Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1751/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Həsənova Elnurə Köçəri qızının cavabdeh Mehdiyeva Nailə Ayaz qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsindən cavabdeh Mehdiyeva Nailə Ayaz qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prosepekti 103 “a” saylı evdə yaşayır.
2. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı evdə yaşayır.
3. AR X7, Bakı Regional Bölməsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti ilə əlaqədar olaraq əraziyə baxış keçirilmiş və Cavabdeh tərəfindən fərdi yaşayış sahəsində ev quşlarının saxlanması və yetişdirilməsi zamanı “Baytarlıq haqqında” AR Qanunun 19-cu maddəsinin və AR Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə müəyyən edilmiş Qaydaların tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, heyvanların (quşların) saxlanıldığı binanın içi və ətrafı ağardılmır, orada dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri mütəmadi aparılmır, heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan sahibkar tərəfindən əldə edilən peyin kütləsi müvafiq qaydada biotermik zərərsizləşdirilmir və heyvanlar (ev quşları) arasında müxtəlif növ yoluxucu xəstəliklərə qarşı peyvəndləmə və diaqnostik müayinə işləri həyata keçirilmir. Bu baxımdan “Baytarlıq haqqında” AR Qanunun 40-sı maddəsinin pozulmasında təqsirkar olan şəxslər AR qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı Cavabdeh nəzərinə çatdırılmışdır. Bununla əlaqədar AR Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək haqqında” Qaydalar Cavabdeh rəsmi təqdim edilərək icrası ilə bağlı məcburi göstərişlər verilmişdir.
4. AR Daxili İşlər Nazirliyi, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi, 17-ci Polis Şöbəsinin ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, X3 müraciətinə Polis Şöbəsində baxılıb və araşdırma zamanı Cavabdeh ilə profilaktiki söhbətlər aparılıb və ona xəbərdarlıq edilib. Qeyd olunan şəxslə mülki münasibətlər zamanı İddiaçı mülki hüquqlarının pozula biləcəyi qeyd edilib. Odur ki, İddiaçı Cavabdeh qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunub.
5. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Cavabdeh barəsində AR İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o inziabi məsuliyyətdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda yerləşən toyuq hininin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ayrılmış ərazidə yaşayır. Sözügedən ərazi AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır və burada yalnız qeydiyyatda olan ailələrin məskunlaşmasına icazə verilir. Lakin, cavabdeh heç bir hüquqi əsas olmadan həmin ərazidə qanunsuz şəkildə məskunlaşmış və özbaşına tikili inşa edərək orada yaşamış və ferma tikərək ərazidən qanunsuz olaraq istifadə etmişdir. O, ərazidə yalnız qeydiyyatda olan ailələr üçün dövlət tərəfindən pulsuz təqdim edilən elektrik enerjisi və su kimi kommunal resurslardan qeyri-qanuni istifadə etmişdir. Bu, həm onun, həm də digər məcburi köçkünlərin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, dövlət əmlakından suiistifadə halıdır. ##.##.2025-ci il tarixdə iddiaçı, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə qonşu kimi onun qanunsuz və ictimai asayişi pozan davranışları barədə rəsmi müraciət etmişdir. Həmin müraciət əsasında aparılan profilaktik söhbətlər nəticə verməmiş və bu səbəbdən də polis orqanı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həmin ərazidə yaşayan bir neçə məcburi köçkün ailəsi tərəfindən cavabdehin qeyri-etik davranışları, şantaj və təhqiramiz ifadələri ilə bağlı kollektiv ərizə ilə müraciət olunmuşdur. AR X7 eyni ünvanda yaratdığı qanunsuz “toyuq fermasını” araşdırmış və nəticədə bu obyektin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını rəsmən təsdiq etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə onun dövlətə və məcburi köçkün ailələrinə qarşı təhdidlər və nalayiq ifadələrlə çıxış etməsi barədə əlavə şikayət ərizəsi təqdim olunmuşdur. ##.##.2025-ci il tarixdə cavabdeh əsassız və hüquqi əsası olmayan iddialarla qardaşı X1 məhkəməyə vermişdir. Bu iddia, açıq şəkildə pul almaq məqsədi daşıyan manipulyasiya xarakteri daşıyır və özünü haqlı göstərməyə yönəlmiş bir cəhddir. Yuxarıda göstərilən hallar bir daha sübut edir ki, cavabdehin fəaliyyəti təkcə tikinti və yaşayış hüququnun pozulması ilə bitmir - o, eyni zamanda ətraf mühitə ziyan vuran, ictimai asayişi pozan və bir sıra hüquqi və inzibati pozuntularla müşayiət olunan davamlı davranışlar sərgiləyir.
8. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Ağdam şəhəri, Sabir küçəsi ** saylı evdən 2 övladı ilə birlikdə məcburi köçkün düşmüş, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı evdə məcburi köçkün kimi məskunlaşmışdır. 2024-cü ilin sentyabrına qədər ona və uşaqlarına çörək pulu verilirdi. Həmin tarixdən çörək pulu qanunsuz kəsildiyinə görə o, Ağdam rayon İcra Hakimiyyətinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia vermiş və bu ilin noyabr ayının 4-də iddia ərizəsi üzrə inzibati işə baxılacaqdır. Məcburi köçkün olduğuna və maddi vəziyyətinin ağır olması ilə əlaqədar qeyd edilən ünvanın həyətində toyuq saxlayır. Toyuq saxladığı həyət 4 tərəfdən daş hasarla hörülmüşdür. Buna görə də həyətdə saxladığı toyuqların heç bir qonşuya zərəri yoxdur. İddiaçı bununla əlaqədar olaraq ondan Bakı şəhəri, Nərmanov rayon İcra Hakimiyyətinə, AR X7 şikayətlər etmiş, həmin təşkilatlardan nümayəndələr gəlib onun toyuq hininə baxmış, lakin hər hansı bir qanunsuzluq aşkar edilmədiyinə görə çıxıb getmişlər. İddiaçının tikilinin sökülməsi barədə tələbi ona qarşı qərəzliliyi ilə əlaqədardır. O, toyuq hinini 7 il bundan əvvəl tikmiş, iddiaçı isə 1 il bundan əvvəl ondan aldığı torpaq sahəsində qeyriqanuni tikili inşa etmişdir.
9. ##.##.2025-ci il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış protokolundan görünür ki, cavabdeh toyuqların saxlanılması üçün ayrıca tikili tikmişdir. Həmin tikili daxildən iki hissəyə bölünmüşdür. Toyuqların saxlanıldığı hissənin qapısı və pəncərəsi vardır. Digər hissədə isə əlavə əşyalar yığılmışdır. Toyuq hininin yerləşdiyi tikili iddiaçının yaşadığı evin arxa tərəfində yerləşir. Həmçinin toyuqların saxlanıldığı tikilinin divarı iddiaçıya məxsus evin divarına bitişikdir. Həmin yerdən həm iddiaçının evinin arxa tərəfinə, həm də boş əraziyə qapı açılmışdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilərək, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda saxlanılan toyuqlar ərazidən köçürülməklə toyuq hininin sökülməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin qonşu olması işin mübahisə olunmayan halıdır. Bu səbəbdən də iddiaçının subyektiv hüququnun mövcudluğu ilə bağlı əlavə araşdırma aparmağa zərurət yoxdur. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı tərəflərin qonşu olduğu müəyyən edilmiş və beləliklə iddiaçının subyektiv hüququ təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh yaşayış məntəqəsinin ərazisində toyuq hini inşa edərək çox sayda ev quşları saxlayır və qanunvericiliklə tələb olunan qaydalara əməl etməməklə iddiaçının hüquqlarını pozur. Ev quşları çox sayda və antisanitar şəraitdə saxlanılmaqdadır. Halbuki şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya gigiyena tələblərinin pozulmasına, pis qoxu, səsküy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır.
13. Həmçinin keçirilmiş yerli baxış zamanı toyuq hininin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilmişdir.
14. Cavabdehin ev heyvanları saxlamaq hüququ həmin ərazidə yaşayan digər şəxslərin, o cümlədən iddiaçının təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır.
15. Digər tərəfdən, cavabdeh bu hüququndan sui-istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Bundan əlavə, AR X7 müvafiq məktubundan görünür ki, cavabdeh tərəfindən ev quşlarının saxlanılması zamanı baytarlıq və sanitariya qaydalarının tələbləri pozulmuş, dezinfeksiya, deratizasiya və digər zəruri tədbirlərin aparılmadığı aşkar edilmişdir. Bu hallar toyuqların saxlanmasının antisanitar şəraitdə həyata keçirildiyini və insanların sağlamlığı üçün təhlükə yaratdığını təsdiq edir.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən toyuq hinində ev quşlarının saxlanılması faktiki olaraq iddiaçının normal yaşayış şəraitini pozur, davamlı narahatçılıq yaradır, sanitariya və baytarlıq tələblərinə ziddir və bu hal qonşuluq hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
17. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 6, 170.2-ci, “Baytarlıq haqqında” AR Qanunun 19-cu, MPM-nin 14.2, 77.1, 217.4-cü maddələrinə, habelə AR Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 1.2, 4.4.2, 5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.1, 2.3, 2.14-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda yaşayır və onun mənzili ilə qonşuluqda ümumi istifadədə olan həyətyanı sahədə cavabdeh qanunsuz tikililər inşa etmiş və orada anti sanitar şəraitdə çoxlu sayda ev quşları (toyuq və cücə) saxlamaqdadır. İddiaçı mövcud vəziyyəti ağırlaşdırmaq və dözülməz səviyyəyə çıxarmaq üçün qeyd etmişdir ki, həmin tikilidən (toyuq hinindən) ətrafa dözülməz və kəskin üfunət qoxusu yayılır. Bu qoxu xüsusilə yay aylarında və küləkli havalarda onun mənzilinə daxil olur, nəticədə pəncərələri açmaq və mənzili havalandırmaq qeyri-mümkün olur. Bundan əlavə, iddiaçı bildirmişdir ki, onun azyaşlı övladı astma-bronxit xəstəliyindən əziyyət çəkir. Qonşuluqda saxlanılan quşların tükü, toz-torpağı və kəskin qoxusu uşağın səhhətində ciddi problemlər yaradır, boğulma hallarına səbəb olur. İddiaçı dəfələrlə ona xəbərdarlıq etsə də, buna məhəl qoymamışdır. İddiaçı məhkəmədən ona məxsus toyuq hininin sökülməsini və toyuqların həmin ərazidən köçürülməsini xahiş etmişdir. Hansı ki, məhkəməyə bu halların səbəbinin həmin qoxu olduğunu sübut edən heç bir sübut təqdim etməmişdir. Hansı ki, iddiaçının övladının xəstəliyinin səbəbi ona görə onun öz pəncərəsinin qarşısında dözülməz halda olan və antibakterial vəziyyətdə olan zibil topluluğudur. O, məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, 1993-cü ildən etibarən həmin ünvanda yaşayır. Həmin tikili və təsərrüfat onun yeganə dolanışıq mənbəyidir. Ərazini mütəmadi olaraq təmizləyir, dezinfeksiya edir və qonşulara mane olmamağa çalışır. Tikilinin sökülməsini əsassız hesab edir və bu onun maddi durumunu ağırlaşdıracaqdır. Birinci instansiya məhkəməsinin qətnaməsi bir neçə maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarına düzgün qiymət verilməməsi səbəbindən əsassızdır və ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi qərəzli və subyektiv düşüncələrə, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olaraq, maddi hüquq normalarının pozulması və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə qəbul edilmişdir. Təhlükəsizlik və məsafə, yerində baxış aktında (əgər dürüst tərtib edilibsə) görünməlidir ki, heyvanların saxlandığı yerlə iddiaçının pəncərəsi arasında kifayət qədər məsafə var və ərazi 4 tərəfdən qapalıdır. O, 40 ildir ki, həmin ərazidə məskunlaşmışdır. Məhkəmənin “qanunsuz yaşayış” və “qanunsuz tikili” vurğusu bu işin predmeti olan “təsir” (qoxu) məsələsi ilə qarışdırılmamalıdır. Yaşayışın statusu toyuqların qoxusuna dair mübahisəyə təsir etməməlidir. Əgər problem qoxudursa, məhkəmə söküntü deyil, “sanitar qaydalara əməl edilməsi” öhdəliyi qoya bilərdi. Söküntü ən son və ən ağır tədbirdir ki, bu da mülkiyyət hüququnu ifrat dərəcədə məhdudlaşdırır. İddiaçı ##.##.2025-ci ildə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etmişdir. Əvvəla, məhkəmə bunu özü təklif etmişdir. Halbuki, mülki məhkəmə icraatında bu qəbul edilməzdir. İddiaçı hansı iddianı irəli sürdüyünü özü müəyyənləşdirir. Bundan başqa, verilmiş dəqiqləşdirmə ərizəsi cavabdehə rəsmi şəkildə təqdim edilməmiş və həmin ərizəyə etiraz imkanı yaradılmamışdır. Bu da kobud pozuntudur. Qeyd edilən qərardan anlaşılır ki, məhkəmə əvvəl şəxsin subyektiv hüququnun olubolmamasını müəyyən etməli idi. Qərara əsasən subyektiv hüququn üç təzahür forması var. Onlardan ilki öz hərəkətlərinə hüquqi ixtiyar kriteriyasıdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edəndə subyektiv hüquqla bağlı məsələyə kiçik bir abzasdan ibarət yanaşma sərf edərək iddiaçının məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmasını bildirmişdir. Halbuki, AR Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüququnun digər iki təzahür forması başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququdur. Yenə AR Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüquqla bağlı üç təzahür formasından ilki olmasa digərlərin həyata keçirilməsi istisnadır. Çünki, birinci element yəni hüquqi ixtiyar bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Həmin yanaşmanı onların mübahisələrinə tətbiq edərlərsə o, zaman iddiaçının iddia ilə bağlı subyektiv hüququnun olmaması görünər. Buna iki prizmadan yanaşmaq olar. Əvvəla, iddiaçının iddia tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyətlə bağlı iddiaçının hüquqi ixtiyarı yalnız inzibati məsuliyyət yaradan hüquq çərçivəsində yalnız müvafiq icra orqanına müraciət etməkdə ehtiva olunur. Yəni şəxs bu konteksdə inzibati orqana müraciət edə bilərdi. İddiaçı bunu etmiş və AR X7 bununla bağlı rəy qəbul etmişdir. Vətəndaşa inzibati məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edilmişdir. Bu mərhələdən sonra qoxunun aradan qaldırılması, toyuq saxlanılmasının qarşısının alınması və s. hərəkətlərlə bağlı müraciət hüququ inzibati orqanın müstəsna hüququdur. Ancaq AR X7 bunu həyata keçirməmiş çünki, cavabdeh müvafiq hərəkətləri etmiş və ona ünvanlanmış məktubda olan çatışmazlıqları aradan qaldırmışdır. Bunu ##.##.2025-ci il tarixli baxış iclasında iddiaçının özü də təsdiq etmişdir. Bu baxımdan iddiaçının iddia tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyət və s. hərəkətlərdə əks olunan pozuntu artıq mövcud deyil və yalnız inzibati orqanın müraciəti əsasında inzibati hüquq aidiyyəti ilə baxıla bilərdi. Subyektiv hüquqla bağlı ikinci önəmli xüsusat isə iddiaçının tikilinin sökülməsi ilə bağlı iddiasıdır. İddiaçının bununla bağlı da subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olan tikili yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Məhkəmənin gəldiyi qənaətə əsasən torpaq sahəsində həm iddiaçıya məxsus olan, həm də cavabdehə məxsus olan tikililər özbaşına tikilidir. Nəticə etibari ilə tikilinin (toyuq hininin) sökülməsini tələb etmək hüququ yalnız həmin torpaq sahəsini mülkiyyətiçisi olan zavoda yəni dövlətə məxsusdur. Bu baxımdan məhkəmə iddiaçının subyektiv hüququ olmadığı üçün iddianı rədd etməli idi.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən, məruzəçi), Kamran Əkbərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi köçkün olan tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda özbaşına inşa olunan və qonşuluqda yerləşən tikililərdə məskunlaşmışlar. Cavabdeh yaşayış məntəqəsinin ərazisində özbaşına inşa etdiyi toyuq hinində çox sayda ev quşlarını qanunvericiliklə tələb olunan qaydalara əməl etmədən saxlamaqla iddiaçının hüquqlarını pozur.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının müraciəti əsasında dəfələrlə həmin əraziyə AR X7 və digər qurumların əməkdaşları gəlmiş, cavabdehə qanunvericiliyin tələbləri izah olunmuş, lakin cavabdeh öz qanunsuz fəaliyyətini davam etdirdiyindən, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrıayrı23.yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır.
24. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hər kəsin sağlam ətraf mühitdə, təhlükəsiz yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qonşular öz hüquqularını həyata keçirərkən bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz hüquqlarını həyata keçirərkən bir-birilərinə hədsiz təsirlərdən çəkinməlidirlər.
25. Hazırkı işdən görünür ki, cavabdehə qanunsuz fəaliyyəti ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqların nəticəsi olmamışdır. Bu hal cavabdehin məhkəmə kollegiyasının iclasında özünün verdiyi izahatından da müəyyən olunur.
26. Belə ki, yaşadığı ünvana qonşularının şikayətləri əsasında gələn, şikayətdə qeyd olunan faktları yerində aşkar edən və bu barədə ona rəsmi qaydada tədqim olunan AR X10 xəbərdarlığına cavabdeh, hamıya təqdim olunan məktub kimi yanaşmaqla əhəmiyyət vermədiyini nümayiş etdirir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
28. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı toyuq hininin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilmişdir.
29. Bundan başqa, apellyatorun özünün məhkəməyə təqdim etdiyi video çəkilişdən görünür ki, tərəflər qonşuluqda yaşamaqla hasarları bitişikdir, cavabdeh yaşayış məntəqəsində inşa etdiyi hində hazırda 50-60 ədəd toyuq-cücə saxlamasını, hava yaxşı olduqda toyuq-cücələri əraziyə buraxmasını bildirir.
30. Göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına inşa etdiyi tikilidə çoxsaylı ev heyvanları saxlayan, onların satışını həyata keçirən cavabdeh həmin ərazidə yaşayan iddiaçının təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını, edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq pozmaqda davam etdiyindən, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
32. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 25, 31, 39, 41, 60-cı, Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.4-cü, “Baytarlıq haqqında” AR Qanunun 19-cu, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2, 403.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 1.1, 1.2, 4.4.2, 5.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.1, 2.14-cü, AR Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması” Qaydalarının 2.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr öz aktlarını əsaslandırarkən AR Mülki Məcəlləsinin 170.2-ci maddəsinə istinad edərək qonşunun, yəni cavabdehin mülkiyyətinə dözülməz təsirin olduğunu qeyd etmişdir. Lakin qanunverici həmin maddədə hər hansı bir xırda təsirin mövcudluğunu deyil, məhz “hədsiz təsir” (dözülməz səviyyədə olan kəskin qoxu, qaz və ya səs-küy) halını, söküntü və ya fəaliyyətin dayandırılması üçün əsas qəbul edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli yerli baxış protokoluna əsaslanaraq ərazidə subyektiv olaraq “iy gəlməsini” mütləq hədsiz təsir kimi qiymətləndirmişdir. İddiaçı cavabdehin həmin toyuq hininə birinci instansiya məhkəməsinin hakimi tərəfindən baxış keçirilən zaman hakimin: “Buralar çiçək kimidir.” söylədiyini bildirir və qeyd edir ki, buna dair video görüntü çəkilmişdir. Daha sonra, iddiaçının dəvəti ilə hakim iddiaçının yaşayış sahəsinə daxil olmuşdur. Ancaq video görüntü işə əlavə edilməmiş və buna dair heç bir sübut məhkəmə baxış iclasında araşdırılmamışdır. Hətta iddiaçı özü də məhkəmə iclasında toyuq hininə münasibətdə “oralar indi gözəldir” deyərək baxış protokolunun düzgün olmadığını etiraf etmiş olur. Bunun əvəzində məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehin icazəsi olmadan qapını qıraraq yardımçı sahəyə daxil olub hansı şəraitdə çəkildiyi məlum olmayan (qapını qırdığı zaman yerə tökülən taxta qırıntılarını da zibil kimi təqdim etdiyi) fotoları əsas götürərək qərar qəbul etmişdir. Bundan əlavə, tikiliyə baxış keçiriləndən sonra ilk məhkəmə baxışında hakim cavabdehi dinləmək əvəzinə qarşı tərəfə kömək etmiş, iddiaçıya diqtə edərək iddia tələbini dəyişdirmiş, bununla da prosessual qaydaları pozmuşdur. Bundan əlavə, cavabdehə yeni iddia tələbi ilə bağlı münasibət göstərməsinə şərait yaratmamışdır. İddia tələbində iddiaçı əslində nə ilə bağlı tələb irəli sürdüyünü özü də bilmir və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı qərəzlidir. Çünki, bu tələblə bağlı olmayan cavabdehin şikayəti ilə qardaşı Malikin cinayət məsuliyyətinə cəlb edilməsini ərizəyə əlavə edib. Hüquq elmində və qanunvericilikdə “qoxu” və ya “sanitar vəziyyət” subyektiv duyğularla təyin edilə bilməz. Həmin qoxunun dərəcəsi, havaya buraxılan ammoniak qazının miqdarı və bunun insanların normal yaşamasına mane olub-olmaması xüsusi ekoloji və kimyəvi cihazlarla ölçülməli, normativlərin aşılması rəsmi olaraq müəyyən edilməli idi. Hesab edirik ki, məhkəmə, maddi hüquq normasının daxili mənasını heç bir elmi meyara əsaslanmayan subyektiv iddiaları mütləq həqiqət kimi qəbul edərək AR Mülki Məcəlləsinin 170.2-ci maddəsini səhv tətbiq etmişdir. Mülki hüququn və Konstitusiyanın təməl daşlarından biri mütənasiblik prinsipidir (MM-nin 6-cı maddəsi). Bu prinsip tələb edir ki, şəxsin mülkiyyətinə və ya təsərrüfat fəaliyyətinə müdaxilə edilərkən dövlət (və ya məhkəmə) qarşıya qoyulan məqsədə ən yüngül, ən az zərər vuran sanksiya ilə nail olunsun. Tikilinin tamamilə sökülməsi mülki hüquqda ən radikal, ən son addımdır. İddiaçının şikayəti yalnız “kəskin qoxu” və “antisanitar şəraitlə” bağlıdır. Əgər problem sadəcə qoxu və təmizlikdirsə, məhkəmə mütənasiblik prinsipini rəhbər tutaraq cavabdeh üzərinə toyuqların oradan köçürülməsini və fəaliyyətin ləğv edilməsini təmin edə bilərdi. Hətta bu belə iddiaçının hüquqlarını pozmuş olardı. Ancaq iddiaçının iddia tələbində belə bir tələb olmadığı üçün iddia ümumiyyətlə təmin edilə bilməzdi. Çünki, məhkəmə yalnız iddiaçının tələbi daxilində işə qiymət verə bilər. Lakin apellyasiya məhkəməsi cavabdehin yeganə qida və dolanışıq mənbəyi olan toyuq hininin birbaşa sökülməsi barədə qərarı qüvvədə saxlamaqla həm mülkiyyət və istifadə hüququna qeyri-mütənasib zərbə vurmuş, həm də maddi hüququn mütənasiblik prinsipini kobud surətdə pozmuşdur. AR Mülki Məcəlləsinin 180-ci maddəsinə (özbaşına tikili) görə, dövlət və ya bələdiyyə torpağında inşa edilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ müstəsna olaraq torpaq sahəsinin mülkiyyətçisinə (yəni dövlətə, müvafiq İcra Hakimiyyətinə) məxsusdur. İddiaçı həmin ərazidə sadəcə müvəqqəti məskunlaşmış qaçqındır, o, torpağın sahibi deyil. Onun heç bir səlahiyyətə malik olmadan başqasının tikilisinin rəsmi icazəsinin və ya sənədinin olmamasını (titulsuzluğunu) əsas gətirərək söküntü tələb etmək üçün heç bir subyektiv hüququ yoxdur. Bununla da istər rayon, istərsə də apellyasiya məhkəməsi subyektiv hüququ olmayan şəxsə dövlətin adından söküntü tələb etmək səlahiyyəti verməklə mülki hüququn təməl prinsipini alt-üst etmişdir. “AR X7 haqqında” Əsasnamənin 3.0.9cu bəndinə əsasən qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) X7 vəzifələrindəndir. Həmin Əsasnamənin 3.0.10-cu bəndinə əsasən bu Əsasnamənin 3.0.9-cu yarım bəndində nəzərdə tutulan qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək onun digər vəzifəsidir. Yuxarıda qeyd edilən normalardan görünür ki, irəli sürülən tələb inzibati idarəçilik sahəsində yaranan münasibətlərlə bağlıdır. Bununla bağlı müvafiq qərarların və göstərişlərin verilməsi, məhdudlaşdırıcı tədbirlərin görülməsi X7 müstəsna səlahiyyətindədir. Ancaq Agentliyin verdiyi rəydə bununla bağlı heç bir münasibət bildirilməmiş və cavabdehin fəaliyyətinin qadağan olunduğunu qeyd etməmişdir. Cavabdehin etdiyi hərəkətlər qanun pozuntusu olmuş olsaydı o, zaman Agentlik məhkəməyə müraciət edə bilərdi. Ancaq heç bir pozuntu olamdığı üçün məhkəməyə müraciət etməmiş və tikiliyə baxış keçirməmişdir. Nəticə etibari ilə cavabdehin hərəkətində heç bir qanun pozuntusu yoxdur. Apellyasiya məhkəməsi öz qətnaməsinin əsaslandırma hissəsində cavabdehin “Baytarlıq haqqında” AR Qanunun 19 və 40-cı maddələrini, habelə Nazirlər Kabinetinin ** nömrəli qərarı ilə təsdiq edilmiş sanitariya qaydalarını pozduğunu mütləq söküntü əsası kimi qəbul etmişdir. “Baytarlıq haqqında” AR Qanunun və Nazirlər Kabinetinin sanitar normaları mülki-hüquqi yox, ictimai-inzibati hüquq normalarıdır. Bu normaların pozulması mülki məhkəmədə söküntü mübahisəsinin predmeti ola bilməz. Əgər vətəndaş heyvan saxlayarkən dezinfeksiya etmirsə və ya peyvəndləmə aparmırsa, buna nəzarət etməli olan orqan Agentlikdir. Agentliyin səlahiyyəti vətəndaşa inzibati tənbeh vermək (cərimə kəsmək) və ya fəaliyyəti müvəqqəti dayandırmaqdır. Mülki məhkəmə özünü Agentliyin yerinə qoyaraq, inzibati qaydaların pozulmasına görə mülki sanksiya (söküntü) tətbiq edə bilməz. Məhkəmə mülki yurisdiksiya ilə inzibati yurisdiksiyanın sərhədlərini tamamilə pozmuşdur. Məhkəmənin istinad etdiyi qaydaların ümumiyyətlə hazırda baxılan mübahisəyə tətbiq edilməsi əsassızdır. Belə ki, normada ev heyvanlarının binaların ümumi hissəsində və ictimai yerlərdə saxlanmasının qadağan olduğu göstərilir. Hazırda araşdırılan mübahisədə cavabdehin məhkəməyə təqdim etdiyi video görüntüdən görünür ki, tikili mövcud olan hissənin ictimai ərazi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, toyuq hininin qapısı baxımsız halda qalmış zavodun həyətinə açılır. Orada nə bir yaşayış sahəsi mövcuddur, nə də həmin ərazinin ətrafında icitimai istifadə üçün yol yoxdur. Tikili ətraf mühitdən tamamilə təcrid olunmuşdur. Digər tərəfdən tikili olan sahə zavoda məxsusdur və oranı cavabdeh zibildən təmziləyərək toyuq hini inşa etmişdir. Digər sakinlər də orada özabaşına tikililərdə yaşayırlar. Ərazidə ümumiyyətlə bina yoxdur. Binada heyvanların saxlanılması ona görə qadağandır ki, binanın müəyyən hissələri (pilləkənlər, dəhliz və s.) ümumi istifadədir. Bina sakinləri ümumi istifadə olan yerlərdən istifadə edərkən hədsiz naratlıqla qarşılaşa bilərlər. Hazırda mübahisə predemeti olan tikili isə heç bir ümumi istifadə sahəsində yerləşmir. Əksinə digər ümumi istifadə olan yerlərdən tamamilə təcrid olunmuşdur. Bu baxımdan qeyd edilən normaların mübahisəyə tətbiq edilməsi istisnadır. Məhkəmə işin baxıldığı andakı real vəziyyəti (ərazinin təmizlənməsi, dezinfeksiya işlərini) araşdırmayıb. İddiaçı hazırkı qoxu və çirklənməni sübut edən yeni, obyektiv dəlil təqdim etməyib. Məhkəmə yerində baxış keçirsə də, bu hərəkətin nəticələrini Agentliyin ##.##.2024-cü il tarixli (işdən 1 il əvvəlki) rəyi və köhnə fotoları ilə eyniləşdirmişdir. Agentliyin rəyi 1 il əvvələ aiddir. Yerində baxış zamanı iddiaçı tərəfindən ərazinin təmiz saxlanılması, ərazinin hasarlanması və dezinfeksiya tədbirləri nəzərə alınmamışdır. Məhkəmə sübutlara “əvvəlcədən müəyyən edilmiş” prizma ilə yanaşmışdır. İddiaçı iddia edir ki, quşların saxlanılması onun övladının səhhətinə (astma/allergiya) ziyan vurur. Yerində baxış zamanı hakim tibbi ekspert olmadığı üçün bu zərərin məhz bu heyvanlardan qaynaqlandığını müəyyən edə bilməzdi. Məhkəmə tibbi və sanitar ekspertiza təyin etmədən, sadəcə iddiaçının sözlərinə və hakimin subyektiv duyğularına əsaslanaraq qərar vermişdir. Qoxunun tibbi olaraq zərərli olduğunu və ya iddiaçının xəstəliyi ilə əlaqəli olduğunu müəyyən edəcək cihaz və ya bilik sahibi deyil. Məhkəmənin mütəxəssis rəyi almadan “toyuq hini sökülməlidir” qənaətinə gəlməsi MPMin 97.1-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi video görüntüdən görünür ki, iddiaçının yaşayış sahəsinin çıxışında pəncərəsinin qarşısında böyük zibillik mövcuddur. Əgər antisanitar vəziyyəti iddiaçını narahat edirdisə zibilliyin oradan təmzilənməsi üçün mübarizə aparmalı idi. Əksinə cavabdeh ərazini tullantılardan təmizləyib və ətraf mühiti həmişə təmiz saxlayıb. Elə hazırda mübahisləndirilən tikili də həmin təmizlənmiş ərazilərdən birində inşa edilib. AR MPM-nin 4.1-ci maddəsinə əsasən, məhkəməyə yalnız özünün qanunla qorunan hüquq və mənafelərini müdafiə etmək üçün “maraqlı şəxs” müraciət edə bilər. İşin materiallarından və iddiaçının öz izahatından açıq-aydın görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi fərdi mülkiyyət deyil, bu səbəbdən iddiaçı maraqlı şəxs deyil. İddiaçı isə özünü maraqlı şəxs hesab etmiş və tikilinin “qanunsuz və özbaşına” inşa edildiyini əsas gətirərək söküntü tələb etmişdir. Halbuki onun qanunvericiliyə əsasən belə bir hüququ yoxdur. Bütün bunlara baxmayaraq məhkəmə onun iddiasına əsasən işi qəbul etmiş və təmin olunması ilə bağlı qətnamə qəbul etmiş və apellyasiya məhkəməsi də bu hissədə heç bir münasibət bildirmədən, həmin qətnaməni qüvvədə saxlamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2015- ci il tarxili qərarından anlaşılır ki, məhkəmə əvvəl şəxsin subyektiv hüququnun olub-olmamasını müəyyən etməli idi. Qərara əsasən subyektiv hüququn 3 təzahür forması var. Onlardan ilki öz hərəkətlərinə hüquqi ixtiyar kriteriyasıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən subyektiv hüquqla bağlı məsələyə kiçik bir abzasdan ibarət yanaşma sərf edərək iddiaçının məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmasını bildirmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüququn digər iki təzahür forması başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququdur. Yenə Konstitisiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüquqla bağlı 3 təzahür formasından ilki olmasa digərlərin həyata keçirilməsi istisnadır. Çünki, birinci element yəni hüquqi ixtiyar bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Həmin yanaşmanı bizim mübahisəmizə tətbiq edərsək o zaman iddiaçının iddia ilə bağlı subyektiv hüququnun olmamasını görərik. Buna iki prizamdan yanaşmaq olar. Əvvəla, iddiaçının tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyətlə bağlı iddiaçının hüquqi ixtiyarı yalnız inzibati məsuliyyət yaradan hüquq çərçivəsində yalnız müvafiq icra orqanına müraciət etməkdə ehtiva olunur. Yəni şəxs bu konteksdə inzibati orqana müraciət edə bilərdi. İddiaçı bunu etmiş və Agentlik bununla bağlı rəy qəbul etmişdir. Vətəndaşa inzibati məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edilmişdir. Bu mərhələdən sonra qoxunun aradan qaldırılması, toyuq saxlanılmasının qarşısının alınması və s. hərəkətlərlə bağlı müraciət hüququ inzibati orqanın müstəsna hüququdur. Ancaq Agentlik bunu həyata keçirməmiş çünki, cavabdeh müvafiq hərəkətləri etmiş və ona ünvanlanmış məktubda olan çatışmazlıqları aradan qaldırmışdır. Bunu ##.##.2025-ci il tarixli baxış iclasında iddiaçının özü də təsdiq edir. Bu baxımdan iddiaçının iddia tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyət və s. hərəkətlərdə əks olunan pozuntu artıq mövcud deyil və yalnız inzibati orqanın müraciəti əsasında inzibati hüquq aidiyyəti ilə baxıla bilərdi. Subyektiv hüquqla bağlı ikinci önəmli xüsusat isə iddiaçının tikilinin sökülməsi ilə bağlı iddiasıdır. İddiaçının bununla bağlı da subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olan tikili yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil. Məhkəmənin gəldiyi qənaətə əsasən torpaq sahəsində həm iddiaçıya məxsus olan, həm də cavabdehə məxsus olan tikililər özbaşına tikilidir. Nəticə etibari ilə tikilinin (toyuq hininin) sökülməsini tələb etmək hüququ yalnız həmin torpaq sahəsinin mülkiyyətiçisi olan zavoda, yəni dövlətə məxsusdur. Bu baxımdan məhkəmə iddiaçının subyektiv hüququ olmadığı üçün iddianı rədd etməli idi. Məhkəmənin tərəflərin məcburi köçkün statusunu qeyd edərək, sözügedən təsərrüfat sahəsini dərhal “özbaşına inşa olunan tikili” elan etməsi maddi hüquq normalarının kobud şəkildə təhrif olunmasıdır. Cavabdeh məcburi köçkün olmaqla zərurət çərçivəsində həmin ünvanda məskunlaşmışdır. İddiaçı da eyni hüquqi statusa malikdir və ərazidə yaşayan heç kəs mülkiyyət sənədinə sahib deyil. Mülkiyyət hüququ olmayan bir iddiaçının, digər vətəndaşın məskunlaşdığı yeri “özbaşına” elan edib söküntü tələb etmək kimi bir mülki legitimliyi yoxdur. Həmçinin, məhkəmə aktında cavabdehin konkret hansı qanunvericilik qaydalarını pozduğu bir-bir göstərilməmiş, iddiaçının hüquqlarının pozulması faktı yalnız subyektiv fərziyyələr üzərində qurulmuşdur. Məhkəmənin mövqeyindən sanki orada özbaşına tikili tikən şəxsin yalnız cavabdeh olduğu anlaşılır.Əslində orada yaşayan şəxslər hamısı orada özbaşına tikili imnşa edərək qalırlar. Ancaq məhkəmənin mövqeyindən belə anlaşılır ki, sanki yalnız cavabdeh ozbaşına tikili inşa edib. Məhkəmənin iddiaçının şikayətləri əsasında əraziyə Agentliyin nümayəndəsinin gəlməsini və cavabdehin bu xəbərdarlıqlara əhəmiyyət verməyərək “qanunsuz fəaliyyətini davam etdirdiyini” iddia etməsi tamamilə əsasızıdır. Belə ki, işdə olan rəydən görünür ki, Agentlik yalnız bir dəfə tikiliyə baxış keçirmişdir. Həmin rəydə Agentliyin fəaliyyətin ümumiyyətlə qadağan olunmasına dair heç bir münasibət bildirməmişdir. Məhkəmə isə həmin rəydə sanki fəaliyyətin qadağan olunmasına dair hər hansı bir xəbərdarlığın olmasını özündə əsk etdirən yanaşma sərgiləyir. Halbuki, rəydə ərazinin ağardılması və digər kiçik çatışmazlıqların olması öz əksini tapmışdır. Həmin xırda əksikliklər də aradan qaldırılmış və məhkəmə əraziyə baxış keçirərkən orada heç bir pozuntu olmamışdır. Bunu hakim özü də bildirmiş və yalnız daha sonra bunun əksini nümayiş etdirən protokol tərtib etmişdir. Ancaq həmin protokola heç bir video və foto görüntülər əlavə edilməmişdir. Əslində pozuntu olsaydı həmin görüntülər işə əlavə edilərdi. Ancaq heç bir sübut olmadan birinci instanisya məhkəməsi iddia tələbini təmin etmiş, biz bu nüansları diqqətə çatdırsaq da apellyasiya məhkəməsi buna heç bir münasibət bildirməmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki. iş materiallarındakı Agentliyin məktubu ## ####### 2024-cü il tarixə, yəni keçmişə aiddir. Məhkəmə isə qərarını 2026-cı ildə verir. Hətta iş materiallarında mövcud olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şəkillər də 2 il əvvəl tarixə aiddir. AR MPMnin 77 və 88-ci maddələrinə görə, məhkəmə işin baxıldığı cari andakı real vəziyyəti qiymətləndirməlidir. Cavabdeh 2024-cü ildəki bəsit rəsmi tövsiyələrdən dərhal sonra ərazidə köklü modernizasiya işləri aparmış, quşların yerini tam qapalı hala gətirmiş və müntəzəm dezinfeksiya tədbirləri görmüşdür. Hesab edirik ki, məhkəmənin bu gün təqdim olunan cari təmizlik və dezinfeksiya aktlarını gözardı edib, 18 ay əvvəlki sənədi əbədi qanunsuzluq kimitəqdim etməsi cavabdehin hüquqlarının birbaşa pozulmasıdır. Məhkəmə kollegiyasının “şəhər yerlərində ev quşları saxlamaq pis qoxuya, səs-küyə səbəb olur və insanların sağlamlığına təhlükə yaradır” barədə gəldiyi ümumi və nəzəri nəticə heç bir elmi və hüquqi fakta əsaslanmır. Konkret bu mülki iş üzrə havanın çirklənmə dərəcəsini və ya epizootoloji təhlükəni müəyyən edəcək qanunvericiliyin tələblərinə uyğun heç bir hərəkət həyata keçirilməmişdir. Hansı ki, xüsusi bilik tələb edən belə ağır bioloji iddialar rəsmi ekspertiza rəyi ilə təsdiqlənməlidir. Məhkəmənin əlində heç bir rəy və ya sənəd olmadan, yalnız öz subyektiv mülahizələri ilə “sağlamlığa təhlükə var” hökmünü çıxarması prosessual baxımdan tamamilə əsassızdır. Məhkəmənin qanun qarşısında bərabərlik və sağlam ətraf mühitdə yaşamaq prinsiplərinə istinad edərək, yalnız iddiaçının mənfəətini qoruması qanuna birbaşa ziddir. Cavabdehin mövqeyinə görə, qanun və məhkəmə qarşısında bərabərlik hüququ eyni dərəcədə onun özünə də şamil olunur. Qonşuluq hüququ normaları (AR Mülki Məcəllənin 170-172-ci maddələr) qonşulardan yalnız “hədsiz və normadan artıq” təsirlərdən çəkinməyi tələb edir, eyni zamanda hər bir qonşunun mülkiyyətin adi, dözülməsi mümkün olan təbii mühit təsirlərinə dözmək borcunu müəyyən edir. Rəsmi normativ hədlərin aşıldığı sübut edilmədiyi təqdirdə, vətəndaşın illər boyu qonşuları ilə qarşılıqlı hörmət daxilində saxladığı bəsit ailə təsərrüfatı bir ekoloji hüquq pozma kimi qiymətləndirilə bilməz. Hazırkı işdən görünür ki, məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasda verdiyi dürüst və səmimi izahatını qəsdən kontekstdən qoparmış və təhrif etmişdir. Onun mövqeyinə görə, onun “əhəmiyyət vermədiyini nümayiş etdirməsi” dövlətin rəsmi orqanlarına və ya Agentliyin xəbərdarlıqlarına qarşı deyil; iddiaçının heç bir real əsası olmayan, davamlı subyektiv yanaşmalarına və şikayətlərinə yönəlmişdir. Rəsmi xəbərdarlıqlardan sonra cavabdehin öz həyətində etdiyi köklü təmizlik və qapalı izolyasiya işləri onun qanunlara əslində nə qədər böyük hörmətlə yanaşdığının maddi və danılmaz sübutudur. Birinci instansiya məhkəməsinin keçirdiyi yerli baxış zamanı toyuq hininin iddiaçının evinə bitişik olması, qoxunun olması və “real narahatçılıq yaratması” barədə qeydlər tamamilə subyektiv, tərəfkeş və qeyri-obyektiv mülahizələrdir. Cavabdehin mövqeyinə görə, yerli baxış zamanı iddiaçının öz pəncərəsinin düz önünə tökdüyü və aylarla təmizləmədiyi kəskin, üfunətli məişət zibil topluluğu hakim tərəfindən qəsdən görməzdən gəlinmiş və qeydə alınmamışdır. Ərazidə mövcud olan hər cür təbii və antisanitar qoxu qərəzli şəkildə yalnız cavabdehin quş hininin üzərinə yıxılmışdır. Tibbi sənədlərlə sübut olunmayan “real narahatçılıq” ifadəsi mülki mühakimə icraatında mötəbər sübut hesab edilə bilməz. Cavabdehin tam şəffaflıq və dürüstlük prinsiplərinə sadiq qalaraq məhkəməyə təqdim etdiyi video çəkiliş, əslində onun təsərrüfatının nə qədər təmiz, nizamlı və dezinfeksiya olunmuş vəziyyətdə olduğunu göstərən mütləq bir müdafiə sübutudur. Hazırda hində 30 ədəd toyuq-cücənin saxlanılması və onların günün müəyyən qapalı saatlarında fəaliyyətsiz zavodun həyətinə buraxılması kommersiya və ya sənaye xarakterli qanunsuz fəaliyyət deyil, bəsit şəxsi köməkçi təsərrüfatdır. Məhkəmə bu videonu vətəndaşın dürüstlüyündən istifadə edərək onun əleyhinə çevirərkən, videodakı yüksək təmizlik və dezinfeksiya reallığını qəsdən hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Əslində qeyd edilən video görüntüdən məhkəmənin qətnamədə əsaslandığı qoxu və antisanitar vəziyyətin olmadığı aşkar anlaşılır. Ancaq məhkəmə kollegiyası həmin videonu qeyri-obyektiv araşdıraraq yalnız toyuqların olması hissəsinə qiymət vermişdir. Halbuki, birinci insatansiya məhkəməsi qətnaməni baytarlıq haqqında qanunvericiliyin normalarının pozulması ilə əsaslandırmışdır. Hansı ki, məhkəmə tikiliyə baxış keçirsə də görüntüləri işə əlavə etməmişdi. Ancaq cavabdehin məhkəməyə təqdim etdiyi görüntülər oranın təmiz və səliqəli olduğunu göstərir. Nəticə etibari ilə məhkəmə diqqət etməli olduğu halı qıraqda qoyub, öz mülahizəsini əsaslandırmağa çalışmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
38. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
40. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: 19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıqsanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; 19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; 19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; 19.0.5. istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; 19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək; 19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; 19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; 19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; 19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydaları
42. Bənd 1.1. Bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir.
43. Bənd 1.2. Ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.
44. Maddə 4.4. Ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır: 4.4.2. ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması;
45. Bənd 5.1. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.7. ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydaları
46. Bənd 2.1. Heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır.
47. Bənd 2.14. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması” Qaydaları
48. Bənd 2.3. Heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 53.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 54.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 55.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
58. Kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyən edərək, sübutlara AR MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzün qiymət vermiş olsa da, maddi hüquq normalarının təfsirində səhvə yol verib.
59. Belə ki, işin mübahisə olunmayan hallarına görə tərəflər məcburi köçkün olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “a” saylı ünvanda özbaşına inşa edilən və qonşuluqda yerləşən tikililərdə məskunlaşmışlar.
60. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh, həmin yaşayış məntəqəsinin ərazisində ev quşlarının saxlanılması üçün ayrıca özbaşına tikili inşa edib və həmin tikili iki hissədən ibarətdir, tikilinin bir hissəsindən anbar kimi, digər hissəsindən isə ev quşlarının saxlanılması üçün istifadə olunur. Ev quşlarının saxlanıldığı tikilinin qapısı, pəncərəsi vardır və tikilinin digər hissəsinə əlavə əşyalar yığılıb. Ev quşlarının saxlanıldığı tikili iddiaçının yaşadığı evin arxa tərəfində yerləşir və həmin tikilinin divarı iddiaçıya məxsus evin arxa divarına bitişik inşa edilib. Həmin ərazidən həm iddiaçının evinin arxa tərəfinə, həm də boş əraziyə qapı açılıb.
61. Hazırda iddiaçı, cavabdehin heç bir hüquqi əsas olmadan ərazidə qanunsuz məskunlaşdığını, özbaşına tikili inşa edərək orada yaşadığını, ev quşlarının saxlanılması üçün “ferma” tikərək ərazidən, habelə kommunal resurslardan qeyri-qanuni istifadə etdiyini, həmin “ferma” tikilisinin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını və beləliklə də cavabdehin ətraf mühitə ziyan vurduğunu, ictimai asayişi pozduğunu, onun bir sıra hüquqi və inzibati pozuntularla müşayət olunan davamlı davranışlar sərgilədiyini göstərib, ev quşlarının saxlanıldığı tikilinin sökülməsini iddia edir.
62. Cavabdeh isə sözügedən ünvanda məcburi köçkün kimi məskunlaşdığını, maddi vəziyyəti ağır olduğu üçün həyəti dörd tərəfdən hasara alaraq orada ev quşları saxladığlını, ev quşlarının qonşulara, o cümlədən iddiaçıya heç bir zərər vurmadığını, aidiyyəti qurumların nümayəndələrinin ev quşlarının saxlanıldığı tikiliyə baxış keçirdiklərini, lakin heç bir qanunsuzluğun aşkar edilmədiyini, həmin tikilini 7 il bundan əvvəl inşa etdiyini, iddiaçının isə 1 il bundan əvvəl ondan aldığı torpaq sahəsində qeyri-qanuni tikinti işləri apardığını və hazırda ona qarşı qərəzli olaraq tikilinin sökülməsi barədə iddia qaldırdığını göstərib, iddiaya etiraz edir.
63. Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh yaşayış məntəqəsinin ərazisində özbaşına inşa etdiyi tikilidə çox sayda ev quşlarını qanunvericiliklə tələb olunan qaydalara əməl etmədən saxlamaqla, iddiaçının hüquqlarını pozur. Belə ki, ev quşlarının saxlanıdığı tikili iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) inşa edilməklə, ərazədə ağır iy, qoxu və səs-küy vardır.
64. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh mövcud qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına inşa etdiyi tikilidə çoxsaylı ev quşları saxlamaqla, onların satışını həyata keçirməklə, həmin ərazidə yaşayan sakinlərin, o cümlədən iddiaçının təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq pozmaqda davam etdiyindən, iddiaçı pozulmuş hüququnun bərpası üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olub.
65. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, hazırkı mülki mübahisənin obektiv həlli üçün ilk növbədə iddiaçının cavabdehə qarşı olan iddia ərizəsinin məzmununa diqqət yetirilməlidir.
66. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının onunla qonşu olduğu mübahisələndirilmir. Həmçinin, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı tərəflərin qonşu olduğu, hətta cavabdehin mübahisəli tikilini iddiaçının evinin arxa divarına bitişik vəziyyətdə inşa etməsi müəyyən olunur. Ona görə də işə baxan məhkəmələr haqlı olaraq etmişlər ki, cavabdehə qarşı hazırkı iddanı qaldırmağa iddiaçının müvafiq subyektiv hüququ vardır.
67. İddia ərizəsinin məzmunu dedikdə isə iddia ərizəsində göstərilən məlumatların məcmusu başa düşülür. AR MPM-in 149.2-ci maddəsində iddia ərizəsinin məzmununu təşkil edən məlumatlardan bəhs olunur və iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi qanunla elə müəyyən edilmişdir ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi-hüquqi tələbini, habelə əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan verir.
68. İddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəldiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür.
69. İddia tələbinin əsaslandırıldığı hallar dedikdə isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar başa düşülür ki, bu da iddianın bir elementi olmaqla onun faktiki əsasını təşkil edir.
70. Hazırkı işdə, iddiaçı iddia ərizəsinin nəticə hissəsində ev quşlarının saxlanıldığı tikilinin sökülməsini xahiş etsə də, onun iddia tələbini əsaslandırdığı hallar, faktlar, habelə iddia ərizəsinin məzmunu əslində cavabdehin qonşuluq hüququnu pozaraq, öz həyətində ev quşları saxlaması, yetişdirməsi və.s nəticəsində ağır qoxunun, iyin, səs-küyün və.s ətrafa yayılması, ətraf mühitin çirkləndirilməsi, ərazinin baytarlıq qaydalarına və normativ tələblərə uyğun saxlanılmaması ilə bağlıdır.
71. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı evinin arxa divarına bitişik ərazidə inşa edilmiş tikilidə cavabdehin çox sayda ev quşlarını qanunvericiliklə tələb olunan qaydalara əməl etmədən saxlamaqla, onun hüququnu pozduğunu iddia etsə də, iddia ərizəsinin nəticə hissəsində həmin ünvanda heyvanların (ev quşlarının) saxlanılmasını, yerləşdirilməsini cavabdehə qadağan etmək əvəzinə, həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb edir.
72. İşə baxan məhkəmələr isə bu hala, habelə cavabdehin inşa etdiyi özbaşına tikilinin iddiaçının hər hansı hüququnu pozmamasına, cavabdehin həmin tikilinin bir hissəsindən həm də anbar kimi istifadə etməsinə diqqət yetirmədən, iddia tələbinin əsaslandırıldığı hallara əhəmiyyət vermədən, sözügedən ünvanda heyvanların (ev quşlarının) saxlanılmasını, yerləşdirilməsini cavabdehə qadağan etmək əvəzinə, həmin tikilinin cavabdehin hesabına sökülməsini qət etmişlər. Halbuki, iddiaçının cavabdehə qarşı iddia tələbinin əsaslandırıldığı hallar, faktlar- cavabdehin qonşuluq hüququnu pozması, öz həyətində ev quşları saxlaması, yetişdirməsi və.s nəticəsində ağır qoxunun, iyin, səs-küyün və.s ətrafa yayılması, ətraf mühitin çirkləndirilməsi, ərazinin baytarlıq qaydalarına və normativ tələblərə uyğun saxlanılmaması ilə bağlı olmuşdur.
73. AR Konstitusiyasının 31 və 39-cu maddələrinə görə, hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqları vardır.
74. Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
75. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən AR Mülki Məcəlləsinin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən edib.
76. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
77. Həmin Məcəllənin 170.2-ci maddəsində göstərilir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, biri-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
78. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır.
79. “Baytarlıq haqqında” AR Qanunu Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq - sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir.
80. Həmin Qanunun 19-cu maddəsində heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq sanitariya) tələbləri üzrə vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrə aiddir: heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; . dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğulolmaq; heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək və s.
81. AR Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “AR yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.2-ci bəndinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.
82. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən, ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması qadağandır.
83. Həmin Qaydaların 5-ci bəndinə görə, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: heyvana lazımi səviyyədə yem və su verməli; heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicəprofilaktik tədbirləri həyata keçirməli; heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır.
84. Həmçinin, AR Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.1-ci bəndinə əsasən, heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır.
85. Həmin Qaydaların 2.14-cü bəndinə əsasən heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir.
86. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər.
87. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə, cavabdeh bilavasitə yaşayış məntəqəsinin ərazisində ev quşlarının saxlanılması üçün tikili inşa edərək çox sayda ev quşları saxlayır və qanunvericiliklə tələb olunan qaydalara əməl etməməklə iddiaçının hüququnu pozur. Ev quşları çox sayda və antisanitar şəraitdə saxlanılmaqdadır. Halbuki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır.
88. Sadalanan faktlar həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı həmin tikilinin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilib. Bu hal işə əlavə edilmiş fotoşəkillərlə də istisna olunmur.
89. Cöründüyü kimi, cavabdehin ev quşları saxlamaq, yetişdərmək və s. hüquqları həmin ərazidə yaşayan iddiaçının və digər şəxslərin təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur. Ona görə də bu pozuntular aradan qaldırılmalıdır.
90. Digər tərəfdən, cavabdeh qeyd olunan hüquqlarından sui-istifadə edərək, bu hüquqlarla bağlı vəzifələrini həyata keçirməməklə də qüvvədə olan qanunverciliyin tələblərini pozub.
91. Bundan əlavə, AR X7 müvafiq məktubundan da görünür ki, cavabdeh tərəfindən ev quşlarının saxlanılması zamanı baytarlıq və sanitariya qaydalarının tələbləri pozulub, dezinfeksiya, deratizasiya və digər zəruri tədbirlərin aparılmadığı aşkar edilib. Bu hallar isə ev quşlarının saxlanmasının antisanitar şəraitdə həyata keçirildiyini və insanların sağlamlığı üçün təhlükə yaratdığını təsdiq edir.
92. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi hesab edir ki, cavabdehin bilavasitə şəhər yerində, insanların sıx yaşadığı ərazidə ev quşları saxlaması faktiki olaraq iddiaçının normal yaşayış şəraitini pozur, davamlı narahatçılıq yaradır, sanitariya və baytarlıq tələblərinə zidd olmaqla, bu hal qonşuluq hüququnu pozur. Ona görə də cavabdehə qeyd olunan ünvanda heyvanların (ev quşlarının) saxlanılması, yerləşdirilməsi qadağan edilməlidir.
93. Bundan başqa, işə baxan məhkəmələr iddiaçının tələbi ilə cavabdehin inşa etdiyi özbaşına tikilinin sökülməsini qət edərkən AR Mülki Məcəlləsinin 180-cı maddəsinin dispozisiya şərtlərini də nəzərə almamışlar.
94. Kassasiya məhkəməsi ilk növbədə qeyd edir ki, sözügedən münasibətlər daşınmaz əşya üzərində hüququn, marağın əhatə dairəsi ilə bağlı bir məsələdir və torpaq sahəsində inşa edilmiş tikili mülkiyyətin maddi əhatəsi daxilində qiymətləndirilməlidir.
95. Tikili dedikdə, ərazinin altında və ya üstündə davamlı qalması məqsədilə inşa edilən, texniki vasitələrlə torpağa bərkidilən hər cür inşaat – bina, qurğu, körpü, su arxları, anbar, dəmiryolu relsləri və s. nəzərdə tutulur.
96. Nəzərə alınmalıdır ki, bir tikintinin özbaşına tikili sayılmasının meyarları AR Mülki Məcəlləsinin 180.1-ci maddəsində göstərilib. Belə ki, həmin normanın mənasına görə, özbaşına tikili, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, qurğu və ya başqa tikili hesab olunur.
97. Mübahisə olduqda isə bir tikilinin özbaşına tikili sayılması üçün müvafiq icra hakimiyyəti orqanı və ya maraqlı şəxs AR Mülki Məcəlləsinin məhz 180-cı maddəsində əks olunan şərtləri iddia və sübut etməlidir. Həmin şərtlər isə onu ehtiva edir ki, bu institut daha çox inşaatla bağlı torpaq mülkiyyətçisi ilə inzibati orqanlar arasındakı hüquq münasibətləri baxımından aktualdır.
98. Həmçinin, sözügedən normanın dispozisiya şərtlərinə görə, maraqlı tərəfin müraciəti üzrə özbaşına tikinti məhkəmə qərarı əsasında o, halda sökülə bilər ki, həmin tikintinin saxlanılması şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozsun və ya şəxsin həyatı və sağlamlığı üçün real təhlükə yaratsın.
99. İşdən görünür ki, tərəflər qonşudurlar və cavabdehin deməsinə görə sözügedən tikili 7 ildir ki, inşa edilib, o həmin tikilidən həm də anbar kimi istifadə edir. İddiaçı isə evinin arxa divarına bitişik ərazidə inşa edilmiş həmin tikilidə cavabdehin çox sayda ev quşlarını qanunvericiliklə tələb olunan qaydalara əməl etmədən saxlamaqla onun hüquqlarını pozduğunu iddia etdiyi halda, həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb edir.
100. AR Mülki Məcəlləsinin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, “Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir”.
101. Göründüyü kimi, qeyd olunan normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulub.
102. Normanın mənasından aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
103. Bu qayda binanın və ya qurğunun tamamının qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə (o cümlədən, torpaq mülkiyyətçisinin şifahi razılığı ilə) öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər.
104. Məhkəmə təcrübəsində özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (Mülki Məcəllənin 560.1-560.2, 560.3.4-ci maddələri), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.
105. Hazırkı halda sözügdən tikilinin iddiaçının hüququnu pozması müəyyən olunmur, belə olan halda iddiaçı AR Mülki Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan maraqlı şəxs sayıla bilməz və həmin tikilinin saxlanılması həqiqətən iddiaçının marağını pozarsa, onda o, cavabdehə qarşı müvafiq kompensasiya ödənməklə sözügedən tikilinin sökülməsini tələb edə bilər.
106. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin gəlidyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi qismən təmin edilməli, cavabdehə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “A” saylı ünvanda heyvanların (ev quşlarının) saxlanılması, yerləşdirilməsi qadağan edilməli və qalan hissədə iddia təmin olunmamalıdır.
107. AR MPM-nin 417.1 və 417.1.4-cü maddələrinin tələblərinə görə, kassasiya məhkəməsi işə baxarkən apellyasiya məhkəməsinin qətnaməsini...tamamilə, yaxud qismən ləğv edib apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tikilinin (toyuq hininin) sökülməsi” barədə iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 “A” saylı ünvanda heyvanların (ev quşlarının) saxlanılması, yerləşdirilməsi qadağan edilsin, qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.