Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1134/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinin özbaşına yenidən planlaşdırılması ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı X1 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı və cavabdeh qonşu mənzillərdə yaşayırlar. Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ** saylı evin ** saylı mənzili ##.##.2004-cü il tarixdən iddiaçının mülkiyyətində, **-** saylı mənzili ##.##.2023-cü il tarixdən cavabdehin mülkiyyətindədir.
2. Işin mübahisəsiz halıdır ki, cavabdeh yaşayış sahəsində özbaşına yenidən planlaşdırma edərək ümumi istifadədə olan dəhlizin 3,4 kv.m hissəsini özbaşına öz mənzilinə birləşdirərək divarın və qapının yerini dəyişmişdir.
3. Cavabdeh tərəfindən görülmüş işlərin iddiaçının marağına toxunub-toxunmadığı işin mübahisəli halı olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh qanunsuz (özbaşına) tikintisinin sökülməsi; Cavabdeh hesabına zəbt edilmiş dəhlizin əvvəlki vəziyyətinə qaytarılması; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh tərəfindən ümumi istifadə üçün nəzərdə tutulmuş dəhlizin bir hissəsinin qanunsuz olaraq zəbt edilməsi nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuş, mənzilə sərbəst girişçıxış məhdudlaşdırılmış, yaşayış şəraiti ciddi şəkildə pisləşmiş və bu hal davamlı xarakter almışdır. Iddiaçı hesab edir ki, cavabdehin hərəkətləri həm mənzil qanunvericiliyinin, həm də yanğın təhlükəsizliyi və tikinti normalarının tələblərinə zidd olmaqla, ictimai təhlükəsizliyə və vətəndaşların hüquqlarına real təhlükə yaradır. Buna görə də ümumi istifadədə olan dəhlizin əvvəlki vəziyyətinə qaytarılması və cavabdehin qanunsuz müdaxiləsinin aradan qaldırılması zəruridir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Tağıyev Ceyhun) iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 3 36-37 ünvanda inşa edilən özbaşına tikilinin sökülməsi, Cavabdeh hesabına ünvan 3 36-37 ünvandakı dəhlizin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyində qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən **-** saylı mənzilin qapısı mənzilin daxilinə tərəf açıldığına görə qapılar açılıb – bağlanan zaman bir-birinə toxunmur. ünvan 2 36-37 ünvanda aparılan təmir işləri ilə bağlı ünvan 1 ünvanında mənzilə giriş-çıxışı məhdudlaşdırılıb məhdudlaşdırılmadığının müəyyən edilməsi məsələsi hüquqi xarakterli olduğundan, eləcə də, xüsusi bilik tələb etmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. ünvan 2 36-37 ünvanda quraşdırılmış qapı və inşa edilmiş divar, mülki iş materiallarında olan ünvan 2 36-37 ünvanına dair tərtib edilmiş ##.##.2014-cü il tarixli texniki pasportda öz əksini tapmadığından, həmin qapının quraşdırılmasına və divarın inşa olunmasına dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin qapının və divarın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə iddiaçı özbaşına tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna (maraqlı tərəf olmaqla subyektiv hüquqa) malik olan şəxsdir.
9. Iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar iddia tələbinin əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən çoxmənzilli binanın ümumi istifadədə olan dəhlizinin bir hissəsinin özbaşına şəkildə zəbt edilərək mənzil sahəsinə birləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, iddiaçının mülkiyyət və istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
10. Buna görə də məhkəmə iddianı təmin edərək, cavabdeh tərəfindən həyata keçirilmiş özbaşına tikintinin sökülməsi, ümumi istifadədə olan dəhlizin əvvəlki vəziyyətinə qaytarılması və müvafiq məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 180.4-cü maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1, 29.4, 35.1, 35.2 və 35.3-cü maddələri, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyini düzgün qiymətləndirməmiş və təhrif etmiş, eləcə də iddiaçının subyektiv hüququ olmadığı halda iddia tələbinin təmin edilməsinə yol vermişdir. Şikayətdə göstərilir ki, dəhlizin zəbt edilməsi faktı cavabdeh tərəfindən deyil, ** saylı mənzilin sahibi tərəfindən həyata keçirilmişdir və məhkəmə bu halı düzgün araşdırmamışdır. Həmçinin qeyd olunur ki, ekspert rəyində dəhlizə giriş-çıxışın məhdudlaşdırılması məsələsinin hüquqi xarakterli olduğu bildirilərək tədqiqat aparılmaması məhkəmə tərəfindən yanlış qiymətləndirilmişdir. Apellyasiya şikayətində iddia olunur ki, cavabdeh yalnız öz mənzilinin qapısında dəyişiklik etmiş, bu dəyişiklik iddiaçının hüquqlarını pozmamışdır və tərəflər arasında uzun müddət heç bir mübahisə olmamışdır. Eyni zamanda, iddianın şəxsi münasibətlər zəminində qərəzli şəkildə qaldırıldığı, iddiaçının isə belə tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmadığı bildirilir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (*(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Bəhramzadə Sabit (sədrlik edən və məruzəçi), Sadıqov Vahid və Mərdanova Xumar) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, hazırda mənzillərin qarşısında yerləşən təxmini olaraq 3.4 kv.m dəhliz hissəsinin qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilməklə öz mənzilinə birləşdirilməsi İddiaçı Şamil qızının mülkiyyət hüquqlarının pozulmasına və yeni qapının onun qapısına bitişik qoyulmaqla mənzilə giriş-çıxışını məhdudlaşdırmasına istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Başqa sözlə cavabdeh tərəfindən aparılmış tikinti işi onun mülkiyyət hüququnu pozmaqla ona ziyan vurur. Göründüyü kimi, tərəflər arasında mübahisə mənzillərin qarşısında yerləşən təxmini olaraq 3.4 kv.m dəhliz hissəsinin cavabdehin öz mənzilinə birləşdirilməsi ilə bağlıdır.
16. Bu səbəbdən apellyasiya icraatı zamanı keçirilmiş yerli müayinə zamanı (fotoşəkillər var), müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mənzillərin giriş qapıları bir-birinə perpendikulyar yerləşir. Cavabdehin qapısı mənzilinin daxilinə, iddiaçının qapısı isə dəhlizə açılır. Cavabdehin qapısı faktiki olaraq işəri açıldığından həmin qapı açılarkən iddiaçıya heç bir maneə yaratmır. Iddiaçı qapısını sərbəst açır və hətta qapı açılarkən cavabdehi mənzilinin qarşısına açılır. O cümlədən yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzili daha öndə yerləşdiriyindən onun mənzilinə giriş çıxışda hər hansı maneə olmamaqla yanaşı, hər hansı bir əşyanın gətirilməsi və ya evdən çıxarılması zamanı da hər hansı maneə ilə rastlaşmayacaqdır. Cavabdeh tərəf sanitar qovşağa gedişini təmin etmək məqsədilə binanın dəhlizindən ümumilikdə az hissəsini sahəni evinin dəhlizinə əlavə etmişdir.
17. Işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, **-** saylı mənzilin mülkiyyətçisi Cavabdeh 3.4 kv.m dəhliz hissəsini öz mənzil sahəsinə birləşdirərək divar inşa etmiş və qapı quraşdırmışdır. Birinci instansiya məhkəməsi zamanı əldə edilmiş ekspert rəyi ilə də quraşdırılan həmin qapının iddiaçının mülkiyyətində olan ** saylı mənzilə zərər vurması, onun mənzilindən giriş-çıxışına mane yaratması müəyyən edilməmişdir. Eyni zamanda sonradan inşa edilən qapının cavabdehin mənzilinin daxilinə açıldığı, iddiaçının qapısının isə dəhlizə, yəni cavabdehin qapısının qarşısına açıldığı müəyyən edilmişdir. Hazırkı vəziyyətdə inşa edilmiş qapının iddiaçının hər hansı bir mülkiyyət hüququnu pozmadığı, onun öz yaşayış sahəsindən sərbəst şəkildə istifadə etdiyi, eyni zamanda gediş-gəlişi məhdudlaşdırmadığı görünür.
18. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən inşa edilən qapı iddiaçının hər hansı bir hüququnu pozmur, onun mülkiyyətindən istifadə edilməsinə hər hansı bir formada maneə yaratmır, yəni cavabdeh tərəfindən hüquqdan sui-istifadə hallarına yol verilməmişdir. Başqa sözlə, iddiaçının öz mənzilindən istifadə hüquqları məhdudlaşdırılmayıb, dəhlizdən keçməklə sərbəst şəkildə öz mənzilinə girib çıxa bilir. Yerində müayinə zamanı çəkilmiş foto şəkillərdən isə göründüyü kimi sonradan inşa edilmiş qapının açılış hissəsinin cavabdehin mənzilinin içərisinə doğru quraşdırılması belə tərəflərə məxsus mənzillərin qapılarının açılması zamanı bir-birinə toxunması halını da istisna edir.
19. . Bundan əlavə kollegiya tərəflərin verdikləri izahatlara əsasən müəyyən etmişdir ki, cavabdeh Cavabdeh 3.4 kv.m dəhliz hissəsini öz mənzil sahəsinə birləşdirərək divar inşa edərkən iddiaçı buna etiraz etməmiş və hətta qapının quraşdırılmasına şərait belə yaratmışdır. Həmin tikinti işi isə xeyli əvvəl inşa edilmiş, əsaslı təmir işləri aparmış və xeyli vəsait sərf etmişdir. Iddiaçının buna hər hansı etirazının olmaması, təmirin gedişatı zamanı bununla bağlı hər hansı müraciətinin olmaması ilə də öz təsdiqini tapır. Daha sonra bütün tikinti-təmir işləri başa çatdıqdan sonra bununla bağlı məhkəməyə müraciəti iddiaçının cavabdehə münasibətdə güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi fonunda baş vermişdir ki, kollegiya bunu hüquqdan sui-istifadə hesab edir.
20. Kollegiya qeyd etmişdir ki, iddia tələbinin əsası cavabdeh tərəfindən aparılmış işlərinin onun mülkiyyətindən istifadə hüquqlarının pozulmasına söykənir. Hazırda isə məhkəmə araşdırması zamanı cavabdehin apardığı təmir tikinti işlərinin iddiaçıya hər hansı formada ziyan vurmaması, həmçinin aparılmış təmir işlərinin onun hər hansı bir hüququnu pozmadığı müəyyən edilmişdir. Belə olan halda isə məhz iddia tələbinin əsasını təşkil edən hallar təsdiqini tapmadığından iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180.1, 180.4, 560.1, 560.3.4, 180-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq iş üzrə sübutları tam, obyektiv və qərəzsiz qiymətləndirməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.3 və 35.6cı maddələrinin, Mülki Məcəllənin 152, 157, 180.1 və 180.4-cü maddələrinin tələblərinə zidd olaraq çoxmənzilli binanın ümumi istifadəsində olan dəhlizin cavabdeh tərəfindən zəbt edilməsinə və icazəsiz tikintinin saxlanılmasına hüquqi əsas vermişdir; halbuki iş materiallarında mövcud olan ekspertiza rəyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi mövqeyi, texniki sənədlər və digər sübutlar tikintinin özbaşına və normativ tələblərə zidd olduğunu təsdiq etmiş, lakin apelyasiya instansiyası həmin sübutlara hüquqi qiymət vermədən yalnız subyektiv mülahizələrə (“qapıların toxunmaması”, “xərc çəkilməsi” və s.) əsaslanaraq birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmiş, bununla da mülkiyyət hüququnun toxunulmazlığı, çəkişmə prinsipi və məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.
24. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 88, 217 və 218-ci maddələrinin tələblərini pozaraq işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutlara qərəzsiz hüquqi qiymət verməmiş, ekspertiza rəyləri, texniki sənədlər və dövlət orqanlarının rəsmi mövqeyini nəzərə almadan yalnız subyektiv mülahizələrə əsasən qətnamə qəbul etmişdir. Nəticədə məhkəmə qanunsuz tikintinin və ümumi istifadədə olan sahənin zəbt edilməsinin hüquqi nəticələrini düzgün müəyyən etməmiş, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozaraq işin faktiki hallarına uyğun olmayan, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
25. Kassator şikayətini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1, 35.3 və 35.6cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 180.1, 180.4, 152.5 və 152.6-cı maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 88, 217.1, 217.4 və 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
30. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
31. Maddə 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
32. Maddə 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
33. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
34. Maddə 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa;
35. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.
36. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
37. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
38. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
39. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
43. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həm Mülki Məcəllənin 180.4-cü, həm də Mənzil Məcəlləsinin 27.5-ci maddəsinin dispozisiya şərtlərindən görünür ki, yaşayış sahəsində özbaşına həyata keçirilmiş yenidən planlaşdırma işlərinin sökülməsi barədə tələb irəli sürmüş maraqlı şəxs bu işlərin həyata keçirilməsinin onun maraqlarına zidd olduğunu, hüquqlarını pozduğunu və ya həyat və sağlamlığına təhlükə yaratdığını sübut etməlidir.
45. Sübutları qiymətləndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin yaşadığı mənzillər yerində müayinə edilərək müəyyən edilmişdir ki, cavabdehin ümumi istifadədə olan dəhlizdən 3,4 kv.m hissəni öz sahəsinə birləşdirməsi iddiaçının mənzilinə giriş-çıxışına, mənzilə hər hansı əşyanın gətirilməsinə və çıxarılmasına maneə yaratmadığından hüquq və maraqlarını pozmur. Məhkəmə eyni zamanda iddiaçının bu işlərin görülməsinə əvvəldən etiraz etmədiyini, işlərin görülməsinə şərait yaratdığını, bütün tikinti-təmir işləri başa çatdıqdan sonra bununla bağlı məhkəməyə müraciət etdiyini nəzərə alaraq bu halı hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.
46. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə məxsus olsa da, MM-nin 215.1-ci və Mənzil Məcəlləsinin 23-27-ci maddələrinin təhlilindən görünür ki, qonşuların və ya maraqlı üçüncü şəxslərin razılığı ilə mənzil mülkiyyətçiləri tərəfindən ümumi istifadədə olan sahələrin yenidən planlaşdırma qaydasında mənzilə birləşdirilməsi yolveriləndir.
47. Mənzil qanunvericiliyində bu işlərin əvvəlcədən müvafiq icra hakimiyyəti orqanından alınmış qərar əsasında həyata keçirilməsi müəyyən edilsə də, Mənzil Məcəlləsinin yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələrini tənzimləyən 27-ci maddəsindən (27.2.2) görünür ki, bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan hallar aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən etmək, tələb vaxtında yerinə yetirilmədikdə həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etmək hüququ razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasına məxsusdur. Işlərin görülməsinə hər hansı etiraz etməməklə MM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş qaydada razılıq ifadə etmiş digər mülkiyyətçilərin və qonşuların belə bir tələbi irəli sürməyə subyektiv hüququ isə yuxarıda qeyd edildiyi kimi Mənzil Məcəlləsinin 27.5-ci maddəsində qeyd edilmiş əsaslar olduqda yaranır.
48. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş, iş üzrə tətbiq edilməli olan maddi normaların və prosessual normaların pozuntusuna yol verilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.