Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-357/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X6, X18, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və X7 qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, e-2(059)-3/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X15 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 qarşı "payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3 saylı mənzilinin paylara uyğun olaraq, iddiaçı və cavabdehlər arasında payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3 saylı mənzili onun əri X19 məxsus olmuşdur. X5 vəfatından sonra mübahisəli mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, onun və cavabdeh olan övladları Cavabdeh1, Cavabdeh2 və mərhum qayınatası X4 arasında bərabər hissələrdə paylara bölünmüşdür. İddiaçı ona məxsus olan əmlakını satmaq üçün qanuna əsasən, ilk növbədə, bununla bağlı digər mülkiyyətçiləri yazılı ərizə ilə xəbərdar etmiş, lakin qanunla nəzərdə tutulan müddət keçməsinə baxmayaraq, sonuncular bununla razılaşmamışlar. Həmçinin o, ailəsi ilə birlikdə kirayə evdə yaşadığına və maddi vəziyyəti çox pis olduğuna görə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, sözügedən mənzilin paylara mütənasib olaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mərhum X12 arasında naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması barədə qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum qaynatası Vaqif Mahmudovun 2021-ci ilin yay fəslində ölməsindən məlumatı olmuş, habelə sonuncunun yas mərasimində iştirak etmişdir. Bununla belə, mübahisəli əmlakdakı payı ilə bağlı öz övladları olan cavabdehlər Fədailə və Türkana, eləcə də, mərhum Vaqifin ünvanına bildiriş göndərmişdir. X25 vərəsələri olan hazırkı iş üzrə digər cavabdehlərə əmlak payının dəyərinin ödənilməsi barədə təklif göndərməmiş, habelə hazırda belə bir fikri də yoxdur.Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 25 nömrəli evin 3 saylı mənzilinin paylara uyğun olaraq, iddiaçı və cavabdehlər arasında naturada bölünməsi mümkün olmadığına görə, əmlakın hərracda satılmasına razıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, e-2(059)-3/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eləcə də cavabdeh X15 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh Sona Mahmudovaya və digər cavabdehlərə qarşı "payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması" tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işdə yetərli sübutlar, ekspert rəyi və digər dəlillər olmasına baxmayaraq qanunsuz və əsassız olaraq yekun məhkəmə aktı çıxarmışdır. Belə ki, işin hallarından da göründüyü kimi, ekspert və qiymətləndirmə rəyi nəticəsində məhkəmə sözügedən mənzilin hərracda satılması və əldə olunmuş pulun paylara uyğun bölünməsi barədə qətnamə çıxarmalı olduğu halda, şəxsi mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan paydan maneəsiz şəkildə istifadə etmək üçün payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılmasını istəyir. Mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün iddiaçı da qanunvericliyin tələbinə uyğun olaraq öz payının satılmasına dair digər payçılara bildiriş (xəbərdarlıq məktubu) göndərmişdir. Lakin digər payçılar İddiaçı öz payının satmasına heç bir münasibət bildirməmişlər. Cavabdeh kimi payların naturada satılmasına razı olmuşdur. Birinci instansiya məhkəməsinin hazırki iddia tələbini rədd etməsi iddiaçının öz əmlakından sərbəst istifadə hüququna maneə yaratmaqla onun konstitusion hüquqlarını pozmuş olur. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Eyni zamanda iddiaçı izahatında məhkəməyə iddia ərizəsi təqdim edilən zaman iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi qaynatası X4 vəfat etməsi barədə nümayəndəsinə dəqiq məlumat vermədiyini, onun nümayəndəsi və vəkili Vəkil1 isə iddia qaldırılarkən bu halın ona məlum olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzil ilə bağlı anaları ilə aralarında heç bir mübahisənin olmadığını, atalarından qalan mülkdən onların payına düşən hissənin ayrılıb onlara verilməsini istədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh qismində cəlb edilmiş X10, X13, X21, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və X14 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. MPM-in 50.1-ci maddəsinə müvafiq olaraq, mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunur. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (maddə 50.3). Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur (maddə 49.1). Mülki Məcəllənin tələblərinə əsasən isə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır (maddə 24.1 və 25.2.) MPM-in iddia ərizəsinin forması və məzmunu dair tələbləri müəyyənləşdirən 149-cu maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), ...cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ...) göstərilməlidir (maddə 149.2, 149.2.2). MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. MPM-in 24.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehlər qismində oğlu Cavabdeh1, qızı Cavabdeh2ı və ölən qaynatası X9 qoymuşdur. X1 artıq 24 avqust 2021-ci il tarixdə, iddiaçı məhkəmədə ona qarşı iddia qaldırmamışdan öncə ölmüş, iddiaçı da izahatında onun ölümündən məlumatı olduğunu, habelə yas mərasimində iştirak etdiyini bildirmişdir. Lain bu hal birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə məlum olmasına baxmayaraq iş üzrə icraat X12 cavabdeh olmaqla davam etdirilmiş, xx.xx.2022-ci il tarixli iclasda bu faktın prosessual hüquqi nəticələri müəyyən edilmədən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə icraat dayandırılmışdır. Daha sonra məhkəmə xx.xx.2023-cü il tarixli iclasda X4 vərəsələrini cavabdeh qismində işə cəlb etmiş və MPM-in 58.1-ci maddəsinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizəsinə əsasən cavabdeh X12 24 avqust 2021-ci il tarixdə öldüyündən, sonuncunun hüquqi varisləri – arvadı, X10, övladları, X13, X21, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızı, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızı və X14 ilə əvəz edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən mövqe ilə razılaşmır və hesab edir ki, MPM-in 58.1-ci maddəsini tətbiq edərkən məhkəmə prosessual hüquq pozuntusuna yol vermişdir. Belə ki, MPM-nin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddənin məzmunundan göründüyü kimi, tərəflərdən birinin sıradan çıxması-hazırki mübahisədə şəxsin ölməsi artıq başlanmış məhkəmə icraatının hansısa mərhələsində baş verdikdə məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Digər cavabdehlər-iddiaçının oğlu Cavabdeh1, qızı Cavabdeh2 da cavabdehlər qismində cəlb edilərkən də prosessual pozuntuya yol verilmiş, həmin cavabdehlərin mənzillə bağlı anaları ilə arasında heç bir mübahisə olmamasını nəzərə almmaışdır. İş materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh qismində işə cəlb edilmiş övladları arasında payın bölünməsi ilə bağlı heç bir mübahisə mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almamış, məhkəmənin hazırlıq iclasında həll edilməli məsələlər həll edilməmiş, əksinə cavabdeh kimi cəlb edilmiş Cavabdeh1 izahatı iddianın etiraf edilməsi kimi qəbul olunmaqla qanuna zidd hesab edilmişdir. Beləliklə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmiş, artıq öldüyündən cavabdeh qismində iştirakına yol verilməyən şəxsi, habelə aralarında mübahisə mövcud olmayan digər iki şəxsi cavabdeh qismində göstərmiş, məhkəmə isə iddia ərizəsini bu formada icraata qəbul edərək baxmış, mahiyyəti üzrə qərar qəbul etməklə MPM-in yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normalarının yuxarıda qeyd olunan pozuntusu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyi üçün MPM-in 385.1.1 və 387.1-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 384.0. və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Kollegiya qeyd edir ki, MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bununla əlaqədar iddiaçı Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli qərardadı”nın tələblərinə uyğun şəkildə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu müəyyənləşdirməklə, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçməklə yenidən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanına malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X15 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, e-2(059)-3/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X6, X18, Əmiraslanlı (Mahmudova) Samirə Vaqif qızına, Dadaşzadə (Mahmudova) Zümrüd Vaqif qızına və X7 qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, həmçinin, mütəxəssis tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat alınaraq “X17” MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod-201218, VÖEN (bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-357/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-357/2025
13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver