Məhkəmə qərarları › İş №2(1-8)-472/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-472/2026

30.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-472/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir;

3. Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh məxsus M-83 B nömrəli evin (özbaşına tikilinin) ümumi sahəsi 85,42 kv.m təşkil edir. Cavabdehin nə həmin ev (özbaşına tikili), nə də evin yerləşdiyi torpaq sahəsi üzərində hər hansı hüququ olmasına dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh 32000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal qərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli, *** nömrəli sərəncamının icrası ilə bağlı, İddiaçı ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina etmiş, hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, evinin əvəzinə ev verilməsini istədiyini, həmin ərazidə sökülmüş evlərin heç birinin sənədinin olmadığını, iddiaçının təklif etdiyi kompensasiyaya ev almaq mümkün olmadığını qeyd etmişdir. İddianın rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/** saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Kərim Xudayev).

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan özbaşına tikilini boşaltması, ilk növbədə onlar üçün həyati vacib məsələdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Mübahisəli evin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı ASC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı ASC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin Bakı şəhərinin mərkəzində yerləşən 85,42 kv.m sahəsi olan evinin hər kvadratına görə 350-400 manat məbləğində hesablayaraq qanunsuz qətnamə çıxarmışdır. Halbuki, onun evinin bazar dəyəri daha yüksəkdir. Qiymətləndirmə və X7 rəyi ilə X1 Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəviavtomobil yolunun kənarında (qanlı gölün şimalşərq hissəsində) yerləşən ərazidə M- 83 B ünvanda yerləşən evinin ##.##.2024-cü il tarixli bazar dəyəri 213.550 manat hesablanmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda cavabdeh Cavabdeh məxsus yaşayış sahəsinin (özbaşına tikilinin) bazar dəyərinin 55000 manat və onun inşasına çəkilmiş xərcin məbləğinin isə 23389.3 manat olduğu müəyyən edilmişdir.

12. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq üçün “xxxx” MMC tərəfindən verilmiş rəyə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 B ünvanda yaşayış sahəsinin (özbaşına tikilinin) əvəzi olaraq 55000 manat ödəməyə razı olduğunu bildirmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh 32000 (otuz iki min) manat məbləğində kompensasiya ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 55 000 (əlli beş min) manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən bunun əksini, yəni kompensasiya məbləğinin daha artıq olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Mübahisəli özbaşına tikilinin bazar dəyərinin 213.550 manat olmasına dair cavabdeh tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli rəyi isə reallığı əks etdirmədiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, cəmi 85,42 kvm ümumi sahəsi olan özbaşına tikili bir mərtəbəli olmaqla cəmi bir mişar daşı enində inşa edilib, köhnə təmirlidir, evin tikintisinə çəkilmiş xərc isə cəmi 23389,3 manat təşkil edir. Dövlət mülkiyyətində olan torpaq sahəsində heç bir lazımi icazə olmadan özbaşına inşa edilmiş belə bir evin bazar dəyərinin 213 550 manat olması və kiminsə heç bir hüquqmüəyyənedici sənədi olmayan belə bir evi 213 550 manata almaq istəməsi inandırıcı və ağlabatan deyil.

15. Apellyasiya instansiyası məhkəməsi mübahisəli özbaşına tikilinin bazar dəyərinin 55.000 manat olmasına dair “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyinin daha inandırıcı və ağlabatan olmaqla reallığı əks etdirdiyini nəzərə alaraq onu mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, cavabdehə ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən məhz bu rəydə göstərilənlər rəhbər tutulmalıdır. Belə ki, 55.000 manat cavabdehin “mülkiyyəti”nə müdaxiləyə görə ədalətli kompensasiyadır və mütənasibdir. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 180.1, 180.2, 180.4-cü, İnsan cu,16. hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 17.5-ci maddələrinə, Avropa Məhkəməsinin presedent hüququna əsasən, * saylı Protokolun 1-ci, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə ##.##.2004-cü il tarixli, Avropa İnsan Hüquqları Məhkəməsi “Çinqa Litvaya qarşı iş üzrə” ## ####### 2017 ci il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ####### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçı tərəfindən hal-hazırda yaşadığı 85.42 kv.m evin müqabilində təmirli evlə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən alınmış Qiymətləndirmə və X4 rəyində mübahisəli fərdi yaşayış evinin bazar dəyəri 213.550 manat hesablanmışdır. Bakı Apellyasiya məhkəməsi bu rəyi nəzərə almayaraq iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış, ancaq iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Bununla da Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh məhkəmə iclassında Bakı şəhəri, Yasamal r-nu, Xarici dairəvi avtomobil yolunun kənarında (qanlı gölün şimal şərq hissəsində) yerləşən ərazidə M- 83 B ünvanda yerləşən 85,42 kv.m evinə görə eyni kvadratda evin ona verilməsini iddiaçıdan tələb etsə də, məhkəmə bu fakta heç bir qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Məclləsinin 11-ci maddəsinə əsasən qanunun analogiyasını tətbiq edərək “Torpaqların Dövlət ehtiyacları üçün götürülməsi haqqında Qanunun” 7, 58 və 66-cı maddələrinə istinad etməli idi. Belə ki, cavabdeh həmin torpaq sahəsində 10 ildən artıq yaşadığına görə iddiaçı tərəfindən ona 10 faiz əlavə kompensasiya verməli idi. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən bu qanunun tələbləri kobud surətdə pozulmuşdur.

19. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, “Torpaqların Dövlət ehtiyacları üçün götürülməsi haqqında Qanun”un 7, 58, 66-cı maddələrinə istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

22. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

İnsan Hüquqlarının və X2 X3:

23. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

34. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

35. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

38. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı şikayətin dəlilləri üzrə bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində Cavabdeh məxsus M-83 B nömrəli evin ümumi sahəsi 85,42 kv.m. mövcuddur. Fərdi yaşayış evi dövlət reyestrdə qeydiyyatdan keçməsə də cavabdeh bildirir ki, orada 1994-cü ildən yaşayır.

44. İddiaçı şirkət cavabdehin yaşadığı evin yerləşdiyi torpaqda yeni yaşayış kompleksinin tikintisi üçün cavabehin yaşayış sahəsinin kompensasiya müqabilində sökülməsini tələb edir.

45. Göründüyü kimi, cavabdehə məxsus yaşayış sahəsi bir iqtisadi dəyər kimi mövcud olduğundan iddiaçı onun üzərindəki əmlak hüquqlarını pulla qiymətləndirərək tikilinin sökülməsi və köçürülmə qarşılığında 55.000 manat məbləğində kompensasiya təklif edir. Cavabdeh isə öz tikilisinin bazar dəyərinin 213.550 manat olduğunu bildirir.

46. Belə olan halda, hazırkı işin araşdırma predmetini sözügedən tikilinin qarşılığına cavabdehə ödənilməli olan ədalətli kompensasiyanın nədən ibarət olmasıdır.

47. Ədalətli kompensasiya dedikdə, əmlak hüququna müdaxilə ilə hüququ pozulan şəxsin məruz qaldığı məhrumiyyətin və zərərin tam şəkildə qarşılanması başa düşülür.

48. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi qətnaməsində cavabdehə ödənilməli olan kompensasiyanın ədalətli olmasını lazımi şəkildə əsaslandıra bilməmişdir.

49. Ona görə ki, əvvəla, sözügedən yaşayış sahəsinin dəyəri ilə bağlı həmin məhkəmənin əsas götürdüyü mütəxəssis rəyində göstərilən qiymətlə cavabdehin özünün təqdim etdiyi rəydə əks olunan məbləğ arasında olduqca əhəmiyyətli fərq vardır. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyində tikilinin bazar dəyəri 55.000 manat göstərildiyi halda, cavabdehin təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli rəyində evin bazar dəyərinin 213.550 manat qeyd olunmuşdur.

50. Məlum olduğu kimi, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir (§ 28,31,38).

51. Nəzərə alınmalıdır ki, ekspert rəyi sübutlardan biri olmaqla, onun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə ekspertiza rəyini məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (§30,32,36).

52. Əgər verilmiş ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər, yaxud rəyin mötəbərliliyinə şübhələr varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa, MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər (§ 33-35).

53. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ vardır və MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qətnamədə əsaslandırmalıdır (§ 37).

54. Baxılan işdən görünür ki, qiymətləndirmə sahəsində fəaliyyət göstərən MMC-lərin eyni tikiliyə münasibətdə verdikləri rəylər arasında 158.550 manat fərq olmuşdur. Bu qədər böyük məbləğdə fərqin nə ilə izah olunması, mövcud vəziyyətdə hansı təşkilatın verdiyi rəyin daha mötəbər olmasını aydınlaşdırmaq üçün məhkəmə yuxarıda göstərilən prosessual imkanlardan tam şəkildə istifadə etməmiş, gəldiyi nəticəni qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır.

55. Bundan əlavə, iddiaçı şirkət cavabdehin evinin yerləşdiyi torpaq sahəsində inşaat işləri aparmaq məqsədilə digər sakinlərin də köçürməsini həyata keçirirsə, anoloji vəziyyətdə olan tikililərə təklif və təqdim etdiyi kompensasiya məbləği də nəzərdən keçirilə bilər. Bu araşdırmanın həm başqa şəxslərlə bağlanmış müqavilə məbləğlərinə, həm də artıq məhkəmə aktı çıxarılmış qərarlardakı məbləğlərə dair çəkişmə prinsipinə uyğun olaraq tərəflərin təqdim etdikləri sübutlar əsasında aparılması mümkündür. Bu xüsusatların aydınlaşdırılması kompensasiyanın mübahisəli olan məbləğinin daha mötəbər şəkildə müəyyən olunmasına, eləcə də eyni faktiki vəziyyətdə olan şəxslərə müxtəlif hüquqi münasibət göstərilməsinin, yəni ayrıseçkiliyin qarşısının alınmasına xidmət etməklə ədaləti təmin edərdi.

56. Göstərilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi cavabdehə ödəniləcək kompensasiyanın ədalətliliyi ilə bağlı tam və hərtərəfli təhlil aparmamış, işdəki sübutları düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 26-27,29-30,39).

57. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X2 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur (§ 22-23).

58. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

59. Təkrar apelyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar