Məhkəmə qərarları › İş №2(1-8)-1468/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1468/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1468/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Iddiaçı “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi"’ MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli xam-pambığın alq-satqı müqaviləsinə əsəsən, sonuncu öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür;

3. Iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışında qeyd olunmuşdur ki, sözügedən müqavilə üzrə cavabdehə 29.559.01 manat avans verilmiş, verilmiş avansdan 9.772.79 manat avans vəsaiti qaytarılmış və 19786,22 manat borc qalmışdır;

4. Iddiaçı tərəfindən təqdim olunmuş üzləşdirmə aktında da cavabdehin eyni məbləğdə borcunun qaldığı qeyd olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı məhkəməyə müraciət edərək, əsas borca görə 19786 manat, cərimə borcuna görə 3957 manat olmaqla, ümumilikdə 23743 manat pulun və 162 manat məhkəmə xərcinin alınaraq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 29559,01 manat məbləğində avans vəsait (nağd məbləğ, dərman, çiyid, gübrə və s.) almışdır. Müqaviləyə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan cəmi 9772,79 manat dəyərində xam pambıq təhvil vermişdir. Beləliklə, cavabdeh müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmiş, nəticədə iddiaçıya 19786,22 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xampambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3957 manat təşkil edir.

7. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ##.##.2024-cü il tarixli, *** saylı müqaviləyə əsasən 19786 manat əsas, cərimə borcuna görə 400 manat olmaqla ümumilikdə 20186 manat borc pul və 138 manat məhkəmə xərcinin tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim:Azər Ismayılov).

8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı “X1 Kompleksi” MMC, tədarükçü qismində “X1 Kompleksi"’ MMC-nin “X2 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 16 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaq şərti ilə pambıq məhsulu istehsal edib satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 29559,01 manat məbləğində avans vəsait götürmüşdür. Cavabdeh yaranmış borcdan 9772,79 manat dəyərində xam-pambıq təhvil verərək ödəniş etsə də, müqavilə üzrə öhdəliklərini tam olaraq vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 19786 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə iddia tələbi tam əsaslı olduğu üçün bu hissə təmin edilməlidir.

9. Bundan başqa, iddiaçı əsas borcla bərabər 3957 manat məbləğində cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq tələb edilən cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlmiş və həmin məbləğin azaldılmasını, yəni 400 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir. 10.Məhkəmə mövqeyini Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1, 462.1, 467-ci, Mülki Prossessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun borcunun nə qədər olması və hansı hissəsinin ödənilməsini aydınlaşdırmadan, iddiaçı ilə bağlanan müqavilənin ilk öncə onun tərəfindən deyil iddiaçı tərəfindən pozulması halını (onun yetişdirdiyi pambığı qəbul etməməsi) nəzərə almadan iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Onun təqdim etdiyi CD disk məhkəmə iclasında tədqiq edilmədən qərar qəbul edilmişdir. Məhkəmə yekun qərar qəbul edərkən sübutlar siyahısında yalnız mötəbərliyi şübhə altında olan və iddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışına əsaslanmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışı isə guya onunla iddiaçı arasında tərtib olunmuş üzləşdirmə aktına əsasən tərtib edilmişdir. Həmin üzləşdirmə aktı onun tərəfindən imzalanmamışdır və onun adının qarşısında olan imza ona məxsus deyildir. Yəni başqa şəxs tərəfindən imzalanmışdır. Bu hal iddiaçı ilə onun arasında imzalanmış müqaviləyə və üzləşdirmə aktına müqayisəli şəkildə baxdıqda açıq-aşkar nəzərə çarpır. Çünki, müqavilədəki imza onun özü tərəfindən icra edilmişdir. Bundan başqa ##.##.2024-cü il tarixli müqavilənin 2.4-cü bəndində göründüyü kimi xam pambığı yalnız “X1 Kompleksi” MMC-yə satmaq vəzifəsi üzərinə qoyulmuşdur. O, müqavilə şərtlərinə uyğun olaraq pambığı iddiaçıya satmaq məqsədi ilə zavoda apardıqda iddiaçı pambığı almaqdan imtina etmiş, pambıq zavodun traktorları ilə geri qaytarılaraq onun icarəsində olan torpaq sahəsinə boşaldılmışdır. Bunu sübut edən CD diski məhkəməyə təqdim etmişdir. Göründüyü kimi müqavilə şərtlərini pozan tərəf o deyil, iddiaçıdır. Iddiaçı iddia ərizəsində onun qeydiyyatda olduğu ünvana pretenziya məktubunu göndərdiyini bildirsə də onun ünvanına iddiaçı tərəfindən heç bir məktub gəlməmişdir. O, qəti şəkildə iddiaçının tələb etdiyi miqdarda borcu olduğunu qəbul etmir. Əksinə iddiaçının onun pambığını qəbul etməməsi səbəbindən ziyana düşən tərəf o olmuşdur. Qərar qəbul edərkən məhkəmə tərəfindən müqavilənin iddiaçı tərəfindən pozulması nəzərə alınmamış müqaviləni pozan tərəfin yalnız o olduğu nəticəsinə gəlinmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi onun borcu olduğunu təsdiq edən sənədləri araşdırmadan iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir (hakimlər: Mahir Əsədli - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Aytən Novruzova).

14. Aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası üzləşmə aktındakı imzanın cavabdehə məxsus olmaması barədə dəlili sübutların apellyasiya mərhələsində təqdim edilməsinin qanunla məhdudlaşdırılması və cavabdehin həmin etirazı birinci instansiya məhkəməsində irəli sürməməsi baxımından qiymətləndirərək əsassız hesab etmiş, diskdəki videogörüntülərlə bağlı dəlilin tələb olunan borcun mövcudluğunu və məbləğini təkzib etmədiyini bildirmiş, pretenziya məktubunun göndərilməməsi barədə dəlilin isə iş materiallarında mövcud olan poçt sənədləri ilə təkzib olunduğunu vurğulamışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil: Vəkil ) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət belə əsaslandırılmışdır ki, borcun əsasını təşkil edən sənədlərdəki imzaların həqiqiliyi mübahisələndirildiyi halda, apellyasiya məhkəməsi ekspertiza təyin edilməsindən imtina etmiş, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən halın müəyyən edilməsini mümkünsüz etmişdir. Lakin cavabdehin hüquqi savadının olmaması, yalnız bir hazırlıq iclasında iştirak etməsi və sonrakı iclaslarda xəstəliyi səbəbindən iştirak edə bilməməsi nəzərə alınmamışdır.

17. Apellyasiya məhkəməsi diskdəki görüntülərin borcun mövcudluğunu şübhə altına almadığını göstərmişdir. Halbuki, görüntülər iddiaçının müqavilənin 2.1-ci bəndi üzrə üzərinə düşən öhdəliyi pozaraq cavabdehin istehsal etdiyi pambığı qəbul etmədiyini göstərir. Əgər iddiaçı müqavilə üzrə qəbul etməli olduğu pambığı qəbul etsəydi, tələb olunan borc məbləğinin yaranıb-yaranmaması araşdırılmalı idi. Məhkəmə bu halın borcun hesablanmasına təsirini araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam həcmdə yerinə yetirmədiyindən, onun iddiaçı qarşısında borc öhdəliyi yaranmışdır.

33. Kassasiya şikayətinnin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və onlara aşağı məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilmişdir.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar