Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-266/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında dekabr ##.##.2019-cu il tarixli, IP*** nömrəli kredit müqaviləsi (bundan sonra – kredit müqaviləsi) bağlanmış, sonuncuya illik 8% olmaqla 300 ay müddətinə 114.000 manat ipoteka krediti verilmişdir.
3. ##.##.2019-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – ipoteka predmeti olan mənzil) iddiaçının xeyrinə ipoteka ilə yüklənmiş, çıxarışda hüququ yüklü edilən şəxs qismində cavabdeh göstərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 8.124,40 manat faiz, 276,32 manat cərimə olmaqla, cəmi 120.908,34 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 164.000 manat müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi; mənzilin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi; satışdan əldə olunan pul vəsaitinin cavabdehin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi; ipoteka yüklülüyünün qeydə alınması üçün ödənilmiş 15 manatın, 30 manat məbləğində xidmət haqqının və 411 manat məhkəmə xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
6. “Məhkəmə Ekspertizası Mərkəzinin” ##.##.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixə cavabdehin iddiaçı olan borcu aşağıdakı kimidir: - əsas borc üzrə – 112.639,53 manat; faiz üzrə – 4.465,51 manat. Iddiaçı tərəfindən cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən cərimə hesablanmamışdır.
7. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin orta bazar dəyəri 190.000 manat, likvid dəyəri 180.000 manat təşkil edir.
8. Qaradağ Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilmiş, kredit müqaviləsinə əsasən 112.507,62 manat əsas borc, 4.465,51 manat faiz, 27 manat cərimə olmaqla, cəmi 117.000,13 manat pul vəsaitinin, ipoteka yüklülüyünün qeydə alınması üçün ödənilmiş 15 manatın, 30 manat xidmət haqqının və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 407 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan məznilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 180.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit borclarının ödənilməsinə yönəldilməsi, mənzilin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmiş, ekspertiza və qiymətləndirmə xərcləri həll edilmişdir (hakim: Kamran Əsədov).
9. Mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinad edərək əsaslandıran məhkəmə nəticəyə gələrkən iş üzrə keçirilmiş ekspert və qiymətləndirmə rəyini nəzərə almışdır. 10.Qeyd olunmuşdur ki, Ali Məhkəmənin Kommersiya və Mülki kollegiyalarının “Ipoteka haqqında” Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ##.##.2023-cü il tarixli qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il ## ###### tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi həmin sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Odur ki, tərəflər arasında alğı-satqı və ipoteka müqaviləsi ## ###### 2019-cu il tarixdə, yəni 2018-ci il ## ###### tarixindən sonra bağlandığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. 11.Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı ipoteka predmetinin satışından əldə edilən vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin həmin hissədə iddia iki səbəbə görə təmin edilə bilməz. Birinci səbəb, ipoteka predmetinin likvid dəyərinin borc məbləğindən əhəmiyyətli dərəcədə çox olmasıdır. Ikinci səbəb isə, qətnamənin nəticə hissəsində borcun cavabdehdən tutulmalı olmasına dair göstəriş yer aldığı halda, ipoteka predmetinin satışından əldə edilən vəsait kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulmasına dair göstərişin yer almasına zərurətin olmamasıdır. 12.Məhkəmə Mülki Məcəllənin 467-ci mаddəsinə istinad edərək dəbbə pulunu 27 mаnаt məbləğinə endirmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13.Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə də iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Iddiaçı şikayətini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə faiz və cərimə məbləğlərinin ödənişlərində silinmələr ekspert tərəfindən düzgün aparılmamışdır. Bu səbəbdən faiz və cərimə borcu məbləğində fərqin yaranmasını mübahisələndirmişlər. 15.Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, təkrar ekspertiza təyin edilməklə əmlakin likvid bazar dəyərinin müəyyən edilməsi və qətnamənin əsas və faiz borcu hissəsində dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan mənzilin likvid bazar qiyməti düzgün müəyyənləşdirilməmişdir. Eyni zamanda faiz və əsas borcu da düzgün hesablanmamışdır.
17. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli nömrəli rəyində cavabdehin iddiaçıya borcu belə müəyyən edilmişdir: ##.##.2022-ci il tarixə əsas borc üzrə 112.639,53 manat, faiz borcu üzrə 7.785,95 manat; ##.##.2022-ci il tarixə 112.639,53 manat, faiz borcu 4.465,51 manat olmuşdur. 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Sabit Bəhramzadə sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Xumar Mərdanova). 19.Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, mövqeyini eyni qaydada əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20.Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində qismən dəyişdirilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 21.Iddiaçının şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hansı səbəbdən müqavilə şərtlərinə uyğun hesablanmış və müəyyən edilmiş borcu əks etdirən, bank tərəfindən təqdim olunan maliyyə arayışını deyil, iş üzrə ekspert rəyini əsas götürməsini, hansı səbəbdən faiz borcunun azaldılmasını qətnamədə əsaslandırmamışdır. Məhkəmələr Mülki Məcəllənin 467-ci maddəsini iş üzrə düzgün tətbiq etməyərək, dəbbə pulunu əsassız olaraq azaltmışlar. 22.Cavabdeh (vəkil: vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 23.Cavabdehin şikayətinin dəlilləri belə olmuşdur: 1) Cavabdeh tərəfindən müqavilə öhdəliyinin icrasının onun təqsiri ucbatından yox, fors-major hallar səbəbindən icra edilməməsi əsaslandırılsa da, məhkəmə cavabdehin təqsirinin yaranma əsaslarını, həmin əsasların nədən ibarət olduğunu (Covid-19 pandemiyası) və ümumiyyətlə borclunun hansı təqsir nəticəsində məsuliyyətə cəlb edildiyini göstərməmişdir. Digər tərəfdən, məhkəmə yalnız müqavilə münasibətinə istinad edərək cavabdehi məsuliyyətə cəlb etmişdir ki, bu da tamamilə əsassızdır. Çünki müqavilə öhdəliyinin icra edilməməsi hər bir halda məsuliyyətin yaranma əsası kimi çıxış etmir. 2) Ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən əsas borc ##.##.2022-ci il tarixdə 112.639,53 manat, faiz borcu üzrə 7.785,95 manat olduğu halda, ##.##.2022-ci il tarixə əsas borc 112.639,53 manat, faiz borcu isə 4.465,50 manat müəyyən edilmişdir. Belə olan halda iş üzrə cavabdeh tərəfindən ödənilmiş bütün vəsait məhz faiz borcuna silinmiş, əsas borc isə olduğu kimi saxlanılmış və nəticədə bu, cavabdehin əsas borcunun şişirdilmiş şəkildə qalmasına səbəb olmuşdur. 3) Kreditor 2022ci ilin iyulunda müqaviləni davam etdirmək istəmədiyini və borcun tam ödənilməsini tələb etdiyini bildirmişdir. Bu halda müqavilə həmin tarixdən ləğv olunmuş sayılır və sonrakı dövr üçün müqavilə faiz dərəcəsi ilə faiz və cərimə hesablanması düzgün deyil. 4) Ipoteka predmetinə dair məhkəmə ekspertizası təyin edilsə də, rəy alınmamış, yalnız müstəqil qiymətləndiricinin rəyi əsas götürülmüşdür. Bu rəy ekspert rəyini əvəz etmir və müəyyən edilmiş likvid dəyər real bazar qiymətlərinə uyğun deyil. 5) Məhkəmə ekspertiza təyin etsə də, qərardadın icrasını gözləmədən və əsassız olaraq cavabdehin maneə yaratdığını iddia edərək rəy əldə etməmişdir. Halbuki, cavabdeh tərəfindən ekspertizaya heç bir maneə törədilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24.Iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. 25.Etirazda qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə belə münasibət bildirilmişdir: 1) Cavabdehin öhdəliyi icra etməməsi onun risk dairəsinə daxildir. Iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə ödənişlərin vaxtında edilməməsi təqsirli hərəkətdir. Pandemiya və ödəmə qabiliyyətinin azalması borclunu məsuliyyətdən azad etmir 2) Borc məbləği müqavilə şərtlərinə və ekspert rəyinə əsasən müəyyən edilib. Ödənişlərin əvvəl faiz və xərclərə, sonra əsas borca silinməsi qanunauyğundur. Cavabdeh borcun şişirdilməsi barədə iddiasını sübut etməyib 3) Bankın göndərdiyi bildiriş müqavilədən imtina deyil, gecikmiş öhdəliyin icrasına çağırış olub. Müqavilə qüvvədə qaldığından faiz və cərimələrin müqavilə şərtlərinə uyğun hesablanması qanunidir 4) Apellyasiya icraatında yenidən qiymətləndirmə təyin edilib, lakin cavabdeh tərəfindən əmlaka baxış üçün şərait yaradılmayıb. Bu səbəbdən məhkəmənin mövcud sübutlara əsaslanması prosessual qanunvericiliyə uyğundur. 5) Kassasiya instansiyası faktiki halları yenidən araşdırmır, yalnız hüquq normalarının düzgün tətbiqini yoxlayır.Cavabdehin şikayəti əsasən faktiki halların yenidən qiymətləndirilməsinə yönəlib və bu, kassasiya predmeti deyil.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26.Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 27.Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 28.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 31.Maddə 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Icraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 32.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 33.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 34.Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
35. Maddə 7.2. Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
36. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
37. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 41.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 42.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 44.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada iddiaçıya olan borcunu ödəməyərək, müqavilə şərtlərini pozmuşdur. Belə olan halda borcun tututulması və ipoteka predmetinə yönəldilməsi yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur (§26-37).
47. Cavabdehdən tutulan əsas borcun və faizlərin məbləğləri, habelə ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza tədqiqatları ilə müəyyən edilmiş, məhkəmələr rəyləri sübut kimi qəbul etmiş, cərimə məbləği isə müvafiq həcmdə azaldılmışdır.
48. Eyni zamanda cavabdehin etiraz və şikayətində göstərdiyi dəlillərə görə iddianın rədd edilməsi, o cümlədən məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.