Məhkəmə qərarları › İş №2(1-8)-367/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-367/2026

14.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-367/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair ilk, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cəlilabad rayon Icra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ## ##### 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X3 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını qayını oğlu İddiaçı vəsiyyət etmişdir.

2. Cəlilabad rayon Icra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ## ###### 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X3 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir.

3. Cəlilabad rayon * saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ## ### 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Cavabdeh vəsiyyət etmişdir.

4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi Idarəsi tərəfindən verilmiş ## #### 2023-cü il tarixli, 3-21-3- **/*-****/**** saylı məktubdan görünür ki, X2nın adına Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən ü/s 66.2 kv.m, 2 otaqlı fərdi yaşayış evi ##.##.2023-cü il tarixdə 2323004242 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hazırda adındadır.

5. X3 ## ###### 2021-ci il tarixdə vəfat etmişdir.

6. Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, **/** saylı arayışdan görünür ki, ## ##### 1938-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş X3 uşaqları haqqında məlumatın müəyyən edilməsi məqsədilə ## ###### 2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 uşaqları haqqında akt qeydi aşkar edilməmişdir.

7. Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək, X2 tərəfindən verilmiş ## ### 2010-cu il tarixli vəsiyyətnaməyə əsasən mirası qəbul etmə müddəti uzadılmışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ## ### 2010-cu il tarixdə təsdiq edilmiş, X3 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, qohumu X2 Cəlilabad rayon Şiləvəngə kəndində yerləşən daşınar və daşınmaz əmlakını ##.##.2018-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə IƏDÜ nümayəndəsi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Həmin vaxtdan hazıradək o, X2nın mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə orada öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və bu hal da onun mirası faktiki olaraq miras qoyanın sağlığı dövründən qəbul etməsi deməkdir. Hətta miras qoyanın ölümü ilə bağlı bütün dəfn xərclərini də o, şəxsən özü çəkmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin 0,50 ha torpaq sahəsi ilə bağlı cavabdehə ## ### 2010-cu il tarixdə Cəlilabad rayon Notariat Kontorunda vəsiyyətnamə verilmişdir. Cavabdehə verilmiş vəsiyyətnamədə miras qoyanın əvəzinə başqa şəxs imza etmiş və həmin şəxslə o, əlaqə saxladıqda vəsiyyətnamədəki imzanın ona məxsus olmadığı və ümumiyyətlə belə bir hal ilə heç vaxt rastlaşmadığını, X3 adlı şəxsi tanımadığını və onun xahişi ilə heç bir sənədə imza atmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəb görə imzalaya bilmədikdə, əqdi, ərizəni və ya digər onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcədə xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notarial hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi imzalaya bilməməsinin səbəbi göstərilməlidir. Lakin göründüyü kimi vəsiyyətnamənin təsdiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi ** saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qərar verilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2nın bacısı nəvəsi olduğundan, X2 ## ### 2010-cu il tarixində notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə 0.50 hektar torpaq sahəsini onun adına vəsiyyət etmişdir. İddiaçı ona verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması barədə məhkəməyə iddia ilə müraciət etmiş və iddia ərizəsinə ## ###### 2018-ci il tarixli icra nümayəndəsi tərəfindən təsdiq olunmuş başqa bir vəsiyyətnamə əlavə etmişdir. İddiaçı verilmiş vəsiyyətnamədə guya X2 tərəfindən bütün əmlakı İddiaçı vəsiyyət olunduğu göstərilir. Iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi ## ###### 2018-ci il tarixli vəsiyyətnamə məhkəmənin hazırlıq iclasında ona məlum olmuşdur. Qarşılıqlı iddia vermək üçün əsaslar olduğundan ## ###### 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Belə ki, məhkəməyə təqdim edilən ## ###### 2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Şahid qismində dindirilmiş Şahid verdiyi izahatında bildirmişdir ki, o, ümumiyyətlə latın qrafikası ilə yazmağı bilmir, lakin oxumağı bacarır. Onun X2 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnaməndən məlumatı yoxdur və heç bir sənədə imza etməmişdir.

14. Şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh onunla kirvədir. X2 ## ### 2010-cu il tarixdə Cavabdeh vəsiyyətnamə verərkən, o və Cavabdeh X2nı avtomobillə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs aparmışlar. Həmin vaxt X1 da orada olmuş, lakin 1 nəfər şəxsin də orada olmasına zərurət yarandığından təsadüfən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olmuş şəxs Şahid da həmin vəsiyyətnamənin verilməsində iştirak etmiş və vəsiyyətnaməyə imza etmişdir.

15. Şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirmişdir ki, X2 onun qohumudur. X2 Cavabdeh vəsiyyətnamə verdiyi gün ona zəng etmişlər ki, o, da yaxın qohum kimi qeyd olunan vəsiyyətnamənin verilməsində şahid qismində iştirak etsin. Həmin tarixdə X4 da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olmuş, lakin Şahid orada olub-olmamasını dəqiq xatırlamır.

16. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X2 tərəfindən iddiaçı İddiaçı verilmiş ## ###### 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manatın iddiaçı İddiaçı alınıb cavabdeh Cavabdeh verilməsi qət edilmişdir (hakim - E.Əmirəliyev).

17. Ilk iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh adına verilmiş ## ### 2010-cu il tarixli vəsiyyətnamənin tərtib edilməsində heç bir qanun pozuntusu aşkar edilməmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir.

18. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş ## ###### 2018-ci il tarixli vəsiyyətnamə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş, həmçinin vəsiyyət işinin mövcud olması barədə hər hansı sübut təqdim edilməmişdir.

19. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1159, 1167, 1179, 1180, 1223, 1225, 1230-cu, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 78.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək Cəlilabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti ilk iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qarşı tərəfin təqdim etdiyi vəsiyyətnamədə şahid imzası saxtalaşdırılmış, məqsədli və qərəzli olaraq sənədləşmə işləri saxta şəkildə həyata keçirilmişdir. Məhkəmə isə bu hala göz yumaraq iş üzrə həqiqətin ortaya çıxmasına nail olunması üçün iş üzrə xəttşünaslıq ekspertizası keçirməmişdir. Bundan başqa Cəlilabad rayon IHB-nin Şiləvəngə kənd IƏDÜ nümayəndəsi tərəfindən verilmiş və təsdiqlənmiş vəsiyyətnamələrin mövcudluğuna baxmayaraq məhkəmə onlara qiymət verməmiş və nəzərə almamışdır. Bununla da Mülki Məcəllənin norma və prinsipləri kobud şəkildə pozulmuş və nəticədə əsaslı, tam və hərtərəfli araşdırma aparılmamışdır. Mülki Məcəllənin 1179.2-ci maddəsinin dispozisiyasına görə qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Göründüyü kimi vəsiyyətnamənin təsdiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi ** saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Şahidlər qəti şəkildə imza etmədiklərini bildirsələr də hakim iş üzrə xəttşünaslıq ekspertizası keçirməmiş, işin hər tərəfli tam və obyektiv araşdırılmasında maraqlı olmadığını ortaya qoymuşdur. Şahidlərin biri vəsiyyətnamənin verilməsinin yadına gəlmədiyini, digəri isə ümumiyyətlə imza çəkməyərək notariusda iştirak etmədiyini bildirdiyi halda məhkəmə bu hala qiymət verməmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Göründüyü kimi məhkəmə öz mövqeyini ciddi və arqumentlərlə əsaslandırmamış və bununla da bu maddi normanın tələblərini nəzərə almamışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə imzalaya bilmədikdə, əqdi, ərizəni və ya digər onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcədə xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Lakin göründüyü kimi vəsiyyətnamənin təsdiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi ** saylı evin sakini Şahid adından onun xəbəri olmadan istifadə edilmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Cavabdehin təqdim etdiyi vəsiyyətnamə formal xarakterli sənəddir. Onun əmlaka faktiki sahibliyi, on illərdir ki, həmin torpağın əkin işini, təsərrüfatını faktiki olaraq həyata keçirməyi, orada ev inşa etməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əgər həqiqətən cavabdehin əlində olan vəsiyyətnamə real idisə bəs nə üçün anasının sağlığında bu barədə bildirmirdi, anası öləndən sonrada evə torpağa dair sahibliklə bağlı hər hansı iş görmürdü? Saxta sənəd əsasında sadəcə əmlaka sahiblənmək istəmişdir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Ancaq şahidlərin şübhəli və ümumiyyətlə orada iştirak etməyən şəxsin adından imza edilməsi qanunsuz və cinayət əlaməti olmasına baxmayaraq məhkəmə bu halı nəzərə almadan qətnamə qəbul etmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, araşdırma zamanı iddia ərizəsinə əlavə edilmiş sübutlar tədqiq edilməmiş və qiymət verilməmişdir. Belə ki, vəsiyyətnamənin olmasına və həmin vəsiyyətnamənin Cəlilabad rayon IHB-nin Şiləvəngə kənd IƏDÜ-nümayəndəsi tərəfindən verilmiş və təsdiqlənmiş vəsiyyətnamələrin mövcudluğuna baxmayaraq məhkəmə onlara qiymət verməmiş və nəzərə almamışdır. Hakimə sənədlər təqdim edilsə də, lakin həmin sənədlər tədqiq olunmamış, müvafiq ekspertiza təyin edilmədən, sənədlərin əsli ilə bağlı kənd icra nümayəndəliyindən əlavə sənədlər tələb edilməmişdir. Bununla da göstərilən prosessual tələblər kobud şəkildə pozulmuşdur. MPM-yə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə isə işə baxan hakim təqdim edilən sənədlərə və verilən izahatlara hüquqi qiymət vermədən, əvvəlcədən sübutlara qiymət verərək, saxta sənədin tədqiq edilməsini həyata keçirməmişdir.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilk iddianın təmin edilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ## ### 2010-cu il tarixdə təsdiq edilmiş, X3 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh özünə aid edilməsi qət edilmişdir (hakimlər - M.Sadıqov (məruzəçi), A.Novruzova və M.Əsədli).

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı ## ### 2010-cu il tarixli notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olması müəyyən edilmişdir. Belə ki, şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, ümumiyyətlə latın qrafikası ilə yazmağı bilmir, lakin oxumağı bacarır. Onun X2 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamədən məlumatı yoxdur və heç bir sənədə imza etməmişdir. X5 da ifadəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs olduğu zaman Şahid orada olub-olmamasını xatırlamadığını göstərmişdir. Şahid notariat ofisində olmasını təsdiq edən yeganə X5dur ki, həmin şəxs də cavabdeh Cavabdeh ilə kirvədir. Bu halda, şahidin verdiyi məlumatın obyektivliyi şübhə doğurur, çünki onun ifadəsi maraqlı tərəfin yaxın qohumu və ya kirvəsi statusuna görə tərəfli ola bilər. Şahid miras qoyan X3 əvəzinə sonuncunun savadsız olmasına görə onun əvəzinə imza edən şəxsdir. Məhz sözügedən vəsiyyətnaməyə münasibətdə əsas şahid Şahiddir ki, o da vəsiyyətnamənin təsdiqində iştirak etmədiyini göstərir. Bundan başqa, işdə olan Cəlilabad rayon Icra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş ## ##### 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X3 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını qayını oğlu İddiaçı vəsiyyət etmişdir. Iddiaçı İddiaçı hələ mərhum Tuti Bədirovanın sağ olduğu vaxtdan sonuncudan miras qalmış əmlakdan istifadə edir, orada ailə üzvləri ilə birlikdə yaşayır. Bu halı cavabdeh tərəf də apellyasiya baxışı zamanı etiraf etmişdir. Ona görə də mərhum Tuti Bədirovanın sonradan öz əmlakını onunla birgə yaşayan şəxsə deyil, digər şəxsə vəsiyyət etməsi inandırıcı deyil.

24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları notariat ofisləri olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri təsdiq etməklə notarius funksiyasını yerinə yetirdiyindən onların təsdiq etdiyi vəsiyyətnamələr notariusun təsdiq etdiyi vəsiyyətnamə ilə eyni hüquqi qüvvəyə malikdir. Ona görə də birinci instansiya məhkəməsi ## ### 2010-cu il tarixli vəsiyyətnamənin notariat formada olmasına və notariat vəsiyyətnaməsinin başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməməsinə əsaslanıb qarşılıqlı iddianı təmin etməkdə yanlış nəticəyə gəlmişdir. Bu baxımdan hətta ## ### 2010-cu il tarixli vəsiyyətnamə etibarlı olsa belə ## ###### 2018-ci il tarixli vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qüvvəsində olduğundan xronoloji prinsiplərə əsaslanaraq, sonuncu iradə ifadəsi, yəni 2018-ci il tarixli vəsiyyətnamə əsas hüquqi nəticələr üçün müəyyənedici olacaqdır.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qüvvədə olan qətnaməsi ## ### 2010-cu il tarixli vəsiyyətnamənin etibarsız, ## ###### 2018-ci il tarixli vəsiyyətnamənin isə etibarlı olması üçün əsas hesab edilə bilməz. Belə ki, həmin qətnamə ## ###### 2018ci il tarixli vəsiyyətnamə əsasında mirasın qəbulu müddətinin uzadılması ilə bağı olmuş, həm iş çərçivəsində vəsiyyətnamələrin etibarlığı yoxlanılmamışdır.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179, 1180, 1182, 1186, 1223, 1225-ci maddələrinə, “Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin ## #### 2012ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı İddiaçı şikayətində göstərdiyi ## ##### 1995-ci il tarixli Cəlilabad rayon Şiləvəngə kənd IƏDÜ nümayəndəsi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ümumiyyətlə Cəlilabad rayon Məhkəməsində mübahisə predmeti olmamışdır. Şirvan Apellyasiya Məhkəməsi isə cavabdeh Cavabdeh və onun qanuni nümayəndəsi və vəkilini dinləmədən, hərtərəfli, tam və obyektiv araşdırma aparmadan apellyasiya şikayətinin dəlillərini araşdırmadan, iddiaçı İddiaçı qardaşı ilə iş birliyində olan şahid Şahid dinləməklə iddiaçının xeyrinə yekun məhkəmə aktı qəbul etməklə kifayətlənmişdir. Şirvan Apellyasiya Məhkəməsi həqiqətə nail olunmaq üçün iş üzrə xəttşünaslıq ekspertizası keçirməmişdir. Bununla da Mülki Məcəllənin norma və prinsipləri kobud şəkildə pozulmuş və nəticədə əsaslı, tam və hərtərəfli araşdırma aparılmamışdır. Iddiaçı İddiaçı vərəsə hesab olunmadığından və onun vəsiyyətnamənin etibarsız hesab olunmasına dair subyektiv hüququ olmadığından X3 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbində haqlı deyildir. Şirvan Apellyasiya Məhkəməsi qanuni vəsiyyətnaməni etibarsız hesab etməklə, Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir qeydiyyatı olmayan ## ###### 2018-ci il tarixli vəsiyyətnaməni qanuni hesab etməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə şahid Şahid izahatını mötəbər sübut kimi qəbul etmiş, iddiaçı İddiaçı və şahid Şahid şəxsi əlaqələrini müəyyənləşdirmədən və şikayətin dəlillərini, şahid ifadəsinin inandırıcılığının heç bir rəsmi sənədlə, digər sübutlarla təsdiq olunmadığına əhəmiyyət vermədən qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

31. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

32. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

33. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

34. Maddə 1180. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

35. Maddə 1223.1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.

36. Maddə 1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.

37. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

38. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

39. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

40. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.

“Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu

41. Maddə 15. Dövlət vasitəsi ilə notariat fəaliyyətini dövlət notariat ofislərində çalışan dövlət notariusları, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər.

42. Maddə 18. Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər; 2) vəsiyyətnamələri təsdiq edirlər; 3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edirlər; 4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər; 5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər; 6) sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər.

43. Maddə 45.1. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.

44. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

55. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

56. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

57. Kassasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilə bilməz.

58. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

59. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

61. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin cavabdehin və onun vəkilinin dinlənilmədən tam və hərtərəfli araşdırma aparmadan bir iclasda yekun qərar verməsi, eləcə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri olan xətşünaslıq ekspertizasının keçirilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, # ###### 2025-ci il tarixli apellyasiya instansiyası məhkəməsinin iclas protokolundan (bax: İ cild, səhifə 158-161) görünür ki, həmin iclasda cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili vəkil3 iştirak etmiş, sonuncu ekspertiza keçirilməsi ilə bağlı dəlil irəli sürməmiş, əksinə iddiaçının apellyasiya şikayətinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir.

62. Göründüyü kimi cavabdehin bu dəlilləri əsassız olmaqla reallığı əks etdirmir.

63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən etibarsız hesab edilmiş ## ### 2010-cu il tarixli vəsiyyətnamə ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, elə əqdlər vardır ki, o əqdlər üzrə arzu olunan hüquqi nəticələrin əmələ gələ bilməsi üçün mülki hüquq subyektləri iradələrini ancaq qabaqcadan qanunda nəzərdə tutulan şəklə (formaya) uyğun olaraq ifadə etməyə borcludurlar.

64. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmçinin həmin Məcəllənin 337.1ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

65. Məhkəmə kollegiyası qeyd edir ki, ## ### 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, vəsiyyət edən savadsız olması səbəbindən sənədi şəxsən imzalamaq imkanına malik olmadığından, onun xahişi əsasında vəsiyyətnamə başqa şəxs tərəfindən iki şahidin iştirakı ilə imzalanmışdır.

66. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

67. Qeyd edilən hal formal xarakter daşımayıb, vəsiyyətnamənin tərtib edilməsinə tətbiq olunmalı olan xüsusi qaydaların müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

68. Belə ki, həmin Məcəllənin 1183.2-ci maddəsinə görə görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır.

69. Məhkəmə kollegiyası qeyd edir ki, ## ### 2010-cu il tarixli vəsiyyətnamədə vəsiyyət edənin savadsız olduğu göstərilsə də, vəsiyyətnamə qanunvericiliyin tələb etdiyi qaydada üç şahidin iştirakı ilə tərtib edilməmişdir.

70. Göründüyü kimi sözügedən vəsiyyətnamə həm də əqdin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmışdır.

71. Məhkəmə kollegiyası onu da vurğulayır ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

72. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar