Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-308/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, # ###### 2025-ci qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə *************** saylı abonent kodu qeydiyyata alınmışdır.
2. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar (evdə və quşçuluq) qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı İddiaçı aktı imzalamamışdır.
3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair ## ###### 2024-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombinin maksimal saatlıq qaz sərfi 4.3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş zərər 6.480 m3 (6.480*0,12=777,6 manat) və 48.384 m3 (48.384*0,12=5.806,08 manat) həddində müəyyən edilmişdir.
4. Cavabdeh İB-nin əməkdaşları tərəfindən verilən 2010-cu ildən 2024-cü ilin birinci yarım illiyinə dair abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: 100321403900000) 2024cü il üçün 6.583,68 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh İstehsalat Birliyinə (bundan sonra cavabdeh, yaxud İstehsalat Birliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: 100321403900000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 6.583,68 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan sözügedən ünvana gəlmiş, həmin ünvana baxış keçirmiş, guya onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdir. Buna görə də ##.##.2024-cü il tarixdə akt tərtib edilərək, ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 6.583,68 manat məbləğində əsassız borc yazmışlar. Ona məxsus qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş, akt tərtib olunarkən isə onun iştirakı təmin olunmamış və akt yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkil ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları aktlara işin həqiqi hallarına uyğun olmayan məlumatları daxil etmişlər. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş akta daxil olunmuş məlumatlar onların qeyri-mötəbərliyini əks etdirir. Bu halların iddia ərizəsində qeyd edilməsi heç bir halda iddianın etirafı kimi qəbul edilə bilməz. Qeyd olunduğu kimi Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli rəydə ona məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə ona məxsus ünvanda “PQ-4” və "QSQ”, “Kombi” və “L şəkilli istilik sistemi” qeyd olunmuşdur. “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 12 saat, “QSQ”-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 12 saat, “Kombi”nin saatlıq qaz sərfiyyatı 4,3 kub metr, orta günlük iş rejimi 12 saat və “L şəkilli istilik sistemi” saatlıq qaz sərfiyyatı 6 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat müddəti isə hər dörd cihaz üçün 180 gün götürülmüşdür. Göründüyü kimi, cavabdehin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ona məxsus ünvanda təbii qaz ilə işləyən cihazların adları qeyd olunmuşdur. Əslində, bu hal həqiqəti əks etdirmir. Belə ki, ona məxsus ünvanda Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd olunan cihazlardan yeganə “PQ-4” tipli qaz plitəsi mövcuddur. Lakin buna baxmayaraq, komissiya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirmədən akt tərtib etmiş, akta isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişlər. Komissiyanın rəyində ona məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf cavabdehin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın cavabdehin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur.
7. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: 100321403900000) hesablanmış 6.583,68 manat məbləğində borcu silmək vəzifəsinin cavabdehə həvalə edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi nin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ###### 2024-cü il tarixli, ******* nömrəli aktın surətində “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni sayğacdan kənar istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qazın istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 6.583,68 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18 və 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 89.1, 119.1, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni 14.şəkildə təbii qazı talama faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra, həmin Akt əsasında “dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Musayevə Cəmilə (sədrlik edən və məruzəçi), Fuad Babayev və Nigar Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktların surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğaca müdaxilə etdiyi və sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Həmin aktlara əsasən dəymiş zərər müvafiq olaraq 6.480 m3 (6.480*0,12=777,6 manat) və 48.384 m3 (48.384*0,12=5.806,08 manat) həddində hesablanmışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il # ### tarixində qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə yaranır.
18. Belə olan halda, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
19. Beləliklə, hazırkı mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 17, 21.1, 21.2, 1096, 1097.1, 1097.3-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.7-4.9, 6.7ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 81, 88, 217.1, 217.3, 384.0.1-ci istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qətnamədən cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı daimi yaşadığı ünvanda qaz sayğacından vaxtı-vaxtında qanunauyğun formada istifadə etdiyini göstərsə də, iddiaçının Birlikdə adına qeydiyyata alınmış abonent saldosundan müəyyən olunur ki, o, təbii qazdan qaz sayğacı üzrə faktiki istifadə etməmiş və sərfiyyat borcu qeydə alınmamışdır. İddiaçının ötən illərdə təbii qazdan qaz sayğacı üzrə faktiki istifadə etməməsi və sərfiyyat borcunun yaranmaması, onu söyləməyə və düşünməyə əsas verir ki, onun barəsindəki aktlar qanuni və əsaslı şəkildə tərtib edilmişdir. Məhkəmə iddianın həlli zamanı iddiaçının cavabdehə maddi ziyan vurmuş olduğunu müəyyən edə bilməmiş, iddiaya aid bütün zəruri məsələlərə aydınlıq gətirməmiş, iddianın həlli üzrə mühüm arqumentlərin tədqiqatını (abonent saldosunun tədqiqi) aparmamış və həmin əsaslı arqumentin tədqiqini cavabsız saxlamışdır. İddiaçının adına qeydiyyata alınmış abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfin istifadəsində olan qaz sayğacı üzrə 02/2019-cu il tarixindən 02/2024-cü il tarixinə kimi (aktların tərtib olunduğu tarixə kimi) heç bir ödəniş qeydə alınmamış, ödəniş əməliyyatı həyata keçirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarına əlavə edilmiş saldoya istinad etməmiş, saldoya sübut qismində qiymət verməmiş, sübut qismində qəbul etməməsinin səbəbini qətnamədə izah etməmiş, iddiaçı tərəfindən qaz sayğacından istifadə üzrə ödənişlərin edilib-edilmədiyini müəyyən etməmiş və bu barədə ümumiyyətlə araşdırma aparmamışdır.
23. Məhkəmə-trasoloji ekspertizasının 2025-ci ilin aprel ayında, yəni iddiaçının ünvanında sonuncu aktın tərtib edildiyi tarixdən 14 ay sonra aparılmış olması və 2024-cü ilin fevral ayı ərzində kənar qaz xəttinin mövcud olmamasına dair ekspert tərəfindən rəy verilməsi həmin aktların tərtib edildiyi dövrlərdə də kənar qaz xətti qoşulmasının olmaması kimi sübut qismində qiymətləndirilə bilməz. İstər müvafiq iş üzrə, istərsə də digər işlər üzrə ekspertiza tədqiqatı zamanı ekspertlər sadəcə qaz sayğacının və ona giriş-çıxış xətlərinin fotosunu çəkməklə iş üzrə düzgün rəy vermirlər. Belə ki, abonentlər qaz xəttinə qanunsuz qoşulmanı ümumi qazpaylayıcı xəttin qaz sayğacına qədər olan hissəsi üzərindən müxtəlif hissələrdən gizlin (gözə görünməyən və ya aşkarlanması çətin müəyyən olunan yerlərdən) qoşurlar. Ekspertlər sadəcə ünvanın qaz sayğacının və ona daxil olan və çıxan giriş-çıxış xətlərinin rəsmini çəkməklə kifayətlənib düzgün olmayan rəy verirlər. Ekspertlər xüsusi biliyə layiq heç bir tədqiqat aparmırlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
29. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
30. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
31. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
32. Maddə 6. Bənd 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
33. Maddə 13. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
34. Maddə 13 Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”.
35. Bənd 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı 36. müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.
37. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
38. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
39. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır.
40. Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.
41. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
42. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
43. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
44. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
45. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
46. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
47. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
48. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
49. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır
50. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
51. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.