Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1324/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faizlərin akseptsiz qaydada tutulmasının qadağan edilməsi, icra qeydinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə faizlərin akseptsiz qaydada tutulmasının qadağan edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında ##.##.2024-cü il tarixdə Müştərinin adına “ABB” tərəfindən iki tərəfli ödəniş kartının buraxılmasına, Müştərinin adına bank hesablarının açılmasına, Müştəri tərəfindən “Tam kart” vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, “Tam kart”dan 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin “ABB”-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyən istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcalan üçün şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə 59 ay müddətinə (kredit xəttindən istifadə müddəti 35 ay) illik faiz dərəcəsi 24% olmaqla 7.500 manat məbləğində kredit limiti rəsmiləşdirilmişdir.
2. Müqavilədə ********** mobil nömrəsinin iddiaçıya məxsus olması qeyd edilmiş, iddiaçının əlaqə vasitələrində dəyişiklik baş verdikdə onun müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 iş günü müddətində bankı yazılı surətdə xəbərdar etməli olması, banka təqdim edilmiş telefon nömrəsinin hər hansı səbəbdən iddiaçının istifadəsindən çıxdıqda və bununla bağlı məlumat banka təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlərin, əməliyyatların iddiaçı tərəfindən edilmiş hesab edilməsi və buna görə məsuliyyəti onun daşıması razılaşdırılmışdır.
3. Iddiaçı onunla cavabdeh bank arasında bağlanmış ##.##.2024-cü il tarixli istehlak krediti müqaviləsində “ABB” tərəfindən müştərinin kart hesabındakı pul vəsaitindən akseptsiz qaydada tutulmasına razılıq vermişdir.
4. Bakı şəhəri Nərimanov RPI-nin Istintaq Şöbəsinin müstəntiqi X4 ##.##.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı ona məxsus “xxxx” ASC tərəfindən verilmiş “4127 2093 0855 **** nömrəli “Tam kart” kredit kartından naməlum şəxslərin onlayn yolla 7500 manat kredit götürərək həmin pulun oğurlanmasını bildirməsi faktı ilə bağlı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, təqaüddən tutulmaların və faizlərin akseptsiz qaydada tutulmaların qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon prokuroru, R H.Nurəlibəyovun ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov RPI tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, ##.##.2025-ci il tarixli qərara əsasən qeyd edilən cinayət işi üzrə iddiaçı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Işin mahiyyəti ondan ibarət olmuşdur ki, ##.##.2024-cü il tarixdə iddiaçının oğlu X1 internet vasitəsilə tapdığı gəmiçilik ixtisası üzrə Qazaxıstan Respublikasında işə düzəlmək üçün 1.200 manat pulun köçürülməsi üçün iddiaçının “ABB” kartından istifadə edilməsi ilə sonuncudan Qazaxıstanın vətəndaşları ilə danışmasını xahiş etmişdir. Bundan sonra X1 iddiaçını həmin Qazaxıstanın vətəndaşları ilə əlaqələndirmiş, iddiaçı ilə Qazaxıstandan “+7 908 351-38-05” telefon nömrəsi ilə Fatimə adlı bir xanım rus dilində danışmış və 1.200 manat pulu göndərmək üçün iddiaçının kartının nömrəsini, həmçinin onun telefonuna “SMS”-lə gələn 6 rəqəmli nömrəni də öyrənmiş, saat yarım keçdikdən sonra Fatimə bildirmişdir ki, guya onların 7.000 manat məbləğdən çox olan pul vəsaiti təcrübəsiz qızının “səhvinə görə” iddiaçının hesabına oturmuşdur ki, həmin vəsaiti geri ala bilmir. Iddiaçı isə artıq saat 18:00-ı keçdiyini, əgər belə olubsa sabah onların pulunu qaytaracağını bildirmişdir. Növbəti gün, yəni ##.##.2024-cü il tarixdə iddiaçı “ABB”-nin Nəsimi filialına getmiş, baş vermis əhvalatı operator F.Namazov adlı əməkdaşa danışmış və hesabında 7.300 manat pulun yenicə gəlib-gəlməməsini və həmin pulun gəlmə səbəbini soruşduqda operator kartın xarici müdaxiləyə görə bağlandığını və həqiqətən hesabında 7.300 manat pulun təzəlikcə karta oturduğunu bildirmişdir. Lakin, F.Namazov pulun əmələ gəlməsinin səbəbi barədə heç bir məlumat vermədiyinə görə iddiaçı belə hesab etmişdir ki, həmin məbləğ ona məxsus deyil Fatimə adlı həmin şəxs iddiaçıya demişdir ki, “oğlu Elçinin işi hələ ki düzəlmir və həmin 7.300 manat pul vəsaitindən 1200 manatı + 200 manatı, əziyyət çəkdiyinizə görə çıxın, qalan 5.900 manatı isə Bakıda qalan tanışı X2 adına kodu B38791 “Bank of Baku” bank kartının kart nömrəsi “5315 9921 5643 7391” göndərin”. Iddiaçı hesab edir ki, bu onun pulu deyil, o ##.##.2024-cü il tarixdə “ABB”-nin Binəqədi filialından 7.300 manat hesabından çıxararaq Fatimə adlı şəxsin dediyi adamın adına göndərmişdir. Bundan sonra Fatimə adlı şəxs iddiaçının zənglərinə cavab verməmişdir. ##.##.2024-cü il tarixdə iddiaçı təqaüdünü almaq istədikdə kartı işləmədiyindən yenidən “ABB”-nin Nəsimi filialına müraciət etmiş və ona bildirilmişdir ki, təqaüd kartları xarici müdaxiləyə görə dayandırılmış və bu dəfə iddiaçıya “yeni xəbər” bildirilmişdir ki, guya o “ABB”-dən “Tam kart”-ına 7.500 manat limit məbləğini istəmiş və almışdır. Hazırda isə kartda 200 manat pul qalmışdır. Iddiaçı həmin limiti almaq üçün heç yerə müraciət etmədiyini, heç bir yerə imza atmadığını bildirmiş və bunun necə mümkün ola biləcəyini soruşduqda cavab verilmişdir ki, güya iddiaçı onlayn müraciət etmiş və 310 manat məbləğ təqaüdü alması buna imkan vermişdir. Iddiaçı bunu biləndən sonra polisə müraciət etmiş və həmin “limit krediti”ndən onda qalan 1.400 manat pulun ##.##.2024cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə isə 900 manat hissəsini cavabdeh “ABB”-yə qaytarmışdır. Qeyd edilən cinayət işindən görünür ki, ifadə verən X2 bildirdiyinə görə onun bu işdən heç bir xəbəri olmamış, nəqliyyat vasitəsini satmaq üçün elan verdiyinə görə Qazaxıstandan naməlum şəxs onun kartından istifadə edib xəbəri olmadan pul köçürmələri etmişdirlər. ##.##.2025-ci il tarixdə iddiaçının “ABB”- yə verdiyi kredit borcunun, yəni tutulmaların alınmasının dayandırılması barədə müraciətinə ##.##.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Bu azmış kimi “limit krediti”ni vaxtında ödəmədiyinə görə iddiaçı minimal təqaüdündən məhrum edilmiş, üstəlik 24 faiz tətbiq edilərək “828.53” manata borclu çıxarılmışdır. Iddiaçının ##.##.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə verdiyi müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizəsi e-**(***)-***/**** saylı qərardadla təmin edilmiş və ##.##.2025-ci il tarixədək “ABB” tərəfindən iddiaçıya qarşı təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılmışdır. Daha sonra, “xxxx” ASC-nin verdiyi şikayət qismən təmin edilərək iddiaçının təqaüdündən akseptsiz qaydada tutulmaların aparılması dayandırılması ##.##.2025-ci il tarixdə qərardadla qərara alınmışdır. Cavabdeh bank cavab məktubunda və şikayətində qeyd etmişdir ki, ərizəçi məhkəməyə kredit müqaviləsini və tutmaların mövcud olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin, həmin kredit müqaviləsində ərizəçinin imzası mövcuddur. Lakin, iddiaçı hazırkı iddia ərizəsində qeyd etdiyi tutmaların mövcud olmasını sübut edən cavabdehin qəbzlərini əlavə etmişdir. Iddiaçı ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış və imzalanmış ##.##.2024-cü il tarixli TL- EE********* nömrəli istehlak krediti müqaviləsinin (“Tam kart” vasitəsilə) 8-ci bəndi ilə kredit xətti üzrə illik faiz dərəcəsi 24,0 (iyirmi dörd) faiz müəyyən edilmişdir. Həmin müqavilənin 10cu bəndində göstərilmişdir ki, kreditin (“Tam kart”ın) təyinatı şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədləri, “Tam kart”dan sahibkarlıq fəaliyyəti ilə bağlı hesablaşmaların və ya üçüncü şəxslərin ödənişlərinin (bu ödənişlər sui-istifadə hallarına yol verilərək süni yolla “Cashback” qazanmaqla nəticələndikdə) həyata keçirilməsi qadağandır. Bundan başqa baxmayaraq ki, cavabdeh tərəfindən iddiaçının cüzi miqdarlı təqaüdündən 50%-in tutulması qərara alınmışdır, hələ də illik 24% cərimə hesablanmışdır ki, iddiaçının borclu olduğu 5.900 manat məbləğin süni olaraq xeyli miqdarda qanunsuz artırılmışdır. Hazırkı vəziyyətdə “ABB” iddiaçıya qarşı tətbiq etdiyi tutmalarla nəinki onun cüzi miqdarda olan təqaüdünü tam olaraq kəsmişdir, hətta gələcəkdə də daha çox böyüyən, hələ ki, balans 828,53 manata iddiaçını borclu çıxartmışdır. Buna görə iddiaçı hesab edir ki, onun kobud şəkildə pozulmuş, qanunla qorunan hüquq və mənafeləri qorunmalıdır.
7. Iddiaçı İddiaçı iddia tələbinə dəyişiklik barədə ərizə təqdim edərək, cavabdeh “xxxx” ASC-yə qarşı ilkin iddia tələbinin “kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsindən imtina etməsini, qalan iddia tələblərindən təqaüddən tutulmaların 50%-nə və 24 faizlə akseptsiz tutulmalara qadağa edilməsi barədə iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.
8. Iddiaçı məhkəməyə ##.##.2025-ci il tarixli “iddia tələbinə yeni dəqiqləşmə” təqdim edərək, “xxxx” ASC tərəfindən təqaüdündən qanun üzrə 50%-lik tutulmalara etiraz etmədiyini, lakin həmin kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmalarına qadağa qoyulması barədə iddia tələbini müdafiə etdiyini bildirmişdir.
9. Iddiaçı İddiaçı məhkəməyə ##.##.2025-ci il tarixli “iddia ərizəsinə əlavə” təqdim edərək, cavabdeh tərəfindən kredit borcunun məcburi ödənişi barədə notariat qeydinin ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin “cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində iddiadan imtinasının qəbul edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(006)- ****/**** nömrəli qətnaməsi ilə iddianın qismən - Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu cavabdeh1 tərəfindən aparılmış ##.##.2025-ci il tarixli 8I-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsi hissəsində təmin edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 manat hissəsinin cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçı İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsi iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir (hakim – G.Abidova).
12. Məhkəmə iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi 2024-cü ilin dekabr ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş, polisə, 2025-ci ilin yanvar ayında isə bankın özünə müraciət etmiş (hətta, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla iddiaçıya cavab məktubu göndərilmiş), həmçinin ##.##.2025-ci il tarixdə isə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin qeyd olunanlara baxmayaraq, cavabdeh “xxxx” ASC iddiaçıya ##.##.2025-ci il tarixli bildiriş göndərərək 6097.2 manat məbləğində borcun 20 gün müddətində ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat vermişdir. Notarius isə kredit müqaviləsi barədə mübahisə olduğuna görə icra qeydi aparmamalı olduğu halda ##.##.2025-ci il tarixdə icra qeydi aparmışdır. Bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun və faiz borcunun məbləğini birlikdə göstərmiş, ondan cəmi nə qədər əsas borcun, nə qədər faiz borcunun tələb edilməsini dəqiqliklə qeyd etməmiş (faiz borcu barəsində mübahisə mövcuddur), bununla da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2018-ci il tarixli **-N nömrəli qərarı ilə təsdiq edilmiş “Icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur. Bundan başqa, cavabdeh qeyd olunan kredit müqaviləsi barəsində məhkəmə mübahisəsi olmasına baxmayaraq, sanki mübahisəsiz borcmuş kimi icra qeydinin aparılması barədə notariusa ərizə ünvanlamışdır. Bununla da notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla icra qeydi aparmışdır.
13. Iddia tələbinin “kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmasına qadağa qoyulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanması mübahisəsiz olan müqavilə şərtlərində iddiaçının “onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, “Tam kart”la aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi qeyd edilmiş və iddiaçı da bu şərtləri qəbul edərək, müqaviləni imzalamışdır.
14. Məhkəmə bildirmişdir ki, iddiaçıya ayrılmış kredit məbləğinin bir hissəsindən üçüncü şəxslərin istifadə etməsinin nəticəsi kimi iddiaçının ona vurulmuş zərəri (iddiaçıdan tələb edilən kredit məbləği, ona hesablanmış faizlər və cərimələr) həmin şəxslərdən tələb etmək hüququ vardır. Eyni zamanda, iddiaçının hal-hazırda cinayət işinin ibtidai istintaqını aparan müvafiq hüquq mühafizə orqanından bu barədə sübutları müvafiq banklardan əldə etməyi tələb etmək, bunun nəticəsində də həmin şəxslərin müəyyən edilərək vurulmuş zərərin ödənilməsini onlardan tələb etmək hüququ da vardır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus olduğu mübahisələndirilməyən, tərəflər arasındakı müqavilədə göstərilən mobil nömrəyə müvafiq əməliyyatlar aparılmamışdan qabaq (rəqəmsal kart rekvizitlərini görmək və hələ mobil tətbiqə daxil olmaq istənildikdə) cavabdeh bank tərəfindən təhlükəsizlik tədbirlərinə tam əməl edilərək, OTP-kodlar göndərilməsi, bundan sonra həmin kodların təsdiqlənərək mobil tətbiqin başqa cihaza köçürülməsi, iddiaçıya məxsus olması mübahisəsiz olan kredit məbləğindən müvafiq məbləğdə pulun iddiaçının kartından başqa karta köçürülməsi işdə olan mötəbər sübutlarla tam təsdiqini tapdığından, iddiaçının hüququnun pozulması ilə nəticələnən həmin hadisədə cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 381, 386, 425, 427, 430, 442, 739, 740, 742, 743, 746-cı, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin - kredit müqaviləsində nəzərdə tutulan faizlərin təqaüd hesabından akseptsiz qaydada tutulmasının qadağan edilməsi tələbinin rədd edilməsi hissəsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməklə, “xxxx” ASC tərəfindən mübahisəli kredit üzrə faizlərin və bu faizlərə bağlı cərimə və digər ödənişlərin ona məxsus təqaüd hesabından akseptsiz qaydada tutulmasına qadağa qoyulması (və ya cinayət işi tam araşdırılıb günahkar şəxslər müəyyən edilənədək bu tutulmaların dayandırılması), qətnamənin notariat icra qeydinin ləğv edilməsi hissəsinin qüvvədə saxlanılması, məhkəmə xərclərinin, o cümlədən apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, tutulmalar iddiaçının təqaüdünün köçürüldüyü pensiya kartı (pensiya təyinatlı bank hesabı) üzrə aparılmışdır. Pensiya isə Azərbaycan Respublikası Konstitusiyasının 12.1 və 38.1-ci maddələrinə görə sosial dövlət prinsipləri əsasında, vətəndaşın yaşlılıq dövründə minimal dolanışığını təmin edən sosial təminat növü olub, xüsusi qorunan gəlir hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, pensiya münasibətləri Konstitusiya, bu Qanun və digər normativ aktlarla tənzimlənir və pensiya sosial təyinatlı ödənişdir. Birinci instansiya məhkəməsi mübahisəli tutulmaların məhz pensiya təyinatlı hesabdan aparıldığını müəyyən etsə də, bu hesabı adi debet hesabı kimi qiymətləndirmiş, pensiya vəsaitinin sosial təyinatı və toxunulmazlığına dair hüquqi rejimi nəzərə almamış, bu sahədə xüsusi normativ tənzimetmənin tətbiqinə hüquqi qiymət verməmişdir. Bu yanaşma həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 6-cı maddələrində nəzərdə tutulmuş vicdanlılıq, ədalət və zəif tərəfin maraqlarının qorunması prinsiplərinə, həm də sosial dövlət prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarlılığı və etibarsızlığı, iradə qüsurları, aldadılma və üçüncü şəxslərin qanunsuz hərəkətləri ilə bağlı müddəaları tətbiq edilməli, ən azı: iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin kibercinayət kontekstində nə dərəcədə qorunmağa layiq olduğu; bankın təhlükəsizlik, identifikasiya və risklərin idarə edilməsi üzrə öhdəliklərini yerinə yetirib-yetirmədiyi; üçüncü şəxsin dələduz əməliyyatının öhdəlik yükünü tam şəkildə iddiaçının üzərinə keçirmək üçün kifayət edən hüquqi əsasın olub-olmaması məhkəmə tərəfindən maddi hüquq prizmasından təhlil olunmalı idi. Birinci instansiya məhkəməsi kibercinayət faktını yalnız “zərər cinayət işində tələb oluna bilər” səviyyəsində dəyərləndirmiş, lakin Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunmuş vicdanlılıq və ədalət prinsipləri, həmçinin əqdlərin etibarsızlığına dair müddəalar kontekstində bu faktın kredit müqaviləsinin icrasına təsirini araşdırmamışdır. Istehlakçının müdafiəsi prinsiplərinin nəzərə alınmaması iddiaçı bankla münasibətlərdə fiziki şəxs kimi, öz şəxsi ehtiyaclarının maliyyələşdirilməsi məqsədilə kredit alan istehlakçıdır. Birinci instansiya məhkəməsi kredit müqaviləsinin akseptsiz tutulma mexanizminin, pensiya hesabından tutulma riskinin və istehlakçı üçün real hüquqi və sosial nəticələrinin iddiaçıya izah olunub-olunmamasını araşdırmamış, istehlakçı kimi zəif tərəfin müdafiəsi prinsipinə, Mülki Məcəllənin 6 və 422-ci maddələrinin mahiyyətinə, həmçinin istehlakçı qanunvericiliyinin məqsədinə uyğun dəyərləndirmə aparmamışdır.
19. Bankın cavabdeh qismində aşağıdakı sübutları təqdim etmək və ya onların təqdim olunmasını təmin etmək öhdəliyi var idi: mübahisəli əməliyyatlar üzrə texniki loglar (IP ünvanı, cihaz identifikatoru, coğrafi yerləşmə və s.); SMS-OTP və digər autentifikasiya vasitələrinin göndərilməsi və istifadə olunmasına dair tam tarixçə; risklərin qiymətləndirilməsi və kibertəhlükəsizlik üzrə daxili prosedurların icrasına dair sənədlər; müştəriyə kredit və akseptsiz tutulma riskləri barədə məlumat verilməsi faktını təsdiq edən materiallar. Birinci instansiya məhkəməsi bu sübutların tam həcmlə tələb olunmasını təmin etməmiş, faktiki olaraq “SMS göndərilmişdirsə, əməliyyatı müştəri özü təsdiqləyib” prezumpsiyası ilə kifayətlənmiş, bununla da sübutetmə yükünü cavabdehdən iddiaçıya ötürmüşdür. Bu vəziyyət Mülki Prosessual Məcəllənin 9, 14 və 77-ci maddələrinin tələblərinə uyğun deyil.
20. Iş üzrə cinayət işinin materialları iddiaçının kibercinayət qurbanı kimi statusunu təsdiq etməsinə baxmayaraq, bu faktın bankın mülki məsuliyyəti və kredit öhdəliyinin xarakterinə təsiri ayrıca dəyərləndirilməmiş; iddiaçının pensiyaçı statusu, əsas gəlir mənbəyinin təqaüd olması və pensiya hesabından aparılan tutulmaların sosial nəticələri nəzərə alınmamış; bankın təqdim etmədiyi, lakin faktların aydınlaşdırılması üçün vacib ola biləcək sübutlar (daxili audit, təhlükəsizlik aktları və s.) barədə heç bir prosessual təşəbbüs göstərilməmişdir. Beləliklə, sübutlara selektiv yanaşılmış, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələb etdiyi “hərtərəfli və tam” tədqiq standartı gözlənilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə görə, məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş faktiki hallar, tərəflərin sübutları və bu sübutların hansı səbəbdən qəbul və ya rədd edildiyi, tətbiq edilmiş maddi və prosessual hüquq normaları və bu normalarla nəticə arasında məntiqi əlaqə aydın və dolğun şəkildə göstərilməlidir. Mövcud qətnamədə isə borcun “mübahisəli” hesab edilməsi və notariat icra qeydinə xitam verilməsi faktı ilə, eyni borc üzrə pensiya hesabından akseptsiz tutulmanın qanuni sayılması arasında hüquqi ziddiyyət izah olunmamış; pensiya hesabının hüquqi statusu və onu adi cari hesabdan fərqləndirən normativ rejim barədə heç bir maddi hüquqi əsaslandırma verilməmiş; kibercinayət faktının kredit öhdəliyinə və tərəflərin məsuliyyət bölgüsünə təsirinin niyə nəzərə alınmadığı motivasiya edilməmişdir. Bu, Mülki Prosessual Məcəllənin 217-ci maddəsində təsbit edilmiş əsaslandırma tələblərinin pozulması deməkdir və qətnamənin qanuniliyinə və əsaslılığına şübhə yaradır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(*- *)-***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir (hakimlər – X.Mərdanova (məruzəçi), V.Sadıqov və R.Səmədov).
22. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda borcun mübahisəli olması kredit müqaviləsində qeyd edilən faizlərin akseptsiz qaydada tutulmasına qadağa qoyulması anlamına gəlmir. Çünki tərəflər arasında bağlanması mübahisəsiz olan müqavilə şərtlərində iddiaçının “onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi şərtlərini, “Tam kart”la aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi qeyd edilmiş və iddiaçı da bu şərtləri qəbul edərək, müqaviləni imzalamışdır. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərdiyini sübuta yetirməmiş, əksinə həmin məxfi məlumatı başqası ilə paylaşmışdır. Iddiaçının hal-hazırda cinayət işinin ibtidai istintaqını aparan müvafiq hüquq mühafizə orqanından bu barədə sübutları müvafiq banklardan əldə etməyi tələb etmək, bunun nəticəsində də həmin şəxslərin müəyyən edilərək vurulmuş zərərin ödənilməsini onlardan tələb etmək hüququ da vardır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, bu dəlillər hazırda qüvvədə olan kredit müqaviləsinin şərtləri ilə birbaşa bağlıdır və “xxxx” ASC tərəfindən mübahisəli kredit üzrə faizlərin və bu faizlərə bağlı cərimə və digər ödənişlərin ona məxsus təqaüd hesabından akseptsiz qaydada tutulmasına qadağa qoyulması ilə bu tutulmaların dayandırılması üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Belə olan halda apellyatorun şikayətində istinad etdiyi cinayət işinin tam araşdırılıb günahkar şəxslər müəyyən edilənədək bu tutulmaların dayandırılması ümumiyyətlə hazırkı işin mahiyyətinə heç bir aidiyyatı yoxdur.
24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 381, 386, 425, 427, 430, 442, 739, 740, 742, 743, 746, 964-cü, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinın Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli 2(3-6)-239/2026 qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti, apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bank peşəkar tərəf kimi texniki təhlükəsizlik və identifikasiya tədbirlərinə dair sübutları təqdim etməli olduğu halda, sübut yükü faktiki olaraq iddiaçının üzərinə keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi bank nümayəndəsinin məhkəmə iclasında iştirakını qətnamədə ümumiyyətlə qeyd etməmişdir və onun iştirak edib verdiyi mühüm açıqlamalara qərarda heç bir hüquqi qiymət verməmişdir.
27. Azərbaycan Respublikası MPM-nin 387.1 və 418.1-ci maddələrinin məntiqinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi o halda ləğv əsası yaradır ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun və ya ola bilsin. Bank nümayəndəsinin faktiki iştirakı, onun çıxışı və barışıq xarakterli, faizsiz həll imkanına dair açıqlamaları düzgün əks etdirilsəydi və hüquqi qiymətləndirilsəydi, işin nəticəsinə təsir edə biləcək əlavə dəlil ortaya çıxardı.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.2, 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
34. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
38. Maddə 740.1-740.2. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
39. Maddə 742.5, 742.5.2. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
40. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
41. Maddə 746.1. Istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 746-4.1. Istehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır.
43. Maddə 964. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu
44. Maddə 38.1, 38.1.2-38.1.3. Ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələrindəndir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissə ilə bağlı iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, şikayətin dəlilləri hazırda qüvvədə olan kredit müqaviləsinin şərtləri ilə birbaşa bağlıdır və cavabdeh Bank tərəfindən mübahisəli kredit üzrə faizlərin və bu faizlərə bağlı cərimə və digər ödənişlərin ona məxsus təqaüd hesabından akseptsiz qaydada tutulmasına qadağa qoyulması ilə bu tutulmaların dayandırılması üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir.
56. Kollegiya bildirir ki, Mülki Məcəllənin 6-cı maddəsi ilə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən edilmişdir.
57. Bu isə o deməkdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir. Həmin prinsiplər mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
58. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtlərində iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi məsələ - onun sərəncamı olmadan (akseptsiz qaydada) hesabdan vəsaitin silinməsi, həmçinin “Tam kart”la aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunmasını qəbul etməsi də qeyd edilmiş və iddiaçı müqaviləni imzalayaraq həmin şərti qəbul etmiş, başqa sözlə sərbəst iradə ifadəsini bəyan etmişdir.
59. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
60. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, mübahisəyə maddi və prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.