Məhkəmə qərarları › İş №2(1-8)-490/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-490/2026

01.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-490/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Abbasova Gülbəniz Murtuz qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 5 otaqlı, ümumi sahəsi 235.1 kv.m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi Abbasov Paşa Həsənəli oğlunun mülkiyyətində olmuş və o, ##.##.2021-ci il tarixdə vəfat etmişdir.

2. Abbasov Paşa Həsənəli oğlunun vəfatından sonra onun birinci növbə vərəsələri kimi arvadı Abbasova Gülbəniz Murtuz qızı, övladları Abbasova Xatirə Paşa qızı və İddiaçı qalmışlar.

3. İddiaçı ##.##.2021-ci il tarixli etibarnamə ilə onun adından bir sıra hüquqları, o cümlədən vərəsəlik işləri həyata keçirmək, mirası qəbul etmək və yaxud ondan imtina etmək səlahiyyətlərini Abbasova Gülbəniz Murtuz qızına vermiş, sonuncu isə ##.##.2021-ci il tarixli etibarnamə ilə ona verilmiş səlahiyyətləri Abbasova Xatirə Paşa qızına ötürmüşdür.

4. İddiaçı adından Abbasova Xatirə Paşa qızı tərəfindən Ağstafa Rayon Notariat ofisinə İddiaçı ##.##.2021-ci il tarixdə ölmüş atası Abbasov Paşa Həsənəli oğlundan irs qalmış miras əmlakın ona çatası hissəsini qəbul etməməsi və gələcəkdə bu işlə bağlı iddia və tələbinin olmayacağı barədə ##.##.2022-ci il tarixli ərizə ünvanlanmışdır.

5. Abbasova Xatirə Paşevna Ağstafa Rayon Notariat ofisinə onun ##.##.2021-ci il tarixdə ölmüş atası Abbasov Paşa Həsənəli oğlundan irs qalmış miras əmlakın ona çatası hissəsini qəbul etməməsi və gələcəkdə bu işlə bağlı iddia və tələbinin olmayacağı barədə ##.##.2021ci il tarixli ərizə ünvanlamışdır.

6. ##.##.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Abbasova Gülbəniz Murtuz qızı İddiaçı miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 5 otaqlı, ümumi sahəsi 235.1 kv.m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə, həmçinin ünvan 1 qəsəbəsi ** saylı ünvanda yerləşən ** saylı mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Notariat ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Abbasov Paşa Həsənəli oğlu ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mərhumun həyat yoldaşı Abbasova Gülbəniz Murtuz qızı, övladları Abbasova Xatirə Paşa qızı və İddiaçı ibarət ailə üzvləri qalmışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığından atasının ölümündən sonra anası Abbasova Gülbəniz Murtuz qızına etibarnamə vermişdir ki, sonuncunun hər hansı işi olarsa onun xeyrinə hərəkət etsin. Bundan sonra ##.##.2021-ci il tarixdə cavabdeh (iddiaçının anası) Abbasova Gülbəniz Murtuz qızı etibarnamə ilə öz xeyrinə istifadə etmiş, lakin birbaşa deyil ona verilmiş səlahiyyətləri digər cavabdeh (iddiaçının bacısı) Abbasova Xatirə Paşa qızına ötürmüşdür. Daha sonra Abbasova X5 Rayon Notariat ofisinə müraciət edərək vərəsəlik işi açdırmış, bu zaman Abbasova Xatirə Paşa qızı etibarnamədən istifadə edərək Abbasov Paşa Həsənəli oğlunun adından miras əmlakdan Abbasova Gülbəniz Murtuz qızının xeyrinə imtina etmişdir. Nəticə olaraq, Abbasova Gülbəniz Murtuz qızı etibarnamədən öz xeyrinə istifadə edərək Abbasov Paşa Həsənəli oğlunun miras əmlakdan imtina etməsinə nail olmuş və miras əmlakı tam qəbul etmişdir. ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Abbasova X6 Xidmətinin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 5-otaqlı, ümumi sahəsi 235.1 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən tam pay almışdır. Ağstafa Rayon Notariat ofisinə vərəsəlik işinin tələb edilməsi barədə sorğu verildikdən sonra ##.##.2024-cü il tarixli məktubla vərəsəlik işi ilə bağlı materiallar əldə edilmişdir. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir.

9. Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abbasov Paşa Həsənəli oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra İddiaçı Ağstafa Rayon Notariat ofisində ##.##.2021-ci il tarixdə etibarnamə verərərək onun adından bir sıra hüquqları, o cümlədən vərəsəlik işləri həyata keçirməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi səlahiyyətlərini Güllbəniz Abbasovya ötürmüş, həmin etibarnamə üzrə isə etibar edilən 1 nəfər Abbasova Xatirə Paşevnaya vermişdir. Həmin etibarnamə əsasında İddiaçı və öz adından miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. Bundan sonra Abbasova Gülbəniz Murtuz qızı İddiaçı miras qalmış Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 5 otaqlı, ümumi sahəsi 235.1 kv.m olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi, həmçinin ünvan 2 qəsəbəsi ** saylı ünvanda yerləşən ** saylı mənzilə dair ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi almışdır. Həmin şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə olan etibarnaməni miras açıldıqdan üç ay sonra vermiş, mübahisəni mirasın qəbulundan imtina edilməsi barədə mübahisəni mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində olan etibarnaməni verdikdən üç ildən artıq müddət keçdikdən sonra açmışdır. Bu hal ona əsas verir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan iddia müddəti ötürülmüşdür. Həmin müddət kəsici müddət olduğundan məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilərək iddiaçının tələbi rədd edilməlidir.

12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 354.2, 1145, 1268.1, 1271, 1272, 1273-cü, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan Abbasov Paşa Həsənəli oğlu ##.##.2021-ci ildə vəfat etmişdir. Vərəsələr: həyat yoldaşı Abbasova Gülbəniz Murtuz qızı, övladları Abbasova Xatirə Paşevna və İddiaçıdur. İddiaçı İddiaçı ölkə xaricində yaşadığı üçün miras əmlakın onun adına rəsmiləşdirilməsi üçün anası Gülbəniz Abbasovanın təklifi əsasında ##.##.2021-ci ildə anası Gülbəniz Abbasovaya “baş etibarnamə” vermiş, həmin etibarnamədə vərəsəlik işlərini aparmaq səlahiyyətləri verilmişdir. ##.##.2022-ci ildə Gülbəniz Abbasova ona vermiş səlahiyyətləri cavabdeh Xatirə Abbasovaya vermiş və həmin gün Xatirə Abbasova İddiaçı adından notariusa ərizə verərək miras payından imtina etmiş, eyni vaxtda öz payından da imtina etmişdir. Nəticədə həmin gün anası Gülbəniz Abbasovanın adına daşınmaz əmlaklar üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh Abbasova Gülbəniz Murtuz qızı ona verilmiş etibarnaməni öz xeyrinə istifadə etmişdir. İddiaçı vərəsəlik işinin materiallarını yalnız ##.##.2024-cü il tarixli rəsmi cavabla əldə etmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi faktından uzun müddət məlumatsız olmuş, yalnız vəziyyətdən şübhələndikdən sonra vəkilinə müraciət etmişdir. Vəkil Ağstafa Rayon Notariat ofisinə sorğu göndərdikdən sonra ##.##.2024-cü il tarixli cavab məktubu ilə vərəsəlik şəhadətnaməsi və vərəsəlik işi materiallarının mövcudluğu barədə məlumat əldə olunmuşdur. Bu hal AR MM-in 1272-ci maddəsi mənasında kəsici müddətin başlanğıc anının məhz həmin tarixdən hesablanmasını şərtləndirir. İddiaçının hüquqlarının pozulmasını və bu barədə dəlilləri təqdim etməsinə baxmayaraq, məhkəmə tələbi əsassız hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etibarnamənin məhz vərəsəlikdən imtina üçün verildiyini qeyd etmişdir. İddiaçı həqiqətən də vərəsəlik payından imtina etmək istəsə məhz notariusda vərəsəlikdən imtina barədə ərizə verərdi. Məhkəmə tərəfindən bu hal araşdırılmamışdır.

15. Cavabdeh Abbasova Xatirə Paşevna apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Rusiya Aederasiyasında yaşamışlar. Atasının Rusiya Federasiyasında iki evi olmuşdur. Atası həmin evlərdən birini elə əvvəldən iddiaçının adına almışdı. Digər ev isə atasının adında olmuşdur və onlar 2019-cu ildə Azərbaycana qayıdanda həmin evi öz adına sənədləşdirməsi üçün iddiaçıya etibarnamə vermişdilər. 2021-ci ildə atası vəfat etdikdən sonra iddiaçı Rusiyadan gəlmiş və yas məclislərində iştirak etmiş və atalarından qalan mirasın anaları tərəfindən öz adına keçirilməsi üçün anasının adına etibarnamə verərək Rusiyaya getmişdir. Mirasın üçü yerə bölünməsi ilə bağlı hər hansı söhbət olmamışdır. Ona görə o, da notariat kontoruna ərizə ilə müraciət edərək atasından qalmış mirası qəbul etmədiyini bildirmişdir. İddiaçı Rusiyada həyat yoldaşı ilə sonradan nəyisə fikirləşmiş və məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi əsassızdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev (sədrlik edən, məruzəçi), G.Cavadova və R.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi X1 ##.##.2022-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə elektron qaydada ərizə ilə müraciət edərək İddiaçı tərəfindən Abbasova Gülbənizin adına ##.##.2021ci il tarixdə verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili kimi nümayəndə2 iddia ərizəsinə iddiaçı tərəfindən ona verilmiş ##.##.2024-cü il tarixli etibarnaməni və ##.##.2025-ci il tarixli vəkil orderini əlavə etmiş olsa da, nümayəndə2 hələ ##.##.2024-cü il tarixdən iddiaçının vəkili kimi sənədlərin toplanması ilə məşğul olmuşdur ki, bu da iddiaçının anası tərəfindən mirası öz adına keçirməsini hələ 2022ci ildən (anasına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etdiyi vaxtdan) bildiyini təsdiq edir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab qeyd ki, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən iddiaçının məlumatı olmuş, lakin bununla belə həmin sənədi 3 ildən sonra, Mülki Məcəllənin 1272-ci maddəsi ilə müəyyən edilmiş iki aylıq müddəti ötürməklə mübahisələndirdiyinə görə birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməməkdə haqlı olmuşdur.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ##.##.2022-ci il tarixdə “elektron notariat” AİS vasitəsi ilə müraciət edərək anası Gülbəniz Abbasovanın adına ##.##.2021-ci il tarixdə verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmiş, daha sonra isə vəkilə məhkəmə mübahisəsinin açılması ilə bağlı etibarnamə vermişdir. ##.##.2022-ci il tarixli vərəsəlik işinə dair sənədlərin surətləri iddiaçının nümayəndəsinə ##.##.2024-cü il tarixli məktubla təqdim olunmuş olsa da, sonuncu iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir, yəni qanunvericiliklə müəyyən edilmiş müddəti bu halda da buraxmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı AR Mülki Məcəlləsinin 1145, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1272-ci, habelə MPM-in 14.2, 77.1, 217.3, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dövrdə məhz mirasın qəbulundan imtina barədə notariat hərəkətinin aparıldığı, vərəsəlik şəhadətnaməsinin verildiyi, miras əmlakın başqalarının adına rəsmiləşdirildiyi barədə konkret məlumatı olub-olmamasını araşdırmamışdır. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə məlumatı olmamış, ancaq 2024-cü ildə notariat kontoruna sorğu verildikdən sonra məlumatımız olduğundan 1 illik müddət həmin vaxtdan hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin müddətin 2022-ci ildən hesablanmasını ehtimallar əsasından irəli sürmüşdür. Halbuki məhkəmə mülahizələrə deyil, sübutlara və iş üzrə sübut edilə bilən hallara qiymət verməlidir. Nümayəndə (ana) və substitut (bacı) imtinanı elə rəsmiləşdiriblər ki, nəticə birbaşa özlərinin xeyrinə olub. Bu şəraitdə notarius maraqlar toqquşmasını nəzərə almalı və təmsil olunanın şəxsi iradəsini yoxlamalı idi. İmtina ərizəsi ilə eyni gündə digər varisin xeyrinə şəhadətnamənin verilməsi, xüsusən də imtina edən şəxsin şəxsən müraciət etmədiyi halda, notarial fəaliyyətin hüquqi nəticələr izahı və könüllülüyün yoxlanması tələblərinə ziddir. AR Mülki Məcəlləsini 1272 -ci maddəsi ümumiyyətlə tətbiq edilə bilməz. İddiaçı vərəsəlikdən imtina etməmiş, etibarnaməni verən vaxt da o niyyətlə verməmişdir. Mübahisə “mirasdan imtinanın” özünün mübahisələndirilməsi deyil, nümayəndəlikdən sui-istifadə və maraqlar toqquşması şəraitində rəsmiləşdirilmiş notariat hərəkətinin əqdin etibarsızlığı barəsindədir. Bu səbəbdən AR Mülki Məcəlləsinin 1272-ci maddəsində nəzərdə tutulan kəsici müddət bu mübahisəyə şamil edilmir. Mübahisə əqdin notariat hərəkətinin etibarsızlığına yönəldiyindən iddia müddəti üzrə ümumi qaydalar tətbiq edilməlidir (məs. AR Mülki Məcəlləsinin 354.2-ci maddəsində mübahisəli əqdlərə dair müddətlər və ümumi iddia müddəti institutunun qaydaları). Birinci instansiya fərqləndirməni aparmadan AR Mülki Məcəlləsinin 1272-ni avtomatik tətbiq etmiş, bu isə hüquqi xarakterin yanlış qiymətləndirilməsidir. İddiaçı tərəfindən cavabdehə, anasına etibarnamə verilən vaxt nümayəndəsi olaraq onun xeyrinə addım atacağı gözlənilmiş, lakin cavabdeh nümayəndəlik hüququn tələblərinə zidd olaraq, ona verilmiş etibarnamədən öz xeyrinə istifadə etmişdir. Belə ki, cavabdeh ona verilmiş etibarnamədən bir başa öz xeyrinə istifadə edə bilmədiyi üçün ona verilmiş hüquqları qızına ötürməklə, eyni gündə də qızı tərəfindən cavabdehin xeyrinə ərizə təsdiq edilmişdir. Qeyd olunan halda notarius tərəfindən də qanunsuzluğa yol veilmişdir. Belə ki, açıq-aşkar vətəndaşın ona verilmiş etibarnamədən öz xeyrinə istifadə etməyinə şərait yaratmaqla yanaşı, iddiaçının hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Göründüyü kimi vərəsəlik haqqında şəhadətnamə verildiyi andan etibarsız əqdir və ləğv edilməlidir. Qətnamədə iddianın əsas arqumentləri nümayəndəliyin sui-istifadəsi, maraqlar toqquşması, notarial hərəkətin keyfiyyət standartı (hüquqi nəticələrin izahı/könüllülüyün yoxlanması) üzərindən ümumi keçilmiş, niyə rədd edildiyi konkret göstərilməmişdir. Mübahisənin mahiyyəti mirasdan imtinanın özündən çox, notarial hərəkət/əqdin etibarsızlığı (etibarnamədən sui-istifadə, maraqlar toqquşması) olduğundan, məhkəmə əvvəlcə iddianın hüquqi xarakterini dəqiqləşdirməli, yalnız bundan sonra müddət rejimini (kəsici v.s. iddia müddəti) doğru tətbiq etməli idi. Bu edilmədiyinə görə hüquqi nəticə səhv baza üzərində qurulub. Notariusdan izahat alınmamış, imtinanın hüquqi nəticələrinin təmsil olunana izahı, maraqlar toqquşmasının qiymətləndirilməsi, imtinanın könüllülüyü və məlumatlılığı araşdırılmamışdır. İddiaçının hüquqlarının pozulmasını və bu barədə dəlilləri təqdim etməsinə baxmayaraq, məhkəmə tələbi əsassız hesab etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh Abbasova Gülbəniz Murtuz qızı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

25. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (əvvəlki redaksiya)

28. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən Iki ay ərzində açıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 33.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 34.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 35.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya insitansiyası məhkəməsinin hüquqi mövqeyi

38. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

40. Belə ki, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi X1 ##.##.2022-ci il tarixdə * saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinə elektron qaydada ərizə ilə müraciət edərək, İddiaçı tərəfindən Gəlbəniz Abbasovanın adına ##.##.2021-ci il tarixdə verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili kimi nümayəndə2 iddia ərizəsinə iddiaçı tərəfindən ona verilmiş ##.##.2024-cü il tarixli etibarnaməni və ##.##.2025-ci il tarixli vəkil orderini əlavə etmiş olsa da, nümayəndə2 hələ ##.##.2024-cü il tarixdən iddiaçının vəkili kimi sənədlərin toplanması ilə məşğul olmuşdur ki, bu da iddiaçının anası tərəfindən mirası öz adına keçirməsini hələ 2022-ci ildən (anasına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etdiyi vaxtdan) bildiyini təsdiq edir.

41. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbululundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü qeyd olunan əsas olduğunu bildiyi gündən iki ay ərzində açılmamışdır. Yəni, iddiaçı mirasdan imtina barəsində mübahisə açılması müddətini açıq-aşkar ötürmüşdür. Belə olan halda iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Bundan başqa, işdən görünür ki, iddiaçı mirasdan nümayəndəsi vasitəsilə imtina etmişdir və mirasdan imtina ilə əlaqədar nümayəndənin səlahiyyətləri onun verdiyi etibarnamədə xüsusi olaraq göstərilmişdir (Mülki Məcəllənin 1271-ci maddəsi).

43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində və təfsirində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar