Məhkəmə qərarları › İş №2(1-8)-286/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-286/2026

02.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-286/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyət hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 6, ** saylı mənzil paylı mülkiyyət hüququ ilə ½ hissədə iddiaçının ½ hissədə isə cavabdehin mülkiyyətindədir;

3. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/*** saylı rəyinə əsasən ünvan 2 ünvanında olan ** saylı mənzilin planlı yerləşməsini, yəni 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx, bir sanitar qovşaq hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir;

4. Iddiaçı mübahisəli ev üzərində olan payına görə ona 45.000 manat verilməsi ilə payından cavabdehin xeyrinə imtina edəcəyinə dair cavabdehə təklif ünvanlamış və cavabdeh isə evin satılmayacağını ona bildirmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı məhkəməyə müraciət edərək, ½ hissədə cavabdeh Cavabdeh və ½ hissədə iddiaçı İddiaçı adına ünvan 1 ünvanda olan ** saylı mənzilin açıq hərracdan satılaraq əldə edilmiş pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ###### 2009-cu i il tarixdə rəsmi nikaha bağlanmışdır. Tərəflərin birgə nikahından ##.##.2010-cu ildə X1 anadan olmuşdur. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanda olan ** saylı mənzil əldə etmişlər. Mənzil Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixdə 308013089354-05306-093108 (qeydiyyat nömrəsi:1619001195) reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan ** saylı ev cavabdehin adına rəsmiləşdirilmişdir. Tərəfindən birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddia qaldırılmış və Abşeron rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan ** saylı evə ikidə bir hissədə iddiaçı İddiaçı, ikidə bir hisədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra ## #### 2023-cü ildə AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidmətindən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan ** saylı evə 1\2 hissədə payı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın reyestrdən (Daşınmaz Əmlakın reyestr nömrəsi: 308013089354-05306-093108) Çıxarış ilə öz təsdiqini tapmışdır. Payları müəyyən edildikdən sonra cavabdeh Cavabdeh paylarınn müəyyən edildiyi mənzilin satılaraq pulunun bölünməsi, onun payına uyğun olaraq kompensasiyanın verilməsini təklif etsə də, nə evə görə ona kompensasiya verməsinə, nədə mənzili satıb pulunu bərabər sürətdə bölünməsinə razılıq verdi. Hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan ** saylı evə 1\2 hissədə mülkiyyət hüququ təsdiq edilsədə ondan istifadə edə, yaşaya və sərəncam verə bilmir. ## ####### 2023-cü il tarixdə cavabdeh Cavabdeh mənzilə körə kompensasiya verilməsi ilə bağlı təklif göndərmişdir. Lakin məktub onun evdə olmamasına görə geri qayıtdı. Məcburiyyət qarşısında qalıb telefon və whatapp vasitəsi ilə kompensasiya ödənilməsi barədə təklif göndərmişdir. Cavabı «ev satılmayacaq» oldu. Ona görə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, ev.6 ünvanda olan ** saylı ev məhkəmə vasitəsi ilə naturada bölünməli, bölünə bilmədiyi təqdirdə hərrac vasitəsilə satılaraq əldə edilmiş pul vəsaiti payçıların paylarına uyğun olaraq bölünməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, iddiaçı istəsə həmin evdə yaşaya bilər. Mübahisəli mənzil gələcəkdə onun oğluna qalacaq. Odur ki, mənzilin satılmasına razı deyil. O, məhkəmənin konpensassiya ödənilməklə tərəflər arasında razılıq əldə edilməsi təklifini qəbul etmir.

8. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli, qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahı zamanı əldə edilmiş ünvan 1 ünvanda olan ** saylı mənzilin (reyestr nömrəsi: 308013089354-05306-093108) açıq hərraca çıxarılaraq satılması, ünvan 1 ünvanda olan ** saylı mənzilin (reyestr nömrəsi: 308013089354-05306-093108) açıq hərracda satışından əldə edilən vəsaitin İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspert tədqiqatı üçün tələb olunan 50 manat pulun Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).

9. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli əmlak hazırda yalnız cavabdehin faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün deyildir. Məhkəmə prosesi zamanı tərəflər kompensasiya yolu ilə mübahisəyə son verilməsinə razı olmamışlar. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, mübahisəli əmlak açıq hərracdan satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil, nikah dövründə ipoteka krediti hesabına əldə edilmişdir. Mənzil ## ###### 2019-cu il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən adına rəsmiləşdirilmiş və həmin tarixdən etibarən adına ipoteka öhdəlikləri ilə əlaqələndirilmişdir. Nikah dövründə və nikahın pozulmasından sonra da mənzilin ipoteka kreditini tam şəkildə özü ödəyir. Hətta, ## ###### 2024-cü il tarixində son kredit ödənişini etmiş və bu ödənişlər davam etdirilir. Qətnamə qəbul olunarkən bu ipoteka ödənişləri ilə bağlı öhdəlikləri nəzərə alınmamışdır ki, bu da qətnamənin əsasız olduğunu göstərir. Mənzil üzrə kreditin ödənişləri təxminən hər ay 581 manat məbləğində həyata keçirilir və bu məsuliyyəti tam şəkildə öz üzərinə götürmüşdür. Bu kredit öhdəlikləri nəzərə alınmalı, mənzil üzrə pay bölgüsü aparılarkən kredit ödənişləri ilə bağlı xərclər də nəzərə alınmalıdır. Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsindən məlumatı olmamışdır və ona bu barədə hər hansı bir məlumat rəsmi qaydada çatdırılmamışdır. Nəticədə, ona qarşı irəli sürülən iddia üzrə müvafiq müdafiə haqqından istifadə edə bilməmişdir. Iddiaçının mənzilin təkrar satılması və payların bölüşdürülməsi barədə iddia ərizəsindən də gec məlumatlandırılmışdır və bununnəticəsində məhkəmə prosesinə tam şəkildə müdafiə təmin edə bilməmişdir. Ipoteka kreditinin davamlı ödənilməsi ilə bağlı etdiyi xərclər nəzərə alınmadan mənzil üzrə satılma qərarının verilməsi hüquqlarını ciddi şəkildə pozur. Ödədiyi kredit məbləğlərinin nəzərə alınmaması qətnamənin hüquqi əsasını zəiflədir. Həmçinin, mənzilin satılması barədə ona edilən təkliflərə baxmayaraq, bu satışı qəbul etməmişdir, çünki ipoteka kreditinin ödənilməsi üçün həm maliyyə və həm də mənəvi vəsaitlər sərf etmişdir. Belə bir vəziyyətdə mənzilin açıq hərrac vasitəsilə satılması və payların bərabər bölüşdürülməsi onun haqqında ədalətsiz qərar verilməsinə səbəb olmuşdur. Kredit öhdəliyini bu qədər müddət ərzində öz üzərinə götürməklə yanaşı, mənzil üzrə bütün məsuliyyətləri də öz üzərinə götürmüşdür. Iddiaçı ilə aralarında olan nikah # ####### 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi şəkildə pozulmuşdur. Nikahın pozulmasından sonra onun mənzillə bağlı kredit öhdəlikləri davam etmiş və heç bir maliyyə dəstəyi olmadan bu öhdəliyi təkbaşına yerinə yetirmişdir. Nikahın pozulmasından sonra belə mənzilin kredit ödənişlərini ## ###### 2024-cü il tarixində də daxil olmaqla tam şəkildə davam etdirmişdir. Əgər bu mənzilin pay bölgüsü əvvəlcədən ona məlum olsaydı, ipoteka ödənişlərini davam etdirməzdi, çünki həmin kreditlərə böyük miqdarda vəsait sərf etmişdir. Nikahın pozulmasından sonra ipoteka kreditini ödəməyi nəticəsində mənzil üzrə müəyyən edilmiş bərabər bölüşdürülmə qərarı ədalətli deyil, çünki kredit üzrə borcun ödənilməsi tam şəkildə onun üzərində olmuşdur. Bu səbəbdən, mənzilin pay bölgüsü kredit ödənişlərini də nəzərə alaraq həyata keçirilməlidir. Qanunvericiliyə əsasən, ər və arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsi və ya onların arasında başqa razılaşma yoxdursa, ümumi birgə mülkiyyət hesab olunur. Lakin onlar ## ####### 2021-ci il tarixdə rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq, məhkəmə nikahın bitməsindən sonra onun təkbaşına ödədiyi ödənişləri də birgə mülkiyyət kimi qəbul edərək səhvə yol vermişdir. Bu yanaşma, boşandıqdan sonra təkbaşına həyata keçirdiyi ödənişləri nəzərə almamaqla onun mülkiyyət hüququnu pozur və qətnamədə ədalətsizliyə səbəb olur. Məhkəmə onun hələ də ipoteka kreditini ödəməkdə olduğunu, bu kreditin onu maliyyə vəziyyətinə təsir etdiyini qiymətləndirməmişdir. Eyni zamanda, iddiaçı ilə nikahın ##.##.2021-ci il tarixində pozulması faktını da nəzərə almamışdır ki, bu hal onun hüquqlarının və maraqlarının qorunmasında mühüm rol oynayır. Bundan əlavə, məhkəmə iş üzrə 2023-cü ildə qəbul edilmiş qətnamədən xəbərsiz olduğunu və bu məlumatın ona vaxtında çatdırılmadığını da nəzərə almamışdır. Bu hallar məhkəmənin sübutları hərtərəfli araşdırmadığını və ədalətli qərar qəbul etmək üçün bütün zəruri faktları nəzərə almadığını göstərir. Bu qətnamə, mülkiyyət hüququna xələl gətirməklə yanaşı, həm də məhkəmə qərarlarının qanuni və əsaslı olmasına dair qanunvericiliyin tələblərinə uyğun deyil. Bu iş üzrə aparılan məhkəmə prosesində çəkişmə prinsipi tam şəkildə təmin olunmamışdır. Tərəflərin bərabərliyi prinsipi pozulmuş və arqumentləri tam şəkildə nəzərə alınmamışdır. Bu səbəbdən, məhkəmə prosesinin ədalətliliyinə və qəbul edilən qərarın obyektivliyinə şübhə yaranır. Çəkişmənin təmin olunmaması, qərarın hüquqi baxımdan qeyri-adekvat olmasına gətirib çıxarmış və hüquqlarını məhdudlaşdırmışdır. Məhkəməyə müraciət edərkən hüquqi savadsızlığı səbəbindən işi üçün vacib olan bəzi sübutları təqdim etməmişdir. Bu sübutlara, ev üçün ödədiyi kredit ödənişlərinin qrafiki, keçmiş həyat yoldaşının mənzilin ipoteka ilə təmin edilməsinə dair razılıq ərizəsi və digər müvafiq sənədlər daxildir. Məsələ ilə bağlı bir vəkilə müraciət etdikdən sonra bu sənədlərin məhkəməyə təqdim edilməsinin vacibliyini və onların işin obyektiv araşdırılmasında böyük əhəmiyyət daşıdığını öyrənmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi vəkil1 birinci instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşdığını və onu əsaslı hesab etdiyini qeyd etmişdir.

14. Məhkəmə kollegiyasının ## #### 2025-ci il tarixli qərardadı əsasında Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC tərəfindən həyata keçirilmiş tədqiqatın nəticələrinə dair ## ######## 2025-ci il tarixli, AS **- ***/** nömrəli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanda olan ** saylı mənzilin ##.##.2025-ci il tarixinə olan bazar dəyəri 90700 (doxsan min yeddi yüz) manat təşkil edir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmiş, ünvan 2 ünvanda olan ** saylı mənzilin açıq hərracdan satışı üçün ilkin satış qiyməti 90.700 (doxsan min yeddi yüz) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Lalə Rəhimli).

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, mübahisəli əmlak üzərində mülkiyyətçilərin payları qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdehin qeyd olunan dəlili Ailə Məcəlləsinin 37.3-cü maddəsində nəzərdə tutulan ər-arvadın ümumi borcları ilə bağlı münasibətlərdən irəli gəlmişdir. Buna görə də birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin ər-arvadın ümumi borcu hesabına əldə edilib-edilməməsi və bu borcun müəyyən hissəsinin nikah pozulduqdan sonra cavabdeh tərəfindən ödənilməsi hallarının hazırkı iddianın predmetinə aidiyyəti olmamaqla, cavabdehin qeyd edilən hallarla bağlı ayrıca tələblə məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanı da istisna olunmamaqdadır.

17. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən paylı mülkiyyətdə olan mənzilin hərracdan satış qiyməti müəyyən edilməli olduğu halda edilməmişdir. Məhkəmə kollegiyası mübahisəli mənzilin hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə qiymətləndirici təyin etmiş, qiymətləndiricinin rəyi ilə mənzilin bazar dəyəri 90.700 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisəli mənzilin açıq hərracdan satışı üçün ilkin satış qiyməti 90700 (doxsan min yeddi yüz) manat müəyyən edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (nümayəndəsi və vəkili vəkil2) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti əsaslandırılarkən işin faktiki halları ilə yanaşı əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin faktiki ayrıldıqları vaxtdan ipoteka ilə yüklü edilmiş mübahisəli mənzil üzrə kredit ödənişlərin yalnız cavabdeh tərəfindən ödənilməsi nəzərə almayaraq, həmin mənzilin satışından əldə olunacaq məbləğin yarısının iddiaçıya verilməsi barədə nəticəyə gəlməsi cavabdehin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.

21. Həmçinin cavabdeh məhkəmə iclasları və qəbul edilmiş məhkəmə aktları barədə vaxtında və qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamış, nəticədə o, məhkəmə prosesində tamhüquqlu iştirak etmək imkanından məhrum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

22. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, Mülki Məcəllənin 225.1, Mülki Prosessual Məcəllənin 88, 217.1, 418.1-ci maddələrinə istinad olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlak üzərində mülkiyyətçilərin payları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq müəyyən edilmişdir. Ümumi paylı mülkiyyətə xitam verilməsinin formaları isə Mülki Məcəllənin 221-ci maddəsində göstərilir. Belə ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.

34. Belə olan halda bölgü ilə bağlı tərəflər arasında razılıq olmadığı təqdirdə məhkəmənin mübahisənin obyekti olan əşyanın hərracdan satılması haqqında gəldiyi nəticə həmin normanın tələblərinə uyğundur.

35. Cavabdehin istinad etdiyi arqument isə hazırkı iddianın rədd edilməsinə əsas vermir. Məhkəmə də cavabdehə izah etmişdir ki, göstərilən hallarla bağlı onun ayrıca iddia qaldıraraq məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanı var.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar