Məhkəmə qərarları › İş №2(1-8)-456/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-456/2026

30.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-456/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Qəribov İsmayıl Araz oğluna və cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X1 iddiaçı İddiaçı və İsmayıl Qəribovun atası, cavabdeh2 isə sonuncunun arvadıdır;

3. ##.##.2019-cu ildə Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsindəki 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən 92,80 kv.metrlik fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) dair X1 adına texniki pasport tərtib edilmişdir;

4. Cavabdehlərin mübahisəli ev üzərində istifadə hüququ 2019-cu ildə məhkəmə qaydasında tanınmışdır;

5. ##.##.2021-ci ildə X1 mübahisəli evi qızı iddiaçı İddiaçı bağışlamışdır;

6. ##.##.2021-ci il tarixdə mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı qanuni nümayəndəsi vasitəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birinə 7500 manat olmaqla, cəmi 15000 manat kompensasiya ödənilməsi yolu ilə onların və yetkinlik yaşlarına çatmayan uşaqlarının mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının qardaşı və onun arvadıdır. Onların 2 uşaqları var. Cavabdehlər həmin evdə qeydiyyatda olmasalar da, qardaşı İsmayıl 2011-ci ildən, onun arvadı Könül isə 2015-ci ildən burada yaşayırlar. Münasibətləri yaxşı deyil, o səbəbdən birgə yaşamaları mümkünsüzdür. Belə ki, hər gün evdə söz-söhbət, mübahisə olur. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

9. İddiaçı tərəf izahatında bildirmişdir ki, kirayə haqqını 400 manatdan hesabladıqda, 36 ay müddət üçün 14500 manat edir, onların təklifi isə 15000 manat olmaqla daha artıqdır. 10.Cavabdeh cavabdeh2 etirazını təklif olunan məbləğlə razı olmaması ilə əsaslandırmışdır. Onun mövqeyinə görə, iddiaçı tərəfindən ona və ailə üzvlərinə hər birinə 15.000 manat olmaqla, cəmi 60.000 manat verilərsə, evdən çıxa bilərlər. Həmin ərazidə kirayə haqqı aylıq 500 manatdır. 11.Digər cavabdeh izahatında bildirmişdir ki, mübahisənin səbəbi arvadı ilə bacısı olan iddiaçının yola gedməməsidir. Ailə üzvləri hesab edirlər ki, arvadı evi ələ keçirib, sonra onunla boşanacaqdır. Bu səbəbdən evdə anlaşılmazlıq yaranıb. Evin dəyərinin 140.000 manat olmasına baxmayaraq, onlara cəmi 15.000 manat kompensasiya təklif olunur. 12.İş üzrə alınmış “xxxx” Konsaltinq MMC-dən alınmış mütəxəssis rəyinə görə mübahisəli evin orta bazar qiyməti 100.000, likvid dəyəri 80.000 manat olmaqla, həmin ərazidə aylıq kirayə haqqı 250-350 azn təşkil edir. 13.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Məlahət Abbasova). 14.Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları vardır, bu hüquq iddiaçı tərəfindən də qəbul olunur. Lakin, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə, elcəə də Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməlidir. 15.Məhkəmə təqdim olunan mütəxəssis rəyini nəzərə alaraq, iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğini məqbul hesab etmişdir. Belə ki, bu məbləğ cavabdehlərin mübahisəli evə oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət (təqribən 42 ay) təmin olunmasına kifayət edəcəkdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16.Cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mütəxəssis rəyi vermiş MMC-nin bütün hesabat və rəylərinin etibarsız olması ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, cavabdehlər keçmiş ailə üzvü deyillər. Belə ki, cavabdehlər nikahdadırlar. 18.Cavabdehlər izahatlarında cəmi 20.000 manat kompensasiya məbləği ilə razı olduqlarını bildirmişlər. 19.İddiaçının nümayəndəsi izahatında məbləğin artırılmasının mümkün olmadığını bildirmişdir. 20.“Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti” (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində mübahisəli evin torpaq sahəsi birlikdə real bazar dəyəri həmin tarixə 134000 manat təşkil etdiyi qeyd olunmuşdur. 21.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Lalə Rəhimli, Ayaz Mahmudov). 22.Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, iddiaçı cavabdehlərin hər birinə 7500 manat olmaqla, ümumilikdə 15000 manat kompensasiya verilməsini təklif etmiş, cavabdehlər isə ümumilikdə 20000 və 25000 manat kompensasiya məbləği tələb etmişlər ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya məbləğini ədalətli və qanunauyğun hesab etmişdir. 23.Məhkəmə kollegiyası qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" ## ### 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## ######## 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. 24.Məhkəmə kollegiyası ödəniləcək ödəniləcək kompensasiyanın məbləği ilə bunları əlavə etmişdir: Konstitusiya Məhkəməsi ##.##.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməkdədir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, 15000 manat kompensasiya məbləği mənzilin dəyərinin təxminən doqquzda bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25.Cavabdeh cavabdeh2 (vəkil: İsrafilov İsgəndər Babasən oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26.Kassasiya şikayətinin yeganə dəlili belə əsaslandırılmışdır ki, apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyi natamam olmuş, mənzilin dəyəri ilə bağlı suallar ünvanlansa da, kirayə qiymətlərinə dair sual qoyulmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 30.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

36.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 37.Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 39.Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları olsa da Mülki Məcəllənin 228.5-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il qərarına əsasən, bu hüquqlara kompensasiya ödənilməklə xitam verilməlidir. Təklif olunan kompensasiya məbləği mütəxəssis rəyinə əsasən məqbul sayılmış və qeyd edilmişdir ki, bu məbləğ cavabdehlərin təxminən 42 ay oxşar yaşayış sahəsi ilə təmin olunmasına kifayət edəcəkdir. 40.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 41.O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 43.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar