Məhkəmə qərarları › İş №2(1-8)-311/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-311/2026

15.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-311/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh “xxxx” Publik hüquqi şəxsinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Abonent haqqında məlumatdan görünür ki, “xxxx” MTK adlı müəssisəyə il üzrə hesablanmış borc məbləği 96669,60 manat təşkil edir;

3. “xxxx” MTK-ya ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıqla istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 104767,60 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcun yarandığı bildirilmişdir;

4. ##.##.2023-cü il tarixli hesab-fakturadan görünür ki, həmin tarixə qalıq borc məbləğinin 90,6 manat olduğu bildirilmişdir;

5. PHŞ tərəfindən MTK-ya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, 105987,6 manat mövcud borcun 9318 manatı cari ilin 9 ayı ərzində satışın qarşılığında ödəniş olunmaması nəticəsində yaranmışdır;

6. ##.##.2024-cü il tarixli üzləşmə aktından görünür ki, ##.##.2024-cü il tarixə cəmi qalıq borc 96669,60 manat təşkil edir;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMMC ##.##.2017-ci il tarixdə ünvan 1 ünvanlarında daşınmaz əmlak kompleksini birgə idarə etmək və bu kimi digər məqsədlərlə yaradılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMMC-yə (xxxx) hesablanmış 96.669,60 manat məbləğdə borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsindəki yaşayış kompleksi artıq 20 ilə yaxın müddətdir ki, inşa edilmişdir. Uzun müddətdir ki, sakinlər mənzillərdə yaşayaraq sudan, təbii qazdan istifadə edərək, kommunal borclarını vaxtında və tam həcmdə ödəyirlər. Yaşayış binası “xxxx”-nın idarəsində olmuş, ##.##.2017-ci il tarixindən etibarən isə MTK ləğv edilərək MMMC təsis edilmişdir. Yaxın keçmişə qədər MMMC və sakinlər sudan fasiləsiz istifadə edirlər. Lakin 2024-cü ilin əvvəllərində “Yasamal Rayon Sukanal Idarəsinin” rəhbərliyi dəyişdikdən sonra yeni təyin olunmuş rəhbər tərəfindən İddiaçı MMMC-yə qarşı ədavət başlamışdır. Dəfələrlə, sonuncu dəfə ##.##.2024-cü və ##.##.2024-cü il tarixində gecə saatlarında “xxxx” ASC (indiki “xxxx” X2) əməkdaşlar tərəfindən qanunsuz şəkildə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq mühafizə olunmuş əraziyə daxil olaraq, su xətləri kəsilmiş, nəticədə kompleksin sakinlərini su ilə təmin edən irihəcmli nasoslar sıradan çıxmış və müəssisəyə xeyli miqdarda ziyan dəymişdir. Hazırda da sakinlərin su təchizatı Yasamal Rayon Məhkəməsinin qərardadı ilə bərpa edilmişdir. Yasamal rayon Sukanal Idarəsi tərəfindən dəfələrlə qanunsuz olaraq, heç bir rəsmi sənəd, akt , borcun hesablanması barədə dəlillər və sənədlər təqdim etmədən 95000 manat borcun ödənilməsi tələb edilmiş, ilk dəfə olaraq isə rəsmi şəkildə ##.##.2024cü il tarixli hesab fakturada şişirdilmiş borc məbləği (104767,6 manat) mövcud olması göstərilmişdir. Vəkil sorğusuna göndərilmiş cavabda ##.##.2024-cü il tarixdə 96669,6 manat qalıq borc mövcud olmuşdur. Çoxmənzilli yaşayış binasında hər bir mənzilə ayrıca su sayğacı quraşdırılmışdır, istinad edilən qanunsuz borc yalnız ümumi istifadə olunan sayğaca aid edilmişdir ki, MMMC-nin isə aylıq sərfiyyatı maksimum 500-600 manat civarındadır. Borcun yaranma əsasları barədə məlumatın alınması və hesablama üçün əsas olan sənədlərin surətini əldə etmək üçün Yasamal rayon sukanal idarəsinə vəkil sorğusu ilə müraciət edilmiş və daxil olmuş ##.##.2024-cü il tarixli məktubla məlum olmuşdur ki, 2024cü ilin 9 ayı ərzində 9318 manat su sərfiyyatına görə borc yaranmış, ##.##.2024-cü il tarixdə isə 96669,6 manat borc qalığı yaranmışdır. Amma yenə də Yasamal Rayon sukanal idarəsi həmin borcun ##.##.2024-cü ilədək yaranmış qalıq borcun hansı dövrdə, hansı əsasla yaranmasına dair nə bir məlumat, nə də rəsmi sənəd təqdim etmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.

11. “xxxx” X2 cavabından görünür ki, istehlakçılara verilən suyun hesabatı ##.##.1999cu il tarixli, ***-IQ nömrəli “xxxx” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”na əsasən aparılır. Bu qaydaların 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların * nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdiyi sənədlərə istinadən ##.##.2007-ci il tarixdə ******** nömrəli müqavilə bağlanaraq ****** nömrəli abonent kodu açılmış və binanın su xətti üzərində 4 ədəd mexaniki su sayğacı quraşdırılmışdır. Yasamal rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman 2 ədəd (D=200mm və D=20mm) sayğacdan kənar xətdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq ****** nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 5 aylıq (##.##.2023-##.##.2023-cü il tarixlərə) 94527 m3 sərfiyyatı hesablanmışdır. Hazırda su təchizatı və tullantı suları xidmətlərindən istifadəyə görə abonentin hesabında 112115,60 manat borc var.

12. Sorğuya əlavə edilmiş ##.##.2023-cü il tarixli aktdan görünür ki, ünvana baxış keçirilərkən “xxxx” MMMC-nə məxsus yaşayış binasının istilik sistemlərini təmin edən MMMC-nə məxsus qazanxanada D=200 mm-lik su xəttindən qeyri-qanuni istifadə aşkarlandı. Bundan əlavə olaraq binanın xidməti sahəsində sayğacdan kənar D=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə aşkarlandı. Aktı mühəndislər Azad Babayev və Məhərrəm Imaməlili öz imzaları ilə təsdiq etmişlər.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (xxxx) hesablanmış 96669,60 manat məbləğdə borcun “xxxx” publik hüquqi şəxsi tərəfindən silinməsi qət edilmişdir (hakim Aytəkin Əsədzadə).

14. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının fəaliyyət göstərdiyi ünvanın su təchizatı ##.##.2007-ci il tarixli, ******** nömrəli müqavilə əsasında aparılır, ünvan üzrə ****** nömrəli abonent kodu açılmışdır. Iddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 96669,60 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, adi dövriyyədə ödənilən sudan istifadəyə görə haqlardan kəskin dərəcə fərqlənən hesablanmış borcun heç bir əsası yoxdur, borcun əsasları barədə hər hansı məlumat təqdim edilməmişdir. Borcun əsasları barədə isə cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli akt təqdim edilmişdir. Aktda 2 ədəd boru vasitəsi ilə qanunsuz qoşulma faktının aşkarlandığı göstərilir.

15. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin halları baxımından cavabdeh tərəfindən təqdim edilmiş akt yalnız cavabdeh qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilib imzalanmışdır. Ərazisində yoxlama aparılan obyektin nümayəndəsi aktı imzalamamışdır. Sonradan da aktın nüsxəsi iddiaçıya təqdim edilməmiş, nə də poçt vasitəsi ilə göndərilməmişdir. Belə olan halda, bu akt özü özlüyündə mötəbər sübut kimi qəbul oluna bilməz. Xüsusi ilə, bu cür böyük miqdarda su itkisinə səbəb olmuş qanunsuz hərəkətlər aşkar olunduğu zaman hər hansı foto-video çəkiliş aparılmaması, qanunsuz qoşulma faktı barədə cinayət təqibi orqanlarına məlumat verilməməsi bu cür hərəkətlərin həqiqətən mövcudluğunu şübhə altına alır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Su Məcəlləsinin 98-ci maddəsi, “xxxx” Azərbaycan Respublikası Qanununun 30.1, 49, 67-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, “X3”nın 2.1.5, 2.1.7, 5.1.5, 7.2, 8.6, 8.7-ci bəndlərinə, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Maddənin tələbindən göründüyü kimi subyektiv hüququ olmayan iddiaçı həmçinin digər şəxslərlə bağlanılmış müqavilə əsasında qeydə alınmış abonentlərin borclarının mübahisələndirilməsini tələb edə bilməzdi. iddiaçı yaranmış borcun əvvəlki istifadəçinin məsuliyyətinə aid olmasına istinad edərək borcun ondan tutulmaması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, sudan istifadəyə görə hesablanmış qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri- AR Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “X3” tənzimləyir. Qaydaların tələbindən göründüyü kimi, obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki istifadəçinin üzərinə qoymuşdur. Lakin hazırki iş üzrə əvvəlki istifadəçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti həmin borcla birlikdə qəbul etmişdir, həmçinin yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 iş günü müddətində yazılı müraciət etməmişdir.

20. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və apellyasiya şikayətinə qarşı mülahizə bildirməmişdir.

21. Məhkəmənin ## #### 2025-ci il tarixli qərardadı əsasında məhkəmə trasoloji ekspertizası təyin edilmiş və aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə yoxdur, həmçinin su sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır.

23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehin istinad etdiyi aktlar iddiaçının 2 ədəd boru vasitəsi ilə qanunsuz qoşulması barədə tərtib edilmiş, aktlar iddiaçı tərəfindən imzalanmamışdır ki, bu halda həmin aktların mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

24. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, bu cür böyük miqdarda su itkisinə səbəb olmuş qanunsuz hərəkətlər aşkar olunduğu zaman hər hansı foto-video çəkiliş aparılmaması, qanunsuz qoşulma faktı barədə cinayət təqibi orqanlarına məlumat verilməməsi bu cür hərəkətlərin həqiqətən mövcudluğunu şübhə altına alır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır.

25. Digər tərəfdən, istehlakçının illərlə su təchizatçısına davamlı zərər vurmasına görə sonuncunun səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qoşulmaya dair təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

26. Məhkəmə gəldiyi nəticəni “xxxx” Azərbaycan Respublikası Qanununun 30.1, 31-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, “X3”nın 2.1.3, 2.1.5, 5.1.5, 7.2, 7.4-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (nümayəndəsi və vəkili X1) kasasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, işin hallarını sübut edən bütün dəlillər təqdim edilsə də məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

29. Şikayətdə “xxxx” Qanunun 30.1-ci, “X3”nın 4.1.2, 4.1.3, 7.1, 7.2, 7.14, 8.4-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 25, 88-ci maddələrinə istinad olunmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Iddiaçının vəkili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz edərək kassasiya şikayətinin təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində “X3nın” 7.2-ci bəndinə əsasən, STKM ilə müqavilənin əvvəlki mülkiyyətçi ilə bağlanmasına istinad edərək iddiaçının subyektiv hüququnun olmamasını qeyd etmişdir. Bu dəlilə münasibətdə bildirilmişdir ki, qanunsuz hesablanmış borc məbləği binanı iddiaçının idarə etdiyi vaxtda hesablanmış və borc məbləği ödənilmədiyinə görə əvvəlki MTK sədrinin şəxsi mənzilinə quraşdırılmış sayğaca deyil, binanın ümumi sayğacına müdaxilə edilərək suyun verilməsi dayandırılmışdır. Nəticədə bütün bina sakinlərinin mənafeyinə və maraqlarına ziyan dəymişdir. “xxxx” MMMC bütün bina sakinlərinin təşkilatlanmış cəmiyyətidir və sakinlərin maraqlarının bilavasitə həyata keçirilməsi üçün yaradılmışdır. Digər tərəfdən, əvvəlki idarəedici “xxxx” MTK-dan fərqli olaraq “xxxx” MMMC-yə ayrıca abonent kodu təqdim edilməmiş, borc həmin abonent koduna yazılmışdır. Həmin abonent kodunun “xxxx” MTK, “xxxx” MMMC və ya hər hansı digər şəxsin adına rəsmiləşdirilməsinin hüquqi əhəmiyyəti yoxdur. Odur ki, iddiaçının qanunsuz hesablanmış borcun mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur.

32. Bundan başqa, cavabdeh kassasiya şikayətində “X3nın” 8.4-cü bəndinə istinad edərək əvvəlki mülkiyyətçinin borcu tam ödəməli olduğunu, yeni mülkiyyətçinin isə borcun olmaması barədə arayış tələb etməli olduğunu, obyekti əvvəlki borcla birlikdə qəbul etdiyini əsas gətirmişdir. Bu dəlil ümumiyyətlə iş materiallarına və işin faktiki hallarına uyğun deyil. Belə ki, iş materiallarından görünür ki, borc məbləği ##.##.2023-cü ildə guya sayğacdan kənar xətdən qeyri-qanuni istifadə nəticəsində hesablanmışdır. “xxxx” MMMC isə 2017-ci ildə yaradılmış və həmin ildən yaşayış binasının idarəçiliyini həyata keçirmişdir. Deməli, sözügedən borc məbləği əvvəlki mülkiyyətçiyə aid borc deyil. 2023-cü ildə də idarəçilik iddiaçı tərəfindən həyata keçirilmişdir. Yeni müqavilənin bağlanması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, MMMC-nin sədri sıravi sakindir və hüquqşünas deyil. Cavabdeh orqanın nümayəndələri 2017-ci ildən etibarən idarəçinin dəyişdiyini bildikləri halda yeni müqavilənin bağlanmasını özləri təşəbbüs etməli idilər. Yeni müqavilənin imzalanmaması hesablanmış borcun qanuniliyinə dəlalət etmir.

Tətbiq edilən hüquq

“xxxx” Qanun:

33. Maddə 30.1 Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, “X3”:

34. Bənd 2.1.3. Fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. Bənd 2.1.5 Istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smarttipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda kart 35. isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) vəzifələrinə aiddir.

36. Bənd 5.1.5 Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var.

37. Bənd 7.2 STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

38. Bənd 7.4 Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Hesab edir ki, iddia tələbinin təmin olunması barədə birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.

48. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMnin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar