Məhkəmə qərarları › İş №2(1-8)-1377/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1377/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1377/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə satılmış əşyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı Şəmkir şəhərində fəaliyyət göstərən “XXX” cehizlik mağazasında satıcı vəzifəsində işləmiş, işlədiyi müddət ərzində Cavabdeh müxtəlif vaxtlarda həmin mağazadan nisyə mallar almışdır.

2. Cavabdeh Şəmkir Rayon Polis Şöbəsinə izahat verərək bildirmişdir ki, Iddiaçı tanıyır. Belə ki, onun işlədiyi “XXX” cehizlik mağazasından al-ver etmişdir. Belə ki, həmin mağazadan XXXin qızı XXXya cehizlik üçün müxtəlif vaxtlarda nağd və nisyə şəkildə alış-verişi olmuşdur. Onlara olan borcunu danmır. Belə ki, bacısı XXXin əri yol nəqliyyat hadisəsində xəsarət aldığı üçün pulu verə bilməmişdir. Onun Iddiaçı qeyd etdiyi 5930 manatı aylıq 200-300 manat olaraq verməyinə söz verir. Həmin pulu bir dəfəlik verməyə imkanı yoxdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5930 manat pulun, 87 manat dövlət rüsumunun, 600 manat vəkil xidmət haqqının, 17 manat etibarnaməyə görə ödəmiş olduğu dövlət rüsumunun – cəmi 6547 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehi təsadüf nəticəsində tanımışdır. Belə ki, o, Şəmkir şəhəri, XXX küçəsində yerləşən “XXX” cehizlik mağazasında satıcı işləyirdi. Cavabdeh də həmin mağazadan al-ver edirdi. Cavabdeh müxtəlif vaxtlarda həmin mağazadan nisyə mal götürmüş və aldığı həmin əşyalara görə ödənişlər etmişdir. Lakin, bu günə cavabdehin 5930 manat borcu yaranmışdır. Hazırda həmin borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır.

5. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisə ilə bağlı polis orqanlarında da araşdırma aparılıb və cavabdeh borcunun olmasını etiraf edib. Bundan başqa, mağaza sahibi XXX da cavabdehlə aralarında bu barədə danışdıqda, yenə də borcun olmasını cavabdeh etiraf etmişdir, iddiaçı mağaza sahibi XXX nın işçisidir. Satılan malları mağaza sahibi almış, iddiaçı isə satıcı olmuşdur, yaranmış borc mübahisəsinə görə mağaza sahibi XXX hazırda iddiaçının əmək haqqından pul tutur. Lakin, mübahisə, alqı-satqı və borc barədə danışıqlar XXXlə cavabdeh arasında olmuşdur. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddiaçını mağaza sahibi XXX nın işçisi kimi tanıyır. Buna baxmayaraq, onun pul mübahisəsi XXX ilə olmuşdur. Belə ki, o, həmin mağazadan bir sıra məişət əşyaları almışdır və XXX ya ödənişlər etmişdir, son olaraq onun təxminən 2000-3000 manat borcu yaranmışdır. Iddia tələbini qismən qəbul edir, qalan borcunu isə hissə-hissə ödəməyə razıdır. Hazırda maddi vəziyyəti borcunu tam bağlamağa imkan vermir, lakin XXX borcun hamısını tələb edir. Odur ki, qərar qəbul edərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, cavabdeh ilə aralarında mütəmadi olaraq alqı-satqı münasibətləri olmuşdur, sonda isə cavabdeh aldığı 5930 manat dəyərindəki malın pulunu ona qaytarmır. Onun mağazasında iddiaçı satıcı işləyir. Iddiaçı cavabdehə satılan malı hesab-kitab dəftərində qeyd etmişdir. Bundan başqa, cavabdeh ilə aralarında bu barədə də danışıqlar olmuş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Mağazaya malları alan zaman iddiaçının iştirakı olmadan öz vəsaiti hesabına malları alaraq mağazaya satılması üçün gətirmişdir.

8. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında bildirmişdir ki, onun arvadı XXX icarə əsasında mağaza işlədir, cavabdeh onun daimi müştərisi olmuşdur, lakin hazırda nisyə aldığı malın pulunu qaytarmır, o, arvadı XXX ilə cavabdehin evinə də gedib danışıqlar aparıb, lakin yenə pulu ala bilməyiblər.

9. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Yusifli) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında hazırkı mübahisədə qeyd olunan məbləğə münasibətdə alqı-satqı müqaviləsi bağlanmamışdır.

11. Belə ki, iddiaçı Iddiaçı, sahibkar X1, cavabdeh Cavabdeh ilə alqı-satqı əməliyyatının aparılmasında sadəcə olaraq XXX nın işçisi olmaqla onun adından, razılığı və tapşırığı ilə müvafiq malların satılmasında iştirak etmişdir. Halbuki, işin hallarından və işdə olan materiallardan aydın olmuşdur ki, satılan əşyalar sahibkar X1 mülkiyyətində olmuş və cavabdeh Cavabdeh öhdəliyi məhz onun qarşısında yaranmışdır.

12. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı mağaza sahibi XXX nın aralarında əmək münasibətləri olan satıcı işləyən hazırkı iş üzrə iddiaçı Iddiaçı, nisyə satılmış malların dəyərinin ona verilmiş əmək haqqına yönəldildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

13. Mülki Məcəllənin 359.1-ci maddəsinin məzmunundan da görünür ki, pərakəndə ticarət zamanı satıcı satış əməliyyatlarını təmsil edilənin adından edir və yekunda bağlanmış əqdlərə münasibətdə təmsil edən deyil təmsil edilən mükəlləfiyyətli olur, yəni təmsil edilənə münasibətdə hüquq və vəzifələr yaranır və dəyişir. Nəticə etibarı ilə hazırkı iş üzrə iddiaçı Iddiaçı ilə Cavabdeh arasında bağlanmış pərakəndə alqı-satqı müqaviləsi zamanı həmin əqdlərə münasibətdə Iddiaçı deyil malların sahibi X1 münasibətdə hüquqlar əldə edilmiş və vəzifələr yaranmışdır.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 359, 567, 614, 615-ci maddələrinə, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında ## ##### 2014cü il tarixli Nazirlər Kabinetinin və “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin ## #### 2015-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclas zalında öz ifadəsində ona borcunun olduğunu etiraf etmişdir. Eyni zamanda şahid qismində dindirilmiş X1 öz izahatında bildirmişdir ki, Cavabdeh adlı şəxsi əvvəllər tanımamışdır. Cavabdeh onun mağazasında işləyən iddiaçıdan mütəmadi olaraq nisyə mallar almış və sonradan həmin malların ödənişini etməkdən yayınmışdır. Bu səbəbdən də, o, iddiaçıdan həmin borcun ödənilməsini tələb etmişdir. Iddiaçı da öz növbəsində həmin pulu cavabdehin adından mağaza sahibi XXX ya ödəmişdir. Bu səbəbdən də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmiş, cavabdehdən mağazaya yaranmış borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmiş və həmin məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “whatsapp” yazışmalarında və Şəmkir Rayon Polis Şöbəsində verdiyi izahatda da ona olan borcunu etiraf etmiş və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Mübahisəni araşdıran məhkəmə qəbul etmiş olduğu məhkəmə qətnaməsində cavabdehin izahatını təhrif etmişdir. Belə ki, məhkəmə iclası audio-video yazı ilə aparılmış və cavabdeh iddiaçıya borcunun olmasını etiraf etməsinə, həmin borcun ayda 200-300 manat məbləğində ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qəbul etmiş olduğu qərarda həm cavabdehin, həm də şahidlərin ifadəsini təhrif etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 5930 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 79,30 manat, etibarnamənin verilməsinə görə 17 manat xərc və hüquqi yardıma görə 300 manat olmaqla, cəmi 6326,30 manat məbləğində pulun alınaraq iddiaçı Iddiaçı verilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddianın tələb hüququ olmayan şəxs tərəfindən verilməsi nəticəsinə gəlmiş, lakin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinə qiymət verilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi məsələsinə münasibətdə MPM-in 54-cü maddəsinin tələblərinin pozulması ilə məhkəmə aktı qəbul etmişdir.

19. Baxılan işdə birinci instansiya məhkəməsi gəldiyi nəticəyə münasibətdə iddiaya tələb hüququ olan şəxslərin əhatəsini düzgün müəyyən etməmiş, iddianın dəlillərinə formal qiymət vermiş və iddiaçıya onun əsl iddiaçı ilə əvəz olunmasını təklif etməyərək, iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

20. Iddia tələbinin hüquqi mahiyyəti ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də, işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

21. Mübahisənin predmeti cavabdehin nisyə qaydasında əldə etdiyi mallara görə yaranmış pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. Işin faktiki hallarından müəyyən olunmuşdur ki, cavabdeh uzun müddət ərzində Şəmkir şəhəri, XXX küçəsində yerləşən “XXX” cehizlik mağazasından müxtəlif məişət və cehizlik əşyaları almış, həmin mallar iddiaçı tərəfindən birbaşa cavabdehə təqdim edilmiş və malların verilməsi iddiaçı tərəfindən aparılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən yalnız formal mülkiyyət münasibətlərini əsas götürmüş, lakin tərəflər arasında faktiki mövcud olan hüquqi münasibətləri, habelə mülki dövriyyədə qəbul edilmiş davranış modelini nəzərə almamışdır.

23. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə birbaşa ünsiyyətdə olmuş, malları faktiki olaraq ona təqdim etmiş, borcun məbləğini qeydiyyata almış, cavabdeh isə məhz iddiaçı qarşısında 5930 manat məbləğində borc öhdəliyinin mövcudluğunu etiraf etmişdir. Bu hal həm cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlardan, həm də polis orqanlarında aparılmış araşdırma zamanı verdiyi ifadələrdən aydın görünür. Cavabdeh yalnız borc məbləğinin hamısının eyni zamanda ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehin borcunun mövcudluğunu etiraf etməsi də iddia tələbinin faktiki əsaslarının mövcudluğunu təsdiq edir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının malların hüquqi mülkiyyətçisi olmaması onun cavabdehə qarşı tələblə çıxış etməsini istisna etmir. Çünki, mübahisə yalnız mülkiyyət hüququndan deyil, faktiki pul öhdəliyinin mövcudluğundan və həmin öhdəliyin icra edilməməsindən irəli gəlir. Mülki dövriyyədə - faktiki icra edən, zərərə məruz qalan və borcun nəticələrini daşıyan şəxs kimi iddiaçının hüquqi marağı mövcuddur.

25. Hazırkı iş üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçıdan həmin malların dəyəri əmək haqqısından tutulduğundan maddi zərərə məruz qalmış, cavabdeh isə həmin zərərin yaranmasına səbəb olmuşdur. Belə ki, satılmış malların dəyəri ondan tutulduğundan o, artıq həmin əşyaların mülkiyyətçisinə çevrilmişdir.

26. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçı 5930 manat məbləğində cavabdehə nisyə mal vermiş, cavabdeh isə aldığı malların dəyərini ödəməmişdir. Buna görə də iddia tələbi təmin edilməli və cavabdehdən 5930 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14, 329, 385, 386, 406, 442, 567, 600, 601-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin ## #### 2015-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385, 386, 442, 600-cü, Mülki Prosessual Məcəllənin 9, 13, 77, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

30. Belə ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 385.1, 386.1 və 442-ci maddələrinə istinad edilərək, cavabdehin iddiaçı qarşısında alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin yarandığını, həmin öhdəlikləri yerinə yetirməli olduğu, iddiaçının isə cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu qeyd etmiş olsa da, həmin maddi hüquq normaları pozulmaqla tətbiq edilmişdir. Iddiaçı XXX ya məxsus “XXX” cehizlik mağazasında satıcı işləməklə sonuncuya məxsus malları cavabdehə satmışdır. Pərakəndə ticarət zamanı satıcı satış əməliyyatlarını təmsil edilənin adından edir və yekunda bağlanmış əqdlərə münasibətdə təmsil edən deyil, təmsil edilən mükəlləfiyyətli olur, yəni təmsil edilənə münasibətdə hüquq və vəzifələr yaranır və dəyişir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış pərakəndə alqı-satqı müqaviləsi zamanı həmin əqdlərə münasibətdə iddiaçı deyil malların sahibi X1 münasibətdə hüquqlar əldə edilmiş və vəzifələr yaranmışdır. Qeyd olunan hallar məhkəmə iclasında şahid qismində ifadə vermiş XXX və onun əri XXXun ifadələri ilə də bir daha təsdiqini tapmışdır. Onlar iddiaçı tərəfindən cavabdehə satılmış malların XXX ya məxsus olmasını, onların həmin malın pulunu cavabdehdən tələb etmələrini bir daha təsdiq etmişlər. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh “XXX” cehizlik mağazasından aldığı mallara görə iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, cavabdehin öhdəliyi həmin malların sahibi XXX qarşısında yaranmışdır. Belə olan halda isə iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə qətnaməsində cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən həmin malların dəyərinin iddiaçının əmək haqqısından tutulmasını, bununla iddiaçının maddi zərər çəkməsini, cavabdehin iddiaçıya pul borcunun olmasını polis şöbəsində verdiyi izahatında etiraf etməsini qeyd etməklə (halbuki cavabdeh tərəfindən belə bir etiraf izahatı verilməmişdir) iddiaçının həmin malların mülkiyyətçisinə çevrilməsi nəticəsinə gəlmiş olsa da, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamasını nəzərə almamışdır.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı pul öhdəliyi yaranmışdır.

39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının satıcı kimi işlədiyi mağazadan nisyə ödəmək şərti ilə müxtəlif malları almasını, alınan malların dəyərini ödəməyərək borcunun yaranmasını və borcun məbləğini mübahisələndirmir.

40. Cavabdehin mübahisələndirdiyi yeganə məsələ iddiaçının mağazada satıcı işlədiyi və mallar ona deyil, mağaza sahibinə məxsus olduğu üçün iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmamasıdır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili üzrə qeyd edir ki, ümumi olaraq mağaza satıcısı satılan malların sahibi olmadığından və əmək müqaviləsi əsasında hərəkət edərək, satılan malları alıcının mülkiyyətinə verdiyindən, belə alqı-satqı müqavilələri əsasında öhdəliklərin icrasını tələb etmək hüququ satılan malların mülkiyyətçisinə məxsus olur.

42. Lakin, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddiaçının əmək haqqısından cavabdehə satılan malların dəyəri işəgötürənin xeyrinə artıq ödənilmişdir. Belə olan halda, Mülki Məcəllənin 431-ci maddəsinə əsasən tələb hüququ iddiaçıya keçmişdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının işlədiyi mağazanın sahibi məhkəmədə ifadə verərkən iddiaçının tələb hüququnu mübahisələndirməmiş, öhdəliyin ona icra edilməli olmasını bildirməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar