Məhkəmə qərarları › İş №2(1-8)-392/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-392/2026

08.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-392/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ünvan 2 ünvanında yerləşən 0,0318 ha torpaq sahəsi və 31,5 kv.m ümumi sahəsi olan fərdi yaşayış üzərində Iddiaçı mülkiyyət hüququ ## #### 2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin torpaq sahəsində X6 və Cavabdeh yaşadıqları, dövlət reyestrindən qeydiyyatdan keçməyən fərdi yaşayış evi mövcuddur.

3. X6 ## ###### 2024-cü il tarixdə ölmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə iddiaçı tərəfindən 15000 manat məbləğində pul kompensasiyası ödənilməklə, onların ünvan 4 ünvanında olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra, iddiaçı Iddiaçı məhkəmədə iddia ərizəsinə dəqiqləşdirmə verərək, cavabdeh X6 vəfat etməsi səbəbindən Cavabdeh 15000 manat kompensasiya məbləği ödəməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Hazırda həmin evdə cavabdehlər X6 və Cavabdeh yaşayırlar. Iddiaçı özünə mənsub əmlaka istədiyi kimi sahib ola bilmir, mülkiyyət hüquqları pozulur. Iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı tikintilərlə birlikdə orta aylıq kirayə qiyməti 300 manat müəyyən edilmişdir. Ona görə də, onun cavabdehlər X6 və Cavabdeh qarşı kompensasiya ödəməklə evə istifadə hüququna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüququ vardır. Məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmə vasitəsi ilə kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verə bilmə hüququnu reallaşdırmaqla hazırkı mübahisənin ədalətli həllinə nail ola bilər.

7. Iddiaçı tərəfindən təqdim edilmiş “X4” MMC-nin ## ###### 2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı tikililərlə birlikdə orta aylıq kirayə qiyməti 300 manat təşkil edir.

8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin satışına və qiymətinə, aylıq kirayəsinə dair məlumat olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilərək, iddiaçı tərəfindən Cavabdeh 15000 manat məbləğində kompensasiya ödənilməklə, Cavabdeh ünvan 2 mənzildən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdeh isə mübahisəli mənzilə istifadə hüququna malik olduğundan, iddiaçı Iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına kompensasiya verməklə xitam verilməsini tələb etməkdə haqlıdır.

11. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh Cavabdeh kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

13. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarına hüquqi qiymət verərək hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

14. Işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 300 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 3600 manat, üç il üçün 10800 manat təşkil edir. Iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 15000 manat məbləğində kompensasiya təklif edir.

15. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehin təqribən 3 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, yaşayış sahəsi ilə təminatlı olacaqdır.

17. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab etmişdir ki, cavabdeh Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 15000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər.

18. Məhkəmə hesab etmişdir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə cavabdeh Cavabdeh mübahisəli mənzildən istifadə hüquqlarına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçının bildirdiyi 15000 manat həcmində müəyyən edilməli və cavabdeh Cavabdeh mübahisəli mənzildən istifadə hüququna görə 15000 manat kompensasiya ödənilməklə, Cavabdeh ünvan 2 nömrəli mənzildən istifadə hüququna xitam verilərək, Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslıdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli əmlakda irsi transmissiya qaydasında mülkiyyət hüquqlarının olmasına baxmayaraq faktaraşdırıcı məhkəmə işin bu halını müəyyən etməmiş, tərəflərə bu barədə heç nə bildirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## ##### 2023-cü il tarixli qərarı (həmin qərarla iddiaçı bu ünvanda qeydiyyatda olan 26 nəfərin qeydiyyatdan çıxarılmasına nail olmuşdur), iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin məhkəmənin ## ### 2024-cü il tarixli qərarı ilə həmin şəxslərin Şüvəlan qəsəbəsi, XXX küçəsi, ev 18 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyatının bərpası Xəzər RPI-nə həvalə edilmişdir. Mübahisəli ev 1935-ci ildə XXX adlı şəxs tərəfindən inşa edilmişdir. X3 adlı qadınla nikahda olmuş və onların XXX, XXX, XXX adlı övladları olmuşdur. Mülkün sahibi olmuş X5 adlı vərəsəsi ilə XXX adlı oğlu münasibətlərin korlanması ucbatından həyətyanı sahədə hasar çəkmiş, guya bölgü aparmışlar. Lakin sənədləşmə başa çatmamış, “bölünmüş həyətyanı sahəyə” yeni ünvanlar verilməmişdir. Hazırkı iş üzrə iddiaçı XXXnin qızıdır. Cavabdeh Cavabdeh isə XXXnın nəvəsi – XXX adlı oğlunun övladıdır. XXX ## #### 2007-ci il tarixdə vəfat etmişdir. XXX adlı vərəsənin adına heç bir mülki əqd olmasa da, o, Həmidin bütün əmlakını adına rəsmiləşdirmiş, bu zaman digər vərəsələrin qanunla qorunan hüquq və mənafeləri, o cümlədən mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisəli əmlakı tam mülkiyyət hüququ əsasında “əldə etmişdir”. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında ümumi yurisdiksiyalı, habelə inzibati məhkəmələrdə müxtəlif səpkidə mübahisə olmuşdur. Mövcud məhkəmə qərarları maddiləşib icraya yönəldiyindən normativ hüquqi akta bərabər tutulur, o cümlədən mübahisə edən tərəflər üçün imperativ xarakter daşıyır. Məhkəmə bu halı nəzərə almadığından iş üzrə nəticəyə gələrkən səhv nəticəyə gəlmiş, iş üzrə tətbiq etməli olan normanı tətbiq etməmişdir. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən səhvən Mülki Məcəllənin 228.2-ci maddəsinə və R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarına istinad etmişdir, halbuki, mübahisə vərəsəlik institutuna dair normalarla tənzimlənməlidir. Iddiaçının adına olan qeydiyyat vəsiqəsinin ləğvi tələb olunmuş və bu sənədin verilməsinə əsas olmuş sənədlərin mötəbərliliyi şübhə altına alınmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni subyektiv mülahizələri ilə əsaslandırmışdır. Nikah bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamələr, habelə məhkəmə qərarları hesab edilmişdir ki, baxılan işə aidiyyəti yoxdur.

22. Iddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, əmlak vərəsəlik qaydasında ona keçmişdir. Hətta anası ölməmişdən əvvəl vəsiyyətnamə də tərtib etmişdir. Həmin dövrdə mirasın qəbulu ilə bağlı altı aylıq müddət tətbiq edilirdi. Ailə məsələləri ilə bağlı müddət keçmişdir. Sonra “ASAN Xidmət”ə müraciət etmişdir. Anasının adına texniki pasport olmuşdur. Həyətdə bir ev var. Cavabdehin anadan olduğu vaxt ailə böyüdüyü üçün darlıq oldu. Hazırda cavabdehin yaşadığı sahəni ev formasında anası tikdirmişdir. Texniki pasportda ora qeydiyyata alınmır. Cavabdeh orada doğulmuşdur. Əmlak özünündür və cavabdehin orada yaşamağını istəmir. Cavabdeh çıxarışda göstərilən evdə yaşamır, oranın qapısı bağlıdır. Cavabdehin ümumiyyətlə həmin ünvandan çıxmasını istəyir. Cavabdehin atası XXX onun xalası oğlu idi. XXX evlənmək istəyirdi. Anası bildirdi ki, yetim uşaqdır, kirayə qalmaqdansa gəlsin, həyətdə yaşasın. Özü evlənib oradan getmişdir. Ancaq anası orada tək yaşayırdı. Anası bildirirdi ki, XXX ailəsi ilə orada yaşasa ona qulaq yoldaşı olar, tək qalmaz. Oranı anası ev halına salıb. Onlar anasına qarşı mənəvi zərbələr vurdular. Sonra anasını öz yanına apararaq, ona qulluq etdi. Hazırda o, həyətə girə bilmir və oraya getməyə belə qorxur. Cavabdehin qardaşı onunla yaşasa da, başqa ünvanda qeydiyyatdadır. Evin dəyəri ən yuxarı 20.000 manat olar, ondan baha ola bilməz. Cavabdeh tərəfindən çıxarışın etibarsızlığı ilə bağlı verilmiş iddia rədd olunub.

23. Iddiaçı Iddiaçı həmçinin məhkəməyə ərizə təqdim edərək, cavabdehə 20.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməqiymətləndirmə

24. ekspertizası üzrə “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli rəyinə əsasən ünvan 3 ünvanında dövlət reyestrindən çıxarışda əks olunan sahəsi 31,4 kv.metrdən ibarət fərdi yaşayış evinin bazar dəyəri 88.100 manat, oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqqı 280 manat, onunla bir həyətdə yerləşən reyestrdə qeydə alınmayan digər fərdi yaşayış evinin bazar dəyəri 33.300 manat, oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqqı isə 300 manat müəyyən edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilərək 20.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh Cavabdeh 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan ünvan 2-dən istifadə hüququna xitam verilməsi və həmin sahədən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 2 küçəsində 31,50 kv.m. sahəsi olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0,0318 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsində daha bir fərdi yaşayış evi mövcuddur və cavabdeh həmin evdə yaşayır. Ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

27. Iddiaçının bildirdiyinə görə, sözügedən ev anası tərəfindən inşa edilmişdir. Cavabdeh doğulandan həmin evdə yaşamış və məhkəmə kollegiyasının evin kim tərəfindən inşa olunduğu barədə sualına cavab verərək bundan məlumatsız olduğunu bildirmişdir.

28. Apellyasiya araşdırması zamanı iş üzrə qiymətləndirmə ekspertizaları təyin edilmiş, “xxxx” MMC tərəfindən ## ######## 2025-ci il tarixli rəy verilmişdir.

29. Apellyasiya kollegiyası ilk növbədə qeyd etmişdir ki, mülki qanunvericiliyin normalarına əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ## #### 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.

30. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi mübahisənin qanuni həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, cavabdehin yaşadığı fərdi yaşayış evini onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab etmişdir. Tərəflər cavabdehin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə hüququnun mövcudluğunu mübahisələndirmirlər.

31. Apellyasiya kollegiya qeyd etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.

32. Ekspert rəyinə əsasən həmin məbləğ 10.800 manat (36 ay x 300 manat) təşkil edir.

33. Bununla belə, iddiaçı kollegiyanın iclasında ərizə təqdim edərək, cavabdehə təklif edilən kompensasiyanın məbləğini artırmış və cavabdehə 20.000 manat məbləğində kompensasiya ödəməyə razı olduğunu bildirmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən təklif edilən 20.000 manat kompensasiya məbləği ədalətlidir. Belə ki, həmin məbləğ cavabdehin yaşadığı fərdi yaşayış evinin bazar dəyərinin yarısından çoxunu təşkil edərək cavabdehə beş ildən artıq müddətdə oxşar şəraitə malik olan yaşayış sahəsində yaşamağa imkan verir (20.000 / 300 = 66 ay).

35. Bununla yanaşı, apellyasiya kollegiyası hesab etmişdir ki, kompensasiya olaraq cavabdehə 20.000 manat vəsaitin ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsi və həmin sahədən çıxarılması eyni vaxtda icra edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət reyestrində ## #### 2021-ci il tarixində qeydiyyata alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırkı iş üzrə reyestrin məzmununun qeyri-dəqiqliyi müəyyən edilmir.

37. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 11, 135, 140, 152, 228-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

38. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni tam əsaslandırmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Həmçinin, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalmışdır. Məhkəmənin iddiaçının mülkiyyətində olan torpaq sahəsində daha bir fərdi yaşayış evinin mövcud olması və cavabdehin həmin evdə yaşaması və evin dövlət reyestrində qeydiyyatdan keçməməsi barədə gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından görünür ki, həmin evə dair texniki pasportda evin sahibi kimi X1 məxsus ünvan da ünvan 1əhkəmə iş üzrə cavabdehin yaşadığı evin iddiaçıya məxsus torpaq sahəsində, yoxsa kənarda X1 məxsus torpaq sahəsində olub-olmadığını araşdırmadan, iş üzrə təyin edilmiş ekspertizadan hər hansı rəy alınmadan düzgün olmayan nəticəyə gəlmiş, Bakı Inzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının qeyd olunan qərarlarında göstərilənlərin heç birinə qiymət verməmiş, iddiaçı tərəfindən həmin qərarlar məhkəmədən gizlədilmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.

41. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

42. Kassasiya şikayətinə etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

45. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

47. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi işin faktiki hallarını araşdıran məhkəmələrin müəyyən etdikləri və apellyasiya icraatında mübahisələndirilməyən hal olmuşdur. Cavabdeh apellyasiya qaydasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisələndirilən fərdi yaşayış evi yerləşən hissəsinə özünün vərəsəlik hüquqlarının olmasını iddia etmişdir ki, bununla bağlı da, apellyasiya məhkəməsi mülki qanunvericilik normalarına uyğun qiymətləndirmə aparmışdır.

52. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, onun üzərinə inşa edilmiş, lakin dövlət reyestrində qeydə alınmamış tikili də, torpaq sahəsinin tərkib hissəsi kimi iddiaçıya məxsusdur. Odur ki, cavabdehə ədalətli kompensasiya verilməklə, onun bu yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sürməyə iddiaçının subyektiv hüququ olmuşdur.

53. Iddiaçının təklif etdiyi və apellyasiya məhkəməsinin müəyyən etdiyi kompensasiyanın məbləği kassasiya şikayətində mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası bu hissədə əlavə qiymətləndirmə aparılmasını zəruri bilmir.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar