Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-554/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1, onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddianın təmin edilməsi, tərəflərin mübahisə etdikləri ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracda satılması, həmin mənzil satıldıqdan sonra satışından əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməklə 1/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh2 olmaqla müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-209/2024 nömrəli mülki iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərarı ilə (Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev) Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(105)-209/2024 nömrəli qətnaməsi ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflərin ümumi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 24 saylı mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə cavabdehlərin razılığı alınmaqla hər birinə 20 min manat kompensasiya verilməklə, onların ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4321/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evin mülkiyyətçilərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Eləcə də göründüyü kimi ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malik olduğu halda bu hüquqdan istifadə etmədən və qanundan irəli gələn tələblərə əməl etmədən birbaşa əmlakın hərracdan satılmasını tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, ayrılan mülkiyyətçi (araşdırılan mübahisə üzrə iddiaçı) əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmasını məhkəmədən xahiş edə bilərdi. Məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmişdir. Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Cavabdehlərə onlar tərəfindən yazılı bildiriş göndərilsə də, 45 gündən çox keçməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4546/2023 nömrəli qətnaməsi ilə razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Baxılan işin halları hazırki dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı paylı mülkiyyətdə olan payın naturadan alınması ilə bağlı iddia qaldırılmış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(060)-4321/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hazırki iddiada iddiaçı cavabdehlərdən öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi tələb etməli, bu baş vermədiyi halda isə həmin əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi barədə iddia qaldırmalı idi. Lakin iş materiallarına nəzər salarkən mülkiyyətçi tərəfindən mülki məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə əməl etməmişdir. Birinci instansiya məhkəməsi bu hala hüquqi qiymət verməyərək əsassız qətnamə qət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüquqlarının müdafiəsi baxımından tərəflərin payına düşən hissədən maneəsiz istifadə imkanın olması üçün onların tanınan və qorunan hüquqları müdafiə edilməklə, şərait yaradılmalı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməməklə mülki hüquq normaların tələblərini pozmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər, qardaşdırlar və Sumqayıt şəhəri, 9-cu mikrorayon, 27 saylı evin mübahisəli 24 saylı mənzili hər birinin payı 1/3 hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir və hazırda tərəflər Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən, həmin mənzilin paylarına uyğun naturada bölünməsi və ya mənzildən paylarının ayrılması və paylarının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsi barədə razılığa gələ bilməmişlər. Həmçinin müəyyən olunur ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən, sözügedən mənzilin tərəflərin paylarına uyğun bölünməsi və ya ondan payların ayrılması açıq-aşkar məqsədəuyğun deyil. Əvvəlki apellyasiya baxışında Cavabdeh1 iddiaçının öz payının 35.000 manata alınmasının ona əvvəlcədən təklif olunduğunu təsdiq edərək, buna maddi imkanının olmadığını, digər cavabdehin də iddiaçı ilə eyni mövqedə olduğunu bildirmişdir. İşdən görünür ki, iddia tələbi mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında bölüşdürülməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.2-220.4-cü maddələri təşkil edir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlarn arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1., 220.2., 220.3., 220.4., 220.5., 220.6. maddələri). Bu mənada məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətin tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Qanunvercilik mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Mülki Məcəllənin 220-ci maddəsinin mənasına görə, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: a) Ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; b) Əşyadakı paya görə payın dəyərinin ödənilməsi; d) Əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Göründüyü kimi, əşyanın məhkəmə aktına əsasən açıq hərracdan satılmasına və satış pulunun paylara mütənasib surətdə paylı mülkiyyətçilər arasında bölüşdürülməsinə o, hallarda yol verilir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılmasına yol verilməsin və ayrılan payçıya digər payçılar tərəfindən payının dəyəri ödənilməsin. Lakin mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri kimi tərəflər arasında hər birinin 1/3 paylarına mütənasib surətdə bölüşdürülməsi nəticəsinə gələn məhkəmə qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməməklə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Məhkəmə təcrübəsində qətnamənin nəticə hissəsində icra qaydası kimi mübahisəli əşyanın açıq hərracdan satılması zamanı bazar dəyərinə uyğun ilkin satış qiymətinin göstərilib-göstərilməməsi ilə bağlı hakimlər arasında fikir ayrılığı olsa da, bu məsələyə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli, 02/2024 saylı Qərardadı ilə artıq aydınlıq gətirilib. Belə ki, həmin Qərardadın 59-cu bəndində göstərilir ki, mülki qanunvercilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulub (İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsi). Əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə kollegiyası mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin etmiş, "xxxx" MMCnin 02-81/25 nömrəli, 05 may 2025-ci il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin bazar dəyəri 109.000 (bir yüz doqquz min) manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin hərrac vasitəsi ilə ilkin satış qiyməti 109.000 (bir yüz doqquz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilməli və əmlakın ilkin satış qiyməti müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza xərci 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 sentyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ilkin satış qiyməti 109.000 (bir yüz doqquz min) manat müəyyən edilsin. Keçirilmiş məhkəmə ekspertizasının xərci 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-554/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-554/2025
03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver