Məhkəmə qərarları › İş №2(1-8)-1636/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1636/2026

15.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1636/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ##### 2021-ci il tarixli müqavilə ilə “xxxx” MMC ünvan 1 ünvanında yerləşən * nömrəli binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 kv.m, satış sahəsi 124,36 kv.m olan ** nömrəli mənzili Cavabdeh təhvil verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. ## ##### 2021-ci il tarixli müqaviləyə * nömrəli əlavə olan ödəniş tapşırığına əsasən mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir.

3. Əvvəllər iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ##### 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq “xxxx” MMC-yə təhvil verilməsi, ## ##### 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işdə iddiaçı Cavabdeh cavabdeh “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, ilkin iddianın rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq “xxxx” MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin “xxxx” MMCnin üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

5. Həmin iş üzrə alınmış “X1 Mərkəzi” MMC-nin rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, XXX və XXX küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 2 otaqlı (89,4 kv.m) mənzillərin dəyəri 202940 manat təşkil edir.

6. Cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixdə yazılmış iltizama əsasən o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar “xxxx” MMC-nin hesabına 55000 manat pulu ## ###### 2025-ci il tarixdə ödəmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar qalıq borcun 50904 manat məbləğində pulu ## ###### 2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə borcu ödəməsə ona göstərilən kommunal xidmətlərin məhdudlaşdırılmasına heç bir etirazının olmamasını qeyd etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən * nömrəli binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan ** nömrəli mənzilə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün əldən çıxmış fayda kimi “xxxx” MMC-yə dəyən zərərə görə 64493 manat məbləğində pulun və 283 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 1 ünvanında yerləşən * nömrəli binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan ** nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə * saylı əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə * saylı əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla, 154104 manat məbləği ## ####### 2022-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı * saylı əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. ## ###### 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərilsə də, o, heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da, “xxxx” MMC-yə zərər vurmuşdur. Bununla əlaqədar “xxxx” MMC məhkəməyə müraciət etmiş və hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsinə əsasən müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə cavabdeh Cavabdeh 1000 manat məbləğində cərimə alınaraq, “xxxx” MMC-yə ödənilmişdir. Başqa sözlə, cavabdehin müqavilə şərtlərini pozması faktı artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Həmin məhkəmə prosesində cavabdeh “xxxx” MMC-nin müqavilə üzrə nəzərdə tutulan 105904 manat məbləğində pul vəsaitinin guya qəbul edilmədiyi barədə həqiqətə uyğun olmayan məlumat vermişdir. Bununla əlaqədar, “xxxx” MMC cavabdehə dəfələrlə rəsmi bildirişlə müraciət edərək, bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək hazırda yaşadığı mənzilin 105904 manat borcunu tam ödəməsini təklif etmişdir. Ödəniş olunduqdan dərhal sonra qanunvericiliklə müəyyən edilən müvafiq qaydada ona arayışın təqdim olunacağı bildirilmişdir. Bildirişdə həm də qeyd olunmuşdur ki, borcunu cavabdehlə bağlanan müqavilədə qeyd olunan “xxxx” MMC-nin bank hesabına da ödəyə bilər. Məhkəmə tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə Nizami Rayon Icra Şöbəsi tərəfindən xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu “xxxx” MMC-nin bank hesabına ## ###### 2025-ci il tarixdən iki dəfəyə hissi-hissə ödəmişdir. Borcun banka ödənilməsi faktı da təsdiq etmişdir ki, müqavilədə qeyd olunduğu üçün həmin bank hesabı cavabdehə müqavilə bağlanan gündən məlum olub və pulun həmin hesaba müqavilədə nəzərdə tutulan müddətdə ödənilməsi üçün cavabdehə heç bir maneçilik törədilməmişdir və törədilə də bilməzdi. ## ##### 2021-ci il tarixdə cavabdehlə müqavilə bağlanan zaman mənzilin 1 kv.m dəyəri 1400 manat olmaqla, 124,36 kv.m üçün 174104 manat hesablanmışdır. Cavabdeh tərəfindən borcun ödənildiyi dövr üçün sözügedən mənzilin 1 kv.m-nin bazar dəyəri təmirsiz vəziyyətdə 2270 manat təşkil edir. Işin bu halı qeyd olunan ərazi üzrə 2024-cü ildə keçirilən ekspertiza ilə təsdiq olunmuşdur. Həmin ekspertiza başqa mülki iş üzrə “xxxx” MMCyə qarşı irəli sürülən iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında keçirilmişdir və bu səbəbdən həmin sübutun mötəbərliyi şübhə doğurmur. Cavabdeh aldığı mənzilə görə 2021-ci sentyabr ayına 20000 manat, sonrakı 4 ay ərzində 34500 manat, 2022-ci ilin avqust ayında isə 13700 manat olmaqla, cəmi 68200 manat pul vəsaiti ödəmişdir. Cavabdehin iddiasına görə pulu vaxtında ödəməməsi guya “xxxx” MMC tərəfindən verdiyi pulu almaqdan imtina etməsi və alınan məbləğin cəriməyə silinməsi ilə bağlı olmuşdur. Bu iddia işin faktiki halları ilə tam şəkildə təkzib olunur. Belə ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqaviləyə * saylı əlavədə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən 2022-ci ilin avqust ayına qədər qalıq borc 88792 manat təşkil etmişdir. Cavabdeh isə ## ###### 2022ci il tarixdə bu məbləğin əvəzinə “xxxx” MMC-nin kassasına cəmi 13700 manat ödəmişdir ki, həmin ödəniş də cəriməyə deyil, əsas borca silinib və bununla əlaqədar cavabdehə müvafiq maliyyə arayışı təqdim olunub. Göründüyü kimi, müqavilədə öhdəliyin icrası üçün nəzərdə tutulan müddət dövründə də, müqavilə üzrə nəzərdə tutulan müddət bitdikdən sonra da borcunu ödəmək üçün “xxxx” MMC tərəfindən cavabdehə heç bir maneə törədilməyib. Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan müddət ərzində ödənilən 68200 manat məbləğ 124,36 kv.m mənzilin 48,72 kv.m olan hissəsinin (1400 x 48,72= 68208) qiymətidir. Bu halda, cavabdeh mənzilin (124,36 - 48,72) 75,28 kv.m olan hissəsinin pulunu müqavilə üzrə müəyyən edilən müddətdə ödəməyib. Cavabdehin müqavilə üzrə öhdəliklərini 2 ildən artıq müddətə yerinə yetirməməsi müqavilənin əhəmiyyətli pozuntusu sayılır. Cavabdeh mənzilin pulunu müqavilə üzrə öhdəlikləri pozmağa başladığı 2022-ci ilin avqust ayından təhvil versəydi iddiaçı həmin mənzili hər 1 kv.m üçün (2270 -1400) 870 manat artıq olmaqla sataraq daha çox gəlir əldə edə bilərdi. Bu halda, əldən çıxan fayda şəklində dəyən zərərin məbləği (870 manat x 75,28 kv.m) 65493 manatdır.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək, o, hazırda müqavilə öhdəliyi olan 105904 manat məbləği tam olaraq ödəsə də, “xxxx” MMC tərəfindən cavabdehə həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsi yerinə yetirilmir. Üstəlik olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq əldən çıxmış fayda tələb etməkdədir. Iddiaçı bundan əvvəl ## ###### 2025-ci il tarixdə iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən * nömrəli binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan ** nömrəli mənzilə dair “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün “xxxx” MMC-yə dəyən zərərə görə 11716 manat və 125,20 manat məbləğində rüsumun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən hazırkı iddia ilə eyni əsasla məhkəməyə müraciət edərək, əsassız olaraq əldən çıxmış fayda tələb etməkdədir. Iddiaçı hazırda əsassız olaraq cavabdehdən 64493 manat məbləğində əldən çıxmış faydanın tutulmasını xahiş etsə də, cavabdehin onun pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmasını təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən də əldən çıxmış faydanın tutulması barədə iddia tələbi rədd edilməlidir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsindən görünmüşdür ki, “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı ## ##### 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq “xxxx” MMC-yə təhvil verilməsi barədə iddia tələbləri təmin edilməmişdir.

12. Beləliklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh sahibliyində qalmalı olması müəyyən edilmişdir.

13. Odur ki, məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olması iş materialları ilə öz təsdiqini tapmadığından, sonradan mənzilin dəyərinin qalxmasına görə əldən çıxmış faydanın Cavabdeh tərəfindən “xxxx” MMC-yə ödənilməsi barədə iddia əsassızdır.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, eyni məhkəmə qətnaməsi ilə mənzilin dəyərinin gec ödənilməsində hər iki tərəfin hərəkətlərinə hüquqi qiymət verilərək, Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq “xxxx” MMC-yə ödənilməsi, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması qət edilmişdir.

15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsində mənzilin dəyərinin gec ödənilməsinə münasibətdə qeyd edilmişdir ki, “həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə ödəmək istəsə də, MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Demək ki, Cavabdeh ödənişi gecikdirməsinə səbəb müəyyən zaman MMC tərəfindən ödənişin qəbul edilməməsi də olmuşdur”. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi də qanuni qüvvəyə minmişdir.

16. Beləliklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin cavabdehin sahibliyində qalmalı olması və mənzilin dəyərinin gec ödənilməsində MMC-nin rəhbərliyinin də səbəb olması müəyyən edildiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.

17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının ## ###### 2025-ci tarixli audit rəyi ilə müəyyən edilmişdir ki, “X1 Mərkəzi” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndirməsinə əsasən ünvan 1 ünvanda yerləşən * nömrəli binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan ** nömrəli mənzilin 2025-ci ilin yanvar ayına bazar dəyəri (yuvarlaqlaşdırılaraq) 274500 manat təşkil edir. Bu halda, həmin dövr üçün mənzilin 1 kv.mnin dəyəri (274500 : 124,36) (yuvarlaqlaşdırılaraq) 2207 manat təşkil edir. Cavabdeh yanvar 2025-ci ilə qədər aldığı 124,36 kv.m sahəsi olan mənzilin 75,65 kv.m sahəsinin dəyəri alqı-satqı müqaviləsində nəzərdə tutulan müddət ərzində ödənilmədiyi üçün, “X1 Mərkəzi” MMC-nin həmin mənzilin yanvar 2025-ci il tarixə 1 kv.m-i üçün müəyyən etdiyi 75,65 kv.m sahəni 2207 manata vurmaqla hesablanmalıdır. Bunun nəticəsi olaraq, Cavabdeh ## ###### 2025-ci il tarixə (artmış qiymət fərqi hesabına 2207–1400 = 807 manat) (75,65 x 807=) 61055,55 manat ödənilməmiş borcu müəyyən olunur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim F.Talışınskinin sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və M.Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, cavabdeh Cavabdeh maddi ziyana (əldən çıxmış fayda) görə 61055,55 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının əldə edə biləcəyi gəlirlərdən məhrum olması halı mövcuddur.

22. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur.

23. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır.

24. Birinci instansiya məhkəməsi tərəfindən əvvəlki qətnaməyə əsasən gecikmənin iddiaçı tərəfindən pulun qəbul edilməməsinə istinad etməklə, qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh sahibliyində qalmalı olması, mübahisəli mənzilin iddiaçıya təhvil verilməli olmasının iş materialları ilə öz təsdiqini tapmadığını müəyyən edilmiş hal kimi qiymətləndirərək səhv nəticəyə gəlmişdir. Belə ki, məhz həmin qətnamə ilə cavabdehin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərinin vaxtında yerinə yetirilməsi və pozuntulara görə cərimə edilməsi artıq müəyyən edilmiş haldır.

25. Halbuki, bu qətnamədən sonra da onun icrası vaxtında təmin edilməmiş, bununla da öhdəliyin pozulması davam etmişdir. Diqqətə çatdırılmalıdır ki, digər iş üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması nəticəsində sonralar pul vəsaitinin qəbul edilməməsi iddiaçı tərəfindən mənzilin geri tələbi ilə bağlı olmuşdur ki, bu da təbii bu mərhələdə artıq iddiaçının pozuntuya münasibətdə müqaviləyə də xitam vermək istəyi ilə bağlı olmuşdur.

26. Beləliklə, tərəflər arasında olan müqavilənin şərtlərinə görə cavabdeh mənzilin dəyərini ## ####### 2022-ci il tarixinədək ödəməli olduğu halda qeyd edilən məbləğ cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixində ödənilmişdir. Cavabdeh məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, birinci instansiya icraatı zamanı iddia ərizəsinə etiraz təqdim etsə də, etirazının əsaslarını sübut etməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 14, 21, 386, 425, 443, 445, 448, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

28. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 77, 82, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

30. Belə ki, hazırkı işi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən qətnaməsindən ayrıca qiymətləndirmək mümkün deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Məhkəmə hesab edir ki, ## ##### 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 88282 manat cərimə borcu çox yüksəkdir və demək olar ki, əsas borca yaxın məbləğ təşkil edir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mənzilə olan borcu tam şəkildə Cəmiyyətə ödəmək istəsə də MMC-nin rəhbərliyi ödənişi qəbul etməmişdir. Demək ki, Cavabdeh ödənişi gecikdirməsinə səbəb müəyyən zaman MMC tərəfindən ödənişin qəbul edilməməsi də olmuşdur”. Həmin qətnamədən “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdehin 1000 manatlıq cərimə edilməsinə dair məhkəmə qətnaməsindən “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmin iş üzrə də cavabdehin ödənişləri müəyyən müddət gecikdirilməsi təsdiqini tapsa da, eyni zamanda “xxxx” MMC-nin də ödənişləri qəbul etməyi yubatması öz təsdiqini tapmışdır. Bu hal onu təsdiq etmişdir ki, ödənişin gecikdirilməsində MMC-nin də təqsiri olmuşdur. Hazırkı formada qətnamə çıxaran apellyasiya məhkəməsi isə zərərin yaranmasında təqsiri olan MMC-yə münasibətdə iddianı təmin etməklə maddi hüquq normalarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əldən çıxmış faydaya verilmiş anlayışa baxsaq, Mülki Məcəllənin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasa idi əldə edə biləcəyi gəlirlər formasında açıqlama verilmişdir. MMCnin ödənişlərin gecikdirilməsində, yəni zərərin yaranmasında, artmasında təqsirli olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmuşdur. Digər tərəfdən MMC-nin iddiası o zaman təmin oluna bilərdi ki, cavabdehlə aralarındakı müqaviləyə əsasən ödənişlərin gecikdirilməsinə görə cərimələr, faizlər nəzərdə tutulmasın. Lakin müqavilə üzrə gecikdirilməyə görə cərimə nəzərdə tutulmuş, bu cərimə məbləğinin tutulmasına dair MMC tərəfindən iddia qaldırılmış və 1000 manat cərimənin tutulması qət edilmiş, həmin qətnamədən də MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir. Indiki halda isə MMC cərimənin məhkəmə tərəfindən azaldığını gördüyündən yeni əsas ortaya çıxararaq bu dəfə əldən çıxmış fayda tələb etmişdir. Lakin hazırkı iş üzrə əldən çıxmış faydadan söhbət gedə bilməz. Çünki MMC müqavilə ilə razılaşdırılmış pul məbləğini tam olaraq almış, əşya isə cavabdehin mülkiyyətində qalmışdır. Əldən çıxmış fayda o halda təmin oluna bilərdi ki, MMC cavabdeh tərəfindən ödənişlərin vaxtında edilməsi halında həmin aylıq 8000 manatlıq pulu hansısa formada dövriyyədə, biznesində istifadə edərək həmin məbləğlə konkret nə qədər pul qazana biləcəyini əsaslandıra və buna dair sübut təqdim edə bilmiş olsun. Hazırkı işdə isə MMC mənzili satmış olduğu tarixdəki qiyməti deyil, ödənişin gecikdirildiyi vaxtda mənzilin qiymətini müəyyən edərək bunu əldən çıxmış fayda olaraq müəyyən etmişdir. Halbuki əldən çıxmış fayda mənzilə görə deyil, gecikdirilmiş pulun istifadə edilməsi müqabilində yarana bilərdi. Nəzərə alınmalıdır ki, mənzil elə cavabdehin mülkiyyətində qalmışdır. Mənzilə münasibətdə əldən çıxmış fayda o halda yarana bilərdi ki, MMC vətəndaşa müqavilə ilə satmış olduğu mənzil müəyyən müddət sonra öhdəliyin icra edilməməsinə görə MMC-yə geri qaytarılsın və bu zaman mənzilin kvadrat metrinə düşən qiymətində azalma olmuş olsun. Hazırkı işdə isə bu cür hallar baş verməmişdir. Belə olduğu təqdirdə Bakı Apellyasiya Məhkəməsinin əldən çıxmış fayda əsaslandırması və bu əsasla cavabdehdən pulun tutulması qənaətinə gəlməsi əsassız olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə MMC-nin ödənişləri qəbul etməkdən yayınması öz təsdiqini tapmışdır. Cavabdeh zərərin mövcud olmadığını bildirsə də, fərz edilsə ki, bu zərər olmuşdur. Bu zaman MMC həmin zərərin yaranmasına, artmasına öz təqsirli hərəkətləri ilə səbəbiyyət də vermişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq işə bu mövqedən baxmışdır. Bakı Apellyasiya Məhkəməsi isə əldən çıxmış faydanın mövcud olmadığı halda, üstəlik bu dırnaqarası zərərin formalaşmasına MMC-nin özünün səbəb olmasını, həmin “zərərin” hansı vaxtdan yaranmasını, MMC-nin neçə ay məbləği qəbul etməməklə “zərərin” artmasına səbəb olması və s. halları müəyyən etməmiş, araşdırmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən cavabdehin müqavilə üzrə öhdəliyinin lazımınca icra etməməsinə istinad etmiş və buna görə cavabdehə vurulan ziyanı ödəməli olduğu nəticəsinə gəlmişdir. Vurulmuş ziyanın məbləğini müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi “xxxx” Qiymətləndirmə Mərkəzi MMCnin ## ###### 2025-ci il tarixli mütəxəssis rəyini əsas götürmüşdür.

39. Bu zaman, apellyasiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 386.1, 425.1, 443.2, 443.4, 443.7, 445.1, 445.2, 1096.1, 1097.1-ci maddələrinin dispozisiya şərtlərini sadalasa da, iddianın qanuni əsasının hansı norma təşkil etməsini konkret olaraq qeyd etməmişdir.

40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış ## ##### 2021-ci il tarixli müqavilə ilə iddiaçı MMC cavabdehə razılaşdırılmış mənzili təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərini müqavilə üzrə müəyyən olunan qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşlər.

41. Işin mübahisəsiz halı ondan ibarətdir ki, mənzil cavabdehə təhvil verilsə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir.

42. Həmçinin, müəyyən olunur ki, tərəflər arasında əvvəllər başqa məhkəmə mübahisəsi olmuş, həmin işdə MMC hazırkı tələblə oxşar əsaslardan çıxış edərək, cavabdehdən 88282 manat cərimənin tutulmasını tələb etmiş, qanuni qüvvədə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehdən 1000 manat məbləğində cərimə tutulmuşdur.

43. Göründüyü kimi, qeyd olunan qətnamə ilə tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisəli hüquq münasibətlərinə qiymət verilmiş və cavabdehin öhdəliyini gecikdirməsinə görə qətnamə qəbul edilən tarixə iddiaçıya ödəməli olan məbləğ (cərimə formasında) müəyyən olunmuşdur. Həmin qətnamə iddianın təmin olunmayan hissəsində MMC tərəfindən mübahisələndirilməmişdir.

44. Belə olan halda, iddiaçı hazırda müqavilə bağlandığı tarixdən sonrakı dövr üçün müqavilənin predmeti olmuş mənzilin dəyərində olan fərq həddində zərər tələb etmək hüququna malik deyildir.

45. Bununla yanaşı müəyyən olunur ki, qətnamə qəbul edilən tarixdən sonrakı dövrdə də, cavabdeh tərəfindən öhdəliyinin icrasını gecikdirilmiş və tərəflər arasında bununla bağlı ## ###### 2025-ci ildə razılaşma əldə edilməklə, cavabdeh müvafiq iltizama imza etmişdir.

46. Odur ki, iddiaçı hazırda bu dövr (yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi qəbul edilən ## ##### 2024-cü il tarixdən iltizam imzalandığı ## ###### 2025-ci il tarixədək) üçün cavabdehin pul öhdəliyini gecikdirməsinə görə zərəri tələb etmək hüququna malikdir.

47. Bu tələbin hüquqi əsası kimi ilk olaraq Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, həmin normaya görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

48. Lakin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2009-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

49. Hazırkı halda, iddia tələbi cavabdehin pul vəsaitindən faydalanması ilə əsaslandırılmadığından və bununla bağlı sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilmədiyindən Mülki Məcəllənin 449.1-ci maddəsinin mübahisəyə tətbiqi qeyrimümkün hesab olunmalıdır.

50. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarda izah etmişdir ki, ... MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

51. Belə olan halda, məhkəmənin qənaətinə görə, cavabdeh müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdirdiyinə görə iddiaçıya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizi ödəməlidir.

52. Həmin məbləği müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin gecikdirməsi müddəti 9 aya (## ##### 2024 – ## ###### 2025) bərabərdir.

53. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiaçıya ödəməli olan 105904 manata illik 5% hesablanmaqla, 9 aya 3971,43 manat (105904 / 100 x 5% = 5295,2 / 12 ay = 441,27 x 9 ay = 3971,43) təşkil edir ki, qeyd olunan məbləğdə vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

54. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilmədiyindən, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qismən, iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. Iddiaçı “xxxx” MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün 3971,43 manat (üç min doqquz yüz yetmiş bir manat qırx üç qəpik) məbləğində pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar