Məhkəmə qərarları › İş №2(1-8)-1267/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1267/2026

18.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1267/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:Mülkiyyət hüququnun müdafiəsi; yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı mübahisə, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehə 10000 (on min) manat kompensasiya ödəməklə mənzilinə köçürülmə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər 2009-cu ildə nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi keçmiş Lenin rayon XDS Icraiyyə Komitəsinin ## ###### 1991-ci il tarixli, */** saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X1 ayrılmış və sonuncu ## ######## 2010-cu il tarixdə həmin torpaq sahəsinə dair 30 il müddətinə İddiaçı adına etibarnamə vermişdir.

3. Həmin torpaq sahəsində 2014-cü il tarixdə fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmamış və əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır.

4. Tərəflər arasında mübahisəli torpaq sahəsi və onun üzərində tikilən özbaşına tikili ilə bağlı oxşar məhkəmə mübahisələri olmuş və yekun olaraq mübahisələrə dair məhkəmələr tərəfindən qanuni qüvvəsni almış qətnamələr qəbul olunmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən ** saylı evin, * saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdeh Cavabdeh 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, ** saylı evin * saylı mənzilinə köçürülmə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlə Cavabdeh ilə 2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan ##.##.2012-ci il təvəllüdlü X6 adında bir qız övladı olmuşdur. Nikahları ailə münasibətləri davam etmədiyi üçün məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli mənzil olan ünvan 2 ünvanında yerləşən, ** saylı evin * saylı mənzilini 2014-cü ildə atası nümayəndə1 ilə birlikdə tikmişlər. Mənzilin torpaq sahəsi isə Bakı şəhəri Sabunçu rayonu XDSnin ## ###### 1991-ci il tarixli, */** saylı qərarına əsasən X1 verilmiş 1200 kv.s olmuşdur ki, ondan da 200 kv.m sahəsini ##.##.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Cavabdehin iddiaçıya qarşı “Mənzilə Köçürmə tələbinə dair” iddiası olmuş və Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür. Bir müddət mübahisə olduğundan cavabdeh iddiaçını mənzilə buraxmamış, dava salmış və ona maneələr yaratmışdır. Daha sonra mübahisəli mənzili cavabdeh iddiaçıdan xəbərsiz olaraq kirayə vermiş, iddiaçı isə bundan xəbərdar olaraq ona qarşı “mənzilə köçürmə tələbinə dair” iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və icra olunaraq mənzilə köçürülmüşdür. Hazırda cavabdeh mənzildə yaşamadığından, onun daimi yaşayış yeri olduğundan və iddiaçının daimi yaşayış yeri olmadığından cavabdehin mənzilə köçürülmə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Belə ki, məhkəmə qətnaməsindən də aydın olur ki, torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu XDSnin ## ###### 1991-ci il tarixli, */** saylı qərarına əsasən X1 verilmiş 1200 kv.m torpaq sahəsindən 200 kv.m sahəsini ##.##.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Belə olan halda da, həmin torpaq sahəsinə və üzərində tikilmiş mənzilə gələcəkdə mülkiyyət hüququ əldə etmək gözləntisi vardır. Cavabdehin də hazırda istifadəsində olan mənzildə formal “mənzilə köçürülmə” qətnaməsi olması və faktiki yaşamaması iddiaçının hüquqlarını pozur və mülkiyyətindən sərbəst istifadəsinə maneə yaradır. Iddiaçı tərəf olaraq iddiaçının mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə" malikdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Abbasova Əminə).

8. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı mövqeyinin əsaslandırılması baxımından ilk növbədə qeyd etmişdir ki, mülki mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.

9. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilmiş, lakin dövlət reyestrində qeydə alınmadığından özbaşına tikili statusunda olmuşdur. Bu səbəbdən tərəflərin həmin əmlak üzərində mülkiyyət hüququ yaranmamış, yalnız istifadə və yaşayış hüquqları formalaşmışdır.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, nə iddiaçı, nə də cavabdeh mübahisəli ev üzərində mülkiyyət hüququna malik deyildir. Bu səbəbdən iddiaçının cavabdehə nisbətən daha üstün və geniş hüquqa malik olması müəyyən edilmir, cavabdehin isə həmin yaşayış sahəsində yaşamaq hüququ mövcuddur və bu hüququn məhdudlaşdırılması üçün hüquqi əsaslar yoxdur.

11. Məhkəmə mövcud qanunvericiliyə və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə əsaslanaraq qeyd etmişdir ki, özbaşına tikiliyə münasibətdə hüquqi müdafiə yalnız tikintiyə sərf olunmuş ümumi vəsaitin payına uyğun kompensasiyanın tələb olunması ilə məhdudlaşır. Bu halda digər şəxsin yaşayış hüququna xitam verilməsi və ya onun mənzildən çıxarılması barədə iddia qaldırmaq hüququ mövcud deyildir.

12. Beləliklə, yekun olarasq məhkəmə iddiaçının cavabdehə kompensasiya ödəməklə onun yaşayış hüququna xitam verilməsi tələbi üzrə subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü; Mülki Məcəlləsinin 180.1, 180.2, 225.1, 228.1 və 228.2-ci; Mülki-Prosessual Məcəlləsinin 9.1, 14.2 və 77.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etibarnamədə qeyd edilən səlahiyyətlər X3 deyil, İddiaçı verilmişdir. Yəni, hər hansı istiqamətdə yanaşılarsa, hazırkı iddianın təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçı yeni ailə qurmuşdur və himayəsində azyaşlı uşağı vardır. X3 ilə bir evdə yaşaması qeyrimümkündür.

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (atası) iddiaçıya 10.000 manat kompensasiya ödənilməklə evin qızı ilə uşağa qalmasını təklif etmiş, iddiaçı da razılaşmış və mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır.

17. Lakin növbəti (hazırkı) məhkəmə iclasında işə qoşulmuş iddiaçının nümayəndəsi (atası) yalnız özlərinin 10.000 manat kompensasiya verməklə cavabdehin uşaqla birlikdə mübahisəli evdən imtina etməsinə razı olduqlarını bildirmiş, bu səbəbdən barışıq baş tutmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə).

19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apelyasiya məhkəməsi öz mövqeyinə həmçinin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda iddiaçı kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə köçürülməsi hüququna xitam verilməsini tələb edir. Iddiaçı özünü gələcək mülkiyyətçi statusunda görərək Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən hesab edir ki, belə iddia vermək üçün subyektiv hüquqa malikdir.

20. Kollegiya qeyd etmişdir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahı dövründə inşa olunmuşdur və iqtisadi cəhətdən həmin ev onların birgə əmlakı hesab olunur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Ona görə də hazırkı vəziyyətdə mübahisəli yaşayış sahəsinə münasibətdə hər iki tərəf eyni hüquqlara malikdirlər (sahiblik və istifadə).

21. Kollegiya nəticə etibarı ilə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanan iddianı qaldırmaq üçün isə iddiaçı mülkiyyətçi olmalıdır, yalnız bu halda həmin normanın digər dispozisiya şərtləri yoxlanıla bilər. Iddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etməmişdir, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır. Buna görə də o, cavabdehə qarşı hazırkı iddianı qaldıra bilməz.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 225.1, 228.1, 228.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 384.0.1, və 385.2-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin tamamilə ləğv olunması, işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etməklə belə əsaslandırılmışdır ki, torpaq sahəsi və üzərindəki tikili ilə bağlı iddiaçının uzunmüddətli istifadə və sərəncam səlahiyyətləri mövcud olmaqla, əvvəlki məhkəmə aktlarında onun bu əmlakla bağlı hüquqlarının mövcudluğu və ya perspektivi dolayısı ilə tanınmışdır. Cavabdeh uzun müddət mənzildə yaşamamış, mənzili kirayəyə verməklə gəlir əldə etmişdir. Tərəflər arasında münasibətlərin pozulması və birgə yaşayışın mümkünsüzlüyü faktiki olaraq sübut olunmuşdur. Həmçinin qeyd olunur ki, məhkəmə icraatı zamanı cavabdeh tərəf iddiaçıya 10.000 manat kompensasiya təklif etmiş, mübahisəli mənzilin ekspert qiyməti 19.620 manat müəyyən edilmişdir. Hesab edir ki, bu əsaslarla kompensasiya müqabilində cavabdehin mənzildən çıxarılması məqsədəmüvafiqdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

31. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

33. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

49. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı).

51. Apellyasiya instansiya məhkəməsi haqlı oalaraq qeyd etmişdir ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahı dövründə inşa olunmuşdur və iqtisadi cəhətdən həmin ev onların birgə əmlakı hesab olunur. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Ona görə də hazırkı vəziyyətdə mübahisəli yaşayış sahəsinə münasibətdə hər iki tərəf eyni hüquqlara malikdirlər (sahiblik və istifadə). Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanan iddianı qaldırmaq üçün isə iddiaçı mülkiyyətçi olmalıdır, yalnız bu halda həmin normanın digər dispozisiya şərtləri yoxlanıla bilər. Iddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ əldə etməmişdir, bu isə o deməkdir ki, iddiaçının subyektiv hüququ yaranmamışdır.

52. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar