Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-450/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işin hüquqi vəziyyətinin tərəflərlə müzakirə edilməsi, vərəsəlik hüququ, ümumi mülkiyyət hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Tərəflər bacı-qardaşdır. Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu, ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 3) ünvanda yerləşən fərdi yaşayış evi atalarından miras qalmışdır;
3. Bakı Şəhəri ** saylı notariat ofisinin ##.##.2024-cü il tarixli qərarı ilə miras əmlakdan Cavabdeh çatası açıq saxlanılan 1/6 payın digər vərəsə İddiaçı verilməsindən imtina edilmişdir;
4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu, ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 3) ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı mülkiyyətindədir, 1/6 hissə açıq saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək onun və cavabdehin mərhum atası X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Savxozu, ev 121; Yeni qaydalarla: AZ1018, ünvan 3 ünvanda yerləşən, sahəsi 17.7 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh çatası 1/6 hissədə payın cuzi hissə təşkil etdiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən həmin hissəyə görə cavabdehə kompensasiya ödənilməsi və həmin hissənin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 ## ######## 2006-cı il tarixdə vəfat etmişdir. Onun ünvan 1 ünvanında ümumi sahəsi 17.7 kv.m olan fərdi yaşayış evi olmuşdur. Atası sağlığında həmin əmlaka dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması barədə Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayon İcra hakimiyyətinin ## ###### 1992-ci il tarixli *** saylı sərəncamı əsasında, 21595 reyestri ilə, 606 nömrə ilə qeydə alınmış "qeydiyyat vərəqəsi"ni almışdır. Onun vərəsələri iddiaçı, anası, cavabdeh qardaşı Cavabdeh və X1 olmuşdur. Qardaşı Cavabdeh hələ atasının sağlığında onlardan uzaqlaşmış, faktiki olaraq harada yaşadığı onlara məlum olmamışdır. ##.##.2023-cü il tarixdə anası Məlikova Zemfira İlyas qızı müvafiq sənədlərlə Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2023-cü il tarixli arayış verilmişdir. Vərəsəlik işinin gedişatında anası Məlikova Zemfira İlyas qızı atasından miras qalmış qeyd etdiyi əmlakdan ona düşən miras payını ona bağışlama etmiş, onunla anası arasında ##.##.2023-cü il tarixdə miras payın bağışlanması haqqında müqavilə bağlanmışdır. Qardaşı X1 qeyd etdiyi miras əmlakdan imtina etməsi barədə ## ####### 2023-cü il tarixdə imtina ərizəsi vermişdir. Bütün vərəsəlik işinin gedişatında cavabdeh qardaşı qeydiyyat ünvanına göndərilmiş bildirişlərə baxmayaraq o vərəsəlik işində iştirak etməmiş, miras payını qəbul etməsi barədə ərizə ilə heç bir formada notariat kontoruna müraciət etməmişdir. O ümumiyyətlə onlardan uzaqda yaşamış, aralarında gediş-gəliş olmamışdır. Onun faktiki ünvanı məlum olmamışdır. Valideynlərinə də iddiaçı baxmışdır. Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu İsmayılov Elşən Əyyub oğlu tərəfindən mənə verilmiş ##.##.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə ##.##.2006-cı il tarixdə vəfat etmiş atası X4 miras əmlakından 5/6 hissədə pay almalı olduğu göstərilmişdir. Həmin şəhadətnamədə həmçinin miras əmlakdan 1/6 hissədə payın açıq saxlanıldığı qeyd olunmuşdur. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda onun 5/6 hissənin, atası adına 1/6 hissənin açıq qaldığı qeyd olunmuşdur. Anası ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh heç anasının dəfn mərasiminə belə gəlməmişdir. Göründüyü kimi cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir. Ümumiyyətlə ona edilən bütün xəbərdarlıq və bildirişlərə məhəl qoymamışdır. Bu isə ümumi sahəsi 17.7 kv.m olan kiçik bir evdən onun 5/6 hissədə payımla bağlı mülkiyyətçi kimi hüquqlarımı həyata keçirməyə maneə olur. Yaşayış sahəsi çox kiçik olduğu üçün fərdi yaşayış evinin naturada bölgüsü isə texniki cəhətdən qeyri-mümkündür. Açıq qalmış 1/6 hissə onun 5/6 hissədə olan mülkiyyət hüququnun tam həyata keçirməyinə maneə olur. Həmin əmlakla bağlı nə alqısatqı, nə də ki bağışlama edə bilmir. Cavabdeh isə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Notariusun müraciətlərinə məhəl qoymamışdır. Bu yaxınlarda Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət edərək Cavabdeh çatası açıq saxlanılan 1/6 payın ona verilməsini xahiş etmişdir. Lakin həmin notariat ofisi ona ##.##.2024-cü il tarixli imtina məktubu vermişdir.
7. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə bildirməmişdir.
8. Məhkəmənin ## ### 2024-cü il tarixli qərardadı əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/****-*/**** saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, paylara düşən sahə (yaşayış və yardımçı sahə) az təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin paylara uyğun naturada təcrid şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
9. Məhkəmənin ## ####### 2024-cü il tarixli qərardadı əsasında tərtib edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, № **** saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evinin bir kvadrat metrinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 700 (yeddi yüz) manat müəyyən edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən 2.065 manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın cavabdeh Cavabdeh tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Samirə Eyvazova).
11. Birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsinə istinadən qeyd etmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
12. Məhkəmə tərəfindən cavabdehin mübahisəli əmlakda payının cüzi olması, (17,7 kv.min 1/6 payı), naturada ayrılmasının mümkün olmaması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması müəyyən edilmiş həmçinin, ##.##.2024cü il tarixli mübahisəli əmlakın qiymətləndirilməsinə dair rəy nəzərə alınaraq belə qənaətə gəlinmişdir ki, cavabdehin mülkiyyət hüququna xitam verilməsi müqabilində ona 2.065 manat (17,7:6=2,95; 2,95x700=2065) məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinin İ, II, III, IV, VII bəndlərinə, 60-cı maddəsinin İ bəndinə, İnsan hüquqlarının və X8 X11na dair İ Protokoluna, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3, 148.2, 152.1, 152.5, 213.1, 213.2-213.4, 218.1, 220.1- 220.6, 1243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ##### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 115, 117.1, 117.2, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 217.5, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh (nümayəndəsi və vəkili vəkil3) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən cavabdehin payının cüzi olmasını əsas gətirərək Mülki Məcəllənin 220.4-cü maddəsinə istinad etmişdir. Həmin maddənin tələbləri hazırki mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, kompensasiya payının naturada ayrılmasını tələb edən mülkiyyətçiyə ödənilir. Lakin cavabdeh payının naturada ayrılmasını tələb etməmişdir. Belə olan halda, cavabdehin kompensasiya verilməklə ata evindən məhrum edilməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozmuşdur. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara tam olaraq əməl edilməmişdir. Mübahisə predmeti olan mənzilin naturada bölgüsü mümkün olmadığından bu zaman ayrılan paylı mülkiyyətçiyə öz payının dəyərinin kompensasiya şəklində ödənilməsi məsələsi ortaya çıxır və bu məsələ məhkəmə tərəfindən araşdırılmalıdır. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə cavabdehin kompensasiya verməklə bağlı mövqeyini araşdırmadan birbaşa olaraq onu mülkiyyət hüququndan məhrum etmişdir. Həmçinin, işə məhkəmədə baxılan zaman çəkişmə prinsipinə riayət olunmamışdır. Belə ki, cavabdeh məhkəmə proseslərindən xəbərdar olmamış, onun məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Yalnız icra mərhələsində qətnamə qəbul edilməsindən xəbərdar olmuşdur. ##.##.2025-ci ildə qətnaməni əldə etmişdir. Nəticədə çəkişmə prinsipinin tələbləri pozulmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməsi qət ediımişdir. (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova).
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı mülkiyyətindədir və əmlaka dair 1/6 hissədə Cavabdeh çatası pay açıq saxlanılmışdır. Miras əmlaka dair payların müəyyən edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmasa da, ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair mübahisə mövcuddur. Cavabdehin miras əmlakın 1/6 hissəsinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmasa da, onun həmin əmlaka dair “qanuni gözlənti”si var. Kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə paylı əmlakın iki mülkiyyətçisi olduğundan mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsi tətbiq edilə bilməz.
18. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Göründüyü kimi, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü, bu mümkün olmadıqda isə əşyanın məhkəmə qərarı ilə hərracdan satılması barədə iddia tələbi sürülə bilər.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 221-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.5, 217.3, 217.4, 384.0.2, 385-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin payının cüzi olması onun hərracda satılmasına ehtiyac yaratmır ona görə ki, Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qeyd olunan maddədə sadalan bütün hallar məhkəmədə sübuta yetirlmişdir, müvafiq ekspertizalar keçirilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X8 X11:
24. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
27. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
28. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
32. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).
37. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).
38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (hazırkı iş üzrə mirasın açıldığı vaxt qüvvədə olan redaksiya).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 167.1.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edir.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
46. Məlum olduğu kimi, hər bir işin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələbin mahiyyətini və məqsədini aydınlaşdırmaq, onun çatmaq istədiyi hüquqi mənafeyi, mübahisə predmetinə münasibətdə tərəflərin hüquqi vəziyyətini müəyyən etmək məhkəmələrin vəzifəsidir.
47. Bu səbəbdən Ali Məhkəmənin müxtəlif qərarlarında dəfələrlə vurğulanmışdır ki, mübahisəyə mahiyyəti üzrə baxan hakimin işin hüquqi vəziyyətini aydınlaşdırmaq və tərəflərlə müzakirə etmək vəzifəsi Mülki Prosessual Məcəlləsinin 14.1-ci və 167.1-ci maddələrindən irəli gəlir. Həmin normalar tələb edir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratsın, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etsin, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etsin, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərsin, eyni zamanda hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verərək onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə etsin (§ 39-40).
48. Göstərilən prosessual tədbirlər nəticəsində aydınlaşdırılmış iddia tələbləri və ona etiraz üzrə hüquqi dəyərləndirmə aparılmaqla tərəflərin bildirdikləri və iş üçün əhəmiyyətli olan hallara uyğun gələn maddi hüquq normaları tapılmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluq (uyğunsuzluq) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)in qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
49. “İura novit curia” (məhkəmə hüququ bilir) prinsipi nəzərə alınaraq, məhkəmə qərarlarında qərarlarda dəfələrlə qeyd olunmuşdur ki, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil.
50. Baxılan işdə iddiaçının irəli sürdüyü tələbə birinci instansiya məhkəməsi ümumi paylı mülkiyyətdən payın ayrılmasına dair Mülki Məcəllənin 220-ci maddəsi əsasında qiymət vermiş, apellyasiya məhkəməsi isə bunun yalnış olduğunu bildirərək iddiaçıya ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə həmin Məcəllənin 221-ci maddəsi ilə ayrıca iddia qaldırmaq hüququnu izah etməklə tələbi rədd etmişdir.
51. Nəticə etibarilə, mübahisə obyektinə münasibətdə tərəflər arasında mövcud olan ixtilaf ona tətbiq edilməli olan hüquq normaların müzakirəsi ilə yekunda həll edilmədən açıq qalmışdır. Halbuki, tərəflər mübahisəli hüquq münasibətləri üzrə faktları məhkəməyə təqdim etmişlərsə, ona hansı hüququn tətbiq edilməli olduğunu hakim özü müəyyənləşdirməklə mübahisəni elə bu işin içində həll etməli idi. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.
52. Daha əvvəl qeyd edildiyi kimi, əgər mübahisənin həqiqi mahiyyətinin nədən ibarət olduğunu aydınlaşdırmaq üçün təqdim olunmuş faktlar kifayət etmirsə və ya ziddiyyətlidirsə, bunları aydınlaşdırmaq üçün işin hüquqi vəziyyətini tərəflərlə müzakirə etmək yenə də məhkəmənin vəzifəsidir.
53. Baxılan işdə belə bir ziddiyyətin olduğu və məhkəmələr tərəfindən aradan qaldırılmadığı diqqəti cəlb edir. Belə ki, tələb iddia ərizəsinin nəticə hissəsində ümumi mülkiyyət hüququna kompensasiya müqabilində xitam verilməsi məzmununda belə ifadə edilmişdir: “...fərdi yaşayış evindən Cavabdeh çatası 1/6 hissədə payın cuzi hissə təşkil etdiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən həmin hissəyə görə cavabdehə kompensasiya ödənilməsi və həmin hissənin iddiaçının mülkiyyətinə verilməsi...”.
54. Məlum olduğu kimi, bir əşya üzərindəki mülkiyyət hüququ iki payçıya aid olduqda, onların ümumi mülkiyyət vəziyyətindən çıxması Mülki Məcəllənin 221-ci maddəsi ilə tənzimlənir. Bu maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli, **/**** №-li qərarında geniş izahlar verilmişdir.
55. Ona görə də hazırkı işdə kassasiya tərkibi, apellyasiya məhkəməsinin mövqeyinə münasibətdə aşağıdakıları xatırlatmaqla kifayətlənəcək.
56. Əvvəla, Mülki Məcəllənin 221-ci maddəsinin tətbiq edilməsi üçün tərəflərin mübahisənin obyekti üzərində mülkiyyət payları müəyyən edilmiş olmalıdır. Odur ki, bir tərəfin mülkiyyət payına sahib olması və payın nisbəti təsbit edilmədən bölgü aparıla bilməz.
57. Bu səbəbdən Məcəllənin 223.2-ci maddəsində göstərilir ki, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər (§ 28).
58. Baxılan işdə iddiaçının mübahisə obyektinə 5/6 payla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, açıq saxlanılmış 1/6 pay həmin reyestrdə cavabdehin adına qeydə alınmamışdır.
59. Bu səbəbdən məhkəmənin birinci vəzifəsi cavabdehin əmlak üzərində 1/6 pay hüququna malik olub-olmadığını təsbit etmək idi. Lakin həmin xüsusatla bağlı hüquqi vəziyyətin nədən ibarət olması işdə qaranlıq qalmışdır.
60. Şübhə yoxdur ki, tərəflərin mübahisə obyektinə olan hüquqları vərəsəlik hüququndan irəli gəlir. Onların atasının 2006-cı ildə vəfat etdiyi nəzərə alındıqda vərəsəlik və mülkiyyət hüquqları üçün Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 1243.1-ci, 1246-cı və 1255-ci maddələrinin tələbləri əhəmiyyət kəsb edir.
61. Bu normalara görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 33,36,38).
62. Adıçəkilən Məcəllənin 1248.1-ci maddəsində belə bir qayda da nəzərdə tutulmuşdur ki, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (§ 37).
63. Hazırkı işdə iddiaçı bir tərəfdən (iddia ərizəsinin nəticə hissəsində) fərdi yaşayış evindən Cavabdeh çatası 1/6 hissədə payı sanki tanıdığını bildirərək hətta bu payın müqabilində kompensasiya verməyi təklif edir (§ 5).
64. Bununla yanaşı, iddiaçı ərizəsinin təsviri-əsaslandırıcı hissəsində bildirmişdir ki, “...cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir. Ümumiyyətlə ona edilən bütün xəbərdarlıq və bildirişlərə məhəl qoymamışdır. ...Cavabdeh isə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Notariusun müraciətlərinə məhəl qoymamışdır. Bu yaxınlarda Bakı şəhəri ** saylı Notariat ofisinə müraciət edərək Cavabdeh çatası açıq saxlanılan 1/6 payın ona verilməsini xahiş etmişdir. Lakin həmin notariat ofisi ona ##.##.2024-cü il tarixli imtina məktubu vermişdir”. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı cavabdehin mirası qəbul etmədiyini dəfələrlə vurğulayır (§ 6).
65. Belə olan halda, məhkəmələr mübahisənin həllinə elə buradan – vərəsəlik hüququ üzrə araşdırmadan başlamalı idilər ki, mübahisə predmeti olan 1/6 paya münasibətdə iddiaçının mənafeyi və əldə etmək istədiyi hüquqi nəticə nədən ibarətdir?
66. Əgər iddiaçı, cavabdehin mirası qəbul etməməsi nəticəsində 1/6 paya münasibətdə hüququnu itirdiyini iddia və sübut edə bilirsə, bu zaman işə vərəsəlik hüquq normalarının tələbləri çərçivəsində baxılaraq mübahisəyə yekun hüquqi qiymət verilməli idi.
67. Yox əgər, iddiaçı, cavabdehin 1/6 miras payını mübahisələndirmədən qəbul edirsə, yaxud mübahisələndirsə belə, ümumi sübutetmə qaydaları çərçivəsində cavabdehin qeyd olunan payını məhkəmə təsbit edirsə, o zaman iki payçı arasında ümumi mülkiyyət hüququna xitam verilməsinə dair Mülki Məcəllənin 221-ci maddəsinin tələbləri çərçivəsində iddia həll edilməlidir. Bunun üçün iddiaçının məhz həmin maddəyə əsaslanaraq ayrıca iddia qaldırmasına gərək yoxdur. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli, **/**** №-li qərarında göstərildiyi kimi, əgər iddiaçı, hərrac mərhələsi də daxil olmaqla, qəti şəkildə cavabdehlə olan şərikliyinə son vermək istəyirsə, normadakı ardıcıllığa uyğun yoxlama aparılmaqla mübahisənin yekun həllinə dair qərar çıxarmalıdır.
68. Baxılan işdə apelyasiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ziddiyyətləri aradan qaldırmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 39-42).
69. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X8 X11 6-cı maddəsində əks olunan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur (§ 23-24).
70. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
71. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, ziddiyyətli və mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.