Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-406/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı tələblər, mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (Vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) ** saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş500 mm. (dizel yanacağı) və Dş:300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri 1993-cü ildə, “Azərikimya” İB-nin EtilenPolietilen Zavoduna neft məhsulları nəql olunan Dş-200 mm. (quru qaz), Dş-250 mm. (nafta) neft boru kəmərləri isə 2011-ci ildə çəkilmiş və zavodun balansındadır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 80, Balaxanı Binəqədi şosesi ünvanında yerləşən 3 ha ölçüdə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 1.263,16 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2022-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti inşa edilir.
3. İddiaçı mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında Cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunmuşdur.
4. “xxxx” MMC-nin Baş direktorunun müavini tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yanına baxış keçirilərkən Gemza qrupun sahibi Cavabdeh tərəfindən hasarlanmış ərazisində dəmir konstruksiya köməyi ilə iri miqyaslı tikinti işlərinin aparıldığı aşkarlanmışdır. Həmin ərazidən Dş-200 mm. neft boru kəmərinə paralel Dş-250 mm. neft boru kəməri keçir.
5. Azərbaycan Respublikası FHN-nin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-X5 Agentliyinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Binəqədi-Balaxanı şosesində “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı və tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli ** nömrəli Fərmanının 1.1.3-cü bəndinə və Fərmanın icrası barədə Fövqəladə Hallar Nazirliyinin ##.##.2023-cü il tarixli, *** nömrəli əmrinin 3-cü bəndinə əsasən aparılmış müayinələr zamanı bu obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu konstruksiyaların olmadığı müəyyən edilmişdir.
6. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, X6 Xidməti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyi tərəfindən təsdiq edilmiş “Qeyri-yaşayış təyinatlı obyektin istismara hazır olması barədə” ##.##.2025-ci il tarixli, ***** saylı rəyinə əsasən, həmin Rəy “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanının 1.1.3-cü bəndinə uyğun olaraq: tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlıq və möhkəmlik baxımından istismara yararlığı barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki Təhlil qrupunun və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəyləri; yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin rəyi; qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyinin rəyi; mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”, yaxud X1) cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yaxınlığında İddiaçı məxsus neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralı məsafədə “Mühafizə Zonası”nda cavabdeh tərəfindən tikilmiş daş hasarın 170 metr hissəsinin, eləcə də həmin boru kəmərindən 19,9 - 26,2 metr aralı məsafədə tikilmiş tikililərin 2.380 kv.m. (880+1.500) hissəsinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunmuşdur. Cavabdehlə fərdi söhbət aparılmış, gördüyü işlərin mühafizə zonasına düşdüyü üçün qanuna zidd olması bildirilmiş, əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq olunmasına baxmayaraq o, işlərin dayandırılmayacağını və davam etdirəcəyini bildirmişdir.
9. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı rəyinə əsasən “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü bəndinin tələblərinə əsasən Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılmasını və “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinin tələblərinə əsasən kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılmasını (kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır) və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yaxınlığında Cavabdeh aid olduğu bildirilən daş hasarın neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralıda, tikililərin neft məhsulu nəql olunan boru kəmərindən 19,9 – 26,2 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin neft kəmərinin neft mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Aparılmış ölçü işlərinə əsasən daş hasarın 170 metr hissəsi, tikililərin isə 2.380 kv.m (880+1.500) hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil3 İlham oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, etirazda bütün halları qeyd edib. İddia əsasızdır, bu səbəbdən rədd edilməsini məhkəmədən xahiş edir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi və neft kəmərinin mühafizə zolağında yerləşən tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməmiş qeyd mövcuddur. Bundan başqa, həmin torpaq sahəsi cavabdehə qədər də xüsusi mülkiyyət hüququ ilə başqasının olmuş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad göstərərək alğı-satqı müqaviləsi əsasında torpaq sahəsini almışdır. Eyni zamanda, cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış sahələri lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə layihələndirmiş və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat vermişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilməmişdir. Hazırkı halda, iddiaçıya məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin həmin ərazidən keçməsi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22, 55, 66- 67-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1, 140, 152, 180, 240-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli və “xxxx” ASC-nin şikayəti üzrə” ##.##.2018-ci il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına, habelə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ##.##.2003cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2-6.4-cü bəndlərinə v. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. İddiaçı X1 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri, yəni mühafizə zonasından 50 metrlik məsafədə bina və qurğuların tikintisinin qadağan olmasına əhəmiyyət verilməmişdir. Halbuki, həmin Qaydalarda da birbaşa göstəriş mövcuddur ki, “Mühafizə zonası”nda tikinti işləri aparılması qadağandır. İstisna olaraq mühafizə zonasında tikinti işləri həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin, eləcə də Energetika Nazirliyinin və X11 Dövlət Agentliyinin icazəsinin alınması mütləq şərt kimi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən NEZ-in əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış sahələrinin lazımi icazələr alınmaqla, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə layihələndirildiyini və məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimiyyəti orqanına məlumat verildiyini, öz növbəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihəyə dair hər hansı irad bildirilmədiyini göstərsə də, cavabdeh tərəfindən bununla bağlı hər hansı sənəd (sübut) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının tələbi cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılması və yaxud onun mülkiyyət hüquqlarından məhrum edilməsi ilə bağlı deyildir. İddiaçının tələbi NEZ-ə məxsus neft məhsulu nəql olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nda cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin” “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci bəndinin və Mülki Məcəllənin 180-cı maddəsinin tələbinə uyğun olaraq lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi ilə bağlıdır. Bundan başqa cavabdeh tərəfindən tikilmiş tikililərlə bağlı məlumatlandırma icraatı tətbiq oluna bilməzdi. Belə ki, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində lazımi qaydada icazə alınmadan və şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla bir neçə qeyri-yaşayış obyektləri tikilmişdir. Cavabdeh tərəfindən tikilmiş tikililər Məcəllənin 80-cı maddəsində nəzərdə tutulduğu kimi fərdi yaşayış evi olmadığından, eləcə də Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin siyahısına daxil olmadığından Məhkəmə hazırkı mübahisənin həlli ilə bağlı məlumatlandırma icraatının tətbiq olunması qənaətinə gəlməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı tətbiq etməli olduğu normaları tətbiq etməmiş, cavabdeh tərəfindən tikinti işləri həyata keçirilməmişdən öncə bununla bağlı müvafiq dövlət orqanlarından icazənin alınıb-alınmaması araşdırılmamışdır. Cavabdehin mülkiyyətində olan torpaq sahəsində həmin sahə cavabdehin mülkiyyətinə keçməzdən öncə köhnədən 1.263,16 kv.m. olan qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Həmin qeyri-yaşayış sahəsi mühafizə zonasında yerləşmədiyindən tikili hazırkı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Lakin 1.263,16 kv.m. olan qeyri-yaşayış sahəsinin də yerləşdiyi ümumilikdə sahəsi 3 ha olan torpaq sahəsi tam cavabdehin mülkiyyətinə keçdikdən sonra cavabdeh tərəfindən mühafizə zonasında tikinti işləri həyata keçirilməyə başlanılmışdır. Məhkəmə qətnamədə ekspertin rəyi ilə hansı səbəbdən razılaşmamasını əsaslandırmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. İddiaçının sökülməsini tələb etdiyi tikililər, o cümlədən daş hasar ##.##.2022-ci il tarixdən cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. Başqa sözlə, cavabdeh qeyriyaşayış təyinatlı tikinti obyektini özünə məxsus və dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi üzərində inşa edir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu əmlakı, yəni 3 ha ölçüdə torpaq sahəsi və üzərində olan 1.263,16 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən başqa bir şəxsdən alınmışdır. Başqa sözlə, bu torpaq sahəsi üzərində artıq əvvəllər inşa edilmiş qeyri-yaşayış sahələri mövcuddur. Torpaq sahəsini əhatə edən daş hasarın, o cümlədən onun sökülməsi tələb edilən hissəsinin torpaq sahəsi alındıqdan sonra cavabdeh tərəfindən inşa edildiyi müəyyən edilmir. Cavabdeh daş hasarın satın alındığı tarixdən mövcud olduğunu və hər hansı ölçüdə hasar inşa etmədiyini qeyd edir. İddiaçı bunun əksini sübuta yetirə bilmir. Əksinə iddiaçı tərtib etdiyi ##.##.2023-cü il tarixli aktında köhnədən hündür hasarla əhatə olunmuş və köhnədən anbar tikililəri olan qeyri-yaşayış sahəsində əlavə anbar tikililərin inşa edildiyini göstərir. Başqa sözlə, həmin aktda iddiaçı özü də təsdiq edir ki, daş hasar köhnədən qalan və uzun illər əvvəl inşa edilmiş bir tikilidir. Bu da öz növbəsində sökülməsi tələb edilən hasarın illərdir ki, mövcud olduğunu təsdiq edir.
20. Bununla belə, uzun illərdir ki, neft borularının balansında olmasına baxmayaraq, iddiaçı həmin daş hasar inşa edilən zaman bunun qarşısını alacaq hər hansı tədbir görməmiş, o cümlədən hazırkı mövqedən çıxış etməmişdir. Halbuki, kifayət qədər (uzun illər) vaxtı olmuşdur. Əksinə öz rəftarı (hərəkətsizliyi ilə) ilə buna etiraz etmədiyini bildirmişdir. Cavabdeh də onun əvvəlki rəftarına və dövlət reyestrindəki qeydin mötəbərliyinə qüvənərək, bu əmlakı (daş hasarla birlikdə) əldə etmişdir. Hazırda isə iddiaçı hüquqi nəticə etibarı ilə əvvəlki rəftarına zidd rəftar nümayiş etdirərək, illər əvvəl inşa edilmiş daş hasarın sökülməsini tələb edir ki, bu da onun hərəkətlərinin hüquqdan sui istifadə kimi qiymətləndirilməsi üçün əsasdır. Belə bir halın mövcudluğu da iddianın bu əsasla həmin hissədə rədd edilməsini şərtləndirir.
21. Məhkəmə kollegiyası sökülməsi tələb edilən tikililərlə bağlı qeyd etmişdir ki, tikinti işləri hazırda da davam edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X8 ünvanladığı ##.##.2024-cü il tarixli məktubuna əsasən bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış müayinələr zamanı cavabdeh tərəfindən inşa edilən obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığı müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, X6 Xidməti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyi tərəfindən təsdiq edilmiş “Qeyri-yaşayış təyinatlı obyektin istismara hazır olması barədə” ##.##.2025-ci il tarixli, ***** saylı rəyinə əsasən bu qurumların müvafiq rəyləri mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilən qeyriyaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edir.
22. Azərbaycan Respublikası Energetika Nazirliyindən və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən cavabdeh tərəfin sorğusuna verilmiş cavabdan bu qurumların neft-qaz kəmərlərinin mühafizə zonası daxilində ayrı-ayrı fiziki və hüquqi şəxslərə təmir-bərpa və ya tikinti-quraşdırma işlərinin aparılmasına icazə verilməsi səlahiyyəti yoxdur. Qeyd edilənlər öz növbəsində cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün bu qurumlardan razılığın alınmasını istisna edir.
23. Buna baxmayaraq müvafiq razılıqlar alınmaqla hazırda aparılan tikinti işləri hələ başa çatmamış və mübahisəli tikililər mövcud vəziyyətdə hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Lakin onların özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil. Bu halda, həmin tikililərin söküntünü tələb edən tərəfin, yəni iddiaçının hansı mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, lakin aparılmış araşdırma zamanı mübahisələndirilən tikililərin 2.380 kv.m. hissəsinin faktiki olaraq neft kəmərlərinin mühafizə zonasında yerləşdiyi aşkar edilsə də, bu tikililərin iddiaçının orada yerləşən boruya hər hansı zərər vurması və ya vurulan zərərin aradan qaldırılmasının qeyri-mümkünlüyü baxımından mənafeyinə hər hansı xələl gətirməsi, iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. məhdudiyyətə səbəb olması müəyyən edilmir. Ən əsası da iddiaçı belə bir halın mövcudluğunu sübuta yetirə bilmir, inşa edilən tikililərin yalnız neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edir. Lakin yalnız bu halın mövcudluğu vəziyyətdə iddianın təmin edilməsi üçün əsas ola bilməz.
25. Həm təqdim edilmiş fotoşəkillərdən, həm də məhkəmə iclas zalında nümayiş etdirilmiş video görüntüdən neft borusu ilə cavabdehə məxsus olan torpaq sahəsini əhatə edən daş hasar arasında avtomobil yolunun olduğu müəyyən edilir. Tikinti işləri də hasar daxilində, əvvəldən mövcud olan tikililərin yanında aparılır. Neft borusunun digər tərəfində isə faktiki olaraq ona bitişik vəziyyətdə magistral avtomobil yolunun yerləşdiyi görünür. Mövcud vəziyyətdə həmin magistral yolla, bilavasitə boru ilə təmas halında hərəkət edən avtomobillər boru üçün dəfələrlə yüksək təhlükə yaradır, nəinki hasar daxilində olan tikililər. Mənzərənin tam açıq, aşkar və aydın olması səbəbindən bu qənaətə gəlmək üçün xüsusi bilik də tələb edilmir. Qeyd edilənlər iddianın tikililərin sökülməsi ilə bağlı hissədə də əsassız olduğunu təsdiq edir və bu tələbin də rədd edilməsini şərtləndirir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, Mülki Məcəllənin 135.4, 135.10, 139.1, 140, 146.1, 152.1, 152.5, 180.1, 180.4, 240.1, 240.2, 560.1, 560.2, 560.3.4-cü, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ##.##.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”-nın 6.2, 6.3, 6.4-cü bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı X1 (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Mübahisəli əraziyə dair hüquqmüəyyənedici sənədlər olduğu halda belə, həmin ərazi neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən, orada ucaldılan istənilən tikili fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, birinci və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunaziddir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları” nın 4.1-ci bəndinə əsasən İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çox xətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən “Mühafizə Zonası”nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Mübahisəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il, 2 noyabr tarixli *** nömrəli qərarının tələbləri mütləq nəzərə alınmalı idi. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
30. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
35. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
36. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
37. Maddə. 22. (1-ci hissə). Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
38. Maddə. 22. (2-ci hissə).Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
39. Maddə. 22. (3-cü hissə). Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
40. Maddə. 22. (4-cü hissə). Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
41. Maddə. 22. (5-ci hissə). Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu.
42. Maddə 2 (1-ci hissə) Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) təhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv və ionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəli tikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları.
43. Bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı -Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır.
44. Bənd 1.2. İxrac neft boru kəmərləri (bundan sonra – İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.
45. Bənd 1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir.
46. Bənd 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: -İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; -çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; -su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərləri boyunca kənar kəmərlərinin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir; -fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır; -əsas və aralıq vurma, doldurma stansiyalarının, rezervuar parklarının, doldurma və boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.
47. Bənd 6.1 “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X11 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır.
48. Bənd 6.6. “Mühafizə Zonası”nın dəmir yolları və ya avtomobil yollan üçün ayrılmış dəhlizlərlə, yüksək gərginlikli elektrik xətlərinin və başqa obyektlərin mühafizə zonaları ilə üstüstə düşdüyü hallarda həmin ortaq sahələrdə bu obyektlərin istismarı ilə əlaqədar işlər müvafiq tərəflərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir.
49. Bənd 6.7. Bu Qaydaların 6.1-ci və 6.4-cü bəndlərində göstərilən işlərin aparılması X11 Dövlət Agentliyini 2 gün qabaq, fövqəladə hallarda isə dərhal məlumatlandırdıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
63. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
64. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehə məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı torpaqlara aid olmaqla, iddiaçı təşkilatın istismarında olan strateji əhəmiyyətli ixrac neft boru kəmərlərinin mühafizə zonasında yerləşir.
65. Hazırda iddiaçı iddia tələbində qeyd edir ki, Təmiz şəhərin yaxınlığında neft məhsulu nəql olunan boru kəmərindən 20-25 metr aralı məsafədə mühafizə zonasında cavabdeh tərəfindən kəmərə paralel təqribən 100 metr uzunluğunda və kəmərə perpendikulyar təqribən 35-40 metr enində təməl qazıntısı, təməlin içində dəmir karkasların qoyulması, eyni zamanda bir neçə dəmir dirəklərin basdırılaraq dibinə beton tökülməsi faktı aşkar olunduğu üçün həmin obyekt cavabdehin hesabına sökülməlidir.
66. Cavabdeh isə tikintinin aparıldığı torpaq sahəsinin onun mülkiyyətində olmasını, tikinti aparılması üçün hansı sənəd tələb olunmuşdursa, həmin sənədləri əldə etməsini və tikinti işlərini qanunauyğun aparmasını bildirmişdir.
67. İddianı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, sökülməsi tələb edilən daş hasar köhnədən qalmaqla uzun illər əvvəl inşa edildiyindən, aparılmış araşdırma zamanı mübahisələndirilən tikililərin 2.380 kv.m. hissəsinin faktiki olaraq neft kəmərlərinin mühafizə zonasında yerləşdiyi aşkar edilsə də, bu tikililərin iddiaçının orada yerləşən boruya hər hansı zərər vurması və ya vurulan zərərin aradan qaldırılmasının qeyri-mümkünlüyü baxımından mənafeyinə hər hansı xələl gətirməsi, iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. məhdudiyyətə səbəb olması müəyyən edilmədiyindən, həmçinin iddiaçı belə bir halın mövcudluğunu sübuta yetirə bilmədiyindən, eyni zamanda torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin neft kəmərinin təhlükəsizlik zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, inşa edilən tikililərin yalnız neft kəmərlərinin mühafizə zonasında yerləşməsinə istinad edilməklə tikilinin sökülməsi tələbi təmin edilə bilməz. Təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.
68. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı onu da qeyd etmişdir ki, təqdim edilmiş fotoşəkillərdən, həm də məhkəmə iclas zalında nümayiş etdirilmiş video görüntüdən neft borusu ilə cavabdehə məxsus olan torpaq sahəsini əhatə edən daş hasar arasında avtomobil yolunun olduğu müəyyən edildiyindən, tikinti işləri də hasar daxilində, əvvəldən mövcud olan tikililərin yanında aparıldığından, neft borusunun digər tərəfində isə faktiki olaraq ona bitişik vəziyyətdə magistral avtomobil yolunun yerləşdiyi göründüyündən, daxilində olan tikililərə nisbətən, mövcud vəziyyətdə həmin magistral yolla bilavasitə boru ilə təmas halında hərəkət edən avtomobillər boru üçün dəfələrlə yüksək təhlükə yaradır.
69. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
70. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin dispozisiya şərtləri baxımından, aşağıdakı şərtlərdən ən azı birinə cavab vermə dikdə, tikili özbaşına tikili sayılır. Tikilinin statusu 3 qiymətləndirici meyar əsasında müəyyənləşdirilir: inşa edildiyi torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması; tikinti üçün lazımi icazələrin alınması; şəhərsalma və tikinti normalarını və qaydalarına riayət edilməsi.
71. İşin materiallarına əsasən cavabdehin tikilini inşa edildiyi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 3 ha torpaq sahəsi və onun üzərində yerləşən 1.263,16 kv.m. qeyriyaşayış sahəsi ##.##.2022-ci il tarixdən iddiaçının mülkiyyətində olsa da, cavabdehə məxsus qeyd olunan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin istifadəsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə (Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsi) sübutlar, həmçinin cavabdehin həmin torpaq sahəsində sonradan inşa etdiyi tikililərin bir hissəsinin iddiaçı təşkilatın istismarında olan strateji əhəmiyyətli ixrac neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsinə baxmayaraq, tikililərin inşa edilməsinə Energetika Nazirliyinin və X11 Dövlət Agentliyinin icazəsinin olması barədə sübutlar əlavə edilməmişdir. Əksinə, əvvəldə qeyd edildiyi kimi, torpaq sahəsi xüsusi hüquqi rejimli mühafizə zonasında yerləşir ki, orada müvafiq icra hakimiyyətinin icazəsi olmadığı təqdirdə bina və qurğuların tikintisi birbaşa və qeyd-şərtsiz qadağandır.
72. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X11 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.
73. Göründüyü kimi sözügedən bənd ilə mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Buna əsasən icra hakimiyyəti orqanının mühafizə zonasına daxil olan ərazilərdə tikinti işlərinin həyata keçirilməsinə icazə vermək hüququ yoxdur. İcra hakimiyyətinin verdiyi icazə yalnız mühafizə zonasına düşməyən ərazilərdə tikinti işlərinin aparılmasına aid ola bilər. Yəni icazə yalnız mühafizə zonasına daxil olmayan hissəyə tətbiq edilə bilər.
74. Həmçinin “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli qərarında təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər sırasında magistral neftqaz boru kəmərləri də (6-cı bənddə) göstərilmişdir.
75. Sözügedən Qaydaların 2.7-ci bəndində qeyd edilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Belə ki, bu ərazinin ayrılması boru kəmərinin fiziki zədələnməsinin qarşısını almaq, onu qorumaq və boru kəmərinin istismarını təhlükəsiz şəkildə həyata keçirmək məqsədini güdür.
76. Birinci instansiya məhkəməsi tərəfindən alınmış ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı şosesi, Təmiz şəhərin yaxınlığında Cavabdeh aid olduğu bildirilən daş hasarın neft məhsulu nəql olunan boru kəmərindən 18,9 - 23,5 metr aralıda, tikililərin neft məhsulu nəql olunan boru kəmərindən 19,9 – 26,2 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin neft kəmərinin neft mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Aparılmış ölçü işlərinə əsasən daş hasarın 170 metr hissəsi, tikililərin isə 2.380 kv.m. (880+1.500) hissəsinin neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Belə vəziyyət isə yuxarıda sadalanan normativ-hüquqi aktların imperativ göstərişlərinin pozulması ilə nəticələnmişdir.
77. Yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın müvafiq normalarının, habelə mövcud ekspert rəyinin əlaqəli sürətdə uzlaşdırmaqla Mülki Məcəllənin 180-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiqi zamanı onun yanlış təfsirinə yol vermişdir.
78. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsində qeyd edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
79. Normanın dispozisiyasından aydın olur ki, daşınmaz əmlakın özbaşına tikinti sayılmasına səbəb olan hallardan biri də onun tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilməsidir. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”n qeyd edilən bəndlərinin tələblərinin pozulması ilə inşa edilmiş tikili Mülki Məcəllənin 180-ci maddəsinin müəyyənləşdirdiyi qaydaların təsir dairəsinə düşür.
80. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın təmin ediləcəyi təqdirdə bu cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnməsi ilə bağlı qənaətinə münasibətdə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq konvensiyalara görə mütləq hüquq kimi müəyyənləşdirilməmişdir və qanunvericiliklə müəyyən edilmiş hallarda və vəziyyətdə bu hüquq müəyyən məhdudlaşdırılmaya məruz qala bilər. Bu hallardan biri də məhz hazırkı mübahisədə sözügedən magistral boru kəmərinin mühafizə zonasına düşən torpaqla bağlı olan haldır. Göründüyü kimi mülkiyyətdə olan torpaq ərazisində mühafizə zonasının müəyyənləşdirilməsi bilavasitə qanunvericiliyin tələblərindən irəli gəlir və bu cür vəziyyət mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz.
81. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X8 ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış müayinələr zamanı cavabdeh tərəfindən inşa edilən obyektdə qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların olmadığının müəyyən edilməsi, Fövqəladə Hallar Nazirliyinin qurumlarının müvafiq mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair rəyləri əsasında tərtib edilmiş və cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismara yararlı olduğunu təsdiq edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, X6 Xidməti və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-X5 Agentliyi tərəfindən təsdiq edilmiş “Qeyri-yaşayış təyinatlı obyektin istismara hazır olması barədə” ##.##.2025-ci il tarixli, ***** saylı rəyinin mövcud olması, cavabdeh tərəfindən xüsusi hüquqi rejimli mühafizə zonasında tikilmiş həmin qurğu və tikililərə dair, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarında qeyd olunan müvafiq icra hakimiyyətinin icazəsinin alınması kimi qiymətləndirilə bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin ququmun rəyinin məzmun və hüquqi təbiəti etibarı baxımından “lazımi icazə” kimi qiymətləndirməsi, şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə zidd olmuşdur.
82. O da qeyd olunmalıdır ki, Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
83. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.
84. Oxşar işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyə görə, mübahisəli tikili inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməlidir.
85. Eyni yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə ## ####### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.”
86. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır.”
87. Eyni zamanda Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarında da, məhkəmə ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Mülki Məcəllənin 180-ci maddəsinin, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2004-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə zidd olmuş, işin halları həmin maddənin dispozisiya şərtləri baxımından düzgün qiymətləndirilməmişdir. Bununla da, qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin də tələbləri pozulmuşdur.
89. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
90. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).
91. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə mülki qanunvericiliyin müvafiq normasının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmalıdır.
92. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
93. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin iddiaçı təşkilatın istismarında olan strateji əhəmiyyətli ixrac neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsindən xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi, habelə daş hasarın hansı tarixdə inşa edilməsi və iddiaçının buna əvvəllər etiraz bildirib-bildirməməsi, həmçinin digər bu kimi hallar araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
94. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.