ayrıca vəkillə müqavilə bağlanılması mümkündür. Bu hal cavabdehin özünü vəkil kimi təqdim etmədiyini, əksinə, vəkil statusuna malik olmadığını müqavilə mətnində dolayısı ilə də olsa açıq şəkildə göstərir. Apellyasiya şikayətində iddiaçının cavabdehin özünü vəkil kimi təqdim etməsi barədə iddiası müqavilənin bu bəndi ilə ziddiyyət təşkil edir və məhz bu ziddiyyət iddiaçının mövqeyinin ardıcıl və inandırıcı olmadığını göstərir.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı müqavilənin aldatma yolu ilə bağlandığını iddia etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin və Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarında formalaşdırılmış hüquqi mövqenin tələblərinə uyğun olaraq aldatma faktı yalnız subyektiv ehtimallarla deyil, obyektiv və inandırıcı sübutlarla təsdiq edilməlidir. Aldatma o halda mövcud hesab edilə bilər ki, qarşı tərəf qəsdən yalan məlumat versin və ya vicdanlılıq borcuna uyğun olaraq məlumat verməli olduğu halları gizlətsin və məhz bu hərəkətlər müqavilənin bağlanmasına səbəb olsun. İş materiallarından isə görünür ki, iddiaçı müqaviləni imzalamazdan əvvəl onun məzmunu ilə tanış olmuş, müqavilə bağlandıqdan sonra da uzun müddət ərzində həmin müqavilənin icrasına etiraz etməmişdir. Müqavilə şərtlərinin iddiaçı üçün aydın olmadığı və ya onun real iradəsinə zidd olduğu barədə hər hansı obyektiv dəlil təqdim edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışı zamanı öz iddialarını təsdiq etmək üçün mühüm əhəmiyyət kəsb edən etibarnaməni təqdim etməmiş, halbuki bu sənədin təqdim edilməsi ona təklif olunmuşdur. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemi üzərindən aparılmış notarial sorğular nəticəsində tərəflər arasında etibarnamənin verilməsi faktı da təsdiqini tapmamışdır. Bu hal sübutetmə yükünün iddiaçının üzərində olduğunu bir daha göstərir və onun aldatma ilə bağlı arqumentlərini daha da zəiflədir.

19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı müqavilənin “xidməti müqavilə” olmasını və guya mülki qanunvericilikdə belə müqavilənin nəzərdə tutulmadığını iddia etsə də, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən tərəflər bu Məcəllədə birbaşa nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli müqavilə hüquqi xidmətlərin göstərilməsinə yönəlmiş xidmət müqaviləsi olmaqla mülki dövriyyədə geniş yayılmış və qanunvericiliyə zidd olmayan müqavilə növüdür.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia və etirazlarını əsaslandıran halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. İddiaçı isə etibarnamənin mövcudluğu və məzmunu barədə iddia irəli sürdüyü halda, nə həmin sənədi təqdim etmiş, nə də bu sənədin notarial qaydada verildiyini təsdiq edən hər hansı rəsmi məlumat ortaya qoymuşdur. Belə olan halda, iddiaçının etibarnamənin verilməsi və onun guya cavabdehin özünü vəkil kimi təqdim etməsi ilə əlaqəli olması barədə arqumentləri ehtimallara əsaslanan və sübuta yetirilməmiş mülahizələr kimi qiymətləndirilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının öz ifadəsindən də göründüyü kimi, o, etibarnaməni cavabdehin “yönləndirilməsi əsasında” verdiyini bildirir. Bu isə bir daha təsdiq edir ki, iddiaçı müqavilə bağlanarkən cavabdehin statusu, müqavilənin mahiyyəti və icraçının səlahiyyətlərinin hüdudları barədə müqavilə mətnində əksini tapmış şərtlərlə tanış olmuş, buna baxmayaraq sonradan həmin şərtləri aldatma kimi təqdim etməyə çalışmışdır. Halbuki, müqavilənin məzmunu və tərəflərin sonrakı davranışları cavabdehin özünü vəkil kimi təqdim etməsini təsdiq etmir

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 389.1, 390.1, 399.1, 405.1, 339.2, 407.2.-ci maddələri və “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2019-cu il tarixli Qərarın istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilə yalnız cavabdehin istəyi ilə onun mənafeyinə uyğun birtərəfli qaydada, iddiaçının savadsız olmasından istifadə edilməklə aldatma nəticəsində bağlanıb. Cavabdehin özünün vəkil olmasını bildirməsi və iddiaçının ona inanıb müqaviləni oxumaması və savadsız olmasını bilən cavabdeh əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla faktiki olaraq iddiaçını aldatmaqla imza etməsinə nail olmuşdur. Əgər iddiaçı müqaviləni oxumuş və onun şərtləri ilə tanış olsaydı və ya cavabdeh müqaviləni oxumaqla ona izah etmiş olsaydı müqavilənin 3 və 4-cü bəndlərinə görə həmin müqavilə ilə razılaşmaz və onu imza etməzdi. Müqavilə mülki qanunvericiliyin tələblərinə tamamilə ziddir.Bu şərtlərlə bağlanmış müqavilə şəxsi aldatmaq və onu ağır maddi duruma salmaq niyyətidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə cavabdeh etiraz vermişdir. Etirazın dəlillərinə görə iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulan xidmət haqqını ödəməmək məqsədilə, özü üçün “aldadılmış”, cavabdeh üçün isə „saxta vəkil” imici yaratmaqla məhkəmə hakimiyyətini aldatmağa çalışır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 339.2.Əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2019-cu il tarixli Qərarı: “Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

31. İddia tələbi iddiaçının cavabdehlə bağlanmış xidmət müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin əsası kimi aldadılmasına istinad etmişdir.

32. İşə mahiyyəti üzrə baxan məhkəmələrin, o cümlədən apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, iddiaçı istinad etdiyi halları, yəni cavabdehin müqaviləni aldatma nəticəsində bağlanmasına nail olmasını sübut edə bilməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur.

34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

35. İddiaçı müqaviləni cavabdeh tərəfindən aldadılma nəticəsində bağladığını işdəki sübutlarla təsdiq edə bilməyib.

36. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, o, öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

37. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla müqavilənin aldadılma nəticəsində bağlanması, mülki qanunvercililikdə xidmət müqaviləsinin nəzərdə tutulmaması barədədir. Bu dəlillərə də müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələri tam qiymət veriblər.(bax:7-11 və 16-321-ci bəndlər)

38. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

39. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

40. Məhkəmə kollegiyasi bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki mövcud sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar