Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-580/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Vəliyeva Mehri Tahir qızı,Vəliyeva Elnurə Tahir qızı, iddiaçı3 Həsənqulu qızı, iddiaçı1 İsmayıl oğlu, iddiaçı7, iddiaçı6 və iddiaçı5 (üçüncü şəxslər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemioligiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti işə cəlb olunmaqla) cavabdehlər cavabdeh2 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı4 qızı, Vəliyeva Elnurə Tahir qızı, Quliyeva Gülşən Həsənqulu qızı, iddiaçı1 İsmayıl oğlu, iddiaçı7, iddiaçı6 və iddiaçı5 cavabdehlər cavabdeh2, cavabdeh3 qarşı “dam örtüyünün sökülərək əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı4 kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən ** nömrəli evin yaşayış sahəsi 29 kv.m. olan 2 otaqlı * nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı5 adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən ** nömrəli evin ümumi sahəsi 50,2 kv.m., yaşayış sahəsi 35,7 kv.m. olan 2 otaqlı * nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı4 adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən ** nömrəli evin ümumi sahəsi 74,7 kv.m., yaşayış sahəsi 42 kv.m., yardımçı sahəsi 32,7 kv.m. olan 3 otaqlı * nömrəli mənzili tam mülkiyyət hüququ üzrə iddiaçı4 adına qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən ** nömrəli evin ümumi sahəsi 29 kv.m., yaşayış sahəsi 13 kv.m., yardımçı sahəsi 16,2 kv.m. olan 1 otaqlı * nömrəli mənzili ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçı6, X2, X3, X1 adlarına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3, iddiaçı1 İsmayıl oğlu, iddiaçı7, iddiaçı6 və iddiaçı5 iddia ərizəsi ilə Sabail Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən özlərinə məxsus mənzillərin üzərində qanunsuz inşa etdikləri əlavə dam örtüyünün cavabdehlərin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi, 13 ünvanında yerləşən mənzillər mülkiyyət huquqi ilə iddiaçılara məxsusdur. Onlarla qonşuluqda – Bakı şəhəri, İçərişəhər, Asif Zeynallı küçəsi, ev 13, mənzil 2 ünvanında (2-ci mərtəbə) yaşayan cavabdeh2 və onun qonşuluğunda olan mənzil 6 ünvanda yaşayan cavabdeh3 yaşayış evlərinin qır təbəqəsindən ibarət dam örtüyünün üzərindən qanunsuz şəkildə, tikinti norma və qaydalarının tələblərini pozmaqla, müvafiq icazələr olmadan təxminən 2-2,5 metr olan hündürlük səviyyəsində, asbest tərkibli material olan şifer örtüyündən istifadə edərək, 3-cü mərtəbədə yerləşən mənzillərin mətbəx və digər yaşayış otaqlarının pəncərələri səviyyəsində qanunsuz olaraq əlavə yeni dam örtüyü inşa etmişlər. İçərişəhərin ərazisində yerləşən yaşayış evlərinin dam örtükləri illər boyu yalnız qır və qara tol vasitəsilə bağlanmışdır. Evlərin üstü iki dam örtüyü ilə, yəni qır dam və üzərində əlavə qurulmuş yüksək hündürlüyü olan konstruksiya (mansard) üslubunda inşa edilməsi İçərişəhərin əvvəlki arxitekturasının və memarlığının pozulması deməkdir və bu da heç bir qaydada yolverilməzdir. Asbest tərkibli materialların insan sağlamlığına və ətraf mühitə zərərli təsiri artıq bütün dünyaya məlumdur. Mütəxəssislərin qeyd etdiyinə görə asbest şiferlər günəş altında azot tərkibli konserogen zərərli maddələr buraxır və bu maddələrin xərçəng xəstəliyini yaratması təkzib olunmaz bir faktdır. Nəzərə alınsa ki, Bakı şəhəri günəş şüalarının düşmə faizi baxımından ən aktiv zonalardan biridir, asbest tərkibli inşaat materiallarından belə şəraitdə istifadəsi insanların sağlamlığı üçün daha da təhlükəlidir. Belə ki, dam örtüyü 3-cü mərtəbədə yerləşən mənzillərin bütün pəncərələrinin qarşısında yerləşməklə, onların divarlarına bitişikdir və bu səbəbdən də, ilin bütün fəsillərində pəncərələrdən istifadə zamanı, damın səviyyəsi pəncərələrin səviyyəsinədək qaldırıldığı üçün mənzillər zirzəmi vəziyyətinə gətirilmişdir və bu hal küləkli hava şəraitində damın üstünə yığılan toz-torpağın və şiferin zərərli maddələrinin buxar şəklində mənzillərə daxil olmasına səbəb olur. Belə şəraitdə pəncərələri açmaq olmur ki, bu da mənzillərin havalandırma şəraitini pozur. Bundan əlavə, həddindən artıq hündürlükdə qurulan şifer dam örtüyü təbii işıq və təmiz havanın yeganə mənbəyi olan binanın içəri küçəsinə kölgə saldığından 2-ci mərtəbədə yerləşən digər iki mənzillərə düşən gün işığının qarşısını kəsmişdir və mənzillərə təmiz havanın daxil olmasına maneə yaratmışdır. Qurulan dam örtüyü 1-ci mərtəbədə yerləşən mənzilləri isə tamamilə qaranlığa salmışdır və təmiz havanın daxil olmasına da ciddi maneə yaradaraq mənzillərdə zirzəmi effekti yaratmışdır. Beləliklə, cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus mənzillərin dam örtüyü hissəsində aparılmış yenidənqurma işləri səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmamış, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa olunmamışdır. Sözügedən dam örtüyünün qanunsuz olaraq yuxarı səviyyəyə qaldırılması və onun üst təbəqəsinin şifer örtüyü ilə inşa edilməsi onların sağlamlığının qorunması, radiasiya təhlükəsizliyinin təmin olunması, eləcə də sanitar-gigiyena norma və qaydaları, yanğın təhlükəsizliyi baxımından hüquqlarını pozduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin dam örtüyünün şökülərək əvvəlki vəziyyətinə qaytarılması, sağlamlığın pozulması, radiasiya və yanğın təhlükəsizliyinin təmin olunması, eləcə də cavabdehlər tərəfindən sanitar norma və qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanlarına edilən müraciətlər nəticəsiz qalmışdır. Lakin Respublika Gigiyena və Epidimiologiya Mərkəzi tərəfindən yerində aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçılar iddiaçı1 İsmayıl oğluna və X4 məxsus mənzillərdə təbii işıqlandırma səviyyəsi 0 lk, 2-ci mərtəbədə yerləşən iddiaçı6 və iddiaçı5 məxsus mənzillərdə isə 50 lk olmaqla həmin mənzillərdə təbii işıqlandırma səviyyəsi normadan (norma 150 lk) 3 dəfə aşağıdır.
7. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemioligiya Mərkəzi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti iddia ərizəsiüzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.
8. Birinci instansiya məhkəməsində iddiaçı iddiaçı3 (eyni zamanda iddiaçı iddiaçı4 nümayəndəsi) həmçinin göstərmişdir ki, dam örtüyü pəncərədən aşağıdadır, toz gəlir, işığın qabağını kəsir. Tikili cavabdehlər tərəfindən inşa edilib.
9. Birinci instansiya məhkəməsində iddiaçı iddiaçı2 əlavə olaraq göstərmişdir ki, cavabdehlər tərəfindən tikilinin həyata keçirilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Arxiv məlumatları mövcud deyil. Tikinti aparmaq üçün sərəncam, icazə olmalıdır, hətta məhkəmə həmin sübutları ekspertiza tədqiqatına təqdim etmək üçün tələb etsə də, eskizsxem təqdim olunmamışdır. Ona görə də rəy verilməmişdir..
10. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçıların və onların yaşadıqları yaşayış evinin bir hissəsi 3 mərtəbəli, digər hissəsi 2 mərtəbəlidir. İddiaçılar binan 3 mərtəbəli hissəsində, o və digər cavabdeh cavabdeh3 binanın 2 mərtəbəli hissəsində yaşayırlar. Binanın 3 mərtəbəli hissəsində yaşayan qonşular, binanın 2 mərtəbəli hissəsinin damından istədikləri kimi istifadə edirdilər. Bunun nəticəsində damın qır örtüyü zədələnib damırdı. Buna görə də onlar müvafiq dövlət qurumlarına dəfələrlə şikayət etmiş, lakin dövlət qurumları qonşuların damdan istifadə etmələrinin qarşısını ala bilmirdilər. Sonda, yəni təxminən 20 il bundan əvvəl dövlət qurumları binanın 2 mərtəbəli hissəsinin damını dəyişmiş və hazırkı, yəni iddiaçıların damdan istifadə etməsini imkansız etmiş vəziyyətə gətirmişlər. İddiaçılar hazırda damdan istifadə edə bilmədikləri üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Çardağın yenidən qurulması qanuni əsaslarla və dövlət tərəfindən həyata keçirilib, bunu təsdiq edən sənədlər var və o, həmin sənədlər məhkəməyə təqdim edib. Həmin dəyişkilik nə onun, nə də ki, digər cavabdehin tərəfindən edilməyib.
11. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh3 iddiaya etiraz edərək göstərmişdir ki, dam onun da evinin üst hissəsindədir. 20 ildən yuxarıdır inşa edilib. Bu barədə sənədlər var. Qanuni əsaslarla dövlət tərəfindən inşa olunmuşdur.
12. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina barədə məlumatına əsasən məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğundan bu barədə məhkəməyə ##.##.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə baxış vaxtının ##.##.2024-cü il, saat 10.00-a təyin olunması məsələrinə baxılması xahiş olunmuşdur. Həmin tarixdə tədqiq olunan tikiliyə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim olunmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Buna görə də hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
14. “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmiri xidməti tərəfindən Sevinc Abbasovaya və qeyrilərinə ünvanlanmış ##.##.2016-cı il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, A.Zeynallı 13 ünvanında yerləşən binanın 2-ci mərtəbəsinin damının asbest örtükdən (şiferdən) olması və onun ətrafa düşən şüarları altında azot tərkibli konserogen zərərli maddələrin buraxması haqqında müəyyən təşkilatlara və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış müraciətlərə mənzil-kommunal və təmir xidmətində baxılmışdır. Müraciətlərlə əlaqədar olaraq aparılan müvafiq araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən mənzillər şəxsi mülkiyyətdədir. Bildirirlər ki, İdarənin balasında olan dövlət mənzil fonduna aid binalarda və həmin binalarda yerləşən dövlət mənzillərində təmir işləri dövlət vəsaiti hesabına növbəlilik əsasında aparılır.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikas Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi, ev 12 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərə ünvanlanmış ##.##.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları evin həyətində yerləşən bir neçə mənzilin dam örtüyünün asbest tərkibli şifer materiallarına dəyişdirilməsindən və hündürlüyünün qaldırılması nəticəsində təbii işıqlanmanın qarşısının alınmasından narazılıq barədə Səhiyyə Nazirliyinə ünvanladığı şikayət ərizəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində araşdırılmışdır. Araşdırmalar zamanı bir neçə mənzildə işıqlanmanın səviyyəsi ölçmüşdür. Ölçmələrin nəticələrinə görə 1-ci mərtəbədə yerləşən iddiaçı1, S.Abbasovanın mənzillərində təbii işıqlanma səviyyəsi 0 lk, 2-ci mərtəbədə iddiaçı6 mənzilində 50 lk olaraq normadan (norma 150 lk) aşağı olmuşdur. X9 asbestlə bağlı xəstəliklərin ləğv edilməsi məqsədi ilə verilmiş tövsiyyələrində asbestin bütün növlərin istifadəsinin dayandırılması, asbestin digər təhlükəsiz materiallarla əvəz edilməsinin mümkünlüyü barədə məlumatların yayımlanması və əvəz edilməsinin stimullaşdırılması məqsədilə iqtisadi və texniki mexanizmlərin hazırlanması və digər tədbirlərin nəzərdə tutulmasının məqsədəuyğun olduğu bildirilmişdir. Həmin tədbirlərin həyata keçirilməsi aktual olaraq qalır. cavabdeh2 məxsus mənzilin dam örtüyü hissəsində aparılan yenidənqurma işləri ilə yaranan narahatlıqla əlaqədar, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə müraciət etməsini məqsədəmüvafiqdir.
16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi, ev 13 ünvanında yaşayan Sevinc Abbasovaya və digər sakinlərə ünvanlanmış ##.##.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları üçmərtəbəli binanın dam örtüyündə bina sakinləri cavabdeh2 və cavabdeh3 tərəfindən əlavə olaraq asbest-şiferdən dam örtüyü inşa edilməsindən narazılığı barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ##.##.2019-cu il tarixli müraciət mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı qeyd edilən ünvana mütəxəssislər tərəfindən baxış keçirilmiş, asbest-şifer dam örtüyünün uzun müddət əvvəl inşa edildiyi müəyyən olunmuşdur. Qaldırdığı məsələnin həlli Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, aidiyyəti üzrə müraciət etməsini tövsiyə olunur.
17. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Çingiz Hüseynova və digərlərinə ünvanlanmış ##.##.2019-cu il tarixli məktubun surətindən görünür ki, yaşadıqları binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019-cu il daxilolma tarixli müraciətinə ”İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Müraciətləri ilə əlaqədar olaraq İdarəsinin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun ##.##.2004-cü il tarixli, **/**-** nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *-**/*g nömrəli sərəncam ilə həmin illərdə aparılmışdır. Eyni zamanda diqqətinə çatdırırlar ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il16 may tarixli, *** nömrəli Fərmanına əsasən yaradılmışdır.
18. İş üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iddiaçı4 ünvanlanmış ##.##.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı4 yaşadığı binada digər qonşusu tərəfindən dam örtüyünün təmiri vaxtı tikinti qanunvericiliyinin tələblərini pozduğuna dair müraciətinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq İdarənin mütəxəssisləri sözügedən ünvan üzrə araşdırmalar aparmışlar. Araşdırmalar zamanı məlum olmuşdur ki, qeyd olunan təmir-tikinti işləri Bakı Şəhər İcra Hakimiyyətinin “Bakımənzilkommunallayihə” Layihə İnstitutunun ##.##.2004-cü il tarixli, **/**-** nömrəli məktubu və layihə sənədləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2005-ci il tarixli, *-**/*d nömrəli sərəncamı ilə həmin illərdə həyata keçirilmişdir. A.Zeynallı küçəsi, ev 13 ünvanında (mənzid 2) təmir-tikinti işləri aparılan zamanı “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olmuşdur və bu səbəbdən qaldırdığı məsələnin həlli İdarənin səlahiyyətləri xaricindədir. Eyni zamanda məhkəməyə müraciət etmək hüququna malikdir.
19. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. (Hakim Abdullayev Şahin)
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qaldırılan iddia ilə əlaqədar müvafiq mühəndis-texniki ekspertizası təyin edilsə də, ekspert tədqiqatına zəruri materiallar təqdim olunmadığından, ekspert qarşısında qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. İddiaçılar cavabdehlər tərəfindən dam örtüyündə aparılmış işlərin özbaşına həyata keçirilməsini, həmin tikilinin mövcudluğunun mülkiyyətlərində olan mənzillərə təbii işıq və hava axımının qarşısının alınmasına səbəb olduğunu, zərərli maddələrin mənzilə daxil olmasını qeyd edərək mövcud tələblə məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə mübahisəli dam örtüyünün onlar tərəfindən deyil, dövlət tərəfindən, iddiaçılar isə məhz cavabdehlər tərəfindən inşa edilməsini bildirilmişlər.
21. Birinci instansiya məhkəməsi mübahisəli evin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşməsini, bununla da binanın memarlıq abidəsi olduğunu, həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsini nəzərə alaraq hesab etmişdir ki, həmin işlərin özbaşına və məhz cavabdehlər tərəfindən həyata keçirilməsi barədə iddiaçıların dəlilləri əsaslı hesab edilə bilməz.
22. Birinci instansiya məhkəməsi mübahisələndirilən dam örtüyünün inşasının cavabdehlər tərəfindən həyata keçirilməsinin məhkəmə iclasında təsdiq olunmamasını, həmin rekonstruksiyanın 20 ildən artıq müddətə aparılmasını, həmin yenidənqurmanın məhz müvafiq razılıq əsasında həyata keçirilməli olması, 20 il müddətndə mövcud olan tikilinin özbaşına və təhlükəli olması ilə bağlı sökülməsi ilə əlaqədar müvafiq qurum tərəfindən məhkəməyə müraciət edilməməsini, bununla da hazırkı tələbə cavabdehlərin subyektiv cavabdehlik daşımaması müəyyən edilmədiyindən hesab etmişdir ki, qaldırılan iddia təmin edilə bilməz. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 12-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir.
23. Birinci instansiya məhkəməsi həmçinin göstərmişdir ki, hətta aparılan tikililər özbaşına tikili olsa belə, iddiaçıların özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə tələb irəli sürməyə subyektiv hüquqları da mövcud deyil. Çünki hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər.
24. Müvafiq icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikilinin sökülməsi məhkəmə qaydasında həyata keçirilir. Belə tikintinin sökülməsi barədə məhkəməyə iddianı müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi qaldırır.
25. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hətta inşa edilən tikilinin qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilmədən, müvafiq icazə sənədləri alınmadan inşa edilməsinin müəyyən edilməsi halında belə, iddiaçıların həmin tikilinin sökülməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüquqları mövcud deyil.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-ci, Mənzil Məcəlləsinin 24.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 12, 15.1.4, 60.1, 61.1, 61.4, 95.1.1, 95.1.2, 95.2, 95.3-cü¸“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 10, 11ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı iddiaçı4 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin əsaslanması səhv olmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmım, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi və gəldiyi nəticə ilə tam razılaşdığını göstərmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırlmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı iddiaçı4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayətin dəlilləri iddia və apellyasiya şikayətin dəlilləri ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh2 məxsus mənzilin dam örtüyü hissəsində aparılan yenidənqurma işləri ilə yaranan narahatlıqla əlaqədar, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə müraciət etməsi məqsədəmüvafiqdir. Bu sübutdan bir daha aydın olur ki, mübahisəli tikinti özbaşına tikilidir. Çünki qanunvericilikdə nəzərdə tutulan normaların pozulması ilə tikilmişdir. Məhkəmə mübahisənin aydınlaşdırılması üçün ekspertiza təyin etsə də, ekspert rəyi verilməmiş və bu məsələ də açıq qalmışdır. Ekspert rəyinin verilməməsinə əsas səbəb cavabdeh cavabdeh2 tərəfindən lahiyənin və digər zəruri sənədlərin ekspertə təqdim edilməməsi olmuşdur. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququ olmadığını düşünürdüsə ekspertizanı nə üçün təyin etmişdi? Çünki subyektiv hüququnun olmaması özlüyündə iddianın rəddi üçün mühüm əsasdır və belə olan halda prosessual qənaət prinsipinə zidd olaraq ekspertizanın təyin edilməsi və işin aylarca uzadılması məhkəmə ilə yanaşı digər dövlət qurumlarının da iş yükünü əsassız olaraq artırmışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 24.1 Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra- razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 12. şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir. Maddə 15.1.4. tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir Maddə 60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Maddə 61.1. Dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odada davamlı olmalıdır. Maddə 61.4. Dam örtüyündə təmir-tikinti işləri aparılarkən şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 10. Abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib.
38. İddia tələbi cavabdehlərin inşa etdiyi dam örtüyünün sökülməsi barədədir. İddiaçılar tələblərini dam örtüyünün özbaşına tikili olmasına və həmin tikilinin onların mənafeyinə toxunması ilə əsaslandırmışlar.
39. Birinci instansiya məhkəməsi iddianı üç əsasla təmin etməmişdir: 1) iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur; 2) cavabdehlər subyektiv olaraq iddiya cavab verməli şəxs deyildirlər; 3) mübahisəli ev “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşir, bina memarlıq abidəsidir, həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsi nəzərə alınarsa, həmin işlərin özbaşına və məhz cavabdehlər tərəfindən həyata keçirilməsi barədə iddiaçıların dəlilləri əsaslı deyil.
40. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyini olduğu kimi təkrarlamaqla eyni nəticəyə gəlmişdir.
41. İlk növbədə iddiaçıların iddianı qaldırmağa subyektiv hüquqlarının olmaması barədə məhkəmələrin gətirdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, iddia tələbi mahiyyətinə görə özbaşına tikilinin sökülməsi ilə bağlı tələbdir. Özbaşına tikilinin mahiyyəti, onun nəticələri və s. məsələlər Mülki Məcəllənin 180-ci maddəsində nizama salınır.
42. Həmin normaya görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. İstinad olunan hüquq normasının tələbinə görə hətta mülkiyyətdə olan torpaq sahəsində belə, bina, tikili və qurğular buna lazımi icazələr alınmaqla və ya şəhərsalma və tikinti normaları və qaydalarına ciddi surətdə əməl edilməklə inşa edilməlidir. Əks halda, belə tikililər də özbaşına tikili sayılır. Bundan əlavə, normanın dispozisiyasından o da görünür ki, özbaşına sayılan tikililərin sökülməsini müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, maraqlı tərəflər də tələb edə bilərlər.
44. Qanunverici “maraqlı tərəf” anlayışından istifadə etməklə, həmin şəxslərin geniş dairəsini də müəyyən etmişdir. Həmin şəxslərin qeyd edilən normanın məqsədləri daxilində dairəsi onunla müəyyən edilir ki, inşa edilən tikili onların hüquq və mənafelərinə toxunsun. Bu cür toxunma halı olduğu halda həmin şəxslər “maraqlı tərəf” anlayışının daxilində müvafiq tələblər sürməyə subyektiv hüququ olan şəxlər kimi qəbul edilməlidir.
45. Analoji iddialarda ilk növbədə tikilinin qanuniliyi ilə bağlı məsələlərə aydınlıq gətirilməli, sonrakı mərhələdə isə tikilinin iddianı qaldıran şəxsin hüquq və mənafeyinə toxunubtoxunmaması müəyyən edilməlidir. Tikilinin qanunsuz olduğu halda belə, bu, iddia qaldıran şəxsin mənafeyinə toxunmursa, bu zaman iddia qaldıran şəxsin subyektiv hüququnun olmaması məsələsi müzakirə predmeti ola bilər.
46. İddiaçılar cavabdehlərin inşa etdiyi dam örtüyünün qanunsuz olması ilə bərabər, həm də həmin tikilinin onların öz mülkiyyətlərindən sərbəst şəkildə istifadələrinə maneə yaratmasına istinad etdikləri üçün onların müvafiq subyektiv hüququn daşıyıcları olub-olmamasına da məhz yuxarıda göstərilən “maraqlı tərəf” baxımından qiymət verilməli idi.
47. Müvafiq iddianın yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qaldırılmalı olması və bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə istinad edilməsi də hazırkı işin halları ilə uyğunluq təşkil etmir.
48. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2012-ci il tarixli *** saylı Fərmanı ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin sökülməsi səlahiyyətinin müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edillməsi, Mülki Məcəllənin 180-ci maddəsi kontekstində maraqlı şəxslərin də öz hüquqlarının müdafiəsi baxımından özbaşına tikilinin sökülməsini tələb etmək hüququnu istisna etmir.
49. Qeyd edilənlərə əsasən, Mülki Məcəllənin 180-ci maddəsi daxilində yoxlama olmadığı üçün məhkəmə kollegiyası iddiaçıların hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüquqlarının olmaması barədə məhkəmələrin gəldiyi nəticəni düzgün hesab etmir.
50. Həmçinin məhkəmələr iddianın rədd edilməsi əsası kimi cavabdehlərin subyektiv cavabdehlik daşımamasına, mübahisəli evin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşməsinə, bununla da binanın memarlıq abidəsi olduğuna, həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsinə, həmin işlərin özbaşına və məhz cavabdehlər tərəfindən həyata keçirilməsi barədə iddiaçıların dəlillərinin təsdiq edilməməsinə istinad etmişlər.
51. Cavabdehlərin subyektiv cavabdehlik daşımaması barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçıların bildirdiyinə görə tikililər cavabdehlərin mənafeyinə xidmət edir, cavabdehlər də buna etiraz etməyərək, həmin tikililərin dövlət qurumları tərəfindən inşa edildiyini bildirmişlər.
52. Bu halda məhkəmələrin vəzifəsi Mülki Məcəllənin 180-ci maddəsinin tərkib əlamətləri üzrə mübahisəli tikilinin dövlət qurumu tərəfindən lazımi prosedur qaydalara uyğun inşa edilibedilməməsini yoxlamaq, bunu nəticəsi olaraq da subyektiv cavabdehlik məsələsinə qiymət vermək olmuşdur. Lakin işdən bu, görünmür, tikilinin hansı şəxs və qurum tərəfindən aparılması müəyyən edilməyib.
53. Bundan əlavə, mübahisəli evin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunda yerləşməsi, binanın memarlıq abidəsi olması həmin tikilidə aparılan hər hansı rekonstruksiya işlərinin yalnız müvafiq inzibati orqanın rəsmi icazəsi ilə həyata keçirilə bilməsini ehtimal etmək üçün əsas vermir. Halbuki məhkəmələr məhz bu ehtimaldan çıxış edərək iddianı rədd etmiş, bu xüsusatla bağlı təyin edilmiş ekspertizadan imtinanın səbəblərini də araşdırmamışılar. Ekspertin ekspertizadan imtinasının səbəbi o olmuşdur ki, tədqiq olunan tikiliyə baxış keçirilsə də, əlavə materiallar təqdim olunmadığından qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
54. Göründüyü kimi, ekspert əlavə materiallar təqdim olunmadığından ekspertiza aparmaqdan imtina etdiyi halda, məhkəmələr hər hansı sübuta istinad etmədən qətnamə qəbul etmişlər. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
55. Beləliklə, mübahisədə adı keçən ünvanda aparılan inşa edilmiş tikilinin kim tərəfindən, hansı qaydada aparılması, tikilinin iddiaçıların hüquq və mənfelərinə toxunub-toxunmaması məsələsinə aydınlıq gətirlmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin də əsaslılığına qiymət verə bilmir.
56. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək, qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı4 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.