Məhkəmə qərarları › İş №2(1-8)-1649/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1649/2026

23.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1649/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İsmayılov Möhtəbər Həsən oğlunun cavabdeh İsmayılova Qərənfil Ənvər qızına qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İsmayılov Möhtəbər Həsən oğlunun cavabdeh İsmayılova Qərənfil Ənvər qızına qarşı “evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Qərənfil İsmayılova (vəkil nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İsmayılov Möhtəbər Həsən oğlu ilə İsmayılova Qərənfil Ənvər qızı ##.##.2023-cü il tarixində nikaha daxil olaraq ailə qurmuş, sonradan məhkəmə qətnaməsi əsasında tərəflərin nikahı ##.##.2024-cü il tarixində pozulmuşdur.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında olan ümumi sahəsi 49,5 kv.m. yaşayış evi İsmayılov Möhtəbər Həsən oğlunundur.

3. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən İsmayılova Qərənfil Ənvər qızı İsmayılov Möhtəbər Həsən oğlunun mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsi ev 1, * saylı mənzilə köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı İsmayılov Möhtəbər Həsən oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə1 cavabdeh İsmayılova Qərənfil Ənvər qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 3 illik kirayə haqqı olan 5.400 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətində olan Göygöl rayon Qızılqaya qəsəbəsi ev 01, * saylı mənzildən cavabdehin istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında iddiaçının qanuni mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşı olub. Onlar ailə kimi mübahisəli mənzildə yaşayıblar və sonradan münasibətləri alınmadığı üçün nikahları ləğv edilib. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia qaldıraraq cavabdehə məxsus cehiz əşyalarının mülkiyyətində olan Göygöl rayon Qızılqaya qəsəbəsi ev 1, * saylı mənzildən çıxarılamasını xahiş edib. Eyni zamanda da cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq ona məxsus evə köçürülməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçının ilkin iddiası rədd edilmiş, qarşılı iddia təmin edilərək Qərənfil İsmayılovanın iddiaçıya məxsus mənzilə köçürülməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin qətnaməsi hazırda qanuni qüvvəsini almış, Qərənfil İsmayılova iddiaçıya məxsus mənzilə köçürülmüşdür. Cavabdehlə iddiaçının ailə münasibətləri pozulub. Mütəmadi olaraq iddiaçı ilə və onunla yaşayan atası və bacısı ilə Qərənfil İsmayılova arasında dava-dalaş baş verir. Onların bir yerdə yaşamaqları qeyri-mümkündür. Məhkəmə qətnaməsi ilə də cavabdehin istifadə hüququ tanınıb. Ona görə də iddiaçı qərara gəlib ki, cavabdehə kompensasiya verməklə qanuni mülkiyyətində olan mənzildən çıxarsın. Onların yaşadığı ərazidə eyni şəraitdə olan evlərin aylıq kirayə haqqı 150 manat təşkil edir.

6. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 izahatında bildimişdir ki, onlar iddianı qəbul etmirlər. Kompensasiya məbləği olaraq göstərilən məbləğ həddindən artıq aşağıdır. 20.000 manat kompensasiya ödənildiyi təqdirdə razılıq əldə edilə bilər.

7. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində ümumi sahəsi 49,5 kv. metr olan mənzil və eyni zamanda adekvat ölçülü fərdi yaşayış evlərinin kirayə qiyməti ##.##.2025-ci il tarixinə fərdi yaşayış evləri üçün aylıq orta qiymət 140 manat təşkil edir. Mənzillər üçün isə aylıq orta qiymət 130 manat təşkil edir.

8. Göygöl Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddia tələbi təmin edilərək, cavabdeh Qərənfil İsmayılovanın iddiaçı Qərənfil İsmayılovanın xüsusi mülkiyyətində olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Göygöl rayonu Qızılqaya (Füzuli) qəsəbəsi, ev 1, mənzil 2, ümumi sahəsi 49,5 kvadratmetr olan fərdi yaşayış evinə istifadə hüququna 5.400 manat kompensasiya verilməklə xitam verilməsi, cavabdeh Qərənfil İsmayılovanın iddiaçı Qərənfil İsmayılovanın xüsusi mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsi, ev 1, mənzil 2, ümumi sahəsi 49,5 kvadratmetr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı təqdim edilən müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən göndərilmiş qiymətləndirmə ekspertizasının nəticə hissəsində göstərilir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində ümumi sahəsi 49,5 kv. metr olan mənzil və eyni zamanda adekvat ölçülü fərdi yaşayış evlərinin kirayə qiyməti ##.##.2025-ci il tarixinə fərdi yaşayış evləri üçün aylıq orta qiymət 140 manat təşkil edir. Mənzillər üçün isə aylıq orta qiymət 130 manat təşkil edir. Ekspert rəyində qiymətləndirilən obyektin təsviri hissəsində obyektin yerləşdiyi ərazinin xüsusiyyətləri Göygöl rayonu, Füzuli qəsəbəsi bina, 2-ci mərtəbə, dam örtüyü dəmir, evin ümumi sahəsi 49,5 kv. metr kimi xüsusiyyətləri qeyd edilmişdir.

10. Göygöl rayon Qızılqaya qəsəbəsi ev 01, * saylı mənzil (köhnə qayda ünvan 2) Möhtəbər İsmayılovun tam mülkiyyətində olması işin mübahisə edilməyən halıdır. Həmin mənzilə məhkəmə qaydası ilə nikahları pozulmuş Qərənfil İsmayılovanın istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. Hazırkı halda iddiaçının irəli sürdüyü kompensasiya məbləğinin ağlabatanlığı və ədalətliliyi məhkəmə qaydasında qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı, yəni mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği bazar qiymətlərinə uyğun dəyərləndirilmiş və ədalətli hesab edilərək iddia tələbi təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.1.2, 228.1 və 228.2-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 103.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən qətnaməsini “xxxx” MMC tərəfindən göndərilmiş qiymətləndirmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Halbuki qiymətləndirici tərəfindən ümumiyyətlə evə baxış keçirilməmiş və iddiaçının dedikləri və təqdim etdiyi fotoşəkillər əsasında iddiaçının maraqlarına uyğun rəy verilmişdir. Qeyd edilən evin kirayə haqqı olduqca yüksəkdir. Belə ki, ev tərəfindən birgə nikah dövründə yüksək səviyyədə təmir edilmişdir. İddiaçı ilə cavabdehin ailə münasibətləri pozulduqdan sonra iddiaçı həyətdə tikilən yeni evdə yaşayır və cavabdehi evə buraxmamaqla oradakı əşyaları da yeni tikili mənzilə köçürmüşdür. Mütəxəssisə təqdim edilən evin fotoları ilə iddiaçı evin dağınıq və natamam olması görüntüsü yaratmış və nəticədə də öz məqsədlərinə xidmət edən rəy almışdır. Məhkəmə tərəfindən başqa qiymətləndiricidən evə baxış keçirilməklə yeni rəy alınarsa, evin real bazar dəyəri və buna müvafiq real bazar dəyəri ilə kirayə haqqı da müəyyən ediləcək və bununla da iddiaçının təklif etdiyi məbləğin nə qədər ədalətsiz olması öz təsdiqini tapacaqdır. Veriləcək kompensasiya məbləği ilə eyni şəraitli evdə 1 il də yaşamaq mümkün deyildir. Məhkəmə iddiaçının xidmət haqqını ödədiyi əsassız bir mütəxəssis rəyinə əsaslanmaqla iddianı təmin etməməli idi. Məhkəmə hər bir halda, cavabdehin verilən kompensasiya məbləğlə razı olmamasını nəzərə alıb evin kirayə haqqı üçün real bazar dəyərini müəyyən edilməsi üçün başqa mütəxəssisdən rəy ala bilərdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzil 2003-cü ildə Həsən İsmayılovun adına olmuş, bağışlama müqaviləsi əsasında isə onun adına keçib. Cavabdehlə 2003-cü ildə nikaha daxil olmuşlar, 2024-cü ildə isə nikahları pozulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Möhtəbər İsmayılov bildirmişdir ki, mənzilin real bazar dəyəri təxminən 20.000-25.000 manat civarındadır. Cavabdeh hazırda Göygöl rayonunda atasına məxsus evdə yaşayır. Kirayə məbləği ilə bağlı yenidən qiymətləndirmə keçirilməsini istəmir. Cavabdehə mənzildən çıxarılması üçün 6.000 manat kompensasiya məbləği verə bilər.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi) Rüfət Məcidov və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdeh Qərənfil İsmayılovanın iddiaçı Qərənfil İsmayılovanın xüsusi mülkiyyətində olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Göygöl rayonu Qızılqaya (Füzuli) qəsəbəsi, ev 01, mənzil 2, ümumi sahəsi 49,5 kvadratmetr olan fərdi yaşayış evinə istifadə hüququna 5.400 manat kompensasiya verilməklə xitam verilməsi” hissəsində dəyişdirilmiş, cavabdehin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınan Göygöl rayonu Qızılqaya (Füzuli) qəsəbəsi, ev 1 mənzil 2-dən istifadə hüququna 6.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, iddiaçıdan 6.000 manat kompensasiya məbləğinin alınıb cavabdehə verilməsi ilə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və birgə ailə təsərrüfatı idarə etmişlər. Bununla belə, Qərənfil İsmayılovaya bəxşeyiş müqaviləsi əsasında Göygöl rayonu Qızılqaya qəsəbəsi ev 01, * saylı mənzil (ünvan 2 ünvanda yerləşən 49,5 kv.metr mənzil) mülkiyyətinə keçmişdir. Sonradan, məhkəmə qətnaməsi əsasında tərəflərin nikahı pozulmuşdur. Onlar arasında mənzil hüquq münasibətləri ilə bağlı mübahisə yaranmış, Göygöl Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən Qərənfil İsmayılova sözügedən mənzildən istifadə hüququ əldə etməsi əsas göstərilməklə oraya köçürülmüşdür. Hazırda cavabdeh mübahisəli əmlakda yaşayır və iddiaçı kompensasiya verilməklə cavabdehin onun mülkiyyətində olan əmlaka istifadə hüququna xitam verilməsini tələb edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmışdır. Belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Tələbinin əsaslılığının araşdırılması baxımından isə, ilk növbədə iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmaması müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması barədə iddia irəli sürməkdə subyektiv hüquq sahibidir. Bununla belə, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığından asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. “R. Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsinin Plenumu ## ######## 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

28. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış mütəxəssis rəyi ilə mübahisəli mənzilə adekvat ölçülü oxşar mənzillərin aylıq kirayə haqqının 130 manat olduğu müəyyən edilmişdir. Cavabdehin “rəy verilərkən evə baxış keçirilməməsi, iddiaçının deməsinə görə və təqdim etdiyi fotoşəkillər əsasında iddiaçının maraqlarına uyğun rəy verilməsi” barədə arqumentini isə məhkəmə kollegiyası əsassız saymışdır. Ona görə ki, qiymətləndirmə fəaliyyəti əmlaka vizual baxış keçirilməklə və bazardakı kirayə məbləğləri nəzərə alınmaqla həyata keçirilmişdir.

29. Məhkəmə kollegiyası həmçinin cavabdehin “başqa qiymətləndiricidən evə baxış keçirilməklə yeni rəy alınarsa evin real bazar dəyəri və buna müvafiq real bazar dəyəri ilə kirayə haqqı da müəyyən ediləcək” barədə arqumentini də əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kompensasiyanın məbləği yaşayış sahəsinin dəyərindən asılı deyildir. Digər tərəfdəndə, mübahisəli mənzilin aylıq kirayə haqqı barədə alınan rəyin şübhə altına alınması və əslində kirayə haqqının daha artıq olması nəticəsinə gəlmək üçün isə əsaslar mövcud deyildir. Çünki cavabdeh mübahisə predmeti olan mənzilə dair alınmış rəylə müəyyən olunan kirayə haqqı məbləğinin daha artıq olması barədə hər hansı sübut təqdim etməmişdir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası iş üzrə təkrar qiymətləndirmə təyin edilməsinə zərurət olmadığını vurğulamışdır.

30. Apellyasiya baxışı zamanı cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği məhkəmə kollegiyası tərəfindən iddiaçı ilə müzakirə edilmiş, iddiaçıya cavabdehə 6.000 manat kompensasiya verməsi təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmiş və o, kompensasiyanın məbləğini artıraraq cavabdehin istifadə hüququna 6.000 manat müqabilində xitam verilməsini istəmişdir.

31. Beləliklə, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi 6.000 manat kompensasiya məbləği ilə cavabdehin başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 4 il müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı iddianın həlli baxımından əhəmiyyətli deyildir.

32. Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

33. Məhkəmə kollegiyası həmçinin MPM-nin 220.6-cı maddəsindəki səlahiyyətinə əsaslanaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra edilməli olduğundan, qətnamənin icra qaydası müəyyən edilməli, kompensasiyanın ödənilməsi ilə cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi və oradan çıxarılması eyni vaxtda icra edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 228.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə cavabdehin mənzil hüququna və layiqli həyat səviyyəsinə birbaşa təsir göstərmiş, onun uzun illər ərzində formalaşmış yaşayış şəraitini nəzərə almamışdır. Belə ki, tərəflər 2003-cü ildə rəsmi nikaha daxil olmuş, cavabdeh isə 2024-cü ilin mart ayınadək mübahisəli yaşayış evində fasiləsiz yaşamış, həmin evdə öz vəsaiti və əməyi hesabına təmir və abadlaşdırma işləri apararaq onu yaşayış üçün əlverişli vəziyyətə gətirmişdir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin uzunmüddətli faktiki yaşayışını, ailə münasibətlərinin davam etdiyi müddətdə həmin evə bağlılığını və yaşayış yerini itirməsinin onun hüquqlarına və sosial vəziyyətinə göstərəcəyi təsirləri lazımi qaydada qiymətləndirməmişdir.

20. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma olmadıqda, həmin hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında irəli sürdüyü tələb əsasında və istifadəçiyə bazar qiymətinə uyğun müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsi cavabdehin istifadə hüququna xitam verərkən müəyyən etdiyi kompensasiyanın bazar qiymətinə uyğun olubolmadığını araşdırmamış, bu barədə hər hansı mötəbər sübut toplamamış və qiymətləndirmə aparmamışdır. Halbuki hazırkı iqtisadi şəraitdə məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ilə mübahisəli ərazidə eyni və ya oxşar şəraitə malik yaşayış sahəsinin hətta bir il müddətinə kirayəyə götürülməsi belə mümkün deyildir. Belə olan halda, məhkəmənin müəyyən etdiyi kompensasiya Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan "bazar qiyməti ilə müvafiq kompensasiya" meyarına cavab vermir və cavabdehin yaşayış hüququnun adekvat təminatı hesab edilə bilməz.. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

21. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilmə. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

23. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

28. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

47. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.

48. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

49. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın * saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

51. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının təklif etdiyi yeni məbləğ, yəni 6.000 manat həddində kompensasiyanı müəyyən etməklə dəyişdirərkən, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi 6.000 manat kompensasiya məbləği ilə cavabdehin başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 4 il müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi qənaətinə gəlmişdir.

53. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, birinci cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilməklə kompensasiya məbləği artırıldığı üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar