Məhkəmə qərarları › İş №2(1-8)-1295/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1295/2026

28.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1295/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri maraqlı şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri maraqlı şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən, ümumi sahəsi 59.4 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2006-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 2172.3 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Iddiaçının mülkiyyətində olan obyektdən cavabdehin obyektinə dörd pəncərə açılır, cavabdeh bu pəncərələrin önünü yüngül konstruksiyadan inşa edilmiş hasarla bağlamış, üzərinə də dəmir konstruksiyadan talvar çəkmişdir. Cavabdeh bütün bu tikinti işlərinin tərəfindən həyata keçirildiyini mübahisələndirmədən qəbul edir. Bununla belə o, qarşı tərəfin iddiasının əksinə, bu tikililərin tam qanuni şəkildə öz mülkiyyətində olan ərazidə inşa edildiyini bildirmişdir. Iddiaçı iddiasını tikililərin qanunsuz olması ilə yanaşı, obyektin pəncərələrinin tam bağlanması səbəbindən obyektə daxil olan hava və işığın önünün tamamilə kəsilməsini, eləcə də obyektə gedən kommunikasiya xətlərinin cavabdeh tərəfindən qanunsuz olaraq çəkilmiş hasarın arxasında qalmasını, bu səbəbdən həm də təhlükəsizliklə bağlı riskli vəziyyətin yaranmasını bildirir.

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri maraqlı şəxs2 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ** nömrəli binanın onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yan fasad divarında bağlanmış 04 ədəd pəncərənin açılması və həmin divarın önünə metal konstruksiyadan montaj olunmuş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən 59.4 kv.m qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Göstərilən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində keçmiş Məişət Xidmətinin * saylı Atelyesinin 1-ci mərtəbəsində yerləşir və halhazırda fəaliyyət göstərir. Keçmiş “Məişət Evi” 2 mərtəbəli bina olmaqla, 1956-cı ildə inşa edilmiş, həmin binanın 2-ci mərtəbəsi bütünlüklə, 1-ci mərtəbəsinin isə 60 kv.m dövlət mülkiyyətidir. Son aylar ərazidə qonşuluqda tikinti və quraşdırma işlərini icra edən Cavabdeh Bakı şəhər Icra Hakimiyyəti və Bakı şəhəri maraqlı şəxs2, eləcə də dövlətin müvafiq qurumlarının rəsmi razılığı olmadan avtomobil təmiri məntəqəsi hüdudlarından kənarda və qeyd edilən ünvanda qanunsuz tikinti işləri aparır. Iki obyekt arasında ümumi istifadə üçün nəzərdə tutulmuş sərbəst torpaq sahəsi zəbt olunduğundan ümumilikdə istər binanın ona aid olan hissəsinə və eləcə də iki mərtəbəli binanın dövlət mülkiyyətinə aid olan hissəsinə gedişgəliş məhdudlaşmışdır. Nəticədə binanın zirzəmisində mövcud olan mülki müdafiə məqsədi daşıyan sığınacaqların qapıları və pilləkən qəfəsinin qapı və pəncərələri tam bağlanmışdır. Bu azmış kimi, qanunsuz tikinti və yenidənqurma işlərinin nəticəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04 ədəd pəncərəsi tamamilə bağlanmışdır. Obyektin şərq tərəfindən yan fasad divarına müdaxilə etməklə metal konstruksiyalarla montaj işləri görməklə talvar qurulmuşdur. Dəfələrlə tikinti aparan Cavabdeh ilə onun tərəfindən işləri mübahisələri olmasına baxmayaraq, qanunsuz tikinti davam etdirilir. Qanunsuz tikintinin aparılması onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə real təhlükə yaradır və obyekt tamamilə təbii işıqdan məhrum olunmuşdur.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia edilən tikililər həqiqətən də inşa edilsə də, həmin tikililər onun xüsusi mülkiyyətində olan sahədə inşa edilmişdir. Sahib olduğu avtoservisin bütün mülkiyyət sənədləri mövcuddur. Həmin avtoservisdə aparılan bütün tikintilər də qanuni şəkildə aparılmışdır. Əksinə, iddiaçı özü qanunsuz olaraq müəyyən ərazini zəbt etmişdir və zəbt edilən ərazi ona məxsus olan sahəyə düşür. O, bu barədə iddia qaldırmaq fikrindədir. Iddiaçının obyektinin pəncərələrinin qarşısını bağlamağının səbəbi öz işlədiyi servisə gələn müştərilərin narahat olmalarından ibarətdir. Belə ki, avtoservisə gələn müştərilər qonşu obyektdən avtoservisə pəncərələrin açılmağından narahat olurlar. Həmçinin qeyd etmişdir ki, o, özünə məxsus sahədən qonşu sahəyə hava, işıq və s. kimi imkanlar təmin etmək öhdəliyi daşımır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Nümayəndə tərəfindən FHN DYNX-nin 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsində qeydiyyata alınmış ##.##.2025-ci il tarixli, *-**-**/*-M-**-**/**** nömrəli müraciət (vətəndaş öz müraciətində bildirmişdir ki, keçmişdə məişət evi olmuş 2 mərtəbəli binanın 1-ci mərtəbəsinin 59.4 kv.metr sahəsi vətəndaş Nümayəndə mülkiyyətindədir. Qonşuluq təşkil edən və avtomobil təmiri adı altında yerləşən qeyri-yaşayış obyektinin sahibi vətəndaş Cavabdeh mühəndis kommunikasiya xətlərinə, binanın dövlət əmlakına aid olan hissəsinin yan fasad divarına pilləkən qəfəsinə mülki müdafiə üçün nəzərdə tutulmuş sığınacaqların qapılarına müdaxilə etməklə vətəndaşın mülkiyyətində olan binanın yan fasadına açılan 04 ədəd pəncərəni və giriş qapısını tamamilə bağlamışdır. Vətəndaş bildirir ki, tikinti təmir işləri tikinti norma və qaydalarına və tikintidə təhlükəsizlik qaydalarına riayət edilməmişdir) əməkdaşlar tərəfindən araşdırılmış, müraciətdə qeyd olunan fakt öz təsdiqini tapmış, qonşu qeyri-yaşayış obyektinin sahibi vətəndaş Cavabdeh tikinti norma və qaydalarının (AzDTN 2.6-1. Yanğın əleyhinə tələblər, * nömrəli məcburi əlavəsi) tələblərini pozaraq öz divarını vətəndaş Nümayəndə məxsus qeyri-yaşayış obyektinin divarına birləşdirərək 04 ədəd pəncərə oyuqlarını bağlamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, gələcəkdə baş verə biləcək partlayış, yanğın və hər hansı fövqəladə hadisənin qonşu qeyri-yaşayış obyektinə verə biləcək təhlükənin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsinə məlumat verilməsi xahiş edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli məhkəmə tikinti-texniki ekspertizasına dair ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) üzərindən çəkilmiş talvar tikilisinin və binanın giriş hissəsindən 2.0 metr boyunca quraşdırılmış darvazanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1, 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fasad divarından 0.1 metr (10 sm) məsafədə inşa edilmiş hasar tikilisinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmiş və iddiaçının mülkiyyətində olan ** saylı qeyri-yaşayış sahəsinin pəncərə boşluqlarının qarşısında yüngül konstruksiyalardan inşa edilmiş hasar tikilisi ilə fasad divarının arasında kommunikasiya (su, işıq və s.) xətlərinin keçdiyi müşahidə edilmişdir.

9. Məhkəmə tərəfindən həm iddiaçıya, həm də cavabdehə məxsus ünvan 2 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrində yerində müayinə keçirilmişdir. Müşahidə edilmişdir ki, hər iki obyekt yan-yana yerləşməklə qonşu obyektlərdir. Lakin aralarında yüngül konstruksiyadan inşa edilmiş bir hasar, üzərində isə dəmir konstruksiyadan talvar var.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 52 ünvanında yerləşən qeyriyaşayış sahəsinin yan divarında cavabdeh Cavabdeh tərəfindən yüngül konstruksiyadan inşa edilən hasarla bağlanmış dörd ədəd pəncərənin açılması, həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılması, cavabdeh Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı, 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – S.Miriyeva).

11. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi hər iki tikili (onun obyektinin pəncərələri boyunca yüngül konstruksiyadan tikilmiş hasar və üzərindəki dəmir talvar) cavabdehin iddia etdiyinin əksinə, qeyri-qanuni şəkildə tikilmişdir.

12. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdehin tikinti-texniki tələblərə məhəl qoymadan inşa etdiyi tikililər aidiyyəti orqan tərəfindən yanğın təhlükəsizliyinə risk kimi qiymətləndirilmişdir. Bundan əlavə, mübahisəli hasarla iddiaçının pəncərələri arasında kommunikasiya xətlərinin qapalı vəziyyətdə qalması da riskli vəziyyət yaratmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin lazımi inzibati prosedura riayət etmədən özbaşına tikdiyi bu tikililər iddiaçının mülkiyyətindəki qeyri-yaşayış sahəsinin pəncərələrinin önünü tam qapamaqla onun hüquqlarına qanunsuz müdaxilə təşkil etmişdir. Odur ki, iddiaçı bu qanunsuz müdaxilə vəziyyətinin aradan qaldırılmasını, yəni iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə məxsus dörd pəncərənin önünün açılmasını və hasarın üzərində dəmir konstruksiyadan inşa edilmiş talvarın sökülərək əvvəlki vəziyyətə qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 165.1, 165.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.5, 69.5.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş 1-ci suala (ünvan 3 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) yerləşdiyi torpaq sahəsi kimin mülkiyyətindədir? Bu ərazi cavabdeh Cavabdeh mülkiyyətində olan və həmin ünvanda 0.243840 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 2172.30 kv.m olan qeyri-yaşayış binasının ərazisinə daxildirmi?) ekspert cavab verməmişdir. Bu suala cavab verilməməsi məhkəmənin qəbul etdiyi qətnamənin əsassız olduğunu təsdiq edir. Belə ki, mübahisə predmeti kimin mülkiyyətində olması müəyyən edilmədikdə cavabdehin həmin iddiaya aidiyyəti belə mümkünsüzdür, lakin, buna baxmayaraq məhkəmə bu faktları araşdırmadan hazırkı qətnaməni qəbul etmişdir. Qeyd edilməlidir ki, məhkəmə ekspert rəyində 2-ci suala cavabı əsas götürmüşdür. Belə ki, ekspert qeyd edir ki, ünvan 3 ünvanında yerləşən və avtoservis kimi fəaliyyət göstərən qeyri-yaşayış binasının giriş hissəsinin (yan tərəfdən qonşu obyektin pəncərəsini örtən sədd boyunca) üzərindən çəkilmiş talvar tikilisinin və binanın giriş hissəsindən 2,0 metr kənarda quraşdırılmış darvazanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli 160 N-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1, 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Halbuki, Mülki Məcəllənin 176.2-ci maddəsində torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisi ilə arasında olan möhkəm ayırıcı mərz çəkilməsi hüququna malikdir. Məhkəmənin yanaşması ondan ibarətdir ki, guya cavabdeh 4 metr hündürlüyündə mərz çəkərkən (4x0.25) 1 metr ara məsafəsi saxlamalı idi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ümumiyyətlə mərzi yoxdur, belə olan halda cavabdehin 1 metr ara məsafəsi saxlamaqla çəkilməklə həyata keçirəcəyi mərz iddiaçının xeyrinə cavabdehin isə ziyanına xidmət etmiş olur. Beləliklə cavabdeh məhkəmənin istinad etdiyi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin yerinə yetirdikdə torpaq sahəsi boyunca 1 metr sahəsini iddiaçıya vermiş olur ki, bunda onun hüquqlarının ciddi şəkildə pozulmasına və mülkiyyətindən məhrum edilməsinə səbəb olur. Göründüyü kimi, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin fiziki şəxsin hüquqlarına ziyan vurmasına və onun vəziyyətini pisləşdirməsinə tətbiq edərək həm Konstitusiyanın 149-cu maddəsini həmdə Mülki Məcəllənin 7-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozmuş tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə daha dəqiq 69.5.3-cü bəndinə istinad etmişdir. Lakin maddənin preambulası başqa münasibətlərdən bəhs edir. Belə ki, 69.1-ci maddədə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmasından bəhs edir. Lakin hazırkı vəziyyətdə mübahisə binaların arasında olan məsafədən getmir, bina və mərz (divar) arasında olan məsafədən bəhs edir ki, bu halda Şəhərsalma və Tikinti Məcəlləsinin Maddəsinin 69.5.3-cü bəndinin tətbiqi mümkünsüzdür. Işin faktiki hallarında müəyyən edilir ki, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddiaçıya məxsus tikili Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MН № ******* Çıxarışın tarixli ##.##.2006-cı il kimi qeyd edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsi isə 2012ci il ## #### tarixli ***-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Yəni mübahisə predmeti təşkil edən tikililər mübahisə predmetinin yaranması Şəhərsalma və Tikinti Məcəlləsindən illər öncə olmuşdur. Belə olan halda məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsini tətbiq etməli olmadığı halda bunu edərək iddianı təmin etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında qeyd etmişdir ki, iddiaçı tikinti başlanıldığı ilk dövrdə polisə, icra hakimiyyəti, şəhərsalma komitəsi, tikintiyə nəzarət agentliyinə və əmlak komitəsinə müraciət etmişdir. Bina 2 mərtəbəlidir, birinci mərtəbə özəlləşib, ikinci mərtəbə dövlət əmlakıdır. Iddia ərizəsində də qeyd etdiyi kimi qanunsuz tikinti və yenidənqurma işlərinin nəticəsində onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 04 ədəd pəncərəsi tamamilə bağlanmışdır. Obyektin şərq tərəfindən yan fasad divarına müdaxilə etməklə metal konstruksiyalarla montaj işləri görməklə talvar qurulmuşdur. Ekspert rəyi hakim tərəfindən qərar qəbul edilərkən nəzərə alınır, apellyasiya şikayətində ekspert rəyinin mötəbər olmadığını bildirməsi qanunsuz və əsassızdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilmişdir (hakimlər – G.Axundova (məruzəçi), F.Qasımov və M.Rüstəmli).

18. Məhkəmə kollegiyası, cavabdehin məhkəmənin istinad etdiyi normaların binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulmasından bəhs etdiyi halda, hazırkı vəziyyətdə mübahisənin binaların arasında olan məsafədən getməməsi, bina və mərz (divar) arasında olan məsafədən bəhs etməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililər (hasar və üzərindəki dəmir talvar) cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üstüstə düşmür, bu tikililər sonradan inşa edilmiş, obyektin sahəsi genişləndirilmişdir. Buna baxmayaraq, ekspert rəyində istinad edilmiş Qaydaların (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları) tələblərinə riayət edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarından lazımi rəylər, icazələr alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, hər iki obyekt yan-yana yerləşməklə qonşu obyektlərdir. Lakin aralarında yüngül konstruksiyadan inşa edilmiş bir hasar, üzərində isə dəmir konstruksiyadan talvar var.

19. Məhkəmə kollegiyası mübahisə predmeti təşkil edən tikililərin Şəhərsalma və Tikinti Məcəlləsinin qəbul edilməsindən illər öncə inşa edilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırda mübahisə son dövrdə yüngül konstruksiyadan inşa edilən hasar və həmin hasarın üzərində dəmir konstruksiyadan inşa edilən talvarın sökülməsindən gedir, odur ki, şikayətin həmin dəlili əsassızdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 5, 16, 152, 157-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh öz mülkiyyətində olan əmlak barəsində öz mülahizəsi ilə həmin hərəkətləri edib yuxarıda qeyd edilmiş səbəbdən metal konstruksiyanı ucaltmış və bu iddiaçı və ya digər şəxsin hər hansı hüququnu pozmamışdır. Iddiaçının tələbi əsassızdır. Cavabdeh müvafiq ekspertizanın tam aparılmamasını, ekspert rəyində bütün sualların cavablandırılmamasını apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırmış, lakin məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibət bildirmədən birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edib qətnaməni qüvvədə saxlamışdır. Ara məsafəsi müəyyən edilərkən iki qonşu arasında sərhəd koordinatları dəqiqləşdirilməmiş, iddiaçının qanunsuz tikilisi cavabdehə məxsus ərazi kimi qiymətləndirilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi işin bütün müəyyən edilmiş hallarına uyğun əsaslandırılmamış, sonradan daxil olmuş mühüm dövlət sənədləri nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Cavabdeh kassasiya şikayətinə qarşı verilmiş etiraza qarşı yazılı münasibət göndərərək, etirazın təmin edilməməsini, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29 (II). Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

27. Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

32. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.

33. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”

34. Maddə 4.1. Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir.

35. Maddə 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlar və ekspert rəyləri qarşılıqlı əlaqədə qiymətləndirilərək iddiaçının mübahisələndirdiyi tikililərin (hasar və üzərindəki dəmir talvar) cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin texniki pasportundakı göstəricilərlə üst-üstə düşmədiyi, bu tikililərin sonradan inşa edildiyi, obyektin sahəsinin genişləndirildiyi, mübahisəli tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının tələblərinə riayət edilmədən, müvafiq icra hakimiyyəti orqanlarından lazımi icazələr alınmadan inşa edildiyi müəyyən edilmiş, həmin tikililərin iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratması sübuta yetirilmişdir.

49. Şikayətin dəlilləri mahiyyət etibarilə sübutların yenidən qiymətləndirilməsinə və iş üzrə müəyyən edilmiş faktiki halların mübahisələndirilməsinə yönəlmişdir ki, bu da kassasiya baxışının hədlərindən kənardır.

50. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

52. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar