Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1303/2025 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: anbarda saxlama, pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X13 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-1876/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi olaraq 59400 manat və məhkəməyə ödədiyi 270 manat dövlət rüsumu olmaqla, ümumilikdə 59670 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, Cavabdeh 40 min yeşik xurmanı ona məxsus soyuducu anbara 10 oktyabr 2023-cü il tarixdə deyil, 23 oktyabr 2023-cü ildə yerləşdirmişdir. Lakin soyuducu anbarda meyvələrin saxlanılması vaxtının başlanılmasını isə 23 oktyabrdan deyil, 01 noyabr 2023-cü il tarixdən hesablanaraq aralarında olan şifahi razılaşmaya əsasən hər yeşik üçün 75 qəpiq olmaqla ümumilikdə hər ay üzrə 30000 (otuz) min manat pul hesablanmışdır. Cavabdeh soyuducu anbarda saxlanılan xurma yeşiklərini 06 dekabr 2023-cü il tarixdən başlayaraq hissə-hissə, təxminən beş ay ərzində, sonuncu meyvələri isə 18 mart 2024-cü il tarixdə götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən Məzahirə məxsus meyvələr soyuducu anbarda iki ay ərzində 60000 (altmış) min manat ona ödənilməklə (noyabrdekabr) aylarında saxlanılmalı idi. Lakin Məzahir ona məxsus soyuducu anbarın bir hissəsini 2 ay deyil 4 ay 18 gün zəbt etdiyindən o yenə də ona güzəşt edərək, onun üçün 5 (beş) ayın pulunu deyil, 3 (üç) ayın pulunu hesablamışdır. Buda ümumilikdə 90000 (doxsan) min manat edir. Məzahir isə ona həmin məbləğdən cəmi 30600 (otuz min altı yüz) manat ödəyərək, yerdə qalan 59400 (əlli doqquz min dörd yüz) manatı borclu qalmışdır.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Hacıhüseynli kəndində mülkiyyətində olan 4.38 ha torpaq sahəsində Quba rayon İcra Hakimiyyətinin 28 dekabr 2011- ci il tarixli sərəncamı ilə meyvə saxlanılması üçün soyuducu anbar inşa etmişdir. Soyuducu anbar 2011-ci ildən istifadəsindədir. Soyuducu anbarda əsas fəaliyyəti özünə məxsus bağ sahələrində yetişən meyvə məhsullarını saxlanılmasıdır. Soyuducu anbarda boş yer qaldıqda isə digər bağ sahiblərinin meyvə məhsullarını saxlancda saxlamaqdan ibarətdir. Göyçay rayonu Çayarxı kəndində yaşayan Cavabdeh xurma məhsullarını Göyçay rayonundan Rusiya Federasiyasına ixrac etmək üçün təxminən müxtəlif çəkilərdə olan 40 min yeşik xurmanı 10 oktyabr 2023-cü il tarixdə ona məxsus soyuducu anbara yerləşdirmişdir. Hər yeşiyin saxlancda saxlanılması üçün 80 qəpik olmaqla ümumilikdə 40 min yeşik xurma üçün hər ay üzrə 32000 manat məbləğində ona pul ödənilməklə dekabr ayının sonuna qədər, yəni iki ay iyirmi gün olmaqla xurmaların saxlancda saxlanılması barədə Məzahirlə aralarında şifahi şəkildə razılıq əldə olunmuşdur. Məzahir oktyabr-noyabr aylarında soyuducudan meyvə çıxarmamışdır. Dekabır ayında təxminən 4000 latok meyvə soyuducudan çıxarmışdır. Yanvar ayında 13000 latok, fevral ayında 18000 min latok, mart ayında isə Məzahir sonuncu 5000 latok meyvəni soyuducu anbardan çıxarmışdır. Bu müddət ərzində Məzahir saxladığı məhsullara görə ona ümumilikdə 90000 manat pul verməli idi. Məzahir həmin puldan 17000 manatını 2024-ci ilin mart ayında, 13600 manatını isə aprel ayında ona vermişdir. Ümumi yaranan 90000 min manat puldan cəmi 30600 manat məbləğində pulu ona müxtəlif vaxtlarda ödəyərək qalan 59400 manat hissəsini onu aldadaraq ödəmədiyi üçün o, 2024-ci ilin sentyabr ayında Quba RPŞ-nə ərizə ilə müraciət edərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, 59400 manat pulun alınaraq ona verilməsinə kömək göstərilməsini xahiş etmişdir. Quba RPŞ-nin TB-də təhqiqatçı Orxan Qasımzadə tərəfindən ilkin araşdırma aparılaraq material 28 oktyabr 2024-cü il tarixində İB-nə göndərilmişdir. Həmin iş müstəntiq Anar Hacıəbdülhəlimzadənin icraatına həvalə edilmişdir. Nəticədə müstəntiq araşdırma apararaq həmin işdə cinayət tərkibinin olmamasına görə 07 noyabr 2024-cü il tarixdə Cavabdeh barəsində cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Eyni zamanda müstəntiq qərarında qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərilən xüsusatların mülki xarakter daşımasını nəzərə alaraq ona mülki iddia qaydasında məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması izah edilmişdir. Xüsusilə bildirmək istəyir ki, Cavabdehlə 2024-cü ilin may ayının axrı və iyun ayının əvvəllərində sonuncu telefon danışığı olmuşdur. Həmin dövrdə Məzahir ona söz verdi ki, 10 iyun 2024-cü il tarixə kimi ona 59400 manat pulu ödəyəcəkdir. Lakin vəd etdiyi vaxt çatanda yenə bir həftə, on gün gözlə deyərək müxtəlif bəhanələr gətirdi. Məzahir sonrakı dövrdə ona olan borcunu ödəməməsini pərdələmək üçün barəsində DİN-nin 102 xidmətinə müraciət edərək guya o, onun məhsulunu saxlayan zaman məhsulu xarab olmuşdur. Məzahirin bu müraciəti, Quba RPŞ-nin Təhqiqat Bölməsində araşdırılaraq şikayətində bildirdiyi xüsusatlar heçnə ilə sübuta yetmədiyindən Quba RPŞ-nin TB-nin təhqiqatçısı Elçin Həmzəyev tərəfindən 03 sentyabr 2024-ci il tarixdə onun barəsində cinayət işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yalnız bunlardan sonra o, Məzahir tərəfindən aldadıldığını bilərək 2024-ci ilin sentyabr ayında Quba RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Məzahiri bacısı oğlu Ağəmmədin vasitəsi ilə tanımışdır. Uzun illərdir ki, Ağəmməd və digər onun həmkəndliləri və qohumları ona məxsus soyuducu anbara meyvə məhsullarını qoyurlar. Məzahir soyuducuya xurma məhsullarının yerləşdirən vaxtlarda onun bacısı oğlu X5 (tel:050 780-28-28), Məzahirin qohumu və həmkəndliləri X7 (tel:051- 646-14-15) və X10 (tel:***-***-**-**) ona məxsus soyuducu anbara xurma məhsulları yerləşdirmişdirlər. Çox maraqlıdır ki, onların meyvələri soyuducu anbarda xarab olmamış, Məzahirə məxsus meyvələr isə xarab oldu? Məzahirə məxsus meyvələr həqiqətəndə xarab olsaydı zərər çəkmiş tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilməliydi, orqanların əməkdaşları gələrək meyvələrin xarab olma faktını aktlaşdırmaqla təsdiq etməli idilər. Göründüyü kimi Məzahir ona qalan 59400 manat borcunu verməmək üçün min-bir bəhanə edir. Xüsusilə bildirmək istəyir ki, Məzahir meyvələri soyuducudan çıxaran zaman o özü və soyuducuda fəhlə işləyən işçiləri X11 (tel: 070-394-90- 59), X6 (tel: ***- ***-**-**) və X3 (tel:***-***-**-**) orada olmuşlar. Onun məhsullarında heç bir problem olmamışdır. Məzahir malları soyuducudan çıxartdıqdan sonra aidiyyəti dövlət qurumlarından meyvələrin keyfiyyətli olması barədə sertifikat alaraq Xaçmaz rayonuna aparıb oradan vaqonlara yükləyərək Rusiya Federasiyasınsa olan şəriki X2 üstünə göndərmişdir. Bildirir ki, o xx.xx.2005-ci il tarixdən 3 saylı ərazi vergilər idarəsində vergi ödəyicisi kimi (VÖEN nömrə **********) qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh isə vergi ödəyicisi kimi müvafiq dövlət orqanında qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin taxes.gov.az saytına baxış keçirərkən, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda Cavabdeh vergi ödəyicisi olmadığı qeyd edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus soyuducu anbara 40 min yeşik xurma məhsulu qoyaraq ona göstərdiyi xidmət haqı tam ödəmədiyi üçün ona maddi ziyan vurmuşdur. Belə ki, hər il meyvə mövsümü vaxtı ona məxsus soyuducu anbarda boş yer olmur, soyuducu anbara meyvə məhsulları yerləşdirən şəxslər kifayət qədərdir. Məzahir meyvə məhsullarını soyuducu anbara yerləşdirərək oranın bir hissəsini zəbt etməsəydi digər daimi müştəriləri meyvə məhsullarını soyuducu anbara yerləşdirərək onun xidmət haqqını ödəyəcəkdilər.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, hal-hazırda iddiaçı tərəf sübut etməlidir ki, həqiqətən göstərilən sayda yeşik ambara qoyulmuş, şifahi müqavilə bağlanmış, iddia ərizəsində göstərilən məbləğin olması ilə bağlı razılığ olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, soyuducuya müəyyən qədər xurma yeşikləri yerləşdirilmiş, onun əvəzində 18000 ABŞ dolları Cavabdeh tərəfindən İddiaçı ödənilmişdir. Cavabdeh əlavə 59400 manat pulun ödəməli olması ilə bağlı razılığı qəbul etmir. Hesablanma üsulu ilə də razılaşmır. İddiaçı tərəfin əvvəlki iclasda qeyd etdiyi hesablanma üsulu ilə hazırda dediyi hesablanma üsulu bir-biri ilə ziddiyətlidir. İddiaçı tərəf bununla bağlı mövqeyini dəqiqləşdirə bilməmişdir. O, dəqiq xatırlayır ki, İddiaçı əvvəlki iclasda iclasda pul məbləğini hər yeşik üçün aylıq 80 qəpik olmaqla, ay tamam olmadıqda günlərə görə ödəniş hesablandığı bildirilmişdir. O qeyd etmişdir ki, məsələn yeşik əgər 1 ay deyil, 15 gün anbarda saxlanılırsa onda 80 yox 40 qəpik hesablanır. Daha sonra hər yeşik üçün 80 qəpik olmaqla ümumilikdə aylıq 32000 manata razılıq əldə edildiyini, daha sonra hər yeşik üçün 75 qəpik olmaqla ümumilikdə aylıq 30000 manata razılıq əldə edildiyini bildirmişdir, lakin iddianın bu əsası hər hansı mötəbər sübutla təsdiq olunmur. Üstəlik hər yeşik 80 qəpikdən də hesablandıqda, 75 qəpikdən də hesablandıqda yekun borc məbləği dəyişilməz qalmışdır. Hər yeşik üçün məbləğ dəyişdiyi halda yekun borc məbləğinin dəyişilməz qalmasına dair iddiaçı tərəfin əsaslandırılmış mövqeyi də yoxdur. Əksinə bir-birinə zidd, natamam məlumatlar təqdim edilərək məhkəmədə çaşqınlıq yaradılmağa çalışılır. Ancaq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildikdən sonra növbəti iclasda iddiaçının nümayəndəsi mövqeyini dəyişərək bildirdi ki, yeşiklərin sayı əhəmiyyət kəsb etmir, əsas soyuducuda otağın tutub-tutmamaqdır, ona görə də yeşiklərin sayından asılı olmayaraq otaq tutulduğu halda bütöv ay hesablanır ancaq 80 qəpikdən yox, 75 qəpikdən hesablanır. Dediklərinə əsasən də hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) xx.xx.2025-ci il tarixli, 2(046)-1876/2025 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı 59400 manat borc və 270 manat ödənilmiş dövlət rüsumu tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edillməsi qət edilmişdir.
7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından daşınar əşyanın saxlanılmasını özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur. Belə ki, iddiaçı və cavadeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş, həmin razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus soyuducu anbarda özünə məxsus 40 000 yeşik xurma məhsulunu saxlamaya vermişdir.
9. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi saxlama müqaviləsi bağlanmış, iddiaçının bildirdiyinə görə cavabdeh ona məxsus soyuducu anbara 40 000 yeşik xurma məhsulunu 2023-cü ilin oktyabr ayında yerləşdirmişdir. Həmin məhsulu 2 aydan sonra yəni dekabr ayında götürərək 60 000 manat ödəməli olduğu təqdirdə, məhsulunu hissə-hissə olaraq gec götürmüş bu səbəbdən də hazırda ondan 3 ayın pulunu yəni 90 000 manat istəyir. Cavabdeh ona 90000 min manat puldan cəmi 30600 manat məbləğində pulu müxtəlif vaxtlarda ödəyərək qalan 59400 manat hissəsini onu aldadaraq ödəməmişdir. Cavabdeh tələb olunan məbləğlə razı olmayaraq saxlanca verilmiş məhsulun müqabilində əvvəlcədən razılaşdırılmış 18000 ABŞ dollarının İddiaçı ödədiyini bildirmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı soyuducu anbarda məhsulun saxlanılması qarşısında muzdun ödənilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüquqa, yəni məhkəmədə iddia qaldırmaq hüququna malik olmuşdur.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin faktiki halları ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
12. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi iddiaçının özünün də məhkəmə iclasında verdiyi ziddiyətli izahata əsaslanır. Bundan başqa hər iki tərəfin verdiyi vəsatətə əsasən məhkəmə iclasında dindirilən şahidlərin heçbiri tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri, razılaşdırılmış məbləğ, müqavilənin müddəti və işin tam, hərtərəfli və obyektiv həll edilməsinə kömək edən digər məlumat verməmiş, yalnız məhsulun keyfiyyəti ilə bağlı izahat vermişdirlər ki, bu da hazırkı mübahisənin predmeti olmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə məhsulun saxlanılması müqabilində razılaşdırılmış vəsaitin məbləği və həmin məhsulun saxlanılma müddəti ilə bağlı sübut təqdim edilməmişdir.
14. Belə olan halda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh oğlna qarşı pul tələbi əsaslı deyildir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 15, 29, 59cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 425.2, 822, 823.1, 823.2, 827-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015- ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1, 76.2, 82.1, 88, 106.1, 107, 124.2, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir.
18. İşin faktiki halları ondan ibarətdir ki, iş üzrə Cavabdeh 40-min yeşik xurmanı ona məxsus soyuducu anbara 23 oktyabr 2023-cü ildə yerləşdirmişdir. Soyuducu anbarda meyvələrin saxlanılması vaxtının başlanılmasını 01 noyabr 2023-cü il tarixdən hesablanaraq aralarında olan şifahi razılaşmaya əsasən hər yeşik üçün 75 qəpiq olmaqla ümumilikdə hər ay üzrə 30000 (otuz) min manat pul hesablanmışdır. Cavabdeh soyuducu anbarda saxlanılan xurma yeşiklərini 06 dekabr 2023-cü il tarixdən başlayaraq hissə-hissə, təxminən beş ay ərzində, sonuncu meyvələri isə 18 mart 2024cü il tarixdə götürmüşdür. Aralarında olan şifahi razılaşmaya əsasən Məzahirə məxsus meyvələr soyuducu anbarda iki ay ərzində 60000 (altımış) min manat ona ödənilməklə (noyabr-dekabr) aylarında saxlanılmalı idi. Lakin Məzahir ona məxsus soyuducu anbarın bir hissəsini iki ay deyil 4 ay 18 gün zəbt etdiyindən o, yenə də ona güzəşt edərək, onun üçün 5 (beş) ayın pulunu deyin, 3 (üç) ayın pulunu hesablamışdır. Buda ümumilikdə 90000 (doxsan) min manat edir. Məzahir isə ona həmin məbləğdən cəmi 30600 (otuz min altı yüz) manat ödəyərək, yerdə qalan 59400 (əlli doqquz min dörd yüz) manatı borclu qalmışdır.
19. Məhkəmə tərəfindən müəyyən edilmiş aşadıdakı halları qəbul edir. Belə ki, məhkəmə qətnamənin məhkəmənin mövqeyi hissəsində qeyd edir ki, məhkəmə müəyyən etdi ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından daşınar əşyanın saxlanılmasını özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur. Belə ki, iddiaçı və cavadeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş, həmin razılaşmayaəsasən cavabdeh iddiaçıya məxsus soyuducu anbarda özünə məxsus 40 000 yeşik xurma məhsulunu saxlamaya vermişdir.
20. Tərəflər arasında məhsulun saxlanılması ilə bağlı qiymətin razılaşdırılmasına görə məhkəyə sübut təqdim etməməklə bağlı bildirir ki, məhkəmə iclasında şahid qismində dindirilən X14 izahat verərək bildirmişdir ki, iddiaçı X1 15 il müddətdir ki, tanıyır, ona məxsus soyudusuna müxtəli vaxtlarda məhsul qoyduğunu bildiri. Şahidə, nümayəndəsi və vəkili Nümayəndə tərəfindən sonuncu dəfə 2023-cü ildə özünə məxsus xurma məhsulunun İddiaçı məxsus soyuducu anbarda saxlanılması üçün aralarında qiymətlə bağlı razılaşmaya dair sual verildikdə isə şahid bildirmişdir ki, 2023cü ilin noyabr-dekabr ayları üzrə, yəni iki ay ərzində məhsulun soyuducu anbarda saxlanılması üçün İddiaçı hər yeşik üçün 1.50 AZN (bir manat əlli qəpiq) pul ödəmişdir. Yəni hər ay üzrə hər yeşik üçün soyuducu anbarda məhsulun saxlanılması üçün 0.75 qəpiq ödəmişdir. Şahidin bu izahatıda özü özlüyündə sübut edir ki, onunla iş üzrə Cavabdeh arasında xurma məhsullarının soyuducu anbarda saxlanılması görə qiymətlə bağlı (iddia ərizəsində və məhkəmə iclasında izahatinda bildirdiyim kimi) bir ay ərzində məhsulun hər yeşiyinin soyuducu anbarda saxlanılması üçün razılaşma 0.75 qəpiq qəpiq olmuşdur.
21. O, məhkəməyə verdiyi izahatında dəfələrlə bildimişdir ki, ona məxsus soyuducu anbara il ərzində müştərilər tərəfindən qoyulan məhsulların qiyməti hamıya münasibətdə eyni olur. Məhkəmə isə işin nəticəsində iş üzrə Cavabdeh xeyrinə bilavasitə qətnamə qəbul etməsində maraqlı olduğundan, iş üzrə şahid X8 məhkəmədə şahid kimi verdiyi izahatını tam şəkildə qətnamədə qeyd etməmişdir.
22. Bundan başqa məhkəmənin xx.xx.2025-ci il tarixli sonuncu baxış iclasının başlanılmasına təxmınin 20 dəqiqə qalmış, ona məxsus mobil telefonun “WhatsApp” mesajlaşma proqramına, Rusiya Federasiyasının Samara şəhərində Cavabdehlə birlikdə bazarda yan-yana polkalarda meyvə məhsulu satan X14 tərəfindən, Cavabdeh Rusiya Federasiyasının Samara şəhərində bazarda meyvə alveri ilə məşqul olduğu şəriki X22 Rəsulovun şəriki Arif adlı şəxslə “WhatsApp” mesajlaşma proqramı vasitəsi ilə danışdığı səs yazısını göndərmişdir. Həmin səs yazısında olan sübutlar iddia tələbi ilə bağlı iş üçün birbaşa əhəmiyyətli olduğundan o, səs yazısını məhkəməyə baxış iclasında təqdim etməyi ilə bağlı əsasları məhkəməyə bildirsədə, məhkəmə tərəfindən qəbul edilməmişdir.
23. Səs yazısında Elşən Həmidov iş üzrə şahid X8 Rusiya Federasiyasının Samara şəhərində bazarda meyvə məhsulları satan Arif adlı şərikinə zəng edərək bildirir ki, “Salam nə var nə yox necəsiz, Elşəndi sizi narahat eləyən, tanıyırsızda mənim nömrəm var sizdə iş güç necədi Arif dayı, Samaradasız yoxsa rayonda Azərbaycanda, Sizdən bir şey xahiş eleyim, deməli bu Hüseyn var e Xaladelnikin yiyəsi bizi məhkəyə verib, yəni onsuzda bir şey eleye bilən şey deyil a, prosta bir kəlmə siniz sözünüz lazım olacaq söz telefonnan başqa heç hara getmeyəsiz, heç nəyədə ehtiyac yoxdu. Deməli ele bil telefona sizə zəng edəndə siz onu mümkündümü demək, dəyə bilərsinizmi o mal həqiqətən yumşalmışdır. Yəni deyə biləssizsə sizin adınızı yazdırım. Məhkəmədə ele bilki iş gedən vaxtı proses gedən vaxtı sizə bir dənə zəng gələcək onu ancaq telefonnan təsdiq elemek, başqa heç nə lazım deyil, neç harada getməyə ehtiyac yoxdur. Təsdiq elemeq ki, həqiqətən sizin malınızda yimşalmşdır və bizim malda yumşalmışdır sizinkidə yumşalmışdır. Bir kəlmə söz onu elemek mümkündüsə sizin adınızı yazdırım. Mümkün deyilsə heç yazdırmayım. Yəqin ki, sentyabırın 18-19 na olacaq məhkəmə burda. Bir dəfə olub yəni orda o görən adamlar Anar yoxdu bizim Anar onun adını yazdırmışam, Novruzun adı var sora orda kim varsada yəni oların adlarlnl yazmışam olar iştirak edəcəklər məhkəmədə, amma sizin bir kəlmə sözünüz lazımdı orda ola bilsin ki zəng eləyərlər soruşarlar demək mümkündüsə, əgər deyə bilirsizsə sizin adınızı yazdırım, mənə bir xəbər deyərsiniz.”
24. Səs yazısından da göründüyü kimi Cavabdeh şəriki Elşən Həmidov ona qalan borclarını verməmək üçün işi pərdələyərək, Rusiya Federasiyasının Samara şəhərində yan-yana polkalarda meyvə məhsulu satan şəxsləridə öyrədir ki, guya onlarında malı soyuducu anbardan çıxan zaman boşalmışdır. Burda bir sual ortaya çıxır? Cavabdeh nümayəndəsi və vəkili məhkəmə iclasında bildirirsə ki, iddiaçı ilə sifahi saxlama müqaviləsinin həqiqətən bağlanılmışdır, lakin razılaşdırılmış məbləğ 60000 manat deyil, 18 000 ABŞ dollardır və həmin məbləğin iddiaçıya tam şəkildə ödədiklərini bildirirsə, nəyə görə malın xarab olamsıyla bağlı özlərinə yalançı şahid axtarırlar və malın xarab olmasıyla bağlı onlara ziyanın ödənilməsi üçün məhkəmədə qarşılıqlı iddia qaldırmırlar. Bütün bunlar da özü özlüyündə onu göstərir ki, Cavabdeh həqiqətəndə ona borcu qalmışdır və borcunun qalan hissəsini ona ödəməmək üçün guya ki, meyvə məhsulları soyuducu anbarda qalan zaman yumşalmasını sübut etməyə çalışırlar. Məhkəmə isə təqdim etmək istədiyi iş üçün əhəmiyyətli olan sübutları ondan qəbul etməyərək, işi hərtərəfli, tam və obyektiv araşdırmayaraq ədalətsiz qətnamə qəbul etmişdir.
25. Həmin səs yazısında olan sübutlar iddia tələbi ilə bağlı iş üçün birbaşa əhəmiyyətli olduğundan o, səs yazısını məhkəməyə baxış iclasında təqdim etməyi ilə bağlı əsasları məhkəməyə bildirsə də, yəni həmin sübutlarona məhkəmənin hazırlıq iclasları keçirilən zamanlarda deyil, sonuncu məhkəmə baxış iclasının başlanmasına 20 dəqiqə qalmış ona göndərildiyini məhkəməyə bildirsə də və ona göndərilən səs yazısının vaxtını əlində olan mobil telefon vasitəsi ilə məhkəməyə göstərsə də iş üçün əhəmiyyətli olan sübut məhkəmə tərəfindən qəbul edilməmişdir.
26. Onun iddia tələbi qanuni və əsaslı olsada, mötəbər sübutlara və faktlara söykənsədə, məhkəmə tərəfindən yuxarıda qeyd edilən hüquq norması düzgün tətbiq edilməyərək iddia tələbi əsassız olaraq təmin edilməmişdir.
27. Məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozularaq ona Cavabdeh tərəfindən vurulan zərərin əvəzinin ödənilməsi təmin edilməmişdir.
28. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında işin faktiki hallarıyla bağlı, soyuducu anbarda saxlanılan meyvə məhsullarının hər yeşiyə münasibətdə aylıq qiymət ilə bağlı bildirdiyi xüsusatları məhkəmə aydınlaşdırmamışdır.
29. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan aşağıdakı hallar sübut edillmir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki; 1. Hazırki mülki iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi iddiaçının özünün də məhkəmə iclasında verdiyi ziddiyətli izahata əsaslanır. Bundan başqa hər iki tərəfin verdiyi vəsatətə əsasən məhkəmə iclasında dindirilən şahidlərin heçbiri tərəflər arasında bağlanmış şifahi müqavilənin şərtləri, razılaşdırılmış məbləğ, müqavilənin müddəti və işin tam, hərtərəfli və obyektiv həll edilməsinə kömək edən digər məlumat verməmiş, yalnız məhsulun keyfiyyəti ilə bağlı izahat vermişdirlər ki, bu da hazırkı mübahisənin predmeti olmamışdır. 2. İddiaçı tərəfindən məhkəməyə məhsulun saxlanılması müqabilində razılaşdırılmış vəsaitin məbləği və həmin məhsulun saxlanılma müddəti ilə bağlı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı pul tələbi əsaslı deyildir.
30. Yuxarıda 1-ci hissədə qeyd edilən xüsusatlarla bağlı bildirir ki, o, məhkəməyə Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə iclasında heç bir ziddiyətli izahat verməmişdir. Sadəcə məhkəmənin ikinci hazırlıq iclasında iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə nümayəndəsi və vəkili Nümayəndə vasitəsi ilə ərizə vermişdir. Buda onun AR MPM-nin 53-cü maddəsinə əsasən prosessual hüququdur. Məhkəmə iclasında isə o, təbii olaraq cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizəyə uyğun olaraq izahat vermişdir. Məhkəmə isə iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizəyə uyğun olaraq məhkəmə iclasında verdiyi izahatı, cavabdehə qarşı ziddiyətli iddia tələbinin irəli sürülməsi kimi verilən izahat kimi qəbul edir.
31. Yuxarıda 2-ci hissədə qeyd edilən xüsusatlarla bağlı bildirir ki, məhkəmə bir tərəfdən qətnamənin məhkəmənin mövqeyi hissəsində qeyd edir ki, belə ki, iddiaçı və cavadeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş, həmin razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus soyuducu anbarda özünə məxsus 40000 yeşik xurma məhsulunu saxlamaya vermişdir. Digər tərəfdən isə məhkəmə qətnamənin məhkəmənin mövqeyi hissəsində qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə məhsulun saxlanılması müqabilində razılaşdırılmış vəsaitin məbləği və həmin məhsulun saxlanılma müddəti ilə bağlı sübut təqdim edilməmişdir. Bununlada hesab edir ki, məhkəmə qətnaməsində qeyd etdiyi, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan, yuxarıda qeyd edilən hallar sübut edilmir.
32. Məhkəmə qətnaməsində göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə məhsulun saxlanılması müqabilində razılaşdırılmış vəsaitin məbləği və həmin məhsulun saxlanılma müddəti ilə bağlı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh oğlna qarşı pul tələbi əsaslı deyildir. Digər tərəfdən də məhkəmə qətnamədə qeyd edir ki, belə ki, iddiaçı və cavadeh arasında şifahi razılaşma olmuş, həmin razılaşma tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş, həmin razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus soyuducu anbarda özünə məxsus 40 000 yeşik xurma məhsulunu saxlamaya vermişdir.
33. Odur ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-1876/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh birinci instansiya məhkəməsindəki nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazında Göyçay Rayon Məhkəməsinin 2(046)-1876/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, Cavabdeh, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
41. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 2(046)-1876/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-1876/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
45. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus xurma məhsulunun iddiaçıya məxsus anbarda saxlanılmasına dair şifahi qaydada müqavilə bağlanmış, həmin razılaşma üzrə cavabdehə məxsus müəyyən sayda xurma yeşikləri iddiaçıya məxsus anbarda saxlanılmış, lakin sonradan cavabdeh öz məhslunu iddiaçıya məxsus anbardan təhvil almışdır. İddiaçı cavabdehin ona məxsus soyuducu anbara 40000 yeşik xurma məhsulunu 2023-cü ilin oktyabr ayında yerləşdirdiyini, həmin məhsulu 2 aydan sonra yəni dekabr ayında götürərək 60 000 manat ödəməli olduğu halda, məhsulunu hissə-hissə olaraq gec götürdüyünü, cavabdehin ona 90000 manat borcunun yarandığını, cavabdehin ona 90000 manat puldan cəmi 30600 manatı müxtəlif vaxtlarda ödəyərək qalan 59400 manatını ödəmədiyini əsas gətirərək, həmin məbləğin ödənilməsini tələb etmiş, cavabdeh tərəf isə soyuducuya müəyyən qədər xurma yeşiklərinin yerləşdirildiyini, saxlanca verilmiş xurma yeşiklərinin əvəzində iddiaçıya 18000 ABŞ dollarının ödənildiyini əsas gətirərək iddia tələbini qəbul etməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir.
47. Belə ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin şahid X8 izahatı ilə bir ay ərzində məhsulun hər yeşiyinin soyuducu anbarda saxlanılması üçün razılaşmanın 0.75 qəpiq olmasının sübut edilməsi, hər yeşiyə münasibətdə aylıq qiymət ilə bağlı şahidin bildirdiyi xüsusatları məhkəmənin aydınlaşdırmaması, iş üzrə şahid X8 məhkəmədə şahid kimi verdiyi izahatının qətnamədə tam şəkildə qeyd edilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, prosessual qanunvericilikdə şahidin ifadəsinin olduğu kimi tam şəkildə qətnaməyə köçürülməli olması kimi bir tələb nəzərdə tutulmamışdır. Həmçinin iddiaçıya məxsus anbarda bir ay ərzində məhsulun hər yeşiyinin saxlanılması üçün razılaşmanın 0.75 qəpik olması sübuta yetirilərsə belə bu özü-özlüyündə cavabdehə məxsus 40000 yeşik xurma məhsulunun iddiaçıya məxsus anbara yerləşdirilməsinin də sübuta yetirilməsini ehtiva etmir.
48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Cavabdeh Rusiya Federasiyasının Samara şəhərində bazarda meyvə alveri ilə məşqul olduğu şəriki X22 Rəsulovun şəriki Arif adlı şəxslə “WhatsApp” mesajlaşma proqramı vasitəsi ilə danışdığı səs yazısının, iş üçün əhəmiyyətli olan sübutun məhkəmə tərəfindən qəbul edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Həmçinin «N.Əsədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.
50. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
51. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
52. Kollegiya qeyd etməyi vacib hesab edir ki, şikayətin dəlilindən göründüyü kimi iddiaçının təqdim etmək istədiyi səs yazısı mübahisə, yəni əqd tərəflərinə deyil, tamamilə başqa şəxslərə aid səs yazılarıdır.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh həqiqətəndə ona 59400 (əlli doqquz min dörd yüz) manatı borclunun qalmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
56. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
57. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus anbara saxlanc dəyəri 18000 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 30600 manat təşkil edən məhsuldan əlavə digər xurma məhsulunun, yəni iddia ərizəsində qeyd edilmiş saxlanc dəyəri 59400 manat təşkil edən və cavabdehə məxsus xurma məhsulunun iddiaçıya məxsus anbara saxlanca yerləşdirilməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
58. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməli olmasına dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir.
59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-1876/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-1876/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.