Məhkəmə qərarları › İş №2(1-8)-1826/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1826/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1826/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı “ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ##### 2023-cü il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh özünə məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair Iddiaçı ilə gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağa razılaşmışdır. Tərəflər avtomobilin satış qiymətini 16500 manat müəyyən etmiş, alıcı ilkin olaraq həmin məbləğin 500 manatını nağd şəkildə satıcıya ödəmiş, qalan 16000 manatı ## ### 2023-cü il tarixdə 1500 manat, sonra isə 29 ay müddətinə hər ay aylıq 500 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinin 2-ci abzasına əsasən aylıq ödəniş alıcı tərəfindən gecikdirilərsə və vaxtında ödənilməzsə, o zaman alıcı məhkəmə qarşısında məsuliyyət daşıyır, müqavilə birtərəfli olaraq satıcı tərəfindən pozulur və ödənilmiş məbləğ geri qaytarılmır.

2. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən Cavabdeh üzərinə götürdüyü öhdəliyin icra olunmadığından, aralarında bağlanmış ## ##### 2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 11000 manat məbləğində nağd pulun 5 gün ərzində özünə ödənilməsi təklif edilmişdir. Əks halda, tərəfindən qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

3. “Whatsapp” Sosial Şəbəkəsində “**********” nömrəli istifadəçi ilə aparılmış yazışmalara əsasən ## ##### 2023-cü il tarixində 3950 manat pulun cavabdehə verilməsi etiraf edilmişdir.

4. “X2” MMC tərəfindən verilmiş “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dair qiymətləndirmə aktına əsasən nəqliyyat vasitəsinə dəymiş zərər 12680,14 manat məbləğindədir.

5. ## ###### 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 12800 manata X1.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ## ##### 2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 11000 manat pulun, təkərin alınması üçün ödənilmiş 516 manat məbləğində pulun, ## #### 2024-cü il tarixindən qətnamə qanuni qüvvəsini alanadək aylıq 1027 manat əmək haqqının, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin tərtibi üçün 50 manatın və pretenziyanın tərtibi üçün 30 manatın, məhkəmə üçün 127,87 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2023-cü il tarixli müqavilə üzrə cavabdehə ilkin olaraq 3950 manat, ## #### 2023-cü il tarixədək 1550 manat, ## #### 2024cü il tarixinədək isə ümumilikdə 11000 manat məbləğində pul vəsaiti vermişdir. Iddiaçı tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, müqavilənin predmeti olan nəqliyyat vasitəsini iddiaçıya təhvil verdikdən sonra etibarnaməsini ləğv etmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi Baş Dövlət Yol Polis Idarəsinin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Bundan başqa, iddiaçı nəqliyyat vasitəsini idarə edən dövrdə həmin nəqliyyat vasitəsinə xərclər çəkmiş, eyni zamanda “Umico Trendyol”da sürücü vəzifəsində çalışmışdır. Hazırda o, cavabdehin hərəkətləri nəticəsində öz işini itirmişdir.

8. Iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 12680 manat məbləğində ziyanın və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pul vəsaitinin həmin tələb üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ## ##### 2023-cü il tarixli müqavilədə qeyd edilmişdir ki, “Aylıq ödəniş Alıcı (yəni Iddiaçı) tərəfindən gecikdirilərsə və vaxtında ödənilməzsə, o zaman Alıcı məhkəmə qarşısında məsuliyyət daşıyır və müqavilə birtərəfli olaraq Satıcı (yəni Cavabdeh) tərəfindən pozulur”. Iddiaçı üzərinə götürmüş olduğu öhdəliyi pozmuş və ödəməli olduğu aylıq ödənişi 3 ay olmaqla gecikdirmişdir. Belə olan halda müqavilə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmiş və avtomobil Iddiaçı geri tələb edilmişdir. Lakin Iddiaçı avtomobili verməkdən imtina etdiyindən cavabdeh tərəfindən verilmiş etibarnamə ləğv edilmiş və dövlət yol polisinə avtomobilinin geri qaytarılmasına dair müraciət edilmiş və avtomobil Iddiaçı alınaraq cavabdehə qaytarılmışdır. Müqavilə şərtlərinə əsasən “Alıcı” tərəfindən ödənilmiş ödənişlər “Alıcı” tərəfindən pozulduğundan geri qaytarıla bilməz. Bundan başqa cavabdehin mülkiyyətində olan avtomobil Iddiaçı DYP əməkdaşları tərəfindən alınaraq Cavabdeh təhvil verilən zaman yararsız vəziyyətdə olmuş bu zaman maşın “xxxx” MMC-yə aparılmış və təmir edilmişdir. Avtomobilə 12680,14 manat ziyan dəymişdir.

10. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş maddi zərər 1842 manat məbləğindədir.

11. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən 2007-ci il buraxılışlı “Toyota Prius” minik markalı avtomobilin Bakı şəhərində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə günlük icarə haqqının məbləği 25 manat, aylıq isə 650 manat təşkil edir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) ilkin iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 10480 manat pul məbləğinin tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,44 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, hüquqi yardım üçün ödənilmiş 80 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Iddiaçı 1842 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,42 manat məbləğində pulun Iddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bütövlükdə etibarlı müqavilə bağlanmışdır. Belə ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. Mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur.

14. Məhkəmə ilkin iddianın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubuna əsasən (## #### 2024-cü il tarixli reyestrdən çıxarış) Iddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində nağd pulun 5 gün ərzində özünə ödənilməsi təklif edilmiş, əks halda tərəfindən qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

15. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsaslanaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən imtina barədə iradə ifadəsinin ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Iddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bildirilməsi ilə müqaviləyə xitam verilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi hissəsində təmin edilməməlidir.

16. Məhkəmə həmçinin müəyyən etmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən ## ##### 2023-cü il tarixində 3950 manat pulun verilməsi etiraf edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş qəbzlərdən də müəyyən olunmuşdur ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Iddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 6530 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

17. Cavabdeh nümayəndəsi, avtomobili başqa şəxsə dəyərindən qat-qat aşağı, 5000 manata verdiyini desə də, məhkəmə araşdırması zamanı avtomobilin ## ###### 2024-cü il tarixində 12800 manata başqa şəxsə satıldığı məlum olmuşdur.

18. Beləliklə, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Iddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ## ##### 2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 10480 (6530+3950=10480) manat məbləğində pul vəsaiti ödənilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında öz izahatında ödənişin gecikdirildiyi halda ilkin alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən müqavilənin satıcı tərəfindən pozulduğunu və ödənilmiş məbləğin geri qaytarılmadığını qeyd etmişdir. Məhkəmə tərəfin istinad etdiyi müqavilənin bəndinə münasibətdə qeyd etmişdir ki, həmin bənd mülki qanunvericiliyin 419-cu və 420-ci maddələrinə əsasən etibarsız hesab edilməlidir. Belə ki, müqavilə üzrə satıcı tərəfin nümayəndəsi avtomobil alqı-satqısı ilə məşğul olduqlarını, ailəsini bununla dolandırdığını qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin 2-ci maddəsinin ikinci abzası müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidir, bu səbəbdən etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

20. Ilkin iddia tələbi üzrə iddiaçının digər bir tələbi isə təkərin alınması üçün ödənilmiş 516 manat məbləğində pulun, ## #### 2024-cü il tarixindən qətnamə qanuni qüvvəsini alanadək aylıq 1027 manat əməkhaqqının ilkin iddia tələbi üzrə cavabdehdən tutularaq ona qaytarılması olmuşdur. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh Iddiaçı məhkəməyə iddia tələbinin həmin hissəsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, ## #### 2024-cü il tarixində Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Iddiaçı tərəfindən ona qarşı verilmiş iddianın rədd edilməsi, ona məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 12680 manat məbləğində ziyan və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pul vəsaitinin Iddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iş üzrə qarşılıqlı iddia ərizəsini, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

22. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, ## ##### 2023-cü il tarixli alqı-satqısı müqaviləsinin predmeti olan “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli avtomobilə Iddiaçı mülkiyyətində olduğu müddət ərzində 1842 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş maddi zərər 1842 manat məbləğindədir.

23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 389.1, 389.2, 390.1, 419.1, 420.1, 420.2, 425.1, 427.1, 427.4, 600.1, 600.2, 600.3, 600.4, 601.1, 601.2, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin nümayəndəsi rayon məhkəməsinin ## ### 2025-ci il tarixli, ## #### 2025-ci il tarixli məhkəmə baxışı iclaslarındakı izahatlarında avtomobili təmir etdirmədən 5000 manata satdığını bildirmişdir.

27. Mülki iş materiallarında olan ## ###### 2024-cü il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən isə görünür ki, mübahisə predmeti olan avtomobil X1 12800 manata satılmışdır. Alqı-satqı müqaviləsində “satıcı” qismində hazırkı iş üzrə cavabdehin adı qeyd olunmuşdur. Cavabdehin nümayəndəsi isə XXX adlı şəxsi tanımadığını bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi kimi avtomobilə 12680,14 manat məbləğində ziyan dəymiş olsaydı, bu halda avtomobilin 12800 manata satılması mümkün olmazdı, həm də ona görə ki, tərəflər də təsdiq etmişlər ki, 2008-ci il buraxılışlı həmin markalı avtomobilin bazar qiyməti elə 12-13000 manat təşkil edir, demək ki, rayon məhkəməsinin buna dair qənaəti əsaslı olmuşdur.

28. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçının rayon məhkəməsində təqdim etdiyi avtomobilin cərimə meydançasına aparıldığı zaman çəkilən şəkillərdən avtomobilin istifadəyə yararsız vəziyyətdə olduğu görünmür və müəyyən olunmur. Beləliklə də, cavabdehin iddia etdiyi kimi, onun avtomobilinə məhz zədələnmə və ya yararsız hala düşməsi səbəbindən 12680,14 manat məbləğində zərər dəyməsi öz təsdiqini tapmır.

29. Cavabdehin nümayəndəsi və vəkili ## ###### 2025-ci il tarixdə vəsatət verərək, ## ##### 2023-cü ildən ## #### 2024-cü il tarixə qədər olan müddət ərzində avtomobilin iddiaçı tərəfindən istifadəsi nəticəsində əldə etdiyi gəlirin hesablanaraq, cavabdehə ödənilməsini xahiş etmişdir.

30. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdehin qarşılıqlı iddia ərizəsində tələbi aydın və aşkar şəkildə avtomobilə dəymiş məhz fiziki zərərin əvəzinin ödənilməsi olmuşdur, onun əldən çıxmış faydaya dair tələbi olmamışdır. Hazırkı işdə iddia tələblərindən kənara çıxmaq üçün əsaslar mövcud deyildir və apellyatorun həmin istəyi hazırkı icraat çərçivəsində təmin edilə bilməz. Bununla belə, cavabdeh tərəfə vəsatətdə qeyd olunanlarla bağlı ayrıca iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

31. Apellyasiya kollegiyası öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 420.1, 425.1, 427.4, 443.1, 600.1, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

32. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 606.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217, 218.3cü maddələrinin tələbləri pozulmuşdur.

34. Belə ki, tərəflər arasında müqavilə bağlanan zaman müqavilənin şərtləri ilə tanış olunmuş, hər iki tərəf müqavilənin şərtləri ilə razılaşmış və bununla bağlı öz iradə ifadələrini imzaları ilə təsdiq etmişdir. Məhkəmənin müqavilənin şərtlərinin özü istədiyi kimi təfsir edərək çıxarması və ya etibarsız sayması qanunsuzdur. Məhkəmə təqdim edilmiş sübutlara yalnız ilkin iddiaçının mənafeyi hissəsində qiymət vermişdir. Məhkəmə özü öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ## ###### 2025-ci il tarixli rəyini almışdır. Həmin rəyə əsasən 2007-ci il buraxılışlı “Toyota Prius” minik markalı avtomobilin Bakı şəhərində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədilə günlük icarə haqqının məbləği 25 manat, aylıq isə 650 manat təşkil edir. Qeyd edilən sübut ola-ola məhkəmə ona qiymət verməmiş əksinə lüzumsuz vaxt itkisinə yol açmışdır.

35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

36. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri

37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

38. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir (bənd 26-31). Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır və onu təkrarlamağa lüzum görmür.

43. Işin hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi və gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar