Məhkəmə qərarları › İş №2(1-8)-1671/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1671/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1671/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi, barəsində kassasiya şikayəti verilməsi yol verilməyən qərardadlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı X1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 123573 manat, dövlət rüsumuna görə 533,91 manat, hüquqi yardıma görə 340 manat və gecikdirilmiş vaxt üçün 10297,75 manat olmaqla, ümumilikdə 134744,66 manat pul vəsaitinin alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 123573 manat və Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 8125,34 manat olmaqla, cəmi 131698,34 manat, hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi qismində 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 421,70 manat məbləğində pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Cavabdeh həmin qərardaddan şikayətə vermiş, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmiş və həmin Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Bundan sonra cavabdeh nümayəndəsi, vəkil vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır.

9. Cavabdeh Cavabdeh nümayəndəsi, vəkil vəkil1 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır.

13. Belə ki, apellyasiya instansiyası məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə olsa da, cavabdehin hazırda son nəticədə mübahisələndirdiyi məsələ birinci instansiya məhkəməsinin iş üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtinaya dair qərardadının dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin qərardadının əsassız olmasıdır. Bu həm kassasiya şikayətinin dəlillərindən, həm də şikayət verilən qərardadın mahiyyətindən irəli gəlir.

14. Qeyd olunmalıdır ki, cavabdeh nümayəndəsi, vəkil vəkil1 ilk dəfə kassasiya şikayəti verərkən, şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etsə də, həmin şikayət mahiyyət etibarı ilə Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadından olmuşdur.

15. Halbuki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin məhdud sayda qərardadlarından kassasiya şikayətin verilməsi nəzərdə tutulmuşdur ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə (## ###### 2026-cı il tarixli qərardad) və ya buraxılmış prosessual müddətin bərpasından imtinaya dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə əsasən qəbul edilən apellyasiya məhkəməsinin qərardadı (## ###### 2026-cı il tarixli qərardad) bu siyahıya aid olmamışdır.

16. Qeyd olunmalıdır ki, məhz MPM-in 402.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi ## ###### 2026-cı il tarixli qərardadından şikayət verilməsinin mümkünsüzlüyünü tərəflərə izah etmişdir.

17. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırda mübahisələndirilən ## ### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması halı, özlüyündə ondan şikayət verilməsi imkanını vermir.

18. Belə ki, həmin qərardadın əsasında kassasiya şikayəti verilməsi mümkün olmayan digər qərardad dayanmışdır.

19. Cavabdehin hazırkı kassasiya şikayətinə mahiyyəti üzrə baxılacağı halda, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı yoxlanılacaqdır ki, bu yuxarıdakı prosessual hüquq normalarının pozulmasına səbəb olacaqdır.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir.

21. Belə ki, qanunverici birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtinaya dair qərardadın 2 pilləli mərhələsini (bir dəfə birinci instansiya məhkəməsinin özü tərəfindən, ikinci dəfə apellyasiya instansiyası məhkəməsi tərəfindən) müəyyən etmişdir.

22. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin baxış predmeti ola bilməz.

23. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar