Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1298/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ##.##.2022-ci il tarixdə həm Maraqlı şəxs, həm də onun arvadı cavabdeh2 ilə notariat qaydasında iki kredit müqaviləsi bağlamışdır. Həmin müqavilələr reyestrdə müvafiq olaraq 3M-1777 və 3M**** nömrə ilə qeyd edilmişdir. Həmin kredit müqavilələrinə əsasən kreditorların hər biri 10.000 manat pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə borc alana verir, borc alan isə krediti birinci müqavilə üzrə borc verənə ##.##.2023-cü il tarixədək, ikinci müqavilə üzrə borc verənə isə ##.##.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürür.
2. Kredit müqavilələrinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızı X3 və kürəkəni (qızının əri) Ağayev Firidun Bəxtiyar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq olaraq 178.2.1, 178.2.2 və 178.2.4-cü və 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş, cavabdehin əri Maraqlı şəxs həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olmuş və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxs X4 qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli, *M-**** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qızının əri, yəni onun yeznəsi Ağayev Firidun Bəxtiyar oğlu Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmənin gedişində zərərçəkmiş şəxs olan Maraqlı şəxs (cavabdehin əri) bildirmişdir ki, onun 10.000 manat zərərini ödəsinlər, sonuncu da öz növbəsində şikayətini geri çəkəcəkdir. O isə bildirmişdir ki, onun 10.000 manat pulu yoxdur. Zərərçəkmiş isə cavabında “gedək notariusda borc müqaviləsi imzalayaq. Mən öz 10.000 manat pulumu qoyacam banka, sən də götürüb qaytaracaqsan mənə. Sonra mən ərizə verəcəm ki, yeznənin zərəri ödənilib və onunla barışmışam. Yaranmış “borcu” ayda 1.000 manat olmaqla 10 ay müddətində ödəyəcəksən” sözlərini demişdir. Ancaq bu əməliyyatı aparmaq üçün arvadı da notariusda qol çəkməlidir. Onlar notariusa getmişlər, o, notariusda müqaviləyə qol çəkərək pulu götürmüş və Maraqlı şəxs vermişdir. Cavabdeh cavabdeh2 ilə də, yenidən ##.##.2022-ci il tarixdə müqavilə imzalamışdır. 1-ci müqavilə ilə 2-ci müqavilə arasında 17 dəqiqə fərq olmuş və müqavilə imzalanmışdır. Yenidən bankdan təkrar həmin pulu qəbul etmiş, təkrar həmin pulu cavabdehin əri Ilhama vermişdir. Sonra Ilham ona zərərin ödənilməsi barədə və qızının əri ilə barışması barədə ərizə vermişdir və yeznəsini həbsdən buraxmışlar. O, pulu ödəməyə başlamış, sonra ödəmələrində gecikmələr olduğundan, tutma onun əmək haqqına yönəldilmişdir. Icra məmuru ona iki kredit müqaviləsinin olmasını bildirmişdir. Icra məmuru ona bu barədə dedikdən sonra anlamışdır ki, onu aldatmışlar və ona iki borc müqaviləsi imzalatdırmışlar. O, 10.000 manat pula görə borclanmış, artıq borcunu demək olar ki, yekunlaşdırmışdır. O, qeyd etmişdir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamış və müqavilə bağlandığı andan etibarsız sayılmalıdır.
5. Cavabdeh cavabdeh2 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir və dövlət notariat kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin əsassız olduğunu bildirməklə yanaşı, hazırkı iş üzrə iddiaçının qızı Aksana Ağayevanın və onun əri Firidun Ağayevin ümumilikdə 32.320 manat borclarının olduğunu, məhkəmə tərəfindən mülki iddiaya münasibət bildirilərkən səhvə yol verildiyini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən notariat kontorunda müqavilə bağlanan zaman 20.000 manat məbləğində pul vəsaiti də məhz ona məxsus olmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində 3M-**** nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilmişdir (hakim X2).
8. Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının qızı və kürəkəni ilə Maraqlı şəxs arasında borc münasibətlərinin mövcud olmadığı, onların hərəkətlərində məhz dələduzluq əlamətlərinin sübut edildiyi, bu hərəkətlər nəticəsində iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs maddi zərərin vurulması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Tərəflərin izahatları, həmçinin iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, Maraqlı şəxs vurulan maddi zərərin bir qisminin, yəni 10.000 manatın Maraqlı şəxs ödənilməsi və bunun nəticəsində onun tərəfindən verilmiş şikayətdən imtina edilməsi məqsədilə hazırkı iş üzrə iddiaçı ilə eyni tarixdə 17 dəqiqə fərqlə iki kredit müqaviləsi Bakı şəhəri ** saylı dövlət notariat kontorunda bağlanmışdır. Bu müqavilələrdən biri Maraqlı şəxs ilə İddiaçı arasında, digər müqavilə isə onun yoldaşı, hazırkı iş üzrə cavabdeh cavabdeh2 ilə İddiaçı arasında bağlanmış və hər iki müqavilənin predmetini 10.000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi təşkil etmişdir.
9. Maraqlı şəxs izahatında bildirmişdir ki, ** saylı notariat ofisində bağlanmış kredit müqaviləsi məhz cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı olmuş, müqavilələrin predmeti olan 20.000 manat məbləğində pul vəsaiti məhz onun tərəfindən notariat ofisinə təqdim edilmiş, bununla da bir daha təsdiq edilmişdir ki, sözügedən müqavilə formal olaraq bağlanmışdır.
10. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında faktiki borc münasibətləri mövcud olmamış, iddiaçıya cavabdeh tərəfindən hər hansı pul vəsaiti verilməmiş, həmin müqavilə iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs vurulmuş maddi zərərin hissə-hissə ödənilməsi ilə bağlı bağlanmış, nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsi borc münasibətləri olmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə arasında borc münasibətlərinin real mövcud olmasını təsdiq edə bilməmiş, sübut kimi formal olaraq bağlanmış kredit müqaviləsinin notariat orqanı tərəfindən təsdiq edilməsinə iddianın rədd edilməsi üçün yeganə əsas kimi istinad etmişdir.
11. Məhkəmə mübahisəli borc müqaviləsinin bağlanması ərəfəsində mövcud olan faktiki halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qızı və kürəkəni tərəfindən cavabdeh2 əri Maraqlı şəxs maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsi ağlabatan deyil, həmin müqavilənin bağlanması məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olmuş, ümumiyyətlə cavabdehə iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı bir maddi ziyan dəymədiyi təqdirdə məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olması məhkəmə baxışında sübuta yetirilməmişdir.
12. Cavabdeh tərəfin etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmiş olduğu iddia ərizəsinin müqavilə bağlandığı müddətdən 18 ay keçdikdən sonra qaldırılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qızı ilə kürəkəni tərəfindən 10.000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi üçün müqavilənin bağlanmasına razılıq vermiş, həmin 10.000 manatı hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməklə, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində ödəmiş, həmin məbləğ tam icra edildikdən sonra icra məmuru tərəfindən ##.##.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş, bundan sonra icra məmuru tərəfindən çağırılaraq əlavə olaraq 10.000 manat məbləğində cavabdeh cavabdeh2 ilə kredit müqaviləsinin də mövcud olması barədə məlumatlandırıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin borc müqaviləsinin bağlanması ilə bağlı həqiqi iradə ifadəsinin mövcud olmaması, mübahisəli müqavilənin real olaraq bağlanmamasını və icra edilməməsini təsdiq edən kifayət qədər sübutlar iş materiallarında mövcud olduğundan, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 347.1, 347.2, 340.1, 340.2, 347, 354.2, 389, 390, 739 maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh2 ilə İddiaçı arasında olan borc müqaviləsini 3-cü şəxslərin arasında gedən proseslərlə əlaqələndirərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, əqd tərəflərin iradə ifadəsidir. İddiaçı əqd bağlamağa məcbur edilməyib, ona təzyiq edilməyib, o, öz iradəsinə uyğun olaraq istədiyi şəkildə hərəkət edib, cavabdeh2 notariusun depozit hesabı vasitəsilə 10.000 manat pul alıb. Burada onu aldadan olmayıb, belə çıxır ki, onada iddiaçı cavabdehi aldadıb, onunla müqavilə bağlayıb, sonra da mübashisələndirir ki, həmin müqavilə etibarsızdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Namiq Cəfərov-sədrlik edən və məruzəçi, Ikram Şirinov və Elşən Kazımov)
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin arasında bağlanmış ##.##.2022-ci il tarixli 3M-**** reyestr nömrəli kredit müqaviləsi uydurma əqddir.
19. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olub. Cavabdehin əri Maraqlı şəxs isə həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olub, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olub. Zərərin hələ ödənilmədiyi halda, zərər çəkmiş şəxsin (mülki iddiaçının) arvadının təqsirləndirilən şəxsin (mülki cavabdehin) qayınanasına 10.000 manat borc verməsi ağlabatan deyil. Həmçinin, iddiaçı (borc alan) ilə ər-arvad (borc verənlər) arasında eyni gündə iki kredit müqaviləsi bağlanıb. Kredit müqavilələri ardıcıl bağlanıb, əvvəlcə cavabdehin əri borc verən kimi müqavilə bağlayıb, bunun ardınca isə cavabdehin özü borc verən kimi müqavilə bağlayıb. Müqavilələrin ardıcıl bağlandığını isə onların reyestr nömrələrinin ardıcıllığı təsdiq edir: 3M-1777 və 3M-****.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərin 10.000 manat borc verməsindən dərhal sonra arvadın da eyni şəxsə 10.000 manat borc verməsi ağlabatan deyildir.
21. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar sübut olunur, yəni kredit müqaviləsi uydurma əqddir.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətinə baxılan zaman məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hüquqlarını müdafiə edə bilməmiş və müəyyən sübut və dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.
25. Cavabdeh qeyd etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Iddiaçı müqavilə bağlandığı andan həmin müqavilənin varlığından xəbərdar olmuşdur. ##.##.2022-ci il tarixində iddiaçı müqavilənin bağlanmasını özü arzu və xahiş etmişdir. Hazırda bunu inkar etməsi əsassızdır və məqsədi borcun ödənilməsindən yayınmaqdır. Iddiaçı müqavilə bağladıqdan 18 ay sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən 1 illik kəsici müddət tətbiq edilməlidir. Belə ki, sözügedən normanın tətbiqi üçün əvvəlcə əqdin etibarsız sayılmasına əsas verən faktiki hallar dəqiq müəyyən edilməli, bu hallara uyğun gələn (etibarsızlıq şərtini nəzərdə tutan) qanunun norması müəyyən edilməli, eləcə də etibarsızlığın növü təsbit edilməli, əgər tərəf mübahisə edilən əqdə istinad edirsə, mübahisələndirmənin Mülki Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə uyğun şəkildə və kəsici müddətlərdə edilib-edilmədiyinə qiymət verilməlidir. Iddiaçı birinci instansiya məhkəməsini yanıltmışdır. Belə ki, iddiaçı bir müqavilə üzrə öhdəliyini tam icra etdikdən sonra cavabdeh ilə kredit müqaviləsinin də mövcud olması barədə xəbəri olduğunu bildirmiş və həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir.Qeyd olunan müqavilənin 13-cü bəndinin tələbinə görə, ** saylı notariat ofisi tərəfindən müqavilə üç nüsxədə tərtib edilməklə, bir nüsxəsinin iddiaçıya təqdim edilməsi şərtləri qeyd edilmişdir. Həmin müqavilə iddiaçıya təqdim edildiyi andan həmin müqavilədən xəbərdar olmuşdur.
26. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının *(***)****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır (hakimlər:Rəşad Həsənov (məruzəçi), Aqil Abbasov və Əhməd Nurməmmədov).
27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları baxımından hazırkı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsi nəzərdən keçirilə bilər. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisələndirilən kredit müqaviləsi iddiaçının və cavabdehin ailə üzvlərinin cəlb olunduğu cinayət işi ilə bağlı, iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə dəymiş maddi ziyanın təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi cavabdeh2, borclu kimi isə İddiaçı qeyd olunmuşdur. Burada nəzərə alınmalıdır ki, cavabdeh2 qeyd edilən cinayət işində hər hansı şəkildə tərəf olmasa da, həmin iş üzrə zərərçəkmiş şəxs olan Maraqlı şəxsla əmlak birliyinə və ümumi əmlak maraqlarına malik olan şəxsdir. Qeyd edilməlidir ki, kredit müqaviləsinin mövcud borcun sənədləşdirilməsi məqsədi ilə bağlanması, bu zaman müqavilə üzrə pul vəsaitinin alınmaması sübuta yetirilirsə, bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyəqədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır. Buna baxmayaraq, məhkəmələr mübahisə predmeti olan ##.##.2022-ci il tarixli borc müqaviləsinin mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunması imkanını müzakirə etməmişlər.
28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyrimüəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh və onun əri tərəfindən aldadıldılaraq, arzulamadığı müqaviləni imzaladığına istinad etmişdir. Lakin işə baxan məhkəmələr bu dəlillə bağlı ətraflı araşdırma aparmamışlar.
29. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisənin yuxarıda şərh edilən qaydada həlli baxımından bu dəlillərin araşdırılması zəruridir. Bu zaman müqavilənin notariat ofisində notariat hərəkətlərinin aparılması qaydalarına uyğun şəkildə bağlanması (iddiaçı müqavilə bağlanarkən notarius tərəfindən hər hansı pozuntuya yol verildiyinə istinad etməmişdir), həmin müqavilənin bir nüsxəsinin iddiaçıya verilməsi, müqavilə imzalandıqdan sonra cavabdehin ərinin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq, təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayətinin olmaması barədə ərizə verməsi və həmin ərizədə məhz 20.000 manatla bağlı iddiaçı ilə borc müqaviləsi bağlandığının açıq şəkildə göstərilməsi, bu müqavilənin iddiaçı İddiaçı verilməsini onun özünün iddia ərizəsində etiraf etməsi, həmin ərizənin iddiaçının kürəkəninə cəza təyin edilərkən nəzərə alınması və s. əhəmiyyətli hallar nəzərə alınmalı, hazırkı müqaviləni mübahisələndirərkən iddiaçının vicdanlı davranması məsələsinə də qiymət verilməlidir.
30. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 340, 390, 404-cü, Mülki Prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Işə yenidən baxılan zaman məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
32. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
33. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir (hakimlər: Fuad Abdıyev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev)
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv qənaətə gəlmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, iddiaçının qızı X3 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü və kürəkəni Ağayev Firidun Bəxtiyar oğlunun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cavabdehin əri, hazırkı iş üzrə üçüncü şəxs Maraqlı şəxs (bundan sonra üçüncü şəxs) zərərçəkmiş şəxs kimi tanınmış və həmin icraat çərçivəsində təqsirləndirilən şəxslərə qarşı vurulmuş zərərin geri qaytarılması ilə bağlı mülki iddia qaldırmışdır (X1 Həmidovdan 2018-ci ilin sentyabr-oktyabr aylarında hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 32.320 manat pulu ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunurdu). Cinayət işi üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə onun mülki iddiası qismən təmin edilmiş, təqsirləndirilən şəxslərdən müştərək qaydada onun xeyrinə 17.320 manat pulun və 133 dövlət rüsumunun tutulması hökm edilmişdir. Üçüncü şəxs həmin hökmdən apellyasiya şikayəti vermiş, iddiaçının kürəkəninə 32.320 manat məbləğində, qızına isə 8.000 ABŞ dolları və 5.000 manat məbləğində pul verdiyini iddia etmişdir. Lakin sonradan üçüncü şəxs dəymiş zərərin bir hissəsinin ödənilməsi və qalan hissə ilə bağlı barışıq əldə olunması əsası ilə apellyasiya şikayətindən imtina etmişdir. Belə ki, həmin cinayət işi üzrə apellyasiya baxışı zamanı üçüncü şəxsə 10.000 manat məbləğində nağd şəkildə ödəniş edilmişdir.
37. Eyni zamanda, iddiaçı ilə cavabdeh və üçüncü şəxs arasında eyni tarixdə iki ayrı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin hər birində cavabdeh və üçüncü şəxsin iddiaçıya 10.000 manat məbləğində pulu borc verdiyi göstərilmişdir. Iddiaçı üçüncü şəxslə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və onun iddiası rədd edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda iddiaçı qeyd edilən cinayət işi üzrə üçüncü şəxsin (zərərçəkmiş şəxs) onun kürəkəni barəsində (iddiaçının qızına təyin edilmiş cəza övladı 14 yaşı çatanadək təxirə salınmışdır) şikayətindən imtina etməsi müqabilində 10.000 manat pulun ona ödənilməsini təklif etdiyini, bu məqsədlə kredit müqaviləsi bağladıqlarını, lakin onun həmin məbləğdə pul vəsaiti olmadığından kredit müqaviləsində göstərilmiş vəsaitin məhz üçüncü şəxs tərəfindən notariusun depozit hesabına qoyulduğunu, həmin tarixdə 17 dəqiqə fasilə ilə həm üçüncü şəxs, həm də onun arvadı ilə (cavabdehlə) ayrı-ayrılıqda 10.000 manat məbləğin borc verilməsi ilə bağlı iki kredit müqaviləsinin bağlandığını, ona ancaq bir müqavilənin bağlanması barədə məlumat verildiyini, nəticədə cavabdeh və üçüncü şəxs tərəfindən aldadıldığını bildirərək, cavabdehlə bağlanmış və ##.##.2022-ci il tarixli, *M**** nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.
39. Cavabdeh isə iddianı qəbul etməmiş iddiaçının kürəkəni tərəfindən vurulmuş zərərin ödənilməsi öhdəliyini iddiaçı öz üzərinə götürdüyündən cinayət işi çərçivəsində apellyasiya şikayətindən imtina edildiyini, ##.##.2022-ci il tarixli kredit müqavilələrinin məhz bu səbəbdən bağlandığını, iddiaçının notariat kontoruna qızı ilə birlikdə gəldiyini və 2 ayrı kredit müqaviləsini bağlamasından tam məlumatlı olduğunu, onun aldadılmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyası vurğulamışdır ki, iddia edilən müqavilənin etibarsız sayılması üçün buna əsas kimi müəyyən edilmiş şərtlərin hər biri mötəbər sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi iddia edilən tələbin rədd edilməsi üçün əsasdır.
41. Buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız tərəflər arasında kredit (borc) müqaviləsinin formal bağlandığını bildirməklə kifayətlənmiş, iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə (üçüncü şəxsə) maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsinin ağlabatan olmaması, həmin müqavilənin bağlanmasının məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olması qənaətinə gələrək, ümumiyyətlə cavabdehə iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı maddi ziyan vurulmadığı halda məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olmasının məhkəmə baxışında sübuta yetirilmədiyini vurğulamışdır. Lakin bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivi, tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməmişdir.
42. Halbuki, verilmiş ittihamda göstərilməklə yanaşı üçüncü şəxs özü də iddiaçının kürəkəni Firidun Ağayevə məhz 32.320 manat məbləğində (Aksana Ağayevaya 8.000 ABŞ dolları və 5.000 manat pul verdiyini, ümumilikdə ona 50.900 manat ziyanın vurulduğunu iddia etmişdir) pul verdiyini iddia etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə (mülki iddiası qismən təmin edilmişdir) təqsirləndirilən şəxslərdən müştərək qaydada onun xeyrinə 17.320 manat pulun tutulmasından narazı qalaraq (təqsirləndirilən şəxslər özləri də üçüncü şəxsdən 32.320 manat pulun alındığını etiraf etmişlər, lakin qaytarıldığını bildirmişdilər), həmin hökmdən apellyasiya şikayəti vermişdir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, ##.##.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək, ona olan 32.300 manat məbləğində borcdan 10.000 manat hissəsinin ödənildiyini, qalan borcun hissə-hissə ona ödəniləcəyini bildirərək, verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin tarixli ##.##.2022-ci il tarixli qərarı ilə onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Iş materiallarında olan həmin iclasın protokolunun surətindən görünür ki, üçüncü şəxs təqsirləndirilən şəxs Firidun Ağayevin ona olan 32.300 manat borcundan 10.000 manat hissəsini ödədiyini, qalan 22.300 manat borcunu isə hər ay 1.000 manat olmaqla 20 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, ona görə apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Əhməd Fərhadov bu məlumatı, o cümlədən təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs (üçüncü şəxs) qarşısında belə bir öhdəlik götürdüyünü təsdiq etmiş və yüngül cəzanın təyin edilməsini xahiş etmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan və üçüncü şəxs tərəfindən yazılmış ##.##.2022-ci il tarixli ərizənin (1-ci cild, i.v. 11) surətinə əsasən üçüncü şəxs ona 32.320 manat borcu olan Ağayev Firidun Bəxtiyar oğlundan qaynanası vasitəsi ilə 10.000 manat aldığını, qalan 20.000 manatın ödənilməsi ilə bağlı qaynanası İddiaçı ilə notarial qaydada borc müqaviləsi bağladıqlarını, ona görə onun Ağayev Firidun Bəxtiyar oğluna qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir tələbinin olmayacağını bildirmişdir. Iş materiallarında olan ##.##.2023-cü il tarixli yazılı iltizamda (1-ci cild, i.v. 12) isə iddiaçının borc müqaviləsinə əsasən Ağayev Firidun və Ağayeva Aksananın borcu üzrə ##.##.2023-cü il tarixdə 800 manat verdiyi, üçüncü şəxsin isə 200 manat pulun ##.##.2023-cü il tarixdə ödənilməsi şərti ilə ona olan borcdan həmin 800 manatı aldığı qeyd edilmişdir. Iltizama əsasən iddiaçı fevral ayında üçüncü şəxsə ümumilikdə 1.000 manat məbləğində pul ödəməli idi. Nəzərə alınmalıdır ki, hər iki sənəd (ərizə və iltizam) məhz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir.
44. Bununla belə, 47-48-ci bəndlərdə göstərilən hallar, o cümlədən tərəflərin ##.##.2022-ci il tarixli müqaviləyəqədərki və sonrakı danışıqları və yazışmaları, habelə hərəkətləri belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən kredit müqaviləsi qeyd edilən cinayət işi ilə bağlı iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə (hazırki iş üzrə üçüncü şəxsə) vurulmuş maddi ziyanın ödənilməsinin təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi cavabdeh, borclu kimi isə iddiaçı qeyd olunmuşdur. Həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul kredit (borc) qismində verilməmiş, hüquqi nəticə etibarı ilə həmin müqavilə cinayət işi çərçivəsində iddiaçının kürəkənin üçüncü şəxsə vurduğu zərərin (mövcud olan borcun) etirafının sənədləşdirilməsi məqsədi ilə bağlanmışdır.
45. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər bir halda, həm Firidun Ağayev, həm də üçüncü şəxs 20.000 manatın hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldiklərini bildirir, lakin onların arasında borcun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşmanın tərtib edildiyi, habelə kredit müqavilənin bağlandığı müəyyən edilmir. Belə olan halda, üçüncü şəxsin onun etibarından sui-istifadə edərək, ondan 32.320 manat pulu alan və sonradan qaytarmayan, buna görə barəsində cinayət işi qaldırılan şəxsin adi sözünə (vədinə) inanaraq, şikayətindən imtina etməsi nəinki inandırıcı deyil, ümumiyyətlə həmin vaxt mövcud olan vəziyyətə görə onların arasında belə bir razılığın olması mümkün deyil. Təqsirləndirilən şəxsin verdiyi vəd birmənalı şəkildə üçüncü şəxsə münasibətdə təminat altına alınmalı idi.
46. Mübahisələndirilən kredit müqaviləsinin ##.##.2022-ci il tarixdə bağlanması, məhz bundan sonra cinayət işi üzrə üçüncü şəxsin və təqsirləndirilən şəxsin ##.##.2022-ci il tarixli məhkəmə iclasında razılığa gəlmələri barədə mövqe bildirməsi, həmin razılıq çərçivəsində təqsirləndirilən şəxs tərəfindən üçüncü şəxsə ödənilməli olan borcun ümumi məbləğinin, habelə məhz iddiaçı tərəfindən təqdim edilmiş üçüncü şəxsin ərizəsinin məzmununun və tarixinin (47- 48-ci bəndlər) kredit müqaviləsinin (hər iki müqavilə əsas götürülməklə) məbləği və tarixi ilə eynilik təşkil etməsi, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli qəbzin isə razılaşdırılmış məbləğin ödənilməsi müddəti və məbləğini təsdiq etməsi (hər ay 1.000 manat) belə qənaətə gəlməyə əsas vermişdir ki, ##.##.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi təqsirləndirilən şəxsin etirafına uyğun olaraq üçüncü şəxsə olan borcunun 10.000 manat hissəsini təminat altına almaq məqsədi ilə bağlanmışdır.
47. Huquqi nəticə etibarı ilə qeyd edilən müqavilə ilə təqsirləndiriən şəxs razlaşma yolu ilə etiraf etdiyi borcun icrası öhdəliyini aralarında olan razılığa və üçüncü şəxsin (kreditorun) icazəsi ilə iddiaçıya vermiş, bu münasibətlərdə iddiaçı əvvəlki borclunu, yəni kürəkəni olan təqsirləndirilən şəxsi əvəz etmişdir.
48. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsi də mümkün hesab edilmiş və bu hal kreditorun razılığından asılı edilərək faktiki olaraq öhdəliyi icra edən üçüncü şəxsin borclunu əvəz etmiş şəxs kimi çıxış etməsi qeyd edilmişdir. Başqa sözlə, bu tələblər pozulmamışdır.
49. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd etmişdir ki, cavabdeh birbaşa olaraq cinayət işi üzrə tərəf kimi çıxış etməsə də və ona birbaşa olaraq iddiaçının qızı və kürəkəni tərəfindən zərər yetirilməsə də, o, üçüncü şəxslə birgə nikah münasibətlərində olduğundan və birgə təsərrüfat apardığından onun da üçüncü şəxslə birgə əmlak maraqlarının olduğu və bu baxımdan birgə kreditor kimi çıxış etməsinin mümkünlüyü nəzərə alınmalıdır.
50. Bununla belə, mübahisəli kredit müqaviləsi bağlanarkən tərəflər (iddiaçı və cavabdeh) təqsirləndirilən şəxs Firidun Ağayevin üçüncü şəxsə yaranmış (aralarında yaranmış münasibətlərdən irəli gələn və onun etibarından sui-istifadə etməsi nəticəsində vurduğu maddi zərər həcmində) borcunu sənədləşdirmək düşüncəsi ilə hərəkət etmişlər, yəni notariat ofisində kredit müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun icrası öhdəliyinin üçüncü şəxsə (iddiaçıya) verilməsinin sənədləşdirilməsi həyata keçirilmişdir. Bu hal həmin əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə, həmin müqavilə mövcud borcun icrası öhdəliyinin üçüncü şəxsə verilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan tərəflərin sərbəst iradə ifadəsi arasında bağladıqları ##.##.2022-ci il tarixli kredit müqaviləsinin etibarsızlığını şərtləndirən hər hansı hal müəyyən olunmur. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.
51. Məhkəmə kollegiyası hazırkı müqavilə ilə yanaşı iddiaçının başqa icraatda onunla üçüncü şəxs arasında eyni tarixdə bağlanmış müqavilənin də etibarsızlığını mübahisələndirdiyini, hər iki iddia arasında olan ziddiyyətli fikirləri (hazırkı iş üzrə iddiada bir müqavilə bağladığını və 10.000 manat pula görə borclandığını, hazırkı müqaviləni aldatma nəticəsində imzaladığını iddia edir, lakin başqa bir icraatda digər müqavilənin də etibarsızlığını mübahisələndirir) nəzərə alıb, xüsusilə o halı da vurğulamışdır ki, iddiaçı kürəkəninə yüngül cəza verilməsinə nail olduqdan sonra hazırkı iddiası ilə buna əsas olmuş kredit müqaviləsinin etibarsızlığını mübahisələndirməklə hüquqi nəticə etibarı ilə vicdanlıq prinsipinə zidd hərəkət edərək, hüquqdan sui-istifadə edir ki, bu da yolverilməzdir.
52. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 324.1, 324.4, 324.5, 404.1, 404.2, 522.1, 522.2, 560.1, 560.2, 882.1, 882.2, 882.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. Iddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessual və maddi hüquq normaları kobud şəkildə pozulmuşdur.
55. Belə ki, qətnamədə göstərilmişdir ki, Maraqlı şəxs 20000 manat pulun özünə məxsus olmasını cinayət işi üzrə izahatında bildirmişdir. Əgər Maraqlı şəxs pulu idisə niyə Səbinə ilə də 7 dəqiqə məsafə ilə kredit müqaviləsi bağlanırdı. Nəyə görə 20.000 manat birbaşa Maraqlı şəxsla bağlanmırdı. Açıq aşkar görünür ki, Maraqlı şəxs ilə cavabdeh2 iddiaçını aldadaraq kredit müqaviləsini bağlamışlar. İddiaçı məhkəmədə bildirmişdir ki, kürəkənin buraxılması üçün onlar arasında razılaşma olmuşdur ki, 10000 manat verəcək (kredit götürüb) 7000 manatla bağlı isə öhdəlik müqaviləsi bağlanılacaq və barışıq ərizəsi veriləcək. Iş materiallarına əlavə 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, 18.000 manat İddiaçı Kapital Bankdan kredit götürmüş (8000 manatı da yeznəsinin borcuna vermiş) götürdüyü krediti aparıb notariat ofisində aldadılaraq ona məxsus olan pulla 2 dəfə bank hesabına salıb çıxartmaqla özünə qaytarmışlar. Bankdan götürülən kredit müqaviləsinin tarixi ilə notariusda bağlanılan müqaviləyə diqqət edilsə görünər ki, çox yaxın müddətdir. Kredit müqaviləsi ilə notariusda İddiaçı notariusa gətirməkdə məqsəd 7000 manat pulla bağlı öhdəlik müqaviləsi bağlamaq planı olmuşdur. İddiaçı elə bilmişdir ki, notariusla belə prosedurlar bu qaydada gedir. Notariat orqanından Maraqlı şəxs və cavabdeh2 həmin İddiaçı 10000 manat pulunu bankdan götürdüyü pulu məhkəmə iclasında təqdim etməyi bildirmişlər. Apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasında İddiaçı pulu təqdim etmiş onlar isə barışıq ərizəsi vermişlər. Icra məmuru İddiaçı bildirəndə ki, sizin hələ 10000 manatlıq kredit müqaviləsi borcunuz da durur onda İddiaçı aydın olur ki, aldadılmışdır onunla 7000 manata dair öhdəlik müqaviləsi bağlamamışlar. Iddiaçı zənn etmişdir ki, ondan tutulan pul notariusda bağlanılan öhdəlik müqaviləsinin ödənişini edir. Məcbur qalıb Həm Ilhama qarşı həmdə Səbinəyə qarşı iddia qaldırmışdır. Maraqlısı bundadır ki, əgər iddiaçının kürəkəni və qızına dələduzluqla bağlı cinayət işi açılıbsa və yeznəsi 17 min pulunu aldadıblarsa necə olar bilər ki, o İddiaçı qızına və kürəkəninə inanıb yenidən 20000 manat pul verməyə razılaşmışdır. Açıq-aşkar görünür ki, o, tam aldadılmışdır. Bundan başqa, cinayət işi məhkəməyə dəymiş ziyan 17000 manatla gəlinibsə niyə ondan 20000 manatlıq kredit müqaviləsi götürsün. Məhkəmə isə bütün halları aydınlaşdırmamışdır.
56. Iddiaçı qeyd etmişdir ki, o şərtlə öhdəlik götürmüşdür ki, yeznəsinin 7000 manatlıq borcunu ödəsin. Razılaşma belə olmuşdur ki, dəymiş ziyana görə 1000 nağd ödəyəcək 7000-ə dair isə öhdəlik müqaviləsi bağlayacaq və yeznəsini məhkəmə zalından buraxacaqlar. Onun 7000 manat pulu əmək haqqından tutulmuşdur. Hansıki o elə bilmişdir ki, müqaviləsinin pulu əmək haqqından tutulur. Hazırkı vəziyyətdə isə cavabdeh və maraqlı şəxs hüquqdan suiistifadə edərək onun pulunu mənimsəmişlər. Maraqlı şəxs pulun 20000 manat pulun olması və ər-aravdın 7 dəqiqə ilə müqavilə bağlaması hüquqdan sui-istifadədir və bu ona ağır bərpa olunmaz zərərin vurulmasına gətirib çıxarıb. Hazırda Binəqədi Rayon Məhkəməsində eyni bu işlə bağlı ona qarşı 800 manat pul tələbinə dair iddia qaldırmışlar.
57. Həmçinin kəsici müddətlə bağlı isə əsas nüansı onun aldadıldığını bilən kimi dərhal məhkəmə müraciət etmişdir. Yəni kəsici müddət ötürülməmişdir.
58. Kassator şikayətini Mülki Məcəllənin 560 və 16-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
61. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
62. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
63. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
64. Maddə 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
65. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyəqədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
66. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
67. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
68. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
69. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
70. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir;
71. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
72. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətinə əsasən, qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara ardıcıl hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
83. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Qanunvericilikdə nəzərdə tutulmuş normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı).
85. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.