Məhkəmə qərarları › İş №2(1-8)-1515/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1515/2026

23.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1515/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasdan imtina, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2018-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən ##.##.2017-ci ildə vəfat etmiş X1 vərəsəsi qızı Cavabdehdır və o miras əmlakdan 2/2 hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRXnin ** saylı Ərazi Idarəsi tərəfindən ##.##.2018-ci ildə X1 verilmiş 503013015633 ***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan 0.3115 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 159.6 kv.m olan yaşayış evindən, əlavə tikililərdən və torpaq sahəsindən, Tovuz RQI və TBŞ tərəfindən verilmiş ##.##.2017-ci il tarixli AC****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2010181A663339, mühərrikin nömrəsi 10291010082073 və buraxılış ili 1991 olan Mercedes Benz 190 minik markalı, **-RF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir;

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin ##.##.2018-ci il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi tam payda Cavabdeh adınadır;

4. İddiaçı Tovuz rayon Notariat şöbəsinə verdiyi ##.##.2018-ci il tarixli, ************* nömrəli ərizənin surətindən görünür ki, O, İddiaçı məhrum əri X1 miras qalmış mirası qəbul etməmiş və həmin mirasa dair heç bir pay tələbi yoxdur. Mirası qızı Cavabdeh adına keçməsinə razıdır. Gələcəkdə həmin miras əmlakdan pay tələbi üzrə məhkəmədə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir. Ərizə ona ucadan oxundu, onun sözləri ilə düzgün yazılıb, ona görə imza edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixli mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi, mərhum əri X1 miras qalmış ünvan 1ndə yerləşən 0.3115 ha torpaq sahəsinin və onun üzərində yerləşən 159.6 kv.m fərdi yaşayış evi üzərində cavabdehə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin vərəsəlik şəhadətnaməsi əsasında qeyd olunan torpaq və ev üzərində hüquqlarının dövlət qeydiyyatına dair çıxarışın ləğv edilməsi və mərhum əri X1 miras qalmış ünvan 1 yerləşən 0.3115 ha torpaq sahəsinin və onun üzərində yerləşən 159.6 kv.m fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, əri X1 ilə ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Evləndikləri gündən ünvan 1ndə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır, həm həmin evdən, həm də torpaq sahəsindən ərə gəldiyi gündən istifadə edir, abadlaşdırmış, yeni təmir işləri aparmış və bu mütəmadi olaraq davam etmişdir. Əri ##.##.2017-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından 4 ay sonra maraqlı şəxs olan Notariat ofisində cavabdehin istəyi ilə o, ərindən qalan mirasdan onun xeyrinə imtina etmişdir. Cavabdeh bundan istifadə edərək hazırda onun yaşadığı evdən kənarlaşmağı üçün tədbirlər görür. O, mərhum ərindən qalan ailə başçısını itirməyə görə pensiya alır və nikahları pozulmayıbdır. Cavabdeh həmin kənddə yerləşən və nikahlı ərindən miras qalan sahəsini dəqiq bilmədiyi 0.3115 ha torpaq sahəsi və onun üzərində yerləşən 159.6 kv.m yaşayış sahəsinə çıxarış almışdır, hansı ki, o həmin evdə qeydiyyatdadır və yaşayır. Cavabdehə verilmiş nömrə və tarixini bilmədiyi vərəsəlik şəhadətnaməsi və bunun əsasında verilmiş hüquqların qeydə alınmasına dair çıxarış ləğv edilməlidir. Mirasda onun da payı vardır. Mirasdan imtina ərizəsi 3 aya qədər olan müddətdə yazılmalı olsa da, heç bir üzürlü səbəb olmadan qanunsuz olaraq 4-cü ayda yazdırılmışdır. Imtina ərizəsi etibarsız hesab olunmalıdır. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(062)-2370/2025 qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı mirasdan imtinaya dair ərizənin etibarsızlığını miras açıldıqdan 4 ay sonra notariat hərəkətlərinin aparılması ilə əlaqələndirmişdir. Belə olduğu halda məhkəmə hesab etmişdir ki, iddiaçı aldadıldığına da işarə etmişdir. Bununla bağlı məhkəmə onu qeyd etmişdir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Iddiaçı isə hüququnun pozulduğunu mirasdan imtinaya dair ərizənin verildiyi andan bilsə də, o bundan 7 il sonra məhkəməyə müraciət etmişdir. Iddiaçı ərizəsində mirasdan imtinaya dair ərizənin üçüncü şəxslər tərəfindən yazdırıldığını qeyd etsə də, həmin ərizənin kimlərin təsiri ilə yazdırılmasına dair sübutlar təqdim etməmişdir.

10. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı isə hüququnun pozulduğunu mirasdan imtinaya dair ərizənin verildiyi andan bilsə də, o bundan 7 il sonra məhkəməyə müraciət etmişdir. Iddiaçı ərizəsində mirasdan imtinaya dair ərizənin üçüncü şəxslər tərəfindən yazdırıldığını qeyd etsə də, həmin ərizənin kimlərin təsiri ilə yazdırılmasına dair sübutlar təqdim etməmişdir. Işin hallarından göründüyü kimi miras ## ###### 2017-ci ildə X1 ölümü ilə açılmış, İddiaçı tərəfindən mirasın qəbulundan imtinaya dair ## #### 2018-ci ildə ərizə verilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 354.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.4, 218.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, hakim təqdim edilmiş sübutları qiymətləndirməyərək, notariat ofisi tərəfindən edilən qanunauyğunsuzluğun araşdırılması məqsədilə işin prokurorluğa göndərilməsi vəsatətini təmin etmədiyindən, daha mütərəqqi halların aydınlaşdırılmasının və maraqlı şəxs olan notariat orqanının düşəcəyi çətin vəziyyətin qarşısını almışdır. Bununla yanaşı, uzadılma haqqında məhkəmə qərarı olmadan 4 ay keçdikdən sonra mirasdan imtinanın məhkəmə tərəfindən qanuni hesab edilməsi obyektiv dəyərləndirilməyib.

14. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz istəyi ilə miras payından imtina edərək ümumi qayda da razılaşmışdır. 4 il sonra iddiaçı gizli şəkildə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, mübahisə predmeti olan evdən istifadə hüququnun tanınması barədə qətnamə alıb. Cavabdehin bu qətnamədən xəbəri olduqda isə apellyasiya şikayəti verməsi ilə iş baxılması üçün məhkəmə tərəfindən icraata alınmışdır, lakin iddiaçının vərəsəlik şəhadətnaməsini mübahisələndirməsi səbəbindən icraat bu işə görə dayandırılmışdır. Iddiaçının məqsədi məsələnin uzanması ilə əlavə vaxt əldə etmək olmuşdur.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tаrixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Tural Məmmədov - sədrlik edən və məruzəçi Günay Cavadova və Fikrət Mehtiyev).

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər mirasdan imtina barədə ərizənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Belə ki, mübahisələndirilən ərizə ilə iddiaçı həmin dövrdə iradə ifadəsini bildirmiş, mirasdan cavabdehin xeyrinə imtina etdiyini bəyan etmişdir. Mülki qanunvericilik miras payından digər vərəsənin xeyrinə imtinanı qəbul edir. Eyni zamanda, mülki qanunvericiliyə görə mirasdan imtina ərizəsi geri götürülə bilməz. Mübahisələndirilən ərizə, eyni zamanda əqdlərin etibarlılığı üçün müəyyən edilən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərə və əqdin formasına dair ümumu imperativ normalara cavab verir.

17. Işin hallarından görünür ki, birtərəfli iradə ifadəsinin bəyanı olan mirasdan imtina ərizəsi (birtərəfli əqd) mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalarına uyğun olmuşdur. Ərizənin notarial qaydada imzalanması onu deməyə əsas verir ki, iddiaçıya ərizənin məzmunu və yaradacağı hüquqi nəticələr əvvəlcədən izah edilmiş, iddiaçı da iradə ifadəsini bu ərizə vasitəsi ilə həyata keçirmişdir. Ona görə də, iddiaçının mübahisəli ərizəni imzaladıqdan uzun müddət sonra onu mübahisələndirməsi formal mülahizələrə əsaslanır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.3, 329.1, 334.1, 334.2, 337.1,337.2, 337.4, 1256, 1261, 1268.1, 1269, 1272-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.4, 384.0.1, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

20. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, vərəsə mirasdan, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay ərzində imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti ən çox 2 ay uzada bilər. Imtina notariat qaydasında rəsmiləşdirilməlidir. 3 aylıq müddət keçdikdən və müddət məhkəmə tərəfindən uzadılmadıqda, 4 ay sonra edilən imtina qanuni hesab edilmir. Məhkəmələr tərəfindən tam və hərtərəfli araşdırma aparılmayaraq təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

25. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

26. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

27. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

33. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

34. Maddə 1269. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir.

35. Maddə 1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı notariat qaydasında iradəsini sərbəst ifadə edərək öz payından digər vərəsənin xeyrinə imtina etmişdir. Başqa sözlə, iddiaçı özünün miras payına bu şəkildə sərəncam vermişdir. Ərizə əqdin etibarlılığına dair qanunun tələblərinə uyğun tərtib edilmiş və notarius tərəfindən təsdiqlənmişdir.

45. Iddiaçı həmin əqdin iradəsinin zədələnməsi nəticəsində bağlandığını iddia etsə də, tələbinin əsasında dayanan faktiki halları işə mahiyyəti üzrə baxılarkən sübuta yetirə bilməmişdir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Məhkəmə tərkibi iddiaçının “3 aylıq müddət keçdikdən və müddət məhkəmə tərəfindən uzadılmadıqda, 4 ay sonra edilən imtina qanuni hesab edilmir” məzmunlu dəlili ilə bağlı bildirir ki, qanunla müəyyən edilmiş üç ay ərzində mirasdan imtina etməmiş vərəsə miras bölüşdürülənədək öz payının digər vərəsəyə keçməsi haqqında sərəncam verə bilər. Belə sərəncam həmin payın digər vərəsəyə ötürülməsini təmin edən hüquqi nəticə yaradır.

48. Belə ki, Mülki Məcəllənin 1292.1-ci maddəsinə görə, hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar