Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2215/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “lizinq predmetinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı Bank “xxxx” ASC cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx Leasing” ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən, reyestr 308013000527-10301, qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx Leasing” ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-ə təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Cəlilabad Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “xxxx Leasing” ASC ilə cavabdeh2 arasında bağlanmış ## ##### 2025-ci il tarixli DƏ-***/** saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən reyestr nömrəsi 308013000527-10301 qeydiyyat nömrəsi 1625014663 olan çıxarışa əsasən “xxxx Leasing” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsi və onun üzərində 96.14 kv.m olan fərdi yaşayış evinin cavabdeh2 və cavabdeh1 müvəqqəti sahiblik və istifadəsindən geri alınması və mənzilin boşaldılaraq Bank “xxxx” ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim - hakim L.Mehrəliyeva).
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli *(*- *)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər – P.Əhmədov (məruzəçi), İ.Əsədov və T.Heydərov).
4. Qətnamədən cavabdeh2 (vəkil Vəkil/Nümayəndə) ## #### 2026-cı il tarixdə kassasiya şikayəti vermişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər - P.Əhmədov (məruzəçi), İ.Əsədov və T.Heydərov).
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi qismində çıxış edən, habelə apellyasiya şikayətini imzalamış vəkil Abdinov Musa Saleh oğlunun Elektron Məhkəmə informasiya sistemindəki elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə aktının nümayəndənin elektron kabinetinə yerləşdirilməsi həmin aktın təmsil olunan şəxsə rəsmi qaydada çatdırılması ilə eyni hüquqi nəticələri doğurur. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı da həmin tarixdən hesablanmalıdır. Belə olan halda, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddət ##.##.2026-cı il tarixdə başa çatmışdır. Hazırkı kassasiya şikayəti isə həmin müddət başa çatdıqdan sonra təqdim edildiyindən onun mahiyyəti üzrə baxılması üçün prosessual əsaslar mövcud deyildir və şikayət geri qaytarılmalıdır.
7. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3, 402, 405, 407, 408, 414-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh cavabdeh2 (vəkil Vəkil/Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddəti bərpa edərək, kassasiya şikayətini aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
13. Maddə 407. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
17. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərardadının qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
24. Baxılan iş üzrə cavabdeh tərəfindən kassasiya şikayəti verilməsinə mane olan bu cür hallar müəyyən edilməmişdir.
25. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli *(*-*)-***/**** nömrəli qətnaməsi cavabdehin nümayəndəsi və vəkil Abdinov Musa Saleh oğlunun “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir.
26. Qeyd olunmalıdır ki, MPM-in 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
27. Göründüyü kimi, apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən prosessual hüquq normalarına istinadən kassasiya şikayətini geri qaytarması qanunvericiliyə uyğun olmuşdur. Kassasiya şikayətində göstərilənlər həmin qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(*-*)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir