Məhkəmə qərarları › İş №2(1-8)-602/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-602/2026

14.04.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-602/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək haqqının ödənilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesabın aparılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-də **-K saylı əmrlə ##.##.2023-cü il tarixdən elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinə ***/K saylı ##.##.2023-cü il tarixli əmrlə müddətin bitməsi əsası ilə xitam verilmiş, həmin tarixdə iddiaçının əmək haqqı kartına “Kapital Bank" vasitəsi ilə 830,22 manat son haqq-hesab köçürülmüşdür.

2. İddiaçının müraciəti əsasında X6 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, cavabdehin vəzifəli şəxsi barəsində ##.##.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, ##.##.2023-cü il tarixli MN ******* nömrəli qərarla inzibati tənbeh tətbiq olunmuş, həmçinin əmək haqqının yenidən hesablanaraq ödənilməsi barədə ##.##.2023-cü il tarixli *-**-*/*-*****/**** saylı icrası məcburi göstəriş verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı borcu üzrə 2795,59 manat, əmək haqqının verilməsinin ##.##.2024-cü il tarixə kimi gecikdirilməsi üçün illik 1 faiz dərəcəsi ilə hesablanan 10200,53 manat faiz borcu, 513,88 manat məzuniyyət pulu borcu olmaqla, cəmi 13510 manat borcun, 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 520 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmasına baxmayaraq, həmin günlərə görə əmək haqqı tam ödənilməmiş, eləcə də son haqq-hesab və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya düzgün hesablanmamışdır. Cavabdeh MMC-yə məxsus davamiyyət və əməliyyat jurnallarından onun qeyri-iş günlərində işə çıxması görünür. X6 Xidmətinin apardığı araşdırma zamanı da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş, cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş və əmək haqqının yenidən hesablanaraq ödənilməsi barədə icrası məcburi göstəriş verilmişdir. Həmçinin “Vətən Müharibəsi” iştirakçısı olduğundan ona Əmək Məcəlləsinin 120-ci maddəsinə uyğun olaraq daha artıq müddətli əmək məzuniyyəti verilməli olduğu halda, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya düzgün hesablanmamışdır.

5. Cavabdeh Cavabdeh MMC iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıya işlədiyi dövr üzrə əmək haqqı və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab tam ödənilmişdir. İddiaçının istirahət və bayram günlərində davamiyyət jurnalında imza etməsi həmin günlərdə işləməsini təsdiq etmir. İşğaldan azad olunmuş ərazidə yerləşən obyektin təhlükəsizlik rejimi ilə əlaqədar işçilərin ərazidə olub-olmamasına nəzarət məqsədilə davamiyyət jurnalında qeyd aparılmış, işçilər həmin günlərdə faktiki olaraq əmək funksiyalarını yerinə yetirməmişlər. İddiaçı istirahət günlərində əmək funksiyasına aid işə cəlb edilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iddiaçının işlədiyi vəzifə üzrə növbəli iş rejimi nəzərdə tutulmamış, təqdim edilmiş əməliyyat jurnalında da onun istirahət günlərində növbədə olması ilə bağlı qeydlər olmamışdır. İşçilərin istirahət günlərində müəssisənin ərazisində qalması həmin ərazilərdə təhlükəsizlik şəraitinin xüsusiyyətləri ilə bağlı olmuşdur. Bundan başqa, X6 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və verilmiş göstəriş hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır, həmin sənədlər özlüyündə iddia tələbinin əsaslı olmasını təsdiq etmir.

6. X4 ifadəsində göstərmişdir ki, iddiaçı ilə birlikdə cavabdeh müəssisədə işləmiş, iş qrafiki müəyyən dövrdə növbəli olmuşdur. İşçilər istirahət günlərində müəssisənin ərazisində qalsalar da, həmin günlərdə işləməmiş, davamiyyət jurnalına isə hər gün imza etmişlər.

7. X1 ifadəsində göstərmişdir ki, müəssisə işğaldan azad olunmuş ərazidə yerləşdiyindən təhlükəsizlik məqsədilə işçilərin ərazidə qalması təmin edilmiş və onların qeydiyyatı davamiyyət jurnalında aparılmışdır. İddiaçı müəyyən müddət növbəli iş rejimində çalışsa da, istirahət günlərində əmək funksiyasını yerinə yetirməmiş, həmin günlərdə yalnız müəssisənin ərazisində olmuşdur.

8. Şuşa Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehralıyev) iddia qismən təmin edilmiş, 2023-cü ilin aprel-may ayları üçün əmək haqqı və son haqq-hesab qismində ödənilməmiş 360,56 manat, əmək haqqı və son haqq-hesabın ödənilməsinin gecikdirilməsinə görə 1625,20 manat olmaqla, cəmi 1985,76 manat məbləğində pul vəsaiti, 50 manat mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə ödənilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı 2023-cü ilin aprel və may ayları üçün əmək haqqının və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın düzgün hesablanmaması və ödənilməməsi müəyyən edilmişdir. İddiaçı İddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə istirahət günlərində, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmasını iddia edərək daha böyük məbləğdə əmək haqqının ödənilməsini tələb etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçının təqdim etdiyi cədvəldə isə ödənilməmiş əmək haqqı pul məbləğlərinin hansı əsaslarla hesablanması müəyyən olunmur və mötəbər sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə ödənilməmiş əmək haqqı və son haqq-hesab qismində 360,56 manat (222,70 manat + 119,74 manat + 18,12 manat = 360,56 manat), ödənişin gecikdirilməsinə görə 1625,20 manat olmaqla, cəmi 1985,76 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 2023cü ilin aprel ayı üçün əmək haqqı ##.##.2023-cü il tarixdə, may ayı üçün ##.##.2023-cü il tarixdə, son haqq-hesab isə ##.##.2023-cü il tarixində ödənilmişdir. Qətnamə çıxarıldığı günə aprel ayı üçün ödənilməmiş əmək haqqının gecikdirilmə faizi 1044,46 manat (222,70 manat x 1% x 469 gün = 1044,46 manat), may ayı üçün ödənilməmiş əmək haqqının gecikdirilmə faizi 525,66 manat (119,74 manat x 1% x 439 gün = 525,66 manat), ödənilməmiş son haqqhesabın gecikdirilmə faizi 55,08 manat (18,12 manat x 1% x 304 gün = 55,08 manat), cəmi 1625,76 (1044,46 manat + 525,66 manat + 55,08 manat = 1625,20 manat) pulun tutulması qənaətinə gəlir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 89, 99,107, 109, 120, 144, 154.1, 164 və 172-ci maddələrinə istinad edərək iddianı qisməntəmin etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, davamiyyət və əməliyyat jurnalları onun istirahət, bayram və qeyri-iş günlərində işlədiyini təsdiq etdiyi halda, məhkəmə həmin sənədləri əmək haqqının hesablanması hissəsində nəzərə almamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş tabel uçot sənədləri sonradan hazırlanmış və həqiqəti əks etdirməyən sənədlərdir. Belə ki, həmin sənədlərdə onun işdə olmadığı günlər iş günü kimi göstərilmiş, davamiyyət jurnalındakı qeydlərlə ziddiyyət yaranmışdır. O, bu sənədlərin saxtalaşdırıldığını və birinci instansiya məhkəməsinin həmin sənədlərə əsassız olaraq üstünlük verdiyini bildirmişdir. X2 Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması müəyyən edilmiş, cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunmuş və əmək haqqının yenidən hesablanması barədə göstəriş verilmişdir. Hesab edir ki, məhkəmə həmin hallara lazımi hüquqi qiymət verməmişdir. Həmçinin “Vətən Müharibəsi” iştirakçısı olması nəzərə alınmadan istifadə edilməmiş məzuniyyətə görə kompensasiya düzgün hesablanmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara birtərəfli qaydada üstünlük vermiş, təqdim etdiyi hesablamalar və vəsatətlər, o cümlədən ekspertiza keçirilməsi barədə müraciəti nəzərə alınmamışdır.

13. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, istirahət və bayram günlərində faktiki olaraq işləməsinə baxmayaraq həmin işlərə görə əmək haqqı ödənilməmişdir. Davamiyyət jurnalına işə gəlib-getməsini təsdiq etmək üçün imza etmiş, şənbə və bazar günlərində də müəssisə rəhbərliyinin göstərişi ilə müxtəlif işlər görmüşdür. İddiaçı həmçinin şahidlərin cavabdeh müəssisədə işləmələri səbəbindən onlara təzyiq göstərildiyini qeyd etmişdir.

14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş tabel uçot sənədləri həqiqəti əks etdirmir və sonradan hazırlanmışdır. Onlar qeyd etmişlər ki, davamiyyət və əməliyyat jurnalları iddiaçının istirahət və bayram günlərində işə cəlb olunmasını təsdiq edir, X6 Xidməti də həmin sənədlər əsasında əmək qanunvericiliyinin pozulduğunu müəyyən etmişdir. Həmçinin iddiaçı müəyyən dövrdə növbəli iş rejimində çalışmış, sonrakı dövrdə isə istirahət və bayram günlərində işə çıxmışdır.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının istirahət və bayram günlərində davamiyyət jurnalında imza etməsi həmin günlərdə işləməsi anlamına gəlmir. Müəssisə işğaldan azad olunmuş ərazidə yerləşdiyindən təhlükəsizlik məqsədilə işçilərin ərazidə qalması təmin edilmiş və davamiyyət jurnalı da bunun üçün aparılmışdır. İddiaçı əmək funksiyasına aid işlərə həmin günlərdə cəlb olunmamış, əmək haqqı faktiki görülmüş işə uyğun hesablanmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

16. İşə əlavə edilmiş “Alternativ” Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh MMC və iddiaçı İddiaçı arasında ##.##.2023-cü il tarixli ***/K saylı əmək müqaviləsi bağlanmış və onun aylıq vəzifə maaşı 575 manat təyin edilmişdir. “xxxx” ASC-nin ##.##.2022-ci il tarixli DƏ/*** saylı əmri ilə aylıq vəzifə maaşının 0,5 misli yəni 285 manat vəzifə maaşına aylıq əlavə nəzərdə tutulmuşdur. Bununla da iddiaçı İddiaçı aylıq vəzifə maaşı 862,5 (575+287,5) manat təşkil edir. Ekspertizaya təqdim edilmiş Davamiyyət və Əməliyyat jurnalına əsasən İddiaçı Cavabdeh MMC-də ##.##.2023cü “tarixdən ##.##.2023-cü il tarixədək növbəli rejimdə işləməsi nəzərə alınmaqla, işdən azad olunduğu ##.##.2023-cü ilədək iş günü hesab edilməyən bayram və istirahət günlərində işləməsi müəyyən edildiyi təqdirdə həmin dövr ərzində hər ay üçün hesablanmalı olan əmək haqqı aprel ayında 1192,60 manat; may ayında 1683,91 manat; iyun ayında 1749,96 manat; iyul ayında 1273,20 manat; avqust ayında 1162,50 manat; sentyabr ayında 1232,13 manat; oktyabr ayında 1466,63 manat olmaqla cəmi 9760,93 manat təşkil edir. Qərardadın 1-ci sualı üzrə hər ay üçün müəyyən edilmiş əmək haqqı məbləği düzgün olmadığı və az olduğu halda cavabdeh tərəfindən iddiaçıya hər ay üçün hesablanmış əmək haqqı çıxıldıqdan sonra az hesablanmış əmək haqqı 3663,12 (9760,93-6097,81) manat təşkil edir. Qərardadın 2-ci sualı üzrə iddiaçıya ödənilməli əmək haqqı məbləği müəyyən edildiyi təqdirdə iddiaçıya hər ay üçün ödənilməli olan əmək haqqı məbləğinin gecikdirilmçiş günlər üçün (işdən azad olunduğu ##.##.2023-cü ilədək) hesablanan günlük faiz məbləği 12642,01 manat təşkil edir. İddiaçı faktiki olaraq işlədiyi 6 ay müddəti üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmalı məbləğ 1074,60 manat təşkil edir. Buna baxmayaraq 652,55 manat, yəni 422,05 (1074,60 – 652,55) manat az hesablanmışdır. Beləliklə, əlavə hesablanmış əmək haqqı və məzuniyyət (kompensasiya) məbləğ 3663,12 (634,32+2606,75+422,05) manat təşkil edir. Həmin məbləğin gecikdirilməsinə görə Əmək Məcəlləsində ödənişin hər gecikdirilən günü üçün nəzərdə tutulan minimum cərimə faizi (1%) 12642,01 manat müəyyən edilərək, cəmi hesablanan məbləğ 16305,13 (3663,12+12642,01) manat təşkil edir. Qanunla nəzərdə tutulan müvafiq tutulmalar hesablanmaqla Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı ödənilməli məbləğ 12912,24 (16305,13-3392,89) müəyyən edilir. Eyni zamanda, müvafiq tutulmalar (gəlir vergisi, həmkarların üzvlük haqqı, işsizlik fondu və icbari tibbi sığorta) "X7 şəbəkəsi” MMC tərəfindən təyinatı üzrə, DSMF-yə hesablanmış 4564,92 (4075,82+489,15) manat isə iddiaçı əsənov Əliqulu Bəhrəm oğlunun DSMF-dəki fərdi hesabına ödənilməlidir. Ekspertiza xərci iddiaçı tərəfindən ödənilmişdir.

17. 10.2025-ci il tarixli qəbzdən görünür ki, “Alternativ” Ekspertiza Mərkəzinin hesabına ekspertiza haqqı olaraq 1000 manat pul ödənilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şuşa Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Cavabdeh MMC-dən 2795,59 manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə 422,05 manat pul əvəzi, əmək haqqının gecikdirilməsinə görə 2500 manat ödənc məbləği, 50 manat mediasiya xərci, hüquqi yardıma görə vəkilə ödənilmiş 520 manat və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 1000 manat olmaqla, cəmi 7287,64 manatın tutularaq, iddiaçı İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu qismində 50 manatın cavabdeh Cavabdeh MMC-dən tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Apellyasiya məhkəməsi rayon məhkəməsinin iddiaçı İddiaçı istirahət və bayram günlərində “xxxx” MMC-nin 330/110 kV “X5” YS-nin Davamiyyət jurnalına imza etməsinin onun işə cəlb edilməsi ilə bağlı deyil, təhlükəsizlik məqsədi ilə stansiyanın ərazisində olmasının təmin edilməsi ilə əlaqədar olması ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi cavabdehin məhkəməyə təqdim etdiyi izahat xarakterli arayışına və iş üzrə dindirilmiş şahid ifadələrinə əsaslanmışdır ki, həmin sübutlar mötəbər olmamışdır. Belə ki, cavabdeh işin nəticəsində maraqlı olan şəxs hesab olunmaqla, onun təqdim etdiyi arayışda göstərilənlərin mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. İş üzrə dindirilmiş şahidlər isə cavabdehlə əmək münasibətlərində olmaqla, onlar arasında işçi və işəgötürən münasibətləri mövcuddur ki, onların da ifadəsinin mötəbər sübut kimi qəbul edilməsi yolverilməz olmuşdur.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan yazılı süburlarla iddiaçının istirahət və bayram günlərində işə cəlb edilməsi sübut olunmuşdur. Belə ki, “xxxx” MMC-nin 330/110 kV “X5” YS-nin Davamiyyət jurnalındakı qeydlərlə iddiaçının istirahət və bayram günlərində işləməsi müəyyən edilməkdədir. Digər tərəfdən isə iş materiallarında olan X6 Xidmətinin Qarabağ regional şöbəsinin ##.##.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və ##.##.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxsi iddiaçı İddiaçı iş vaxtından artıq işlədildilməsi, istirahət günlərində işə cəlb edilməsi, nəticədə işçiyə istirahət günlərində görülən işə görə əmək haqqı ödənilməməsi səbəbindən Əmək Məcəlləsinin 164ci maddəsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir.

21. Buna görə də, məhkəmə kollegiyası iddiaçı İddiaçı istirahət və bayram günlərində işə cəlb edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.

22. Apellyasiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı işdən azad olunuduğu ## ####### 2023-cü il tarixinədək iş günü hesab edilməyən bayram və istirahət günlərində işlədiyi təqdirdə dövr ərzində hər ay üçün hesablanmalı olan əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə almalı olduğu pul əvəzinin miqdarının müəyyən edilməsi üçün mütəxəssis təyin edilmiş və “Alternativ” Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *** nömrəli mütəxəssis rəyi ilə növbəli iş günlərində əlavə işlənən iş saatları üçün 634,32 manat, bayram və istirahət günlərində işləməsi müəyyən edilən günlər üçün 2606,75 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə almalı olduğu kompensasiya məbləğinin 422,05 manat olmaqla, əlavə hesablanmış əmək haqqı və məzuniyyət (kompensasiya) məbləğinin cəmi 3663,12 (634.32+2606.75+422.05) manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı ödənilməmiş əmək haqqı borcu qismində 2795,59 manat, əmək məzuniyyətinə görə almalı olduğu pul əvəzi məbləği qismində isə 513,88 manat tələb etmişdir. Məhkəmə növbəli iş günlərində əlavə işlənən iş saatlarının da əmək haqqı borcuna daxil olmasını və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən 2795,59 manat ödənilməmiş əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi qismində 422,05 manat olmaqla, cəmi 3217,64 manat pul tutulmalıdır.

23. Bundan başqa, iddiaçı tərəfindən düzgün hesablanmamış və ödənilməmiş əmək haqqının gecikdirilməsi üçün 10200,53 manat cərimə məbləği tələb edilmiş, mütəxəssis rəyi ilə isə yalnız iddiaçının işdən çıxdığı günədək hesablanmış cərimə məbləğinin 12642,01 manat olması müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1 və 464-cü maddəsində nəzərdə tutulan qanun üzrə dəbbə (cərimə) pulunun ödənilməsidir.

25. Hazırkı işin hallarına görə iddiaçı bayram və istirahət günlərində işlədiyi dövr ərzində əmək haqqısı ödənilərkən, iş vaxtından artıq işlərə, bayram və istirahət günlərinə görə əmək haqqısının Əmək Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulan qaydada hesablanmasını və ödənilməsini tələb etməmiş, bu tələbi yalnız işdən azad olunudqdan sonra irəli sürmüşdür.

26. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin cərimə qismində öhdəliyinin artmasında dolayısı ilə iddiaçının da təqsiri olmuşdur. Qeyd olunan hal isə Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən cavabdehin məsuliyyətinin ölçüsünün azaldılmasına əsas vermişdir.

27. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, tələb edilən və mütəxəssis tərəfindən müəyyən edilmiş cərimə məbləği əsas öhdəliyə münasibətdə tənasübsüz surətdə yüksək olmuşdur. Qeyd olunan hal da Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasına əsas vermişdir.

28. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən ödənilməli olan əmək haqqının gecikdirilməsinə görə 2500 manat ödənc məbləği tutularaq, iddiaçıya ödənilməlidir.

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi əsasən təmin edilmiş, tələb edilən cərimə məbləği isə məhkəmə tərəfindən azaldılmışdır. Buna görə də iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasnın *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan borc məbləği hissəsinin dəyişdirilərək, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ##.##.2024-cü il tarixli ərizəsi nəzərə alınaraq, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləği 10200 manatın, kassasiya şikayəti verilməsi üçün hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əmək haqqının gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş ödənci əsassız olaraq dəbbə pulu kimi qiymətləndirərək azaltmışdır. Həmin normada nəzərdə tutulmuş bir faiz məbləğində ödənc cərimə xarakteri daşımır, əmək haqqının vaxtında ödənilməməsi nəticəsində işçinin məruz qaldığı zərərin kompensasiyasına yönəlmiş xüsusi hüquqi təminatdır. Buna görə də, Mülki Məcəllənin dəbbə pulunun azaldılmasına dair müddəalarının tətbiqi yolverilməzdir. Həmçinin apellyasiya məhkəməsinin iddiaçının guya məsuliyyətin artmasında dolayısı ilə təqsirli olması barədə nəticəsi əsassızdır. Belə ki, əmək haqqının vaxtında və düzgün ödənilməsi işəgötürənin birbaşa vəzifəsidir və işçinin həmin ödənişi sonradan tələb etməsi onun qanunla nəzərdə tutulmuş təminatdan məhrum edilməsinə əsas ola bilməz.

32. Cavabdeh (vəkil vəkil3) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi X6 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və qərara əsassız olaraq preyudisial əhəmiyyət vermişdir. Həmin sənədlər MPM-in 82.4-cü maddəsi baxımından məhkəmə üçün məcburi sübut hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini və cavabdehin təqdim etdiyi izahatları əsassız olaraq qeyrimötəbər saymış, iş üzrə sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət verməmişdir. Həmçinin əməliyyat jurnalında iddiaçının qeyri-iş günlərində növbədə olması ilə bağlı qeydlər mövcud deyildir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə 35 (İ, IV, V və VI hissələr). Əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

37. Maddə 89 (1, 2 və 3-cü hissələr). Tam iş vaxtı – müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

38. Maddə 99 (1 və 2-ci hissələr). İş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

39. Maddə 107. Bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

40. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.

41. Maddə 154.(1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

42. Maddə 164 (1 və 2-ci hissələr). İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

43. Maddə 172 (4 və 5-ci hissələr). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

44. Maddə 120. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

45. Maddə 144 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği hissəsində mübahisələndirildiyindən apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi qismən, əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği hissədə ləğv edilməklə həmin hissədə iddianın tam təmin olunmasına dair yeni qərar çıxarılmalıdır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi əmək haqqının gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş ödənci təmin etsə də, həmin tələbi Mülki Məcəllədə nəzərdə tutulmuş dəbbə pulu tələbi kimi qiymətləndirərək azaltmış və hesab etmişdir ki, iddiaçı tələbi əmək münasibətləri davam etdiyi müddətdə deyil, sonradan irəli sürdüyündən cavabdehin məsuliyyətinin artmasında dolayısı ilə onun da təqsiri olmuş, həmçinin hesablanmış məbləğ əsas öhdəliyə münasibətdə tənasübsüz surətdə yüksək olmuşdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş ödəncin hüquqi təbiətini düzgün müəyyən etməmişdir.

58. Belə ki, həmin normaya əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

59. Normanın məzmunundan göründüyü kimi, qanunverici əmək haqqının vaxtında ödənilməsini işçinin əsas əmək hüquqlarından biri kimi qiymətləndirərək həmin hüququn pozulması halında işçiyə əlavə təminat vermişdir. Bu təminat işəgötürənin cəzalandırılması məqsədi daşımır. Əksinə, həmin ödənc işçinin əmək haqqını vaxtında ala bilməməsi nəticəsində məruz qaldığı mənfi nəticələrin kompensasiyasına yönəlmiş xüsusi hüquqi mexanizmdir.

60. Əmək münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, işçi əmək funksiyasını yerinə yetirdikdən sonra əmək haqqını qanunla müəyyən olunmuş müddətdə almaq hüququna malikdir. Əmək haqqının gecikdirilməsi isə işçinin yalnız müəyyən pul vəsaitindən müvəqqəti məhrum olması ilə nəticələnmir, eyni zamanda onun gündəlik yaşayış ehtiyaclarını təmin etmək, maddi öhdəliklərini vaxtında icra etmək və öz əmlak maraqlarından sərbəst istifadə etmək imkanını məhdudlaşdırır. Bu baxımdan Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş ödənc işçinin pozulmuş əmlak marağının bərpasına xidmət edən kompensasiya xarakterli təminatdır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” qərarında da göstərilmişdir ki, həmin ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı olmaqla bərpaedici və kompensasiyaedici funksiya daşıyır, işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin bir növü kimi çıxış edir. Konstitusiya Məhkəməsi xüsusi vurğulamışdır ki, bu hüquq tərəflər arasında fərdi əmək mübahisəsinin yaranıb-yaranmaması ilə əlaqələndirilə bilməz və işçinin məhkəməyə müraciət etməsi onun həmin təminatdan məhrum olunmasına səbəb ola bilməz.

62. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh tərəf ümumilikdə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tətbiq edilməsini və hər gecikdirilmiş gün üçün bir faiz ödəncin hesablanmalı olduğunа etiraz etməmiş, bu məsələnin həlli ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, kassasiya şikayətində isə yalnız hesablanmış məbləğin həcminə etiraz etmişdir. Bu isə cavabdehin prinsip etibarilə mübahisənin həllində Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tətbiq edilməsinə razılaşdığını göstərir.

63. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin sözügedən ödənci Mülki Məcəllədə nəzərdə tutulmuş dəbbə pulu kimi qiymətləndirərək azaltması düzgün hüquqi yanaşma hesab edilə bilməz. Çünki Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi xüsusi norma olmaqla həmin ödəncin minimum həddini birbaşa müəyyən etmişdir və normada onun azaldılması imkanı nəzərdə tutulmamışdır. Əks yanaşma normanın məqsədini və işçiyə verilmiş əlavə təminatı faktiki olaraq aradan qaldırmış olardı.

64. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

65. Həmçinin hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır.

66. İş üzrə alınmış ekspert rəyində əmək haqqının gecikdirilməsinə görə hesablanmış ödəncin məbləği iddia tələbində göstərilən məbləğdən artıq müəyyən edilsə də, məhkəmə kollegiyası mülki məhkəmə icraatında dispozitivlik prinsipini nəzərə alaraq iddia tələbindən kənara çıxmır və iddiaçının tələb etdiyi məbləğin təmin edilməsini mümkün hesab edir.

67. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsində hüquqi yardım xərcləri ilə bağlı irəli sürülmüş tələb tam təmin edilmişdir. Hazırkı kassasiya şikayətində isə əlavə məbləğin tutulması tələb olunsa da, həmin dəlil apellyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, məhkəmə tərəfindən də haqlı olaraq apellyasiya şikayətinin dəlilləri həddində araşdırma aparılmışdır.

68. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbinin əmək haqqının verilməsinin gecikdirilməsinə görə hesablanan ödəncin təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Odur ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin olunmalı və əmək haqqının verilməsinin gecikdirilməsinə görə hesablanmış ödənc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

69. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək iddiaçının istirahət və bayram günlərində işə cəlb olunması nəticəsinə yalnız X6 Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar əsasında deyil, həmçinin davamiyyət və əməliyyat jurnallarındakı qeydlər, tərəflərin izahatları və işin digər halları əsasında gəlmişdir.

70. Cavabdehin inzibati xəta haqqında protokolun preyudisial əhəmiyyət daşımaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə MPM-in 82.4-cü maddəsi mənasında preyudisial qüvvəyə malik akt kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli yazılı sübut kimi istinad etmişdir. Bu baxımdan kassatorun həmin hissədəki dəlili apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanunsuz hesab olunması üçün əsas yaratmır.

71. Həmçinin cavabdehin davamiyyət jurnalındakı qeydlərin yalnız təhlükəsizlik məqsədilə aparılması və iddiaçının faktiki işləməməsi barədə dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və həmin izahatların iş materialları ilə təkzib olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət vermişdir.

72. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri də mahiyyət etibarilə sübutların yenidən qiymətləndirilməsinə yönəlməklə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas vermir. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən sübutların yenidən araşdırılması və işin faktiki hallarının fərqli müəyyən edilməsi yolverilməzdir.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi qismən – iddia tələbinin “əmək haqqının verilməsinin gecikdirilməsi üçün illik 1 faiz dərəcəsi ilə hesablanan faiz borcunun tutulması”nın təmin olunmaması hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin və əmək haqqının verilməsinin ##.##.2024-cü il tarixə kimi gecikdirilməsi üçün illik 1 faiz dərəcəsi ilə hesablanan 10200,53 (on min iki yüz manat əlli üç qəpik) manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mübahisələndirildiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar