Məhkəmə qərarları › İş №2(1-8)-548/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-548/2026

14.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-548/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X2“ Şirkətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər (yerüstü, yeraltı elektrik xətlərinin, qaz borularının və sair mühafizə zonasında yerləşən tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X2“ Şirkətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin sazişi ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3nün aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin sazişlə müəyyən olunan ərazidə fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır.

2. * saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230;

4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi (yarımzirzəmili/1 mərtəbəli +mansardlı) yerləşir.

3. 1-ci qrup əlil Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600 kv metr torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramazanovun mənzil növbəsindən çıxarılması, rayon memarı tərəfindən sahənin naturada nişanlanmasının həyata keçirilməsi və layihələşdirmə üçün tapşırıq verilməsi, vət. M.Ə.Ramazanova torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması, müqavilə bağlandıqdan sonra vət. M.Ə.Ramazanovun üzərinə kommunal xətlərinin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyinin qoyulması, vət. M.Ə.Ramazanovun üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyinin qoyulması barədə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən verilmiş *** nömrəli, ## ### 2000-ci il tarixli sərəncam verilmişdir.

4. Iddiaçı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair *** saylı, ## ### 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi ## ### 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia tələbi Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərardadına əsasən mümkün sayılmamış, qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh * saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, * saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, ##.##.2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.

7. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, İ qrup əlil Cavabdeh mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin ## ###### 1990-cı il tarixli ** saylı sərəncamı ilə mənzil növbəsinə dayanmışdır. Sonradan Binəqədi rayon Icra Hakimiyyəti başçısının ## ### 2000-ci il tarixli *** saylı sərəncamı əsasında onun mənzil növbəsindən çıxarılmaq şərti ilə ona fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə uyğun 600 kv metr etr torpaq sahəsi ayrılmış və torpaq sahəsində inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra o, həmin ərazini daş harasa almış və orada fərdi yaşayış evi inşa etmişdir. Iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi vətəndaş İ qrup əlil Cavabdeh Əbul oğlunun faktiki istifadəsində olan torpaq sahəsi mövcud torpaq qanunvericiliyinin tələbinə uyğun Binəqədi rayon Icra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında verilmişdir və o, istifadə etdiyi torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsində inşa edilmiş tikili hər hansı qeyri-yaşayış sahəsi deyil, sərəncamla ayrılmış və təyinatına uyğun inşa edilmiş fərdi yaşayış evidir. Iddia ərizəsindən də görünür ki, ## ######## 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırmaki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X3 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X1 Bi.Vi. və xxxx-ın Ortaq Şirkəti arasında Saziş imzalanmış və ## ##### 2005-ci il tarixdə torpaq sahəsi cavabdehə ayrılarkən Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır, yəni həmin qanun cavabdehə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasından beş il sonra qəbul edilmişdir. Hətta cavabdehin yaşadığı evin yaxınlığında dövlət tərəfindən inşa edilmiş orta məktəb də fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi təxmini 610.0 kv metr təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96 m2 olan yaşayış evi inşa olunub (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013- cü il təsvirində müşahidə olunur. Faktiki olaraq göstərilən torpaq sahəsinin daxilində mövcud olan yaşayış evinin (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddiaçı İddiaçı Şirkətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin iddiaçı İddiaçı Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən verilmiş *** nömrəli, ## ### 2000-ci il tarixli sərəncama əsasən əldə etmişdir və ən əsası torpaq sahəsi ayrıldıqdan sonra cavabdehin mənzil növbəsindən çıxarılması həmin sərəncamda öz əksini tapmışdır. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün mənzil şəraitini həll etmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Belə olduğu təqdirdə, cavabdeh tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdeh tərəfin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

11. Iddiaçı tərəfin cavabdehin adına verilmiş sərəncamın etibarsız hesab edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müvafiq qərardadına istinad etməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sözügedən sərəncam etibarsız hesab edilmədiyindən həmin qərardada istinad edilməsi əsaslı hesab edilə bilməz.

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cüu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139.1, 146.1, 157.8, 158.4 və 180-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şirkətə qarşı birmənalı olaraq qərəzli mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və ərazi Şirkətə məxsus olduğu halda, şirkətin qanuni iddiasını təmin etməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin vətəndaş Cavabdeh adına ayrılması barədə Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin *** saylı, ##.##.2000-ci il tarixli Sərəncamının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni cavabdehin həmin arqumenti ## ### 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Şirkət Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin *** saylı, ##.##.2000-ci il tarxli Sərəncamı Bakı Inzibati Məhkəməsində mübahisələndirmiş və Şirkətin iddiası həmin məhkəmənin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardadın məzmun və mahiyyəti aşağıda qeyd edilənlərdən ibarət olmuşdur:

15. “Azərbaycan Respublikasının ***-IIQD saylı, ## ##### 2005-ci il tarixli Qanunun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökümət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissəbirinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Göründüyü kimi, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı bir saziş kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən qəbul edilmiş Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması ilə bağlı *** saylı, ##.##.2000-ci il tarixli sərəncamı artıq öz qüvvəsini ##.##.2005-ci il tarixdən itirmişdir. Məhkəmə hesab edir ki, artıq Qanunla öz hüquqi qüvvəsini itirmiş aktın yenidən məhkəmə qərarı ilə qanunsuzluğunun tanınmasına lüzum yoxdur. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin *** saylı, ##.##.2000-ci iltarixli Sərəncamının hüquqi qüvvəsi mövcud deyil və bu fakt Bakı Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə də öz təsdiqini tapmışdır. Beləliklə də, Binəqədi Rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, cavabdehin arqumenti olan Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin müvafiq sərəncamı öz qüvvəsini itirdiyi üçün onun mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir və bununla da torpaq sahəsi üzərində inşa edilmiş tikili özbaşına tikili statusundadır. Əlavə olaraq, vətəndaş Cavabdeh qanunsuz ayrılan torpaq sahəsi * saylı mədənin 6-cı sahəsində 162682 (81 m), 168141 (126 m), 162715 (107 m), 162688 (116 m) və 162684 (128 m) saylı neft quyularının mühafizə zolağı daxilində yerləşir. Həmçinin mübahisəli torpaq sahəsi 31 metr məsafədə neft xətti keçir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar, qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2- **/****/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyindən və DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsi tərəfində verilmiş *-**-*-**/*-****/**** saylı ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də müəyyən olunur ki, İddiaçı Şirkətinin Cavabdeh tərəfindən özbaşına tikili inşa etməsi iddia etdiyi torpaq sahəsi İddiaçı Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd etməyi zəruri hesab edirik ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ## ######## 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X3 haqqında Saziş”ə və “X4”nə əsasən neftqaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşmadan Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, məhkəmənin qətnaməsində göstərdiyi bu əsaslar tam qanunsuz və qərəzlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qeyri-qanuni dəlillərinə hüquqi don geyindirilməklə onun əsassız arqumentlərini əsaslı hesab etmiş, lakin, məhkəmə gedişatı zamanı Şirkətin (nümayəndəsinin) təqdim etdiyi dəlillərə heç bir əhəmiyyət verməmişdir. Bununla da, Şirkətin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd olunan fikrinə münasibətdə Şirkət Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Həmçinin hesab edir ki, Binəqədi rayon məhkəməsinin qətnamədə qeyd etdiyi mövqeyi tamamilə yalnışdır ona görə ki, Şirkətin əsaslı iddiasının təmin edilməsi üçün Azərbaycan Respublikasının kifayət qədər qüvvədə olan Qanunvericilik norması olduğu halda, məhkəmə cavabdehin özbaşına və qanunsuz, eləcə də iddiaçı Şirkətin hüquqlarını pozan əməllərinin leqallaşdırılması üçün presedent hüququ yönümündə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarına istinad etməsi özü əsassız və qanunsuzdur. Yəni, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində presedent hüququ nəzərdə tutulmadığı halda, Binəqədi Rayon Məhkəməsi əsassız olaraq bu hüquqa istinad etməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2024-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.4-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin(bundan sonra – Nazirlər Kabineti) qərarı ilə həyata keçirilir. Bundan başqa, Binəqədi rayon Məhkəməsi hazırki iş üzrə Qətnamə qəbul edərkən Avropa Məhkəməsinin müxtəlif qərarlarına istinad etmişdir. ADA Universitetində Ilham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumda cənab prezidentin nitqinin bir hissəsini diqqətə çatdırmaq istəyir: Yeri gəlmişkən, Azərbaycan Avropa Insan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Icra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, mülki iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

17. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina edilərək “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə istinadən qərardad icra edilmədən iş materiallarını geri qaytarılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Hazırkı mərhələdə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsaslar müəyyən edilməmişdir.

20. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən verilmiş *** nömrəli, ## ### 2000-ci il tarixli sərəncamına əsasən əldə etmişdir və bundan sonra cavabdeh mənzil növbəsindən çıxarılmışdır. Iddiaçı həmin sərəncamın hüquqi qüvvəsini itirdiyinə istinad edir. Belə olduğu təqdirdə, cavabdehin həmin torpaq sahəsini özbaşına zəbt etməsi və tikili tikməsi öz təsdiqini tapmır. Vətəndaşın icazə (sərəncam) əsasında əldə etdiyi torpaq sahəsində tikilinin aparılması özbaşına tikinti kimi qiymətləndirilə bilməz və kompensasiya olunmadan tikilinin sökülməsi və torpaqdan çıxarılma yolverilməzdir. Qeyd edilməlidir ki, torpağın iddiaçıya istifadəyə verilməsi onun dövlət torpaqları kateqoriyasına aid olmasını və təyinatını dəyişmir. Yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir və dövlət orqanı tərəfindən qanunsuz olaraq vətəndaşa sərəncam verilməsi sonuncunun mülki məsuliyyətini müəyyən etmir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

28. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır.

29. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

30. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

33. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

34. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.

35. Maddə 103.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.

36. Maddə 103.3. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.

37. Maddə 103.4. Rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.

38. Maddə 103.5. Rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.

39. Maddə 108.1. Torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır.

40. Maddə 108.2. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin torpaq mübahisəsinə dair qərarının icrasına nəzarəti müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

41. Maddə 108.3. Torpaq mübahisələrinə dair qərarların icrası qərar çıxaran orqan və ya yuxarı orqan tərəfindən dayandırıla və ya onun müddəti uzadıla bilər.

42. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

43. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

44. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

45. Maddə 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə # ###### 1999-cu il, № *** Azərbaycan Respublikası Prezidentinin Fərmanı

46. Bənd 2.3. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5ci hissəsində, 39-cu maddəsinin 2-ci hissəsində, 40-cı maddəsinin 3-cü hissəsində, 43-cü maddəsinin 4-cü və 5-ci hissələrində, 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində, 49-cu maddəsinin 4-cü hissəsində, 69-cu maddəsinin 1-ci hissəsində, 90-cı maddəsinin 2-ci hissəsində, 103-cü maddəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci hissələrində, 106-cı maddəsinin 1-ci hissəsində, 107-ci maddəsində, 108-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu

47. Maddə 80.1. Dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Bu halda kompensasiya ödənildikdən sonra müvafiq icra hakimiyyəti orqanı yuxarıda göstərilən sənədlərin qəbul edilməsi (tərtib edilməsi) zamanı qanunvericiliyin tələblərinin pozulmasında təqsiri olan vəzifəli şəxsə qarşı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə müvafiq məhkəməyə iddia ilə müraciət edir.

48. Maddə 80.2. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə # ######## 2012-ci il № *** Azərbaycan Respublikası Prezidentinin Fərmanı

49. Bənd 4.3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü, 5.2-ci, 48.3.1-ci (birinci halda) maddələrində, 66.3- cü maddəsinin ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

60. Iddiaçı “X2“ Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı “X2“ Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar