Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1746/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və Gəncə şəhəri * saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: ölmüş şəxsin adından verilmiş etibarnamə əsasında aparılmış alğı-satqı müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və Gəncə şəhəri * saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X1 ilə X5 ##.##.1981-ci il tarixində rəsmi nikaha daxil olmuşlar.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20,9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına ##.##.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Etibar edən (mülkiyyətçi) X1 tərəfindən etibar edilən cavabdeh2 adına verilmiş ## ##### 2017-ci il tarixli etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müyəssərlərdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti qiymətli kağızları, eləcədə sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, əvəzindən imza etməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlara, o cümlədən işi sülh yolu ilə qurtarmağa iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi iə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir.
4. ##.##.2017-ci il tarixli İddiaçı tərəfindən yazılan ərizədə qeyd edilmişdir ki, onun X1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin öz mülahizəsinə uyğun istədiyi qiymət və şərtlərlə satılmasına heç bir etirazı yoxdur, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur
5. X1 ## #### 2018-ci il tarixdə ölmüşdür.
6. Daşınmaz əmlakın alğı-satqısına dair ##.##.2023-cü il tarixli AN-İ seriyalI ******* nömrəli müqaviləyə əsasən, satıcı X1 əvəzinə cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32-də mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20,9 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evini alıcı cavabdeh1 50.000 manata satmışdır.
7. Hazırkı icraat üzrə tələblə eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının audio-video yazısından görünür ki, cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki “İddiaçı məni tanımır, amma cavabdeh kimi məni yazıb. Evin alğı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirdim. Orxan sonradan, alğı-satqıdan sonra demişdi ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdu, mən etibarnməylə evi sata bilərəm.” İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2, cavabdeh1 və Gəncə şəhəri * saylı notariat ofisinə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona paylı mülkiyyət və qanun üzrə vərəsəlik hüququ əsasında məxsus olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum əri X1 ilə (mərhum əri X1 əvəzindən cavabdeh Orxan Məmmədov) cavabdeh cavabdeh1 arasında Gəncə şəhəri, * saylı Notariat Ofisində bağlanmış ## ####### 2023-cü il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh cavabdeh1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə-2, sahə ** saylı ünvanda yerləşən fərdi yaşayış evi onunla mərhum əri X1 birgə nikahda olduqları müddətdə # ###### 2006-cı il tarixdə AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən alınıb və həmin ev onların paylı mülkiyyətlərində olmuşdur. Həmin evi aldıqdan sonra birgə təsərrüfat quraraq yaşayıblar. Belə ki, o, mərhum əri X1 ilə # ###### 1981ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir. Sonradan, onun məlumatı olmadan mərhum əri X3 evlərinə dair etibarnamə vermişdir. Etibarnamənin verilməsi dostluq münasibətləri əsasında həyata keçirilib. Həmin tarixdə həmçinin mərhum əri X1 Məmmədovun atasını və anasını da, həmin evə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Lakin sonradan, cavabdeh X3 mərhum ərinin vəfatından sonra mərhum əri tərəfindən onun adına verilmiş və qüvvədən düşmüş etibarnamə əsasında aralarında borc münasibətləri yaranmış iş üzrə digər cavabdeh və alğı-satqı müqaviləsinin tərəfi olmuş cavabdeh1 ilə onun həm vərəsəlik qaydasında və həmçinin paylı mülkiyyət hüququ üzrə mülkiyyətində olan evə dair alğı-satqı müqaviləsi bağlamışlar. Bu barədə məlumatı o, 2023-cü il tarixdə ərinin vəfatından sonra qanun üzrə vərəsəlik hüququ ilə bağlı sənədlərin rəsmiləşdirilməsinə başlamaq istəyərkən müəyyən etmişdir. Ona sonradan məlum olmuşdur ki, X3 ilə cavabdeh1 arasında yaranmış borc münasibətinə əsasən, yəni onların arasında bağlanmış akta əsasən mərhum əri tərəfindən aldadılaraq alınmış etibarnamə əsasında hərəkət etmiş X3 razılaşmışlar ki, aralarında formal alğı-satqı müqaviləsi bağlasınlar. Aralarında olan niyyət - evi Orxan Məmmədovun cavabdeh cavabdeh1 satmaq niyyəti ilə deyil, sonuncu Orxana mal verərək işləməklə borcunu qaytarmalı və evin formal bağlanmış alğı-satqı müqaviləsi qaranti rolunu oynamışdır. Gəncə şəhəri, * saylı Notariat Kontoru ərinin 2018-ci il tarixdə vəfat etməsi və onun adından cavabdeh Orxan Məmmədovun adına verilmiş etibarnamənin qüvvədən düşməsinə baxmayaraq, mərhum ərinin adından cavabdeh Orxan Məmmədov ilə digər cavabdeh cavabdeh1 arasında ## ####### 2023-cü il tarixdə AN-İ ******* nömrəli alğı-satqı müqaviləsini bağlamış və təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən onun mülkiyyət hüquqları pozulmuşdur. X3 ilə cavabdeh cavabdeh1 onun mərhum ərinin vəfat etməsini bilmişlər və hər iki cavabdeh yaxın dost olmuş və hər zaman şərikli olaraq birgə ticarətlə məşğul olmuşlar.
10. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, mübahisələndirilən müqavilə bağlanan zaman o, və qarşı tərəf mülkiyyətçinin vəfat etdiyini bilirdi. cavabdeh1 borc verməsi üçün məcbur qalaraq mübahisələndirilən müqaviləni imzalamışdır.
11. Cavabdeh cavabdeh1 iddiaya etiraz ərizəsi verərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Orxanla onun arasında nə borc münasibətləri, nə qohumluq, tanışlıq əlaqəsi olmamışdır. O, qeyd olunan əmlakı görüb bəyənmiş və razılaşaraq Orxanla alğı-satqı etmişlər. İddiaçının əri həmin əmlakı Orxana satmış və iddiaçı da notarial qaydada razılıq ərizəsi vermişdir. Orxanın hər-hansı hərəkətinə isə o, cavabdeh ola bilməz. O, bir vicdanlı alıcı kimi onların arasında yaranmış hər-hansı narazılıqlardan xəbəri olmamış, əmlakı bəyənərək razılaşma əsasında alğı-satqı yolu ilə mülkiyyət hüququ əldə etmişdir. X2 ölümündən xəbəri olmamışdır. Bundan başqa, eyni tələblə iddiaçı məhkəməyə müraciət etmiş, lakin iddiasını müdafiə etməyə tərəddüd etdiyinə görə məhkəmədə iştirak etməmiş və məhkəmə işə baxılmamış saxlaması barədə qərardad çıxarmışdır. Hazırda isə iddiaçının iş üzrə məhkəmə prosesində iştirak etmək zərurəti yarandığına görə məhkəməyə çağırılması barədə göstəriş verilməyini xahiş edir. Bundan başqa, iş materiallarında olan sənədlərə əsasən X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2. sahə 32 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayışevini X3 və buna dair etibarnamə verilmişdir. Eyvaz Rzayevin arvadı İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəylə torpaq sahəsinin və fərdi yaşayış evinin satılmasına etirazını bildirməmişdir. Daha sonra, 2018-ci il tarixində Eyvaz Rzayev vəfat etmişdir. Bundan da Rasimin məlumatı olmamışdır. cavabdeh1 2023-cü il tarixdə qeyd olunan əmlakı bəyənmiş, qanuna müvafiq qaydada alğı-satqı etmişlər. Halbuki həmin müddətdə əmlakdan Orxan istifadə etmişdir. Bu illər ərzində də, iddiaçı əmlakın taleyi ilə maraqlanmamışdır. Bundan başqa cavabdeh1 vicdanlı alıcı olaraq notarial qaydada evin alğı-satqısını həyata keçirmişdir. O, əmlaka dair hər-hansı problemlərlə üzləşəcəyini bilsəydi, alğı-satqı etməzdi. İddiaçı əmlak tələbi ilə bağlı iki dəfə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iştirakı təmin olunmadığına görə ərizəsi baxılmamış saxlanılmışdır. İndiyədək də, həmin əmlakla bağlı hər-hansı iddia və tələbləri olmamışdır. Hazırda isə onlarda olan məlumata görə İddiaçı vəfat etmişdir. Bütün bu suallara cavab almaq üçün iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməsi zəruri hesab olunur. Buna görə, iddiaçı İddiaçı məhkəmə iclasında iştirakı təmin olunmalıdır. Bundan başqa, cavabdeh1 vicdanlı alıcıdır. Dövlət orqanlarının verdiyi qərarlar və əməliyyatlar vətəndaşlar arasında inam yaradır. Ümumiyyətlə, məhkəmələr işə baxarkən daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almalıdır.
12. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərardadı ilə (hakim Xədicə Səfərli) iddiaçı İddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi və qeydiyyatın ləğv olunması” tələbinə dair mülki iş üzrə “cavabdeh1 adına aparılmış mülkiyyət hüququna dair dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
13. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, X1 və cavabdeh1 arasında bağlanmış, ##.##.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanında yerləşən daşınmaz əmlak ##.##.2007-ci il tarixdə adına qeydiyyata alınmış X1 verdiyi etibarnamə əsasında sonuncunun vəfatından sonra özgəninkiləşdirilmişdir. Lakin etibarnaməni vermiş şəxs öldüyü üçün təmsilçilik üçün verilmiş həmin yazılı vəkalətin hüquqi qüvvəsinə xitam verilmişdir. Eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı *(***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclası zamanı cavabdeh cavabdeh1 izahatında mübahisəli evin alğı-satqısı zamanı mülkiyyətçinin vəfat etdiyini bildiyini və müqavilə bağlanandan sonra nümayəndə qismində əqdi imzalamış cavabdeh2 onun adına verilmiş etibarnamə olduğu üçün müqavilə bağlaya biləcəyi bildirmişdi. Bundan başqa, cavabdeh2 məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilə imzalananda mülkiyyətçinin vəfat etməsi barədə məlumatlı olduqlarını bildirmişdir. Belə olan halda, xitam verilmiş etibarnamə əsasında müqavilə imzalandığı barədə cavabdeh1 və cavabdeh2 xəbərdar olduqları müəyyən edilir. Beləliklə, mülkiyyətçi Eyvaz Rzayevin üçüncü şəxslər qarşısında təmsilçilik üçün cavabdeh2 verdiyi və hüquqi qüvvəsinə xitam verilmiş etibarnamə əsasında müvafiq səlahiyyətlər olmadan sonuncu tərəfindən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqavilə etibarsız hesab edilməlidir.
15. Qeyd olunanlara əsasən, cavabdeh1 vicdanlı alıcı, dolayısıyla vicdanlı alıcı qismində hüquqlarının qorunmasına dair iddiaya etirazı əsaslı hesab edilə bilməz. Bundan başqa, mübahisələndirilən müqavilə üzrə notariat işinin tədqiqindən aydın olur ki, müqavilə bağlanan zaman X1 tərəfindən Gəncə “Asan xidmət” Mərkəzində Notariat Kontorunda cavabdeh2 verilmiş etibarnamənin elektron notariat informasiya sistemində “təsdiq edilib” statusunda olduğu, habelə, təqdim edilmiş nikah şəhadətnaməsində qeyd edilmiş məlumatlara əsasən mülkiyyətçinin vətəndaşlıq vəziyyəti aktları bölməsində aparılmış yoxlanış nəticəsində ölüm akt qeydi aşkar edilmədiyi müəyyən olunur. Belə olan halda, Gəncə şəhəri * saylı Notariat Ofisi mübahisələndirilən müqaviləni təsdiqlədiyi zaman müvafiq sənədlərin qüvvəsini itirməsinə dair məlumatlı olması müəyyən olunmur.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 362.1, 362.2, 365.1, 365.1.1, 365.1.2, 365.1.3, 365.1.4, 365.1.5, 365.1.6, 365.1.7, 365.1.8, 366.1, 366.2, 366.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixdə ərizə verərək Gəncə şəhəri Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda torpaq sahəsinə yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiyi, mülkiyyətçiyə qarşı heç bir tələbi olmadığını ifadə etmişdir. X1 (iddiaçının əri) eyni tarixdə, yəni ##.##.2017-ci il tarixdə cavabdeh2 daşınmaz əmlaka dair sərəncam vermək hüququna dair etibarnamə vermişdir. Bundan sonra mübahisəli evdə cavabdeh Mehdiyev Orxan Vidadi oğlu və onun ailə üzvləri yaşamağa başlamış, həmin evə pasport qeydiyyatına düşmüş və evdə əsaslı təmir və tikinti işləri görməyə başlamışlar. İşin faktiki halından görünür ki, iddiaçı və əri mübahisəli evi cavabdeh Orxan Mehdiyevə faktiki satmışlar. Bir il sonra iddiaçının əri rəhmətə getmişdir. İddiaçı əri rəhmətə gedəndən sonra ərindən qalmış mirasla maraqlanmamışdır (çünki həmin əmlakın satıldığını bilir). Yalnız cavabdeh Orxan Mehdiyev və Rasim Məmmədov arasında ##.##.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının yadına miras əmlakı düşmüşdür. Cavabdeh nə iddiaçını, nə də onun ərini tanımırdı. Mehdiyev Orxan ona əmlakı nümayəndə qismində satdıqdan dərhal sonra məhkəmə mübahisələri başlamış və yalnız onda mülkiyyətçinin öldüyünü bilmişdir. Digər tərəfdən, alğı-satqı Gəncə şəhər * saylı Notariat ofisində rəsmiləşdirilmişdir və notarius tərəfindən Eyvaz Rzayevin ölməsi müəyyən olunmamışdır. Bu halı notarius bilmədiyi halda, alıcı da bilə bilməzdi. Orxan alğı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətçinin öldüyünü alıcıya bildirməmişdir. cavabdeh1 alğısatqı zamanı mülkiyyətçinin öldüyünü bilmədiyindən o, alğı-satqı üzrə vicdanlı əldə edən sayılır. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etdiyini bildirmişdir. 2017-ci ildə faktiki almış olduğu evdə təmir-tikinti işləri görən, hazırda da həmin evdə yaşayan cavabdehin iddianı niyə qəbul etməsi sual yaradır. Axı iddianı qəbul etdiyi halda, aldığı ev onun əlindən çıxacaqdır. Lakin cavabdeh bundan narahat deyil, çünki əmindir ki, həmin əmlakı İddiaçı yenidən ona satacaqdır. Bununla da, cavabdeh sübut edir ki, müqavilənin etibarsızlığında onun marağı vardır. Cavabdeh Orxan Mehdiyev İddiaçı öyrədərək özü bu qurma oyunu firkirləşərək cavabdeh cavabdeh1 maddi ziyan vurmaq məqsədi güdmüşdür. Beləliklə, cavabdeh cavabdeh2 verdiyi izahatı digər cavabdeh cavabdeh1 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan onun izahatı sübut kimi qəbul olunmamalıdır. Məhkəmə cavabdeh cavabdeh2 iddianı nə üçün qəbul etdiyini aydınlaşdırmamışdır. Orxan Mehdiyev İddiaçı öyrədərək özü bu qurma oyunu firkirləşərək cavabdeh cavabdeh1 maddi ziyan vurmaq məqsədi güddüyünü aydınlaşdırmamışdır. Bundan başqa, İddiaçı əri 2018-ci ildə vəfat etdiyi halda niyə bu müddət ərzində miras əmlakla maraqlanmamağını və yalnız alğı-satqı müqaviləsi bağlandığı halda, miras əmlakla maraqlandığını aydınlaşdımamışdır. Məhkəmədə cavabdeh cavabdeh1 alğı-satqı müqaviləsi bağlanandək, mülkiyyətçinin öldüyünü bildiyini sübut edən hallar iş materiallarında yoxdur. ##.##.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, “İddiaçı onu tanımır, amma cavabdeh kimi onu yazmışdır. Evin alğı-satqısını edəndə Eyvazın vəfat etdiyini bildirmişdir. Orxan sonradan, alğı-satqıdan sonra demişdir ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdur, o, etibarnamə ilə evi sata bilər. Məhkəmə cavabdehin bu izahatı ilə mülkiyyətçinin öldüyünü bilməsini əsaslandırmışdır. Lakin məhkəmə həmin izahatı tam araşdırmamışdır. Belə ki, izahatda cavabdeh cavabdeh1 konkret qeyd edir ki, Orxan alğısatqıdan sonra ona mülkiyyətçinin öldüyünü demişdir. alğı-satqıdan qabaq Rasim evin problemli, konkret olaraq Orxana verilən etibarnamənin xitam olduğunu bilmiş olsaydı, alğısatqını arzulamaz və müəyyən olunmuş pulu ödəməzdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli evi əslində 220.000 manata almış, lakin, Orxan ona vergiyə çox pul tutulmasın deyə evin qiymətini sənədləşmə zamanı 50.000 manat yazdırmasını bildirmişdir. 170.000 manat evə görə nağd şəkildə Orxana vermişdir. Alğı-satqı zamanı pulu depozitə o, qoymuş Orxan götürmüşdür. Orxan ona evdən çıxması üçün vaxt verilməsin xahiş etmişdir. Alğı-satqı zamanı Eyvaz Rzayevin ölməsindən xəbəri olmamışdır. O, cavabdeh cavabdeh2 evdən çıxmasını tələb edən zaman, Orxan ona evin mülkiyyətçisinin ölməsini və evdən çıxamayacağını bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu və təmin olunmasını xahiş etmiş, əlavə olaraq isə, iddiaçı İddiaçı hazırkı iddia tələbindən məlumatı olmadığını, məlumatı olsa belə cavabdeh cavabdeh2 təzyiqi ilə hazırkı iddianı qaldırdığını bildirmişdir.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli evdə hazırda o, ailəsi birlikdə yaşayır. Cavabdeh cavabdeh1 onları evdən çıxartmaq niyyətindədir. Mübahisəli ev onun mülkiyyətində olmamışdır. Onun Rasimə borcu olduğuna görə evi cavabdeh cavabdeh1 adına rəsmiləşdirmişdir. Belə ki, o, cavabdeh1 məhsul alaraq Rusiya Federasiyasına göndərmiş, nəticədə onun Rasimə borcu yaranmışdır. Hazırkı mübahisəli evi isə Rasimə satmamış, sadəcə ona olan borcun təminatı kimi girov qoymuşdur. O, evi satarkən cavabdeh cavabdeh1 evin mülkiyyətçisinin ölməsini bildirmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili vəkil1 Tanrıverdi oğlu izahatında bildirmişdir ki, vicdanlı alıcıdan söhbət gedə bilməz. Şikayət əsassızdır. İddiaçının evi satmaq niyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu X8 izahatında, etibarnamə olduğu zaman araşdırma aparılmadığını, sistemdə 2017-ci ildə yazılmış razılıq ərizəsinin olmasını və alğı-satqını rəsmiləşdirən zaman həmin ərizəyə istinad etmələrini bildirmişdir. Daha sonra yenidən sistemdə yoxlama aparılmış və razılıq ərizəsinin qüvvədə olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, etibarnamə olduğu zaman əlavə yoxlama aparılmır.
24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən məruzəçi), Fikrət Mehtiyev və Əkrəm Qəhramanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, X1 ##.##.2017-ci ildə cavabdeh2 etibarnamə verərək onun adından bütün hərəkətləri etməyi etibar etmiş, bundan sonra X1 ##.##.2018-ci ildə vəfat etmiş, bununla da etibarnaməyə xitam verilmişdir. Lakin həmin etibarnamənin ##.##.2018-ci il tarixdə qüvvədən düşməsinə baxmayaraq, beş il sonra, yəni ##.##.2023-cü il tarixdə həmin etibarnamə əsasında cavabdeh2 mərhum X1 mülkiyyətində olmuş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə E-2, sahə 32 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair ##.##.2023-cü il tarixli AN-İ seriyalI ******* nömrəli alğı-satqı müqaviləsi bağlamış, nəticədə həmin müqavilə etibarsız olmuşdur. Belə olan halda, qüvvədən düşmüş etibarnamə üzrə bağlanmış alğı-satqı əqdi etibarsız əqddir. Belə ki, Mülki Məcəllədə əqd anlayışı belə göstərilmişdir ki, əqd iki və ya üç tərəfin iradəsinin ifadəsidir. Yəni əqdi bağlayanlar öz iradələrini yazılı qaydada tərtib edirlər. Mülki Məcəllənin müddəalarından da görünür ki, əqdi bağlayan mülkiyyətçinin özü və yaxud onun iradəsi ifadə edən şəxsdir. Lakin şəxs öldükdən sonra onun iradəsindən kənar bağlanmış əqdlər etibarsız əqdlərdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması halında etibarnamənin qüvvəsinə xitam verilir.
26. Göründüyü kimi, X1 ##.##.2018-ci il tarixdə vəfat etməsi ilə onun ##.##.2017-ci ildə cavabdeh2 verdiyi etibarnamə qüvvədən düşmüş və həmin etibarnamə əsasında cavabdeh2 ##.##.2023-cü il tarixdə mərhum Eyvaz Rzayevə məxsus olmuş mübahisəli torpaq və fərdi yaşayış evinə dair bağladığı alğı-satqı müqaviləsi etibarsız olmuşdur. Belə ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
27. Məhkəmə kollegiyası cavabdeh1 vicdanlı alıcı olması ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş eyni tələbə dair iddia ərizəsinin baxılmamış saxlanıldığı *(***)- ****/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasının audio-video yazısından görünür ki, cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki “İddiaçı məni tanımır, amma cavabdeh kimi məni yazıb. Evin alğı-satqısını edəndə Eyvazın vəfat etdiyini bilirdim. Orxan sonradan, alğı-satqıdan sonra demişdir ki, etibarnamə var, yiyəsi ölüb, problem yoxdur, mən etibarnamə ilə evi sata bilərəm.” Göründüyü kimi, cavabdeh cavabdeh1 qeyd olunan torpaq sahəsinə dair müvafiq alğı-satqı müqaviləsi bağlanmamışdan öncə mübahisəli olması barədə, yəni həmin torpaq sahəsinin mülkiyyətçisinin vəfat etdiyindən məlumatlı olması ehtimal olunur.
28. Məhkəmə kollegiyası cavabdeh1 vicdanlı alıcı olması ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh cavabdeh1 mübahisəli fərdi yaşayış evini alarkən ev X1 mülkiyyətində olmuş və evin alğı-satqısı cavabdeh2 ##.##.2017-ci il tarixdə vermiş olduğu etibarnamə əsasında həyata keçirilmişdir. Həmçinin iddiaçının X1 arvadı kimi razılıq ərizəsi də, həmin tarixlərdə verilmişdir. Göründüyü kimi, evin mülkiyyətçisinin X1 olması, cavabdeh cavabdeh2 verilmiş etibarnamənin 5 il əvvəl verilməsi nəzərə alınsa, cavabdeh cavabdeh1 ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə mülkiyyətçinin kim olması və ona məxsus evi satıbsatmamasını araşdırmağa borclu idi. Bu baxımdan, cavabdeh cavabdeh1 həmin torpaq sahəsini vicdanla əldə etmiş şəxs hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası iddiaçı İddiaçı hazırkı iddia tələbindən məlumatı olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı ##.##.2025-ci il tarixdə yazılmış və Gəncə şəhər * saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, apellyasiya şikayətini qəbul etmir, cavabdehlər heç bir razılaşma əldə etmədiyini və iddianı geri götürmək istəmədiyini bildirmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 146.1, 149.2, 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 365.1, 567-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh cavabdeh1 (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, evin mülkiyyətçisinin X1 olması, cavabdeh cavabdeh2 verilmiş etibarnamənin 5 il əvvəl verilməsi nəzərə alınsa, cavabdeh cavabdeh1 ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə mülkiyyətçinin kim olması və ona məxsus evi satıb-satmamasını araşdırmağa borclu idi. Bu baxımdan, kollegiya hesab etmişdir ki, cavabdeh cavabdeh1 həmin torpaq sahəsini vicdanla əldə etmiş şəxs hesab edilə bilməz. Məhkəmə vicdanlılıqla bağlı cavabdeh cavabdeh1 mülkiyyətçinin kim olması yoxlamaq vəzifəsini qoymuşdur. Halbuki hakimin vurğuladığı məsələ ilə birbaşa notariat ofisləri məşğul olur ki, Gəncə şəhər * saylı notariat ofisinin xüsusi notariusu Elnur Məhərrəmov məhkəmə iclasında verilən suala cavab olaraq bildirmişdir ki, Eyvaz Rzayev sağ olub-olmadığını elektron qaydada yoxlamışdır. Cavabdeh cavabdeh2 verilmiş etibarnaməni və iddiaçı Raya Rzayevin alğı-satqı barədə razılıq ərizəsini də yoxlamışdır və bütün sənədlərin qüvvədə olmasına əmin olduqdan sonra müqaviləni təsdiq etmişdir. Göründüyü kimi, notarius mülkiyyətçi Eyvaz Rzayevin kim olmasını, onun sağ olub-olmadığını geniş elektron vasitələrlə müəyyən edə bilməmişdir. Belə olan halda, cavabdeh1 bu halları necə müəyyən etməli olduğu sual yaradır.
33. Məhkəmə kollegiyası iddiaçının ##.##.2025-ci il tarixdə yazılmış və Gəncə şəhər * saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş ərizəsini sübut kimi qiymətləndirmişdir. Həmin ərizədə İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, cavabdehlərlə heç bir razılaşma əldə etmədiyini və iddianı geri götürmək istəmədiyini bildirmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə verdiyi ərizə onun iddiadan imtina etməsi ərizəsindən sonra verilmişdir və onun məhkəməyə gəlməməsi təzyiqlərə məruz qalmasına dəlalət edir. Halbuki məhkəmə İddiaçı məhkəmə iclasında iştirak etməsini məcburi hesab etmişdir. cavabdeh2 verdiyi izahatı və İddiaçı ##.##.2025-ci il tarixdə verdiyi ərizəsi digər cavabdeh cavabdeh1 hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan onun izahatı və ərizəsi sübut kimi qəbul olunmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
34. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
37. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
38. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
39. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
41. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
45. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
46. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
47. Maddə 365.1.7. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir.
48. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
49. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
8. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
10. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
14. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
17. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
18. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
19. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
27. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.