Məhkəmə qərarları › İş №2(1-8)-1858/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1858/2026

23.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1858/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından iddiaçı (Vəkil) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan kompleksdə yerləşən 9-cu bina, 2-ci blok, 7-ci mərtəbə, *** nömrəli, 3 otaqlı mənzilin alışı üçün ödənilmiş əlavə dəyər vergisinin 30 faizinin ona ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması və ya ona qaytarılmayan əlavə dəyər vergisi məbləğində vəsaitin, yəni 5.943,24 manat pul vəsaitinin, eləcə də ödənilmiş 79,43 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət olunmuşdur.

5. Qətnamədən iddiaçı ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Sənan Hacıyev (məruzəçi), Rəşad Həsənov və Aqil Abbasov) kassasiya şikayətinin MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsi əsası ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış müddətin bərpası haqqında vəsatətlə də müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən şikayətin verilməsi müddətinin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, son dövrlərdə səhhətində mövcud olan problemlərlə bağlı onda diqqətsizlik halları yaranmışdır. Hazırda səhhəti ilə bağlı müalicə alır. Bu səbəbdən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsasları tərəfindən şikayətin ümumi halları içərisində göstərilsə də, unudularaq konkret maddi və prosessual maddələrin qarşısına əlavə edilməmişdir. Bu hal diqqətsizlik və unutqanlıqdan yaranmışdır. Əslində həmin hallar şikayətin ümumi hissəsində göstərilmişdir. Qeyd olunan qüsur yeni kassasiya şikayətində aradan qaldırılmışdır. Bildirilir ki, müddətin bərpa edilməsi təqdim edilmiş kassasiya şikayətində qeyd edilən əsaslar üzrə pozulmuş hüquqlarının bərpa edilməsinə imkan yaradacaqdır. Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Habelə, MPM-nin 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneə törətmir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizənin təmin edilməməsi, ərizəyə əlavə edilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

12. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizədə qeyd edilən halları məhkəmə kollegiyası üzrlü hesab etməmiş və qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsini məqsədəmüvafiq hesab etməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.2, 405, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

14. Qərardaddan iddiaçı İddiaçı (özü vəkil olmaqla) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, son dövrlərdə iddiaçının səhhətində yaranmış problemlərlə əlaqədar onda diqqətsizlik və unutqanlıq halları müşahidə olunmuş, hazırda isə bu səbəbdən müalicə alır. Məhz həmin hallarla əlaqədar maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətinin ümumi hissəsində ətraflı göstərilsə də, diqqətsizlik nəticəsində həmin əsaslar konkret maddi və prosessual hüquq normalarının qarşısındakı müvafiq xanalarda ayrıca qeyd edilməmişdir.

16. Qeyd olunan nöqsan yalnız texniki xarakter daşıyır və kassasiya şikayətinin mahiyyətinə təsir göstərmir. Belə ki, maddi və prosessual hüquq normalarının pozulmasına dair bütün dəlillər kassasiya şikayətinin ümumi hissəsində öz əksini tapmışdır. Sonradan təqdim edilmiş yeni kassasiya şikayətində isə həmin texniki qüsur tam aradan qaldırılmış, müvafiq maddi və prosessual hüquq normaları üzrə dəlillər ayrıca göstərilmişdir.

17. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı halda müddətin buraxılması iddiaçının səhhəti ilə bağlı yaranmış üzürlü səbəblərlə əlaqədar baş vermişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin hallara lazımi hüquqi qiymət verməmiş və müddətin bərpasına dair ərizəni təmin etməmişdir.

18. Belə olan halda, kassasiya şikayətinin verilməsi müddətinin bərpası təqdim edilmiş yeni kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına, orada göstərilən maddi və prosessual hüquq pozuntularının qiymətləndirilməsinə, nəticə etibarilə isə iddiaçının məhkəmə müdafiəsi hüququnun səmərəli şəkildə təmin edilməsinə və pozulmuş hüquqlarının bərpasına imkan yaradacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnaməsindən kassasiya şikayəti verilə bilər.

26. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

27. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

28. Maddə 408.1.4. Kassasiya şikayəti bu kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

29. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

31. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.4. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olsa da, Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət verilməsi müddətidir. Məhkəmə aktının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi hüququ hüdudsuz deyil və bu hüquq qanunla nəzərdə tutulmuş yuxarıda göstərilən tədbirlərlə məhdudlaşdırıla bilər ki, hazırkı işdə də bu hal prosessual müddətin ötməsi ilə bağlı olmuşdur. Eyni zamanda mülki prosessual qanunvericilik ötürülmüş müddətin bərpası imkanını da nəzərdə tutmuşdur ki, bu da müvafiq vəsatətin verilməsi yolu həyata keçirilir.

37. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə ## ###### 2026-cı il tarixdə yerləşdirilmiş, iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti birinci dəfə qanunla müəyyən edilmiş 2 ay müddətində, yəni ##.##.2026-cı il tarixdə verilərək elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsi əsası ilə geri qaytarılmışdır. Qərardad ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilmişdir.

38. İddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərə uyğun tərtib etdiyi kassasiya şikayətini təkrarən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə vermiş, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə etmişdir. Ərizədə müddətin ötürülməsinin əsası kimi, son dövrlərdə səhhətində mövcud olan problemlərlə bağlı onda diqqətsizlik hallarının yaranması, hazırda səhhəti ilə bağlı müalicə alması, bu səbəbdən maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsasları tərəfindən şikayətin ümumi halları içərisində göstərilsə də, unudularaq konkret maddi və prosessual maddələrin qarşısına əlavə edilməməsi, bu halın diqqətsizlik və unutqanlıqdan yaranması, əslində həmin halların şikayətin ümumi hissəsində göstərilməsi, bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətin buraxılması, qeyd olunan qüsurun yeni kassasiya şikayətində aradan qaldırılması qeyd olunmuş, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin üzrlü səbəblərə görə buraxılması nəzərə alınaraq, müddətin bərpa edilməsi xahiş olunmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi ## ### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəni təmin edilməmiş, eyni zamanda MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarmasını qərara almışdır.

40. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırki iş üzrə “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sisteminə baxış keçirilərkən müəyyən edilir ki, apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə ## ###### 2026-cı il tarixdə yerləşdirilmiş, iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti birinci dəfə 24 gün ərzində, yəni qanunla müəyyən edilmiş 2 ay müddətində, ##.##.2026-cı il tarixdə verilərək elektron kabinetə yerləşdirilmişdir. Kassasiya şikayəti Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılaraq, həmin qərardad ##.##.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirildikdən 4 gün sonra, yəni ##.##.2026-cı il tarixdə isə iddiaçı elektron kabinet vasitəsi ilə təkrarən kassasiya şikayəti vermiş, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə etmişdir.

41. Göründüyü kimi işin yuxarıda qeyd olunan halları, yəni kassasiya şikayətinin birinci dəfə cəmi 24 gün ərzində verilməsi, şikayətin qaytarılmasından sonra isə cəmi dörd gün ərzində nöqsanların aradan qaldırıldığı kassasiya şikayətinin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi, apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmış, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizədə qeyd edilən hallar apellyasiya məhkəməsi tərəfindən üzrlü hesab edilməmiş, şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Halbuki, işin halları nəzərə alınaraq kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə bərpa edilə bilərdi.

42. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

43. Mülki prosessual qanunvericiliyə əsasən kassasiya şikayəti MPM-in 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə (maddə 408.1.1), kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə (maddə 408.1.5) apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

44. Həmin Məcəllənin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

45. Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardaddan buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş vəsatəti təmin etməyərək kassasiya şikayətini geri qaytararkən şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsini məqsədəmüvafiq hesab etsə də, gəldiyi həmin nəticəni əsaslandırmamışdır.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

48. Qanunvericiliyin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün 2 ay müddət müəyyən etməsi şikayət verən şəxsin həmin müddətlər daxilində istənilən gün, hətta müddətin sonuncu günü saat iyirmi dördə qədər şikayət verməsinə imkan yaradır.

49. O da nəzərə alınmalıdır ki, prosessual hərəkətlər Mülki Prosessual Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. (Mülki Prosessual Məcəllə, maddə 128.1)

50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulan 2 aylıq müddət qanunla müəyyən edilən müddətdir.

51. İddiaçı kassasiya şikayətini birinci dəfə qanunla müəyyən edilmiş 2 ay müddət ərzində vermiş, kassasiya şikayətinin MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsi ilə bağlı nöqsan aradan qaldırıldıqdan sonra, MPM-nin 408.5-ci maddəsinə uyğun olaraq yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmişdir.

52. Prosessual qanunvericilik (MPM 133.1) məhkəməyə qanunla müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzrlü saymaq səlahiyyəti versə də, həmin üzrlü halların dairəsini müəyyən etməmiş, bunu məhkəmənin öhdəsinə buraxmışdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti ilk dəfə qanunla müəyyən edilmiş 2 ay müddətində, yəni ##.##.2026-cı il tarixdə verilərək elektron kabinetə yerləşdirildiyindən, həmçinin MPM-ə * saylı Əlavədə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmiş yeni kassasiya şikayətinin elektron məhkəmə informasiya sisteminə qısa müddət ərzində yerləşdirildiyindən, apellyasiya məhkəməsinin şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsinin məqsədəmüvafiq hesab edilməsi barədə nəticə düzgün olmamışdır.

54. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə iddiaçının ərizəsi müzakirə edilərkən, işin yuxarıda qeyd olunan halları, həmçinin iddiaçının birinci dəfə kassasiya şikayəti verərkən səhhətində problemlərlərin mövcud olması ilə bağlı müalicədə olması barədə elektron məhkəmə informasiya sisteminə yerləşdirdiyi sənəd nəzərə alınmalıdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası işi yeni apellyasiya baxışına göndərmədən, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməlidir.

55. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair iddiaçının vəsatəti təmin edilməli, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət üzürlü hesab edilərək bərpa olunmalı, iş üzrə sonrakı prosessual hərəkətlər icra edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunsun və prosessual müddət bərpa edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər icra edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar