Məhkəmə qərarları › İş №2(1-8)-1409/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1409/2026

08.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1409/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasın faktiki qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Tərəflər bacı-qardaşdır;

3. Bakı şəhəri, Əmircan qəsəbəsi, Fabrik küçəsindəki ** nömrəli yaşayış evinin ** nömrəli mənzili ümumi birgə mülkiyyət hüququ ilə tərəflərin anası X1 və cavabdehə məxsus olmuşdur;

4. Onların anası 2020-ci il tarixdə vəfat etmişdir;

5. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəs, Elxan Həsənov (Fabrik) küçəsi, ev 91, mənzil 16 (yeni qaydalarla. AZ 1042, ünvan 1 ünvanında yerləşən, sahəsi 75.60 m2 olan mənzilin ½ hissəsi) ünvanında yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) Xacay Məmmədovaya məxsus hissəsi ondan miras qalmışdır;

6. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə cavabdeh sözügedən mənzilin anasından miras qalan hissəsinə tam hissədə pay almışdır;

7. ##.##.2024-cü il tarixdə cavabdehin sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzilin anası X1 miras qalmış hissəsinə dair ##.##.2024-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi; həmin mənzil üzərində cavabdehin mülkiyyət hüququna dair ##.##.2024-cü il tarixdə aparılmış qeydin ləğv olunması; mübahisəli mənzilin anasından miras qalmış hissəsinin ½ hissəsi üzərində cavabdehin, ½ hissəsi üzərində isə özünün miras payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras əmlakın vərəsəlik qaydasında qardaşı Cavabdeh adına qeydiyyata alınmasından əvvəllər məlumatı olmayıb. Ümumiyyətlə, vərəsə kimi notariat tərəfindən işə cəlb olunmamış və mirasdan da imtina etməmişdir. Qardaşı ondan başqa digər vərəsənin olması barədə notariusu məlumatlandırmamış, nə də notarius digər vərəsələrin olub-olmaması barədə araşdırma aparmamışdır. O, anası X1 vərəsəsidir və anasından miras qalmış əmlakını faktiki qəbul etmişdir. Belə ki, anasının yas mərasimi vaxtı bütün qonaqların miras qalmış mənzildə qarşılanması, onlara anasından miras qalmış pul vəsaiti hesabına ehsanların verilməsi, anasından miras qalmış pul və bir qismi də öz vəsaiti hesabına anasının məzar daşının hazırlanması və həmin daşın anasının dəfn olunduğu Zaqatala rayonunda yerləşən qəbri üzərinə yerləşdirilməsi işlərini o, özü yerinə yetirmişdir. Anasından miras qalmış mənzilin bölünməsi barədə qardaşı ilə həmişə arasında müəyyən danışıqlar olmuşdur. Qardaşı həmişə payın çoxunun ona çatması və yaxud payın ümumilikdə oğluna bağışlanması barədə deyərdi. O isə heç vaxt qardaşı ilə razılaşmamışdır. Belə bir hallardan sonuncusu da ##.##.2024-cü ildə baş vermişdir. Belə ki, həmin gün o, anasından miras qalmış evə baş çəkmək və mirasın bölünməsi barədə qardaşı ilə danışıqlar aparmaq üçün gedərkən qardaşı onu evə buraxmaq istəməmiş və arasında mübahisə yaranmışdır. Mübahisə nəticəsində qardaşı tərəfindən xəsarət almış və bu barədə polisə müraciət etmişdir. 10.Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Iddiaçı ailə qurandan sonra mübahisəli mənzildə yaşamayıb. Eləcə də, notariusa müraciət etməyib və mirası rəsmi qəbul etməyib. Onun həmin evə gəlib-gedməsi mirası qəbul etməsi anlamına gəlmir. 11.Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025- ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.Qafarlı). 12.Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı analarından miras qalmış əmlakı nə sahiblik etməyə və ya idarə etməyə faktiki başlamaqla, nə də notariusa ərizə verməklə qəbul etməmişdir. Cavabdeh isə anasından ona miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, bundan başqa mirasın qəbulu barədə notariusa ərizə ilə müraciət etmişdir. 13.Məhkəmə mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1247, 1248.1, 1262, 1273-1-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mirasqoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam etdiyindən bu münasibətlər davam edən münasibətlərdir. Anasının vəfat etməsi ilə başlayan vərəsəlik münasibətləri 2024-cü ilin avqust ayınadək davam etmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1- ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il Qərarı həmin münasibətlərə tətbiq olunmalıdır.

16. Iddiaçı mərhum anasının borcunu ödəməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir.

17. Cavabdeh izahatında bildirmişdir ki, anasının 40-ı çıxandan sonra yoldaşı ona anasının lombardda qızılının olması barədə iddiaçının onlara məlumat verdiyini demiş, o isə “qoy batsın, mənə lazım deyil” deyə cavab vermişdir. Cavabdeh əlavə etmişdir ki, iddiaçı lombarddakı qızıllarla bağlı sübutu 1-ci instansiya məhkəməsində təqdim etməli idi.

18. Iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, ödənişlər aparılsa da, qızılları lombard geri verməyib.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilmişdir (hakimlər: A.Isgəndərov - sədrlik edən və məruzəçi, A.Imanov və S.Səlimova).

20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı təqdim edilmiş girovqoyan X1 məxsus ##.##.2019-cu il tarixli girov biletindən görünür ki, Xacay Məmmədova 2000 manat kreditin təminatı kimi 8 ədəd qızıl-zinət əşyasını lombarda girov qoymuşdur. ##.##.2020-ci il tairixli qəbzdən görünür ki, iddiaçı həmin kredit borcundan 970 manat vəsaiti ödəmişdir. Bununla bağlı sənədlər (sübutlar) apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmişdir.

21. Kollegiya hesab etmişdir ki, iddiaçı miras qoyanın öhdəliklərini icra etməklə, ona məxsus borcu ödəməklə iddiaçı miras passivini qəbul etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Miras qoyanın borcunun iddiaçı tərəfindən ödənilməklə miras passivini qəbul etdiyini nəzərə alaraq, hesab edilmişdir ki, o, mirası tamamilə, o cümlədən, anasından qalmış mübahisəli mənzilə münasibətdə qəbul etmişdir. Ona görə də iddiaçının mübahisəli mənzildə miras payının müəyyən edilməsi tələbi əsaslıdır və təmin edilməlidir.

22. Qeyd olunan hal iddianın təmin olunmasına birmənalı əsas verdiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görməmişdir.

23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1247, 1248.1, 1262, 1263, 1273-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil: vəkil1 ) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının öz izahatlarından görünür ki, miras açıldıqdan sonra miras əmlakın bölünməsi ilə bağlı tərəflər arasında uzun müddət davam edən mübahisə və fikir ayrılığı mövcud olmuş, beləliklə o, mübahisənin əsasını və hüquqlarına təsir edən halları əvvəlcədən bilmişdir. Buna baxmayaraq, məhkəmə Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kəsici müddət hesab edilən iki aylıq müddətin başlanğıc anını müəyyən etməmiş, həmin müddətə əməl olunub-olunmadığını araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişdir.

26. Digər dəlilə görə, apellyasiya məhkəməsi birinci instansiyada təqdim edilməmiş yeni sübutları (girov bileti və ödəniş qəbzi) qəbul etmişdir. Lakin, həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsinin iddiaçıdan asılı olmayan səbəblərlə bağlı olması sübuta yetirilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1134.1 .Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 167.1.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında:işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı miras qoyanın kredit borcunun bir hissəsini ödəməklə mirasın passivini faktiki qəbul etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən mirasın bir hissəsinin faktiki qəbul edilməsi bütövlükdə mirasın qəbul edilməsi kimi qiymətləndirildiyindən,iddiaçının mübahisəli mənzildə miras payının müəyyən edilməsi tələbi əsaslıdır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassatorun girov bileti və ödəniş qəbzinin apellyasiya icraatında sübut kimi qəbul edilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh miras kütləsində daşınmaz əşyadan başqa lombardda qızıl əşyalarının da olduğunu bilmişdir. Buna baxmayaraq vərəsəlik şəhadətnaməsi barədə notariusa ərizə ilə müraciət edərkən həmin aktiv və passiv haqqında onun məlumat verməməsi mirasın kütləsinə daxil olan bu dəyərlər, onların hüquqi vəziyyəti və idarəçiliyi, o cümlədən iddiaçının həmin əmlakla bağlı etdiyi hüquqi hərəkətlərin naməlum qalmasına şərait yaratmışdır. Halbuki, hər bir vərəsə miras kütləsinin tərkibi və vərəsələrin dairəsi barədə notariat orqanına məlumat vermək öhdəliyi daşıyır.

50. Bundan başqa, işin vəziyyəti, o cümlədən iddiaçının miras kütləsinə daxil olan hər hansı əmlaka münasibətdə mirası qəbul etdiyinə dair sübutların təqdim edilməli olması birinci instansiya məhkməsində Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinin (§ 37,41) tələblərinə uyğun şəkildə tərəflərlə müzakirə edilmədiyi halda apellyasiya məhkəməsinin bu nöqsanı aradan qaldırmaqla işə baxması prosessual pozuntu sayıla bilməz.

51. Kassatorun Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan müddətin məhkəmə tərəfindən tətbiq edilməməsi dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu norma mirası qəbul etmiş vərəsənin öz payının müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmasına aid olmayıb, iradəsinin zədələnməsi səbəbi ilə mirasın qəbulu və ya mirasdan imtina barədə birtərəfli əqdin mübahisələndirilməsinə aiddir.Hazırkı işdə belə bir hala istinad olunmur.

52. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar