Məhkəmə qərarları › İş №2(1-8)-467/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-467/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-467/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: deliktdən irəli gələn mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ##.##.2024-cü il tarixdə saat 20.00 radələrində Bakı şəhəri, Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində idarə etdiyi “BYD Destroyer 05” hibrid markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin III bəndinin tələbini pozaraq, İddiaçı məxsus “BMV X-5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə İddiaçı maddi ziyan dəymişdir.

2. “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin III bəndinin tələbini pozduğu üçün Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq ##.##.2024-cü il tarixdə Bakı şəhəri, DYP İdarəsi tərəfindən inzibati protokolqərar qəbul edilərək, o 40 manat inzibati qaydada cərimə edilmişdir.

3. “İmprotex Motors” MMM-nin tərəfindən tərtib edilmiş dəymiş ziyan aktına əsasən, “BMW X-5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 17,654.43 manat ziyan dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi 12.654,43 manat, qəza nəticəsində avtomobilin öz dəyərini itirməsinə görə 5.000 manat, ödənilmiş dövlət rüsumuna görə 142,96 manat olmaqla, ümumilikdə 17.797,39 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Təbriz küçəsi ilə Ağa Neymətulla küçələrinin kəsişməsində cavabdeh “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin III bəndinin tələbini pozaraq, idarə etdiyi “BYD Destroyer” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının idarə etdiyi “BMW X-5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin zərbənin təsirindən iddiaçının avtomobilinin ön hissəsinə ciddi zərər dəymişdir. “Yol hərəkəti haqqında” AR Qanunun 50-ci maddəsinin III bəndinin tələbini pozduğu üçün ##.##.2024-cü il tarixdə Bakı şəhər DYP İdarəsi tərəfindən cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsind protokol tərtib edilmiş və ##.##.2024-cü il tarixdə onun 40 manat cərimə edilməsinə dair inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər “BMW” servisinin “İmprotex Motors” MMC-də texniki baxış zamanı tərtib olunmuş qüsur aktına əsasən 17.654,43 manat qiymətləndirilmişdir. Həmin zərərdən “xxxx” ASC tərəfindən iddiaçıya 5.000 manat ödənilmişdir. Avtomobilin təmiri üçün qalan zərər şəxsən iddiaçının özü tərəfindən qarşılanmışdır. Hazırda qalıq məbləğ və avtomobil qəzalı status aldığına görə yaranmış fərqin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının pozulmuş hüquqlarımın bərpası üçün yeganə çıxış yolu məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin idarə etdiyi avtomobil həmin zaman X1 olmuş cavabdeh də həmin vaxt avtomobili etibarnamə əsasında idarə etmişdir. Daha sonradan isə avtomobili öz mülkiyyətinə qeydiyyata aldırmışdır. Hazırda həmin avtomobil onun sahibliyindədir. Buna görə də iddianın təmin edilməlidir.

6. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində qeyd edilən məbləğdə deyil. Belə ki, iddiaçının avtomobilin qiymətləndirilməsi barədə müstəqil ekspertə müraciət etmiş, ekspert tərəfindən “BMW X-5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8466.55 manat müəyyən edilmişdir. Buna görə də, avtomobilə görə ödənilmiş sığorta ödənişi qeyd edilən məbləğdən çıxılmalı və iddianın 3466,55 manat həddində təmin edilməsini xahiş etmişdir.

7. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən “BMW X5” markalı avtomobilə 16.360 manat maddi ziyan dəymişdir.

8. Göyçay Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş ziyana görə 11.360 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı dəymiş ziyana görə pulu cavabdehdən tələb etməkdə haqlıdır.

10. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilərkən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli ekspert rəyi əsas götürülməli, iddiaçının avtomobilinə dəymiş ziyan ekspert rəyində göstərilən həddə təmin edilməlidir. Həmçinin avtomobilə dəymiş ziyanın məbləği olan 16.360 manat pul vəsaitindən 5000 manat sığorta ödənişi çıxılmalıdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə baxışı zamanı “BMW X-5” markalı Universal tipli 99- EG-009 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində 5.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir.

12. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21, 1097.1, 1108.1-ci, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən, yəni 3466,55 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği iddia ərizəsində məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində qeyd edilən məbləğdə deyildir. Belə ki, o, cavabdeh tərəf olaraq iddiaçının avtomobilinə dəyən zərərin qiymətləndirilməsi barədə müstəqil ekspertə müraciət etmiş, ekspert tərəfindən “BMW X-5” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 8466,55 manat müəyyən edilmişdir. Buna görə də, avtomobilə görə ödənilmiş 5000 manat sığorta odənişinin qeyd edilən məbləğdən çıxılması və iddianın 3466.55 manat həddində təmin edilməsi məqsədə müvafiqdir. Çünki, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən qüsur aktında göstərilən “BMW X-5” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği əmək haqqı daxil olmaqla 8.466,55 manat müəyyən olunmuşdur. Halbuki, birinci instansiya məhkəməsi bu hala istinad etməmişdir. Bu səbəbdən də iş üzrə xüsusi bilik tələb edən mütəxəssis rəyinə hüquqi qiymət verilməsi vacib məsələdir. Rəydə isə “BMW X-5 markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği əmək haqqı daxil olmaqla 8.466,55 manat müəyyən olunması ədalətli qəbul edilmiş rəydir. Bütün bu müddəaları nəzərə alaraq qanuni əsasla işin hər tərəfli obyektiv və subyektiv araşdırılması zərurəti yarandığı halda birinci instansiya məhkəməsi belə kobud bir qanunsuz qətnamə qəbul etmişdir. Göyçay Rayon Məhkəməsi iş üzrə heç bir sübutu qiymətləndirməmiş, işin faktiki hallarını araşdırmamış və hər hansı bir rəsmi sənədi mötəbər sübut kimi dəyərləndirməmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Sadiqov- sədrlik edən, məruzəçi, E.Hüseynov və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələblərinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və cavabdehin apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir.

17. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyil. Eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, habelə MPM-nin 77.1, 88, 106.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ziyan qəsdən vurulmamış, cavabdehin nəqliyyat vasitəsinə ziyan dəyməsi nəzərə alınmamış, mülki hüquqların müdafiəsi pozulmuş, iddiaçının tələbi əsassız varlanmaya yönəlmişdir. İddiaçı hüquqi əsası olmadan cavabdehin hesabına əmlak (pul) əldə etməsidir. Ekspert rəyi hər hansı bir hüquqi şəxs tərəfindən hesablanmış qiymət cədvəlinə əsaslanmışdır. Avtomobil ekspert tərəfindən rəy verilməsi üçün ekspertiza olunmamışdır. Hətta ekspert qarşısında birinci instansiya tərəfindən qoyulmuş suallarda belə qərəzlilik vardır. Birinci instansiya məhkəməsi dolayısı ilə ekspert qarşısında qoymuş olduğu suallarda “İmprotex Motors” MMC tərəfindən təqdim edilmiş cədvələ yönəlmişdir. Təqdim edilmiş sübutlar aydınlaşdırılmamış, sosial şəbəkədə yerləşdirilmiş video ekspertin rəy verilməsi üçün əsas olsa da, fantastik məbləğdə hesablanmış qüsur aktı əsas götürülmüşdür. Ekspert öz rəyində İmprotex Motors tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli cədvələ əsaslanmasını göstərmiş və dəymiş maddi ziyanı demək olar ki, eyni məbləğdə hesablamışdır. Belə ki, ekspert şəxsən avtomobilə baxış keçirməli, həqiqətən göstərilmiş olan ehtiyat hissələrinin yenisi ilə əvəzlənməsinə dair öz rəyində qeydlər etməlidir. Ekspert ümumilikdə cədvəldə olan detalların qiymətlərini olduğu kimi, heç bir araşdırma aparmadan rəyə əlavə etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi işə qərəzli, tərəflərin hüquq bərabərliyi prinsipinə əsasən, faktlara və qanunamüvafiq baxmamışdır. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin müddəasını pozaraq, mülki mübahisə üzrə real zərərin dəqiq həddini müəyyənləşdirməmiş, sübutlardan biri olan və digər sübutlarla birgə qiymətləndirilməli olmalı ekspert rəyini əsas götürmüş, nəticədə də, qüsurlu nəticəyə gəlmişdir. İş üzrə məhkəmə maddi zərərin ödənilməsi hissəsində ekspert rəyində göstərilən məbləği əsas götürərək qətnamə qəbul edərkən cavabdehi ekspertin verdiyi rəylə tanış etməmiş, bu rəyə olan fikir və mülahizəsinə şərait yaratmamışdır. Apellyasiya məhkəməsi cavabdehə təkrar ekspertiza keçirilməsi üçün vəsatətvermək hüququnu ümumiyyətlə izah etməmişvə ya öz təşəbbüsü ilə bunu həyata keçirməmişdir. İddiaçı, “xxxx“ ASC-nin rəhbərləyinə ##.##.2024-cü il tarixdə yazdığı ərizəsində avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkətinə və zərərvurana qarşı heç bir iddiasının olmadığını bildirmiş və bunu öz imzasıyla təsdiq etmişdir. Nə birinci, nə də apellyasiya instansiya məhkəməsi icbari sığorta şirkəti olan xxxxdan ilkin olaraq qiymətləndirmə cədvəlini tələb etməmiş və onların təqdim etdiyi sənədlə ekspertlərin rəylərini müqayisə etməmişdir. Belə ki, iddiaçı icbari sığorta olaraq “xxxx” ASC-dən 5.000 manat vəsait əldə etmişdir. Cavabdeh tərəfin təqdim etdiyi ekspert rəyinə isə heç bir fikir bildirilməmişdir. Ekspert rəylərinin arasında həqiqətən çox böyük fərq olmasını görən məhkəmələr nədənsə iddiaçının təqdim etiyi sübutlara əsaslanmış və birinci instansiya məhkəməsi dolayısı ilə “İmprotex Motors” tərəfindən hesablanmış cədvələ uyğun hərəkət edilməsini ekspertə tapşırmışdır. Ehtiyat hissələrinin haradan alınmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərərin vurulması işin mübahisə olunmayan halıdır. Belə olan halda iddiaçı dəymiş ziyana görə cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur.

42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisə əslində iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlıdır.

43. Birinci instansiya məhkəməsi cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirici rəyinə istinad etmişdir.

44. Belə ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği 16.360 manat olmuş, həmin məbləğdən də iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi çıxılmış və beləliklə də cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyana görə cəmi 11.360 manat tutulmuşdur.

45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar