Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-241/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh istehsalat birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi bağlı mübahisələr, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir.
2. Onunla cavabdeh Cavabdeh Istehsalat Birliyi arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) və 1 ədəd qızdırıcı istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2023-cü il tarixli, ******* nömrəli, ##.##.2024-cü il tarixli, ******* nömrəli, ##.##.2024-cü il tarixli, ******* nömrəli, ##.##.2024-cü il tarixli, ******* nömrəli (ümumilikdə 9 akt) aktlar tərtib edilmişdir.
3. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilikdə 9.711,36 manat məbləğində maddi zərər hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir. Aparılmış tutulmalardan sonra qalıq borc 8.661 manat təşkil etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 8.880 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, abonent saldosunda hər ay üçün qazdan istifadə limiti və sərfiyyat qeyd olunur. Tərtib edilən borc şişirdilmiş və qanunsuz şəkildə hesablanan borc məbləğidir. Abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmişdir. Bundan əlavə sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman nə o, nə də ki, ailə üzvlərindən biri iştirak etməmişdir. X1 əməkdaşları akt tərtib etdikdə belə o, həmin yerdə olmamışdır. Hazırda həmin ünvanda qazdan istifadə edə bilmir. Ona qarşı tərtib olunan qaz borcu bugünkü gün qaldığı üçün tərtib olunmuş 8.880 manat borcun ödənilib sayğac sıfırlanana kimi qazdan istifadə etməyəcəyi barədə məlumat verilmişdir.
6. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı münasibətini ünvanlayaraq göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 16, m. 53-də yerləşən *************** saylı abonentin saldosu üzrə açıqlama aşağıdakı qaydada hesablanmışdır: "Azəriqaz” IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" müvafiq aktlar tərtib edilmişdir. Iddiaçının yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 5702,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 475,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 492,48 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1248,48 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 419,04 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat olmaqla, cəmi 9711,36 manat məbləğində "Azəriqaz” IB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçının ödənilməmiş 2023-cü ilin aprel ayı üzrə uçotu pozulmuş qaz sərfinin 5,64 manat borcu (debitor) da qalmışdır. (9711,36+5,64-9717 manat) Abonent hesabdan 2023-ci ilin sentyabr ayından 2025-ci ilin aprel ayına qədər 1056 manat Smart Zenner proqramında tutulma aparılmışdır. Beləliklə, cavabdehin "Azəriqaz” IB yə ödənilməli borc məbləği hazırda abonentin Saldo və Gasrep üzrə ümumi 8661 manat təşkil etməkdədir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001) ****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh IB tərəfindən tərtib edilmiş aktlara əsasən ziyan kimi hesablanmış 8.661 manat qalıq məbləğin iddiaçı İddiaçı məxsus 100717900600530 hesabından silinməsi, məhkəmə xərci kimi (dövlət rüsumunun əvəzi) 20 manatın Cavabdeh IB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Səidə Məmmədova).
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan görünür ki, bu hərəkətlər icra edilərkən iddiaçının, yəni istehlakçının özünün və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Belə ki, aktda “Istehlakçının nümayəndəsi” bölməsinin qarşısındakı imza qrafasında– heç bir qeyd edilməmişdir. Hazırki halda isə, göstərilənlərlə bağlı cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmiş, öz yazılı etirazında müdaxilənin iddiaçıdan başqa heç kimin marağında olmadığını göstərməklə kifayətlənmişdir. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair iş materiallarında inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Cavabdeh təşkilat tərəfindən təqdim edilən arayışdan və son abonent saldosundan müəyyən edilir ki, iddiaçının abonent hesabında vurulmuş ziyan kimi yekun məbləğ olaraq 8.661 manat göstərilmişdir.
9. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı istehlakçı kimi məhkəmə xərclərindən azad edildiyindən məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə münasibətdə cavabdeh təşkilata aid edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü, 18-ci, 26-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 217.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci, 13.8-1 cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci, 5.6-cı, 6.5-ci, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh Cavabdeh Istehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Iddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Cavabdeh IB-nin əməkdaşları tərəfindən fotoçəkilişlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-yə dəfələrlə ziyan vurmuşdur. Iddiaçı uydurma izahatından başqa və əsassız iddia tələbinə qanuni don geyindirməkdən başqa hər hansı sübut təqdim edə bilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh Istehsalat Birliyinə aid edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, təbii qazdan sayğacdan kənar, qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsi əsası ilə iddiaçı barəsində 360 günü əhatə edən ilk akt- ##.##.2023-cü il tarixdə olmaqla ümumilikdə 9 akt tərtib edilmişdir. Iddiaçı da bu aktlarla razılaşmayaraq mübahisələndirmiş və aktlar, habelə onların əsasında qəbul edilmiş tələbnamələr (qərarlar) üzrə hesablanmış borcun silinməsini tələb etmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
16. Birinci instansiya məhkəməsi də belə qənaətə gəlmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən evdə şəbəkəyə qanunsuz qoşulma halları, qazın talanmasının aşkar edilməsi, qazdan istifadə qaydalarının pozulması faktı üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırma aparılaraq təqsirli şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilmədiyindən iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Belə ki, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü məhz bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, buna baxmayaraq, cavabdeh tərəfindən aktlar tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Iddiaçı hazırda barəsində tərtib edilmiş bütün aktları təqdim edə bilmir. Bu aktların mövcudluğunu abonent saldosundan, habelə cavabdehin işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim etdiyi sorğuya cavabın məzmunundan müəyyən etmək olur (i.v. 30). Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Digər tərəfdən akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir (həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir). Belə ki, abonentin saldosunda iddiaçıya məxsus evdə təbii qazla işləyən 2 cihazın göstərildiyi halda, ##.##.2023-cü il tarixli tələbnamədə (qərarda) itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4 cihaz üzrə hesablanmışdır. Halbuki, abonent saldosunda göstərilməyən cihazın (ən azı əlavə olaraq 1 ədəd dəmir sobanın) həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi və qış aylarından fərqli olaraq yay aylarında dəmir sobanın istifadə edildiyinin hansı qaydada aşkar edildiyi aydın deyil. Belə ki, ##.##.2023-cü il tarixli akt və onun əsasında qəbul edilmiş tələbnaməyə əsasən hesablama 360 gün üzrə aparılmış və ##.##.2022-ci il– ##.##.2023-cü il tarixlərini əhatə etmişdir ki, bu dövrün 5 ayı da bilavasitə yay aylarına təsadüf edir. Hamıya da məlumdur ki, ilin isti ayları olan iyun, iyul, avqust və nisbətən isti ayları hesab olunan may və sentyabr ayları üzrə dəmir sobanın və ya qızdırıcı radiatorun, nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Qaz plitəsinin isə təyinatına görə (qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur), həmçinin təhlükəsizlik baxımından 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Bununla belə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından qaz paylayıcısının işçiləri ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin maddəyə bu məzmunlu dəyişiklik ##.##.2022-ci il tarixdə edilmiş, ##.##.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə ilk akt həmin dəyişikliklər qüvvəyə mindikdən təxminən 9 aya yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən ümumiyyətlə belə bir müayinənin aparılmadığını təsdiq edir. Bu baxımdan hüquqi nəticə etibarı ilə cavabdeh ##.##.2023-cü il tarixdə qanunsuz qoşulma halını müəyyən edərkən, artıq qeyd edilən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirləri görməli idi.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh tərəfindən aktlar tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, digər tərəfdən tərtib edilmiş aktlarda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması da həyata keçirilməmişdir. Nəticə etibarı ilə cavabdeh öz mülahizəsinə əsasən hesablanmış zərər məbləğini bilavasitə iddiaçının abonent hesabına daxil etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin aktlar və onların əsasında qəbul edilmiş tələbnamələr (qərarlar) mövcud vəziyyətdə hər hansı mötəbərliyə malik deyil və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində cavabdeh tərəfindən sorğuya cavab olaraq təqdim etdiyi məlumatda 5,64 manat pulun debitor borc olmasına münasibətdə qeyd etmişdir ki, bu məbləğin debitor borc olmasını təsdiq edən hər hansı sübut həmin cavab məktubuna əlavə edilməmişdir. Cavabdeh apellyasiya şikayəti üzrə də bu məsələ ilə bağlı hər hansı dəlil irəli sürməmiş, nəticə etibarı ilə bu məbləğə də qanunsuz qoşulma nəticəsində yaranmış zərər məbləği (cərimə) kimi yanaşmışdır. Iş materiallarında olan abonent saldolarında isə həmin məbləğ “qalıq və aktlar” qrafasında göstərilmişdir. Həmin qrafada da yalnız qanunsuz qoşulma halının müəyyən edilməsinə dair aktlar və onların əsasında qəbul edilmiş tələbnamələr üzrə hesablanmış cərimə məbləğləri öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə kollegiyası 8.661 manat daxilində bu məbləğin də silinməsini mümkün hesab etmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2 maddəsinin 1 və 3-cü hissələrinə, 11-ci maddəsinin 6-cı, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 20-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 6.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, şikayətin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamənin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 443.1, 448.2, 1096.1, 1096.2, 1097.1-ci, Qaz təchizatı haqqında Qanunun 6.2, 13.8-1 və 22-ci, Qazdan istifadə Qaydalarının 6.5-ci maddələrinə istinad edilərək belə əsaslandırılmışdır ki, iddiaçı tərəfin abonent hesabından silinməsini tələb etdiyi borcun yaranma əsasını onun fərdi yaşayış evinin qarşısından keçən küçə qazpaylayıcı qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi faktı təşkil etmişdir. Iddiaçı tərəfin, habelə Binəqədi rayonu ərazisində yaşamaqla qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə edən şəxslərin - vətəndaşların qanunsuz hərəkətləri barədə Azəriqaz IB-nin aşağı struktur bölməsi olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **-*-*/*-****/**** nömrəli məktubla ##.##.2023 cü il tarixində və **-*-*/*-***/**** nömrəli məktubla ##.##.2024-cü il tarixində Bakı şəhər Baş Polis Idarəsinə yazılı müraciətlər olmuşdur. Azəriqaz IB-nin aşağı struktur bölməsi olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən Bakı şəhər Baş Polis Idarəsinə yazılı müraciətlər olunsa da, Binəqədi Rayon Məhkəməsi tərəfindən Binəqədi Rayon Prokurorluğuna sorğu ünvanlanaraq Azəriqaz IB tərəfindən prokurorluğa İddiaçı adına olan *************** saylı abonent kodu üzrə tərtib edilmiş ##.##.2023-cü il tarixli, №******* saylı akt əsasında məlumatın daxil olub olmaması və prokurorluq tərəfindən araşdırmanın aparılıb-aparılmamış olması sorğu edilmişdir. Binəqədi Rayon Məhkəməsi və ya Bakı Apellyasiya Məhkəməsi tərəfindən aidiyyəti üzrə Bakı şəhər Baş Polis Idarəsinə və ya Binəqədi rayon Polis Idarəsinə müraciətlər olunmamış, iddiaçı tərəfindən qazın talanması faktı barədə Bakı şəhər Baş Polis Idarəsinə və ya Binəqədi rayon Polis Idarəsinə qazpaylayıcı Azəriqaz IB tərəfindən məlumatın daxil olub olmaması və hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə zəruri araşdırmanın aparılıb aparılmamış olması sorğu edilməmişdir. Iddiaçı tərəfin adına qeydiyyata alınmış abonent saldosunun 2023 və 2025-ci illər ərzində sayğac vasitəsilə qazdan istifadə dəyərinin analizi onu müəyyən etməyə və söyləməyə imkan verir ki, iddiaçı tərəfin 2023-cü ilin bütöv 12 ayı ərzində qaz sayğacı vasitəsilə cəmi 58,50 manat dəyərində qaz istehlak etməsi 2025-ci ildə qaz sayğacı vasitəsilə onun ünvanında sərf olunmuş təbii qazın istehlak dəyəri ilə müqayisədə ağlabatan və inandırıcı deyildir. Çünki, iddiaçı tərəf 2025-ci ilin ilk 4 ayı ərzində (barəsində aktların tərtib edilmədiyi dövrdə) cəmi 547 manat dəyərində təbii qaz istehlak etmişdir. Iddiaçı tərəfin bütövlükdə 2023-cü il ərzində cəmi 58,50 manat dəyərində təbii qaz istehlak etməsi onun 2023-cü ildə təbii qazdan qanunsuz istifadə etməsi ilə əlaqəli olmuşdur. Iddiaçı tərəf, 2023-cü illə müqayisədə 2025-ci ildə isə artıq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edə bilmədiyi üçün məhz 2025-ci ilin ilk 4 ayı ərzində qaz sayğacı vasitəsilə 547 manat dəyərində təbii qaz istehlak etmişdir. Məhkəmələr, iddiaçı tərəfin adına qeydiyyata alınmış abonent saldosunu nəzərə almamış, iddiaçı tərəfin barəsində aktların tərtib edildiyi 2023-cü il dövrü ilə müqayisədə aktların tərtib edilmədiyi 2025-ci il dövrü üzrə müqayisəli tədqiqatını aparmamış, ziddiyyətli məqamlara aydınlıq gətirməmişlər. Azərbaycan Respublikası MPM-in 14.2, 76- 77,79, 88, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, işə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərə istinad olunmamış, həmin fotoşəkillərin hansı ünvana aid olması, nə vaxt və kim tərəfindən çəkilməsi araşdırılmamış, iş üzrə sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmişdir. Iddiaçı tərəfin izahatında qeyd olunan, Azəriqaz IB-nin təqdim etdiyi şəkillərin iddiaçı tərəfin ünvanına aid olub-olmadığının dəqiqləşdirilməsi məqsədilə məhkəmə tərəfindən fotoşəkillərdə göstərilən ünvana (təbii qazdan qanunsuz istifadə olunduğu aşkar görünən) yerində baxış keçirilməmiş, qazpaylayıcı küçə qaz xəttinə qanunsuz qoşulma yerində çıxış borusunun (sasok`un) hələ də mövcud olub-olmadığı, həmçinin, fərdi yaşayış evinin yaxınlığında quraşdırılmış qaz sayğacının Azəriqaz IB-də iddiaçı tərəfin adına qeydiyyata alınmış ************* nömrəli qaz sayğacının olubolmaması araşdırılmamışdır.
24. Işə yenidən baxacaq apellyasiya məhkəməsi yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
28. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları
30. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz;
31. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir;
32. Bənd 6.5-1. Istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır;
33. Bənd 6.5-3. Istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır;
34. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
“Qaz təchizatı haqqında” Qanun (mübahisəli aktlar tərtib edilərkən qüvvədə olmuş)
35. Maddə 11, 6-cı bənd. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödəni ldikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
37. Maddə 13 maddənin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
38. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mübahisələndirilən aktlar tərtib edilərkən qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olmasına dair sübut olaraq cavabdeh bu barədə cinayət təqibi orqanının və ya məhkəmənin qərarını təqdim etməlidir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi qanuni və əsaslıdır.
46. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılaraq həmin dəlillərə düzgün hüquqi qiymət verildiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Cavabdeh Cavabdeh IB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.