Məhkəmə qərarları › İş №2(1-8)-613/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-613/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-613/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2024-cü il tarixli, ******* saylı müqaviləyə görə Cavabdeh (bundan sonra – “cavabdeh”) “xxxx” MMC-dən (bundan sonra – “iddiaçı”) alqı-satqı qiyməti 56,40 manat (6 ay x 8,9 manat + 3 manat ilkin ödəniş) olan zəmanət + 1 il xidməti, Panasonic KX ev telefonu almışdır.

2. ##.##.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 753,96 manat (12 ay x 62,83 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, soyuducu Hisense, X3 6-lı çay fincan seti-12 Parça, mikrodalğalı Soba Toshiba almışdır.

3. ##.##.2024-cü il tarixli, ******** saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan alqısatqı qiyməti 2 383,92 manat (12 ay x 198,66 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, X1 proyektor, VR meta oculus quest 3 videooyun avadanlığı, IMIE KODU 58271/64SN01854 X2 markalı planşet almışdır.

4. ##.##.2024-cü il tarixli, ******** saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 4 176 manat (18 ay x 232 manat + 0 manat ilkin ödəniş) olan Apple 20W Usb-C Adapter, Apple Usb-C X4, Apple 20W USB-C adapter, paket xxxl xidməti, zəmanət + 1 il xidməti, ödənişin təminat xidməti, IMEI kodu 350814299123331 Iphone 15 pro MmAX markalı telefon almışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 4 176 manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 417,60 manat dəbbə pulu; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 2 383,92 manat ödənilməmiş hissə, 238,39 manat dəbbə pulu; ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 753,96 manat ödənilməmiş hissə, 75,40 manat dəbbə pulu və ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 44,50 manat ödənilməmiş hissə, 4,45 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8 117,82 manat borc və ödənilmiş dövlət rüsumuna görə 101,18 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə məişət əşyaları almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə ümumilikdə 8 117,82 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 11,90 manat təşkil edir. Müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xəbərdarlıq məktublarında mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

7. Füzuli Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 4 176 manat ödənilməmiş hissə, Innovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 208 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 2 383,92 manat ödənilməmiş hissə, 119 manat cərimə, ##.##.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, 753,96 manat ödənilməmiş hissə, 37 manat cərimə və ##.##.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən 44,50 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 7 747,98 manat borc pul və ödənilmiş dövlət rüsumuna görə 97,47 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – S.Məmmədli).

8. Məhkəmə iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh ##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixli, ******* saylı və ##.##.2024 cü il tarixli, ******* saylı nisyə alqı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, iddianı əsas hissədə etiraf etdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir.

9. Məhkəmə, həmçinin tərəflərin mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müvafiq olaraq iddiaçının cavabdehə müxtəlif müqavilələr üzrə hesabladığı 417,60 manat, 238,39 manat, 75,40 manat və 4,45 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borclarının məbləğlərinin azaldılıb müxtəlif müqavilələr üzrə müvafiq olaraq 208 manat, 119 manat, 37 manat, 2 manat məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 462.1, 465.2, 467 və 567-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizası vasitəsilə sübut olunacaqdır ki, iddiaçı cavabdehdən əsassız olaraq artıq pul vəsaiti tələb edir. Lakin vəsatət rədd edilərək məhkəmədə çəkişmə prinsipi pozulmaqla hüquqları məhdudlaşmışdır. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək mülki iş üzrə məhkəmə-müasibatlıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən riyazi hesablama aparılaraq iddia tələbindən cəmi 373,55 manat vəsait çıxılmaqla iddia qismən təmin edilmişdir. Halbuki məhkəmə təcrübələrinə görə bu tip mülki işlər üzrə məhkəmənin özünün təşəbbüsü ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilir. Cavabdeh tərəfindən kredit müqaviləsi rəsmiləşdirilən tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət olan tarixədək xeyli məbləğdə ödənişlər olunmuşdur. Iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmamışdır. ##.##.2025-ci il tarixdə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərardadının nəticəsi, həm də yekun məhkəmə qətnaməsinin nəticəsi barədə məlumat elektron məhkəmə sistemində əks olunmuşdur. Həmin qərardaddan şikayət vermək onların hüququdur. Qərardaddan şikayət vermə müddəti gözlənilməklə yekun məhkəmə qətnaməsi qəbul edilməli idi.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: M.Sadıqov – sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəf üç dəfə ərizə ilə müraciət edərək üzrlü səbəb göstərmədən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, dördüncü dəfə isə əsaslandırılmamış vəsatət verərək məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Eyni zamanda, daha artıq ödənişlər edilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin vəsatətlərinin işin baxılmasının yubadılmasına yönəldiyini nəzərə alıb haqlı olaraq məhkəmə-müasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti rədd etmişdir.

15. Həmçinin qanunvericilikdə ekspertiza təyin olunması barədə vəsatətin təmin və ya rədd edilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır.

16. Bundan başqa, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iclasın onların iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, yuxarıda qeyd edilən səbəblərdən vəsatətin təmin olunaraq ekspertiza təyin edilməsinə lüzum yoxdur.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 445.1, 467, 567, 600.1, 600.4, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda olmaqla qeyd olunmuşdur ki, cavabdeh tərəfindən kredit müqaviləsi rəsmləşdirilən tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət olan tarixədək xeyli məbləğdə ödənişlər olunmuşdur. Iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmamışdır. Iş üzrə ekspertiza təyin edilməsi mütləq idi. Lakin məhkəmələr bu halı nəzərə almamışdır.

20. Həmçinin ##.##.2025-ci il tarixdə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərardadının nəticəsi, həm də yekun məhkəmə qətnaməsinin nəticəsi barədə məlumat elektron məhkəmə sistemində əks olunmuşdur. Həmin qərardaddan şikayət vermək cavabdehin hüququdur. Qərardaddan şikayət vermə müddəti gözlənilməklə yekun məhkəmə qətnaməsi qəbul edilməli idi.

21. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Prosessual Məcəllənin 4.1, 47.2, 77.1, 77.3 və 387.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

31. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax: bu qərarın §14-16). Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

42. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar